ANA SƏHİFƏ / MÜSAHİBƏ

Aqil Abbas: "Rəmiş ya iblisdir, ya da mələk" - MÜSAHİBƏ + FOTOLAR

"Mir Şahinlə sərhəddi keçib Qarabağa getmək istəyirdik, amma dedik, getsək, deyəcəklər ki, möhkəm yeyib-içiblər, azıb gediblər"

26172    |   2018-01-31 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Tam səmimi” rubrikasının bu dəfəki qonağı yazıçı, publisist, millət vəkiliAqil Abbasoldu. RəssamVüsal Tərlanoğluilə birgə başladığımız layihədə bu kimi silsilə müsahibələr davam edəcək.

Müsahibəyə başlamazdan əvvəl hədiyyəmizi millət vəkilinə təqdim edir və Aqil bəyin danışdığı bir əhvalatla davam edirik:


"Bir gün bir qıza elçi gedirlər. Bəyi də özləri ilə aparırlar. Qız evi oğlanı bəyənir. Bu vaxt bəyin anası qayıdıb deyir ki, hələ siz onun evdəki şəklini görəsiniz... İndi baxıram belə, burdakı adam həqiqətən də, çox qəşəng görünürmüş. Bu rəssamın nömrəsini verərsiniz. Şəxsən təşəkkür edəcəyəm”.


Aqil Abbasla müsahibə yaşımın və təcrübəmin az olması səbəbindən mənə çox çətin, məsuliyyətli görünürdü. Bir də eşitmişdim ki, verilən sual millət vəkilinin ürəyincə olmayanda reaksiyaları sərt olur. Yəni, əslində nisbətən hazır idim. Və elə ilk sualdan da "dərsimi aldım”.

"Doğulduğum kənddə kəhriz suyu var, uzun müddət ondan içməyəndə şəhərə sığmıram"

- Yaş nədir? İnsan nə vaxt qocalır və illər insandan nə alır?

- Qızım, çox şablon sual oldu. İllər insandan nə aparar? İllər insanın ömründən aparar. Həm də axı illər təkcə aparmır, həm də gətirir. Məsələn, yaş ötdükcə, il keçdikcə, insanın arzuları həyata keçir, insan müdrikləşir. Yaş öz sözünü deyir. Bəzən deyirlər ki, nə bilim əsas ürəkdir, ruhun cavan olmasıdır. Amma boş söhbətdir.



- Bir millət vəkili, bir siyasətçi kimi cəmiyyətimizdə nədən narazısınız?

- Problemlərimiz çoxdur. Sosial problemlər, işsizlik, təhsilimizdə problemlər var. Hansından deyirsiniz, danışım?

- O zaman belə sual verim. Bir millət vəkili kimi bu problemlərə yanaşma tərziniz və xalqın içindən çıxan bir yazıçı kimi problemlərə yanaşma tərziniz...

- Mən elə xalqa yaxın millət vəkiliyəm. Məsələn, ayda 2 dəfə Qarabağ bölgəsinə, camaatın ayağına gedib görüşürəm. Qəbul saatım, qəbul otağım da yoxdur. Xəbər edirəm ki, kəndə gələcəm. Gedib çayxanada otururam. Hamı yığışır başıma. Çay içə-içə köməkçimlə birlikdə camaatın dərdini, problemini öyrənib, elə yerindəcə həll etməyə çalışıram. Elə problem olur, dərhal həll edirik, eləsi də olur ki, həlli sonraya qalır. Bəzən də olur ki, həll edə bilmədiyimiz problemlə qarşılaşırıq. Amma bacardığımızı etməyə çalışırıq. Özü də deyim ki, millət vəkili olmazdan əvvəl də mən kəndə, xalqa bağlı olmuşam. Doğulduğum kənddə, Ağcabədinin Bayat kəndində kəhriz suyu var. Uzun müddət o sudan içməyəndə şəhərə sığmıram. Elə ki, gedib bir tikə çörək yeyib, suyundan içirəm, bir ay özümü yaxşı hiss edirəm.



- Ötənlərdə belə bir söz deyilmişdi ki, Aqil Abbas yeyib-içəndə "yeyib-içən adam" deyirlər, biz içəndə "alkaş".

- Hə, yadımdadır. Qoy görüm kim demişdi onu?! Adını xatırlaya bilmədim. Amma qızım, yemək-içmək başqa şeydir, alkoqolizm tamam başqa bir şeydir. Mən tez-tez məclislərdə olan, qonaqlıq verməyi sevən adamam. Ancaq bir də var sən orada-burada axtarırsan ki, görüm kimsə mənə araq alarmı, qonaqlıq verərmi və s. Bu artıq sərxoşluqdur. Yemək-içmək, məclis tamam başqa bir şeydir. Kimliyini yadıma sala bilməsəm də, onu kimsə gənc dostlarımdan biri demişdi. Özü də zarafatla demişdi. Mən gənclərlə möhkəm dostam, çalışıram ki, onlara hər zaman dəstək olam.

"O adam ölür ki, onun bir izi qalmır"

- Çıxışlarınızda dəfələrlə dünyasını dəyişmiş ziyalılarla, incəsənət xadimləri ilə bağlı müzakirə gedəndə onlara "rəhmətlik” deyə müraciət edənlərə "Onlar ölüb ki? Mənim niyə xəbərim olmayıb?” kimi ironiyalı suallar vermisiniz.

- Hə, elə bir dəfə kanallardan birinin canlı efirində idim. Vaqif Mustafazadədən söhbət gedirdi və mən ondan indiki zamanda danışdım. Aparıcı düzəliş etdi ki, "edirdi”. Mən də bir az da yumorla dedim "Qızım, Vaqif Mustafazadə ölüb ki? Heyif, heyif, nə vaxt öldü? Mənim xəbərim olmayıb”. Aparıcı çaşıb qaldı. Elə arxasınca düzəliş elədim ki, Füzuli də ölübmü? Nizami, Haqverdiyev, Səməd Vurğun ölübmü? Belə dahilər ölərmi heç?! Ondan sonra nə demək istədiyimi anladılar.



- Bəs kim ölüb?

- Mən öləcəm. Çünki mən onların tayı deyiləm axı. O adam ölür ki, onun bir izi qalmır. Bu baxımdan mənim üçün o insanlar ölmür. Məsələn, Akif Səmədin sözlərini mən bu gün də "Ədalət” qəzetində başlıq kimi verirəm. O insana necə öldü deyə bilərəm?

- Xüsusən, son zamanlar insanlar arasında dinə qarşı birmənalı olmayan yanaşmalar artıb. Siz də müsahibələrinizdə qeyd etmisiniz ki, o dünyanın varlığına inanmırsınız. Niyə, səbəb nədir?

- Mən Allaha inanıram, peyğəmbərə inanıram. Həzrəti Əlini, Həzrəti Hüseyni sevirəm, dünyanın ən böyük şəhidi adlandırıram. Bunlar başqa şeydir. Amma dindar olmaq, şərab içməmək, namaz qılmaq, oruc tutmaqdır. Mən isə bunları etmədiyimdən özümü tam müsəlman hesab etmirəm. Yazılarımda da dəfələrlə qeyd etmişəm ki, ateistlərə hörmətim var. Ateist dostlarım da var. Bu hər kəsin şəxsi seçimidir, qəbul edirəm, hörmətlə yanaşıram. Amma mən onu qəbul etmirəm ki, ateistlər inanclı insanları təhqir edir, və ya əksinə, dindarlar ateistləri təhqir edir. Əgər sən həqiqətən də, inanclısansa, Allaha inanırsansa, dilinə pis sözlər, ifadələr gətirməməlisən.

"Rəmiş ata, ana, bacı, qardaş, vətəndaş, Qarabağlı deyil, ya iblisdir, ya da mələk"


- Yarım qoyduğunuz, tamamlaya bilmədiyiniz mövzu, əsər var?

- İkisi var. Dünyada sevdiyim sənətkarlar var. Vaqif Mustafazadə, Rafiq Babayev, Zaur Əliyev, o cümlədən Qədir və Rəmiş mənim üçün qeyri-adi, əvəzsiz sənətkarlardır. 82-ci ildən Rəmiş haqqında bir roman, povest yazmaq istəyirəm, 35 ildir ki, yazıb qurtara bilmirəm. Rəmiş də hara gedir, lağa qoyur ki, "nə oldu?”. Amma Rəmiş elə bir sənətkardır ki, o, ata, ana, bacı, qardaş, vətəndaş, Qarabağlı deyil. O, ya iblisdir, ya da mələkdir. Əgər sən onun haqqında yazırsansa, bu üzünü ortaya çıxarmalısan. Mən də illərdir, o ovqata düşə bilmirəm. Yazsam, sizin o bayaqkı şablon sualınız kimi olacaq. Ona görə də yarım qalıb.

- Uzun illər sonra Aqil Abbasın yaradıcılıq gecəsi keçirilir. Başda hansı əsərin tanıdılmasını istəyərdiniz?

- Bilirsən, qızım, övladın pisi olmur. Hamısını sevirsən. Ancaq o da düzdür ki, birini daha çox istəyirsən. Qəliz oldu bir az... "Qapqara uzun saçlar” adlı qısa bir povestim var. Hazırda burda yoxdur. Yoxsa sizə hədiyyə edərdim. Təxminən 81-ci ildə yazmışam. O əsərin başda olmasını istəyərdim.

(Sözügedən əsəri oxumamışdım. Aqil Abbas söhbət əsnasında bizim üçün əsərin mövzusunu açdı. Həqiqətən, çox maraqlı və fərqli ssenarisi olan əsərdir. Baxmayaraq ki, məğzini bilirəm, əsəri mütləq oxuyacam. Sizə də məsləhət görürəm. Çox düşündürücü əsərdir.)

- Həyatda ən gözəl hiss hansı hissdir ki, Aqil Abbas o hissi dadmağı hər kəsə arzu edir?

- Çətin sual oldu. Həyatda ən gözəl hiss... Yəqin ki, övlada olan sevgi, valideyn olmaqdır. Hər kəsə o hissi arzu edərdim. Ən gözəl hiss... Ən gözəl hissi düşünürəm ki, Rəsul Rza kimi gözəl ifadə edə bilən olmaz: "Tabutumu çiynimdə apara bilsəydim...” Mümkün deyil, amma yəqin ki, tabutunu çiynində aparıb, səndən sonra olanları görmək çox gözəl olardı.



"Mir Şahinlə sərhəddi keçib Qarabağa getmək istəyirdik"

- Tam səmimi, nəyi edib peşman olmaq istəyərdiniz? Yəni, o addımı atmamısınız. Ancaq indi düşünürsünüz ki, onu eləyib, peşman olmağa dəyərdi...

- Bir-iki dəfə ürəyimdən keçib, hətta Mir Şahinlə də bu barədə danışmışdıq. Sərhəddi keçib Qarabağa getmək istəyirdik. Sizə 98-ci ilin söhbətini danışıram. Dedik, gedək görək nə olacaq? Onu eləsəydim, peşman da olmazdım. Amma fikrimizdən daşındıq. Bir çox səbəbləri oldu. Onlardan biri bilirsiniz nə idi? Dedik, getsək, deyəcəklər, möhkəm yeyib-içiblər, azıb gedib çıxıblar Qarabağa (gülür). Ona görə getmədik.

- Bir jurnalist, bir böyük kimi mənə məsləhətiniz?

- Oxuyun, oxuyun, oxuyun. Nə qədər istedadınız olsa da, oxumasanız, istedadınız bir qəpiyə dəyməyəcək. Sizə bir misal çəkim. Dünyada şəkil çəkməyən uşaq yoxdur. Hansı millətdən, hansı irqdən olursa-olsun. Hamı uşaq vaxtı mütləq şəkil çəkir. Qələmi olmayan, yetim uşaqlar torpaq üstündə çəkir. Amma onların içindən neçə rəssam çıxır? 10 milyon Azərbaycanda neçə rəssam var? Barmaqla sayarıq. Kim istedadının üstündə işləyib özünü inkişaf etdirir, o, lazımi səviyyəyə çatıb. Demək istədiyim, insan öz üzərində çalışmalıdır. Bir də dil öyrənin. Neçə dil bilsəniz, içinizdə o qədər insan yaşadarsınız.

Bir də cavansınız, sizə məsləhətim sevdiyinizi sınamayın. İnsan maşın deyil ki, sınayıb görəsən "tormoz”u tutur, tutmur, motor döyür, döymür. İnsan ruhdu. Sınayıb sındırarsınız. Sonra üzülən də siz olarsınız.


Nərmin Həsənli
Fotoqraf: Sultana Əhmədbəyli
(Qaynarinfo.az)


İmza:

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

İntihar şansımı arvad-uşaq əlimdən aldı… - Kəramət Böyükçöllə MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK