… Çərşənbələr yazın gəlişini xəbər verən qaranquşlara bənzəyir. Və bu çərşənbələr gələndə insanın ürəyindəki, qəlbindəki arzular da çiçəkləyir, pöhrələyir, yaşıllaşır. Çünki payız və qış aylarında insanlar çox əziyyət çəkirlər. Ən çox da qış mövsümündə belə əziyyətlə üzləşən, kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar olurlar. Elə ki möhkəm qar yağır, elə ki bərk şaxtalar düşür, bax, onda mal-qoyun saxlayan adamların qara günləri başlayır. Qış üçün yığıb topladığı otu, yemi çox qənaətlə istifadə eləyir ki, mal-qoyunu yaza çıxara bilsin…
Şükürlər olsun ki, bu qış heç də elə sərt keçməyib. Böyük çilə də, kiçik çilə də başa çatıb. Adətən kiçik çilə özünü həmişə göstərib, yerə-göyə sığmayıb, bir fısqırıq çıxarıb ki, gəl görəsən! Yəni son günündə ya qar yağdırıb, ya tufan eləyib, ya da çox soyuq keçib. Bu dəfə ha hıqqındı, ha gərnəşdi, ha özünü ora-bura vurdu, çırpdı bir şey çıxmadı ki, çıxmadı! Və bir şey çıxmaya-çıxmaya da çıxıb getdi.
… İndi artıq boz aydı. Boz ay da 40 gün davam eləyir. Və bu 40 gündə bir gün qış havası olur, bir gün payız havası, bir gün yaz havası, bir gün də yay havası. Hətta bir gündə hava dörd-beş dəfə dəyişir. Yəni biz bir gündə dörd-beş dəfə müxtəlif havanın şahidi oluruq. Bir də görürsən ki, qışda olmayan soyuq, qar mart ayında oldu. Və martda da elə bir soyuq keçdi ki, açılan çiçəkləri, gülləri şaxta vurdu! Ona görə də ataların gözəl bir məsəli var: «Mart çıxdı, dərd çıxdı». Yəni martın çıxmağıyla bütün ağrı-acı, dərd, kədər insanlardan uzaq olur...
… Dünən ilk çərşənbə – su çərşəndəsi oldu. Və şükürlər olsun ki, biz ilk çərşənbənin sevincini yaşaya bildik... Və şükürlər olsun ki, biz ilk tonqalı qalamağı bacardıq… Və şükürlər olsun ki, biz ilk çərşənbəni belə ab-havayla qarşıladıq…
Məni bir məsələ xüsusilə narahat edir ki, əksər insanların üzündə, gözündə bu ilk çərşənbənin sevincini, fərəhini görə bilmədim. Hər səhər işə metoryla gəlirəm. Su çərşənbəsi günü metro qatarındakı insanların bir daha çöhrəsinə baxdım. Düzdür, bəzi çöhrələrdə sevinc vardı. Amma əksər sifətlərdə, çöhrələrdə bu sevinci hiss duya bilmədim…
Hətta təsadüfən yaxın bir dostumla qatarda bir yerdə əyləşmişdik. Ovqatının qara olduğunu görüb «su çərşənbən mübarək olsun!» dedim. Gördüm ki, birdən-birə o düşüncədən ayrıldı və qayğılı-qayğılı mənə baxıb dilləndi:
- Çox sağ ol, sənin də çərşənbən mübarək olsun! İndi xəstəxanaya gedirəm, oğlum da, yoldaşım da xəstəxanada yatır. İnan, heç bilmirəm ki, bu gün hansı gündür. Heç evimizdə də bayramı yada salan bir şey yoxdur. Amma neyləmək olar, buna da şükür! Təki ailəm, oğlum tezliklə sağalsın, evimə dönsün, biz də sevinək. Bəzən qayğılar o qədərdir ki, bayram belə adamın yadına düşmür. Bir də vallah, adamın süfrəsində hər şey olanda, cibində pul olanda, elə hər gün bayramdır…
… Biz uşaq olanda su çərşənbəsi günü səhər saat 5-də atam rəhmətlik bizi yuxudan qaldırardı. Üç qardaş, iki bacı ayağa qalxardıq, geyinərdik, rəhmətlik anam və atamla qapımızdakı quyunun yanına gedərdik. Vedrəylə suyu quyudan çəkib əl-üzümüzü yuyardıq. Düzdü, üzümüzü yuyanda quyu suyu bizi üşüdərdi. Ancaq hər bayram bizi elə öyrəşdirmişdilər ki, lap qar yağsa da, yuxudan qalxıb su çərşənbəsi günü qapımızdakı quyunun yanına gedər və vedrəylə suyu çəkib kənara qoyaraq o suyla üzümüzü möhkəm-möhkəm yuyardıq...
… Həmin illərdən 43 ildən çox vaxt ötür. Amma Bakıda biz su çərşənbəsini kənddəki kimi qeyd eləyə bilmirik. Çox nahaq yerə! Amma dünən yuxudan durdum, yoldaşımı da səhər saatlarında oyatdım. Krantı açıb əl-üzümüzü möhkəm-möhkəm yuduq, sonra da Allaha dualar elədik. Sevdiyim insanlara və doğmalarıma bu çərşənbə can sağlığı arzuladım. Və bir az da Allah-Təaladan ruzi dilədim. Çünki ruzisiz ev suyu sovrulmuş dəyirmana bənzəyir. Səhər-səhər xəstəxanadakı oğluma da dəydim. O da dedi ki, ata, məni bu gün çıxart, tay burda qalmaq istəmirəm. Nə deyirsən sözündən çıxmayacam. Ürəyim də həddindən artıq yumuşaldı. Həkimdən xahiş elədim ki, axşam gəlib onu evimizə aparacam. Həkim gördüm ki, razı deyil. Ancaq ilk çərşənbə olduğunu yadına salanda o da kövrəldi. Dedi ki, axşam saat 5-də gəl oğlunu götür…
…Və axşam saat 5-də oğlumu xəstəxanadan çıxardım. Axşam tonqalı ətrafına yığışdıq, tonqal ətrafında o qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Sevinən, bir-birinə gözaydınlığı verən, su çərşənbəsinin sevincini yaşayan çoxlu qonum-qonşular… bizim həyətdə hər çərşənbə axşamı tonqal qalanır. Bunu da məhləmizin uşaqları eləyirlər. Səhər-səhər də işə gedəndə o uşaqları görüb sevindim. Dedilər ki, Faiq əmi, çoxlu odun yığmışıq tonqalımız olacaq. Özün də gəl, Emini də gətir! Və beləcə, su çərşənbəsinin ilk gününün tonqalını qaladıq. Onun istisinə, hərarətinə toplaşdıq…
… Qoy bu ilk tonqalın hərarəti, istisi bu millətə, bu xalqa sevinc gətirsin. İnsanların üzləri güldüyü kimi, ürəkləri də sevinsin, fərəhlənsin. Hər evdə, hər eşikdə, hər yurdda ocaqlar qalansın, süfrələr naz-nemətlə, ləziz yeməklərlə bəzənsin. Heç bir evin, heç bir yurdun süfrəsi boş qalmasın. Allah-Təaladan bu çərşənbə günü millətimə, xalqıma elədiyim dualar bax, beləcə bitir. Və gün o gün olsun ki, bu dualarımız, bu istəklərimiz, bu sevgilərimiz çin olsun!