adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Fevral 2018 17:43
72985
MÜSAHİBƏ
A- A+

Özümlə söhbətim

Son vaxtlarda diaspor məsələsi gündəmi ən çox tutan mövzulardan birinə çevrilib. Hərə bir fikir səsləndirir; bilən də danışır, bilməyən də. Haqqı çatan da ittiham edir, çatmayan da. Diasporumuzun bir üzvü kimi bundan narahat olmaya bilməzdim və ona görə də qərara gəldim ki, bu məsələlərə münasibətimi bildirim, ancaq müsahibə formasında. Bəs məndən müsahibə almağı kimdən xahiş edim? Yox, yanlış anlamayın, mətbuatda dostlarım, həm də təmənnasız dostlarım çoxdur. Ancaq axı onlar nədən danışmaq istədiyimi bilmirlər. Odur ki, özüm özümlə söhbət etməyə, yəni özümdən müsahibə almağa qərar verdim.

- Vüqar bəy, sizə necə müraciət edim, bəy, yoxsa müəllim?

- Sadəcə Vüqar və həm də "sən" deyə müraciət etmənizi istərdim. Əgər etiraz etmirsinizsə, mən də sizə "sən" deyə müraciət edim.

- Əlbəttə. Bəs səni necə təqdim edim, Niderlandda fəaliyyət göstərən "Connect" (Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü kimi təqdim etsəm olar?

- Bunları qeyd etmən sadəcə ona görə önəmlidir ki, oxucular həmsöhbətinin kim olduğunu bilsinlər. Yoxsa titulların, adların və s. mənim üçün önəmi yoxdur.

- Diasporla bağlı müsahibə vermək istədiyini demisən. Nədən belə bir istəyin oldu?

- İt olub hürmədik Aya,

Yıxdı bizi abır-həya,

Qoyun olmaya-olmaya

Qoyun olmaq çətin şeymiş.

Səhv etmirəmsə Ramiz Rövşənin şeridir. Baxırsan ki, hər kəs diaspordan danışır, bilən də bilməyən də. Bir də adamın gözünün içinə elə yalan deyənlər olur ki, qalırsan belə, nə deyəsən. Bir söz deyəndə də olursan pis adam. Söhbətimiz boyunca bu istəyimin səbəbi daha da aydın olacaq.

- Vaxtilə sən özün də diaspordan yazar, tənqid edərdin. İndi nə oldu, niyə çoxdandır yazmırsan?

- Bəli, vaxtilə diaspor barədə ən çox yazanlardan, tənqid edənlərdən biri də mən idim. Ancaq o vaxt sadəcə bir jurnalist kimi yazırdım, təşkilatçı kimi deyil. Yəni o zaman maraqlı tərəf deyildim. Jurnalist kimi hər zaman düşündüyümü, gördüyümü yazmağa, obyektiv olmağa çalışmışam. İndi isə mən də bir təşkilatın sədriyəm. Düşünürəm ki, etik olmaz ki, bir təşkilat rəhbəri digər təşkilat(lar)ı tənqid etsin. Onda elə anlaşıla bilər ki, mən maraqlı tərəf kimi digər təşkilat(lar)ı "vururam". Halbuki diaspor təşkilatları siyasi partiya deyillər və heç bir siyasi iddiaları da olmalı deyil. Diaspor təşkilatlarının işi sadəcə diaspor fəaliyyəti olmalıdır və bu fəaliyyəti də kimlərəsə, rəsmi Bakıya xoş gəlmək üçün, məhz diasporumuz üçün etməli olduğu düşüncəsindəyəm. Nə vaxt ki təşkilatçılıqdan çəkiləcəm, o vaxt yenə də jurnalist kimi yazılarımı yazacam və lazım olanda tənqid də edəcəm.

- Diasporumuz Azərbaycan üçün nə edib, nə edir, nə etməyi düşünür?

- Əslində, bizim burda gördüyümüz bir çox işlər həm də Azərbaycan üçün edilmiş deməkdir. Məsələn, bizlər yaşadığımız yerlərdə özümüzü yaxşı mənada tanıtsaq və burdakılar da bilsələr ki, biz hansı öıkədən gəlmişik, bu elə Azərbaycanın yaxşı mənada tanıdılması deyilmi? Bizlər yaşadığımız yerlərdə övladlarımızı soyuna-kökünə bağlı böyütsək belə, vətənpərvərlik etmiş olarıq. Beləki gənc nəsil yerli uşaqlarla birlikdə böyüyür, təhsil alır və gələcəkdə işləyəcəklər. Bunların arasından isə irəliləyən zamanlarda mütləq siayasi xadimlər və digər sahədə çalışanlar çıxacaq və bunun nə demək olduğunu izah etməyə ehtiyac görmürəm. Bir də ki niyə elə düşünürsünüz ki, xaricdə yaşayanlar hamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

- Məşğul olmalı deyillər?

- Yox, əlbəttə. Xaricə yaşamağa diaspor fəaliyyəti ilə məşğul olmaq məqsədilə gedən yoxdur. Artıq xaricdə yaşadıqca insanda müəyyən hisslər yenidən oyanmağa başlayır ki, ölkəm üçün bunu edim, onu edim və s. Kimisi bunu fərdi edir, kimisi bir başqaları ilə birlikdə təşkilat yaradır, kimisi də yaradılmış təşkilatlarda aktiv olmağa çalışır. Bir də ki nə üçün düşünürsünüz ki, hamı fəaliyyəti barədə məlumat verməlidir? Məsələn, mən fərdi fəaliyyət göstərdiyim vaxtlarda bunu kimsəyə nə deyir, nə də bir yerdə yazardım. Dostum Elnur Eltürk məni buna bir növ məcbur etdi. Başqa bir misal, mənim həyat yoldaşım artıq bir neçə ildir ki, ibtidai məktəbdə (12 yaşına qədər olan uşaqlar üçün) işləyir və ölkəmizi bacardığı qədər təbliğ edir. Məsələn, Novruzda, Respublika günlərində qısa məlumatlar verir, evdə şəkərbura, paxlava bişirib aparır və s. Ancaq bunu nə mətbuata vermək üçün edir, nə facebookda yazmaq üçün. Mən də bunları ilk və son dəfə deyirəm. Bilirsiniz nə qədər soydaşımız var ki, fərdi etdiklərini heç yerdə demir, yazmırlar. Səbəbini də soruşanda birisi bunu təvazökarlıqdan kənar kimi dəyərləndirir. Digəri deyir ki, nə üçün hamıya bildirməliyəm? Kiminsə qarşısında öhdəliyim olduğu üçün etmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.

- Deyirsən ki, hər kəs diaspor fəaliyyəti ilə məşğul olmalı deyil. Bəs ermənilər...

- Dayan bir dəqiqə, ermənilərlə bağlı sualını bir azdan verərsən. Yaxşı ki, bir söz bilirsən, "erməni diasporu", "yəhudi diasporu". Nəzərə alın ki, bu gün diaspor adlandırdıqlarınız əksəriyyəti ölkədən bu, yaxud digər səbəblərdən narazı çıxmış insanlardılar. Nəzərə alın ki, hər hansı bir səbəbdən ölkədə uğur qazanmasına imkan vermədiyiniz adamların xarici ölkələrdə uğur qazanmasını və bundan da şəxsi məqsədləri üçün deyil, narazı çıxdıqları ölkə üçün istifadə etməyini istəyirsiniz və s. Nə isə, buna qayıdarıq. Gələk hər kəsin diaspor fəaliyyəti məsələsinə. Əlbəttə ki, hər kəs məşğul olmalı deyil. Napoleon deyir ki, bütün əxlaqsızlıqların ən yekəsi bacarmadığın işdən yapışmaqdır. Səncə, hamı, bildi-bilmədi bu işlə məşğul olmalıdır? İnan ki, bunun zərəri olar.

- Bəs xaricdə yaşayan soydaşlarımızın tədbirlərə, mitinqlərə gəlməməsinə necə baxırsan?

- Bəsdir, sən vicdanın. A kişi, Azərbaycandakı bütün tədbirlərə yığışıb bütün azərbaycanlılar gəlir? Xocalı, 20 Yanvar anım günlərində Şəhidlər Xiyabanına hamı gəlir? Özün də bilirsən ki, yox. Heç mümkün də deyil. Biz də sizdənik də, bura gəlib dəyəcəyimizi gözləməyiniz yanlışdır. Biz pisiksə, demək siz də pissiniz, yaxşıyıqsa, siz də yaxşısınız. Hamımız eyni millətdənik; burda da, orda da. Digər tərəfdən, camaatın işi-gücü var. İstədiyin vaxt işdən-gücdən qalmaq olmur. Başqa ölkədə yaşayırıq, işdən icazə almaq olmur. Hər kəsin ailəsi-uşağı var, hər dəfə filan qədər verib tədbirlərə getmək olmur. Avropada yol xərci çox bahadır. Şəxsən mənim yaşadığım yerdən Den Haaqa (ki, orda tədbirlər çox olur) gedib gəlmək 50-100 avroya başa gəlir. Ayda iki tədbirə getsən, hesabla gör nə qədər edir. Hardan alsın kimsə hər ay bir neçə tədbirə getsin? Sən denən, Azərbaycandakılar, xüsusən burda yaşayan sadə insanları qınayanlar, ayda demirəm, ildə 100 avro ölkə üçün xərcləyirlər? Azərbaycanda yaşayan soydaşlarımıza öz məmurlarımızla görüşmək asandır? Razılaşarsınız ki, yox. Ancaq gözləyirsiniz ki, biz dünən gəldiyimiz ölkədə bu gün baş nazirlə oturub durmalıyıq. Bir qədər səmimi olaq e. Bəziləri eləcə adət ediblər irad bildirməyə. Hələ bir də təsəvvür et ki, eyni məqsədlə bir ayda, bəzən isə bir gündə neçə təşkilat tədbir keçirdir. Birinə gedirsən, digərinə gedə bilmirsən... Olmur, inan ki, olmur. Sözdə demək asandır...

- Bəs ermənilər...

- Bəsdirin də, ermənilər, yəhudilər dediniz. Əvvəla bilin ki, ermənilər, yəhudilər yüz illərdir ki, dünyanın müxtəlif ölkələrində yaşayır və həm də geniş maddi imkanlara malikdirlər. Digər tərəfdən isə bəsdirin özümüzü kiminləsə müqayisə edib kiçiltməyə çalışdıq. Bir sual verim. Qarabağı ermənilər öz gücünəmi alıb? Cavabını da özüm verim: yox. Necə Qarabağı almaqda dəstək veriblər, eləcə də diaspor fəaliyyətində dəstək verirlər. Bundan başqa, gəl bir neçə səbəb də sayım:

* Erməni diasporuna kənardan, Ermənistandan heç bir müdaxilə edilmir. Əksinə, diaspor Ermənistana təsir edir.

* Erməni diasporunu dünyanın heç bir yerində Ermənistanın dövlət qurumları arasında seçim etmək məcburiiyyətində qalmır.

* Ermənistan xaricdə yaşayan heç bir ermənini yaşadığı yerin vətəndaşlığını alıb deyə vətəndaşlıqdan çıxartmır.

* Ermənistan xaricdə yaşayan heç bir ermənini yaşadığı yerdə seçkili orqanlarda, parlamentdə, bələdiyyədə iştirak edib deyə vətəndaşlıqdan çıxartmır.

* Heç bir erməni Ermənistana viza alıb getmək, ora gedəndə isə qeydiyyata düşmək məcburiyyətində deyil.

* Heç bir erməni başqa ermənini diaspor fəaliyyəti ilə məşğul olduğuna görə hakimiyyətə işləməkdə və s. suçlamır.

Bunlar sadəcə saydıqlarımdır və nəzərə alın ki, eyni sözlər yəhudi diasporuna da aiddir.

- Məncə, xaricdə yaşayan biri kimi Vətənə xidmət etmək sizlərin borcunuzdur. Azərbaycanda yaşayan insanlar düz edib sizdən hesabat istəyirlər. Düz edib deyirlər ki, niyə qazancınızdan diaspor fəaliyyətinə ayırmırsınız, yaxud da az ayırırsınız.

- Sənin bu boş və məntiqsiz sualın yadıma Əziz Nesinin "Vətən borcu" hekayəsini saldı. Get bir onu oxu. Hekayədən bir sitat verim sənə: "Hirslənmə, əzizim. Sən də polisdə işləyib, vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir". İndi mən deyim, cəsarətin varsa olduğu kimi də qəzetə ver:

1. Bizim qazancımızın hesabatını soruşmaqdansa, kimin cəsarəti varsa gedib araşdırsın ki, dövlətin diaspor fəaliyyətinə ayırdığı pullar aidiyyətə üzrə xərclənirmi? Xərclənirsə, hara və necə? Ancaq diqqətli ol, mən "xərclənmir" demədim, sadəcə soruşdum.

2. Gedib hesabatını soruşun ki, filan qədər xərc çəkib xarici dillərdə çap etdirdikləri vəsaitləri haralara və kimlərə paylayırlar? Yoxsa elə "quş qoymaq" xətrinə çap edirlər? Sübut kimi deyim ki, Almaniyada yaşayan bir tanışım evində illərdir saxladığı kitablardan bir qutu da mənə verdi.

3. Hesabatını soruşun ki, xaricdə keçirilən tədbir xaricilər, orda yaşayan soydaşlarımız üçündür, yoxsa Azərbaycandan gələn rəsmi, qeyri-rəsmi, lazımlı, lazımsız adamlar üçün ki, bəzi tədbirlərdə Azərbaycandan gələnlər daha çox olur?

4. Hesabatını soruşun ki, iş adamlarını belə, dəstək vermələri üçün niyə konkret kimlərəsə, özlərinə yaxın təşkilatlara yönləndirirlər?

Gəlin düzünü danışaq, bir çox halda Vətəndəki soydaşlarımızın bəzilərinin bizlərdən gözləntiləri lazım olduğundan da çox olur. Bunları çatdırmaq isə nə fiziki, nə də maddi cəhətdən mümkün deyil, ən azından çətindir...

- Sən də pul davası edirsən?

Ənənəvi şantaj üsulu. Deyirəm ki, maddi imkanlar yol verməlidir, yol verməyəndən sonra nə edəsən, necə edəsən? Mən Azərbaycan dövlətindən heç nə gözləmirəm, imkanım olsa özüm yardım edərəm. İstənilən məsələnin hesabatını da açıq verməyə hazıram. İş adamlarına gəlincə, onlarla əməkdaşlıq etmək olar, qarşılıqlı maraqlar çərçivəsndə ki, iş adamının da marağı gözlənilsin. Bir məqamı da qeyd edim ki, mən özüm biznes qurmağa çalışdım, bir neçə il öncə. Azərbaycan gömrüyü, bəzi məmurları məni elə maddi ziyana saldılar ki, borcundan bu yaxınlarda qurtarmışam. Deyəndə ki, bu biznesdən gələn gəliri filan işə xərcləyəcəm, belə vicdansızlıq etməyin. Deyirlər ki, səndən bunu xahiş edən var? Vicdana gəlincə, bu sözün tələffüzünü belə bəziləri bilmir. Burdan, Niderlanddan Azərbaycana sərmayə qoymaq üçün bir çox iş adamları ilə danışıqlar apardım. İş adamlarından biri də dedi ki, biz Azərbaycanda filan işi görmüşük, pulumuzu da ala bilmirik. Bizə kömək et. Rəsmi yerlərə müraciət etdim. Uzun zaman gözləyəndən sonra da dedilər ki, bizlik deyil. "Axırıncı aşırım" bəbii filmində deyildiyi kimi, əşşi hansını deyəsən, birdi, ikidir ki, deməklə bitsin. Söz də deyəndə olursan düşmən, pis adam. Danışmayanda da yuxarıdakı bənd yadıma düşür.

- Bir sual da verim...

- Bir dəqiqə dayan, yadıma bir şey düşdü, onu da deyim. Bu günə qədər onlarla niderlandlı siyasət adamları, eləcə də millət vəkilləri ilə görüşdüm, qəzetlərdə, saytlarda yazılar, müsahibələr verdim, radioda çıxışlar etdim və s. Dəfələrlə də jurnalistlərdən gələn bu təklifləri rədd etdim ki, səbəbləri başqadır, zamanı gələr deyərəm. Sənə bir məqamı deyim ki, heç kimə deməmiş, heç yerdə yazmamışam, məncə. Şou biznes adamları demişkən, eksklüziv olaraq burda açıqlayacam (gülür). Bir neçə il öncə Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçmək istədim. Məqsədim də o idi ki, yerli deputatlarla əlaqə yarada bilim. Sonunda buna razılıq ala bildim. E-maillər hələ də məndə qalır, sübut edə bilərəm. Ancaq şərtləri bu idi ki, mən bir mətbuat orqanını təmsil etməli və həftənin beş gününü ora getməliyəm. Azərbaycanda nə qədər media qrumuna müraciət etdim ki, məni burda jurnalist kimi qeydiyyata alsınlar. Soruşa bilərsiniz, məsələn, ANS-dən Mirşahin bəylə, o vaxt İTV-yə sədrlik edən İsmayıl Ömərovla və başqa çox adamla danışdım. Alınmadı, razılıq verən olmadı. Səbəbləri barədə heç danışmaq istəmirəm. İnanmırsınız gedin özlərindən soruşun ki, Niderlanddan bu məsələ ilə bağlı sizinlə danışan olubmu? Bax, sənə deyirəm, etiraf edirəm, bəlkə təvazökarlıqdan kənar səslənəcək, burda mənim özümə görə əlaqələrim olub və var. Ancaq maddi baxımdan daha tükənmişəm. Neyləyim, evdəkilərimi ac saxlayıb gedib diaspor fəaliyyəti ilə məşğul olmalıyam? Novruz bayramı keçirtmək də, şəhidlərimiz üçün anım tədbirləri keçirtmək də və s. diaspor fəaliyyətidir və olduqca vacib məsələlərdirlər. Ancaq fəaliyyət təbii ki, bununla kifayətlənməməlidir. Bilirəm sizlər necə fəaliyyət istəyirsiniz. Ancaq o fəaliyyət bir tədbirə sığası deyil. Məsələn, on yeddi milyondan artıq əhalisi olan Niderlandda sən tədbirlərlə fikrini çatdıra bilməzsən. Bunun üçün mətbuatın; televiziyaların, qəzetlərin və s. xidmətlərindən istifadə etməlisən. Saytlar yaratmalısan ki, bununla bağlı məndən çox təklif verən olduğunu düşünmürəm. İlin bütün aylarında bu sahədə fəaliyyətdə olmalısan, sizin istədiyiniz fəaliyyət üçün. Buna görə isə gərək özünü ancaq bu sahəyə aid edəsən. Ancaq biz də işləməli və ailəmizi saxlamalıyıq. Razı deyilsənsə, mən deyirəm, bəlkə kimlərinsə açıq demədiyini deyirəm, yoxdur imkan və hətta sənin imkanın varsa bunları böyük şriftlərlə yaz: PULSUZ İŞ GÖRMƏK OLMUR, PUL DA YOXDUR. KƏNARDAN OTURUB SÖZ DEMƏKLƏ DEYİL.

- Bəs necə edək ki, diasporumuz güclənsin?

- Mütləq nəsə etməlisiniz? A kişi, gedin ölkənin daxilindəkilərin məsələsini həll edin. Məsələn, gedin təhsilinizlə, mətbuatınızla, gündəlik sosial qayğılarınızla, səhiyyənizlə və s. maraqlanın. Xaricdə oxutdurduğunuz tələbələrə elə şərait yaradın ki, ölkəmizə qayıtsınlar və ölkəmizdə işləsinlər. Axı onları oxutdurmağa xərc çəkmisiniz. Diasporu boş buraxın ki, diasporumuz təbii inkişaf etsin. Diasporda monopoliya yaratmağa çalışmayın. Hələ də öyrənə bilmədik ki, monopoliya olan yerdə inkişaf olmaz. Orda-burda tədbirlər keçirtməklə diaspor güclənməz, tədbirlərin alt yapısını hazırlamaq lazımdır, insanlarla işləmək lazımdır. Əlinə hər bayraq alıb yellədən barədə mətbuatda palaz-palaz yazılar verib mətbuatı da gözdən salmayın. Özümə də aid deyirəm, məndən xəbər alanda dəqiqləşdirmədən mətbuata verməyin. Hesab soracağınız bizlər deyilik, bir qədər əvvəl də dediyim kimi, bu sahəyə dövlət pul ayırırsa, o pulların hesabını sorun. Bizdən hesab sormayın ki, niyə belə etmirsiniz və yaxud da orda min bir əziyyətlə qazandığınızı niyə ailənizə xərcləyirsiniz, bu işlərə yox. İttiham etməyiniz bizi, daha da həvəsdən salırsız. Bir sözlə, nəticəni tənqid etməyin, bu nəticəyə gətirib çıxaran səbəbləri tənqid edin.

- Bir sual da verim...

- Vermə, daha sual vermə. Sonra bir də söhbət edərik. Hələlik bu olsun bizim birinci söhbətimiz, sonra ikincini, lazım olarsa üçüncünü, dördüncünü və s. edərik.