ANA SƏHİFƏ / YAZARLAR

Sevdiyim yeganə müəllimə

Eminquey yazır

22297    |   2018-10-05 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Orta məktəbdə oxuyurdum. Sinifimiz çox soyuq olurdu, divarları da rütubətdən çox xəcalətdən qaralmışdı pəncərələri sınıq-salxaq, şüşəsi olmayan eynək kimi. Üstəgəl, hər gün bir uşaqla dava-dalaş. Kasıb-kusubların uşaqları daha çox küçədə böyüyür. Bəlli ki, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Məsələ məlum. Hər gün küçə görən kasıb balalarla, küçə boyda həyəti olan balaların fərqi böyükdür. Sonuncu dəfə qaşıma tikiş qoyulandan sonra atam məni məktəbdən çıxarmağa qərar verdi. Açığı elə çətin idi ki, yeddi il birlikdə oxuduğum, böyüdüyüm uşaqlardan ayrılmaq. İmtahanla liseyə qəbul olundum. Dəcəl olsam da qiymətlərim beş idi. Yeni sinifimdə orta təbəqəylə yanaşı, imkanlı ailələrin uşaqları da oxuyurdu. Özü də "A" sinfi idik, səhər növbəsi. Liseyə də illik ödəniş olunurdu. Atam deyirdi ki, mən çox kasıb ailədə böyümüşəm, özü də 7 qardaş bir bacı. Biri asqıranda, biri öskürürdü. Yaşımız yetişəndə hərəmiz bir yana çıxdıq getdik. Birimiz oxumağa, birimiz işləməyə. Çox çətinliklər görmüşəm deyə sənə bu əziyyətləri yaşatmaram. İsti sinif otağı, mədəni aiələlərin uşaqları ilə bir yerdə oxuyacaqsan. Bir müddət ayaq uydura bilirdim bu uşaqlara. Atamın imkanı yaxşı idi, baxmayaraq ki, evimiz villa deyildi. Geyimim, cib xərcliyim yerli-yerində, pullu məktəb abtobusuyla evdən dərsə, dərsdən evə, bayram yığıncaqlarından geri qalmırdım.

Zaman keçdi, ölkəyə "böhran” müəllim təşrif buyurdu. Hə, hələ hər şey təzə başlayırdı. Artıq pullu avtobus xidmətindən imtina etməli olduq. Bir müddət atam aparıb gətirsə də, sonra artıq avtobusdan, metrodan istifadəni öyrəndim. Artıq cib xərcliyim azalırdı. Əvvəl yanımdakı üç-dörd nəfəri bufetdə qonaq eləyirdimsə, indi özüm hamıdan ya əvvəl, ya sonra bufetə düşüb yeməyimi yeyirdim. Elə olurdu ki, evdən də yemək aparırdım. Bir paltarı 3-4 ay geyinirdim. Bir jiletim var idi, qara, qırmızı xətli. Arada uşaqlar söz də vururdular ki, bu jileti dəyişmək fikrinə düşsən əla olar. Bayramlarda iş daha da çətinləşirdi. Bəhanə gəlirdim ki, guya ailəmlə rayona gedib qeyd eləyəcəyik, sizinlə restorana gələ bilmərəm. Bir növ özümü aktyor kimi hiss edirdim. Amma onu deyim ki, rolumun öhdəsindən əla da gəlirdim.

Bunlar bir qırağa qalsın. Artıq səkkizinci sinifdə siqaret çəkməyə də başlamışdım. Özümə birlikdə fırlandığım dost da qazanmışdım. Tənəffüslərdə yeməkdən əlavə, bufetə sırf qəşəng qızlara baxmaq üçün düşürdüm. Ən yaxın sinifyoldaşımla qızların yerişini, oturuşunu, baxışını analiz edirdik. "Bu adamı çərlədər, bu adamı yandırar, bu adamı türməyə yollayar” deyə. Sözümüz tilov ucundakı qurd kimi kimisini aldadardı, kimisini yox. Özümüz də qurd kimi oğlan idik. Yeni informatika müəlliməsi gəlmişdi. Cavan idi, cazibədar idi. Açığı onunla ilk dəfə baxışdığımız vaxtdan aramızda gizli münasibət yaranmışdı. Adı başqa nəsə idi, amma sevgi deyildi. Heç də yerəbaxan deyildi ha. Birdən günahı məndə görərsiniz. Dərslərin birində kompüterdə dostuma qəşəng bir qız şəkli göstərib odlu-alovlu danışırdım. Yetkinlik vaxtımızdı, qanımızın qaynayan vaxtıdı. Qəfil mesaj gəldi:

- Çox qəşəngdi qız? Ağzının suyu axır, ay tryapka?

Diksindim. Necə oldu ki, yenicə gələn müəllimə ilə münasibətlər "tryapka” sözünə kimi gəlib çıxdı? O, otağın başında bütün kompüterlərə nəzarət etmək üçün oturan həmin bu müəllim idi. Ən zəhləm gedən sözdür tryapka. Dostum da bu mesajı görüb altdan-altdan gülürdü, biraz da pərt oldum. Ayağa qalxdım, kompüter masasının yanındakı uzatma kabeli olan elektrik yuvasını götürüb var gücümlə ona tulladım. Hədəfdən yayınmadı, düz başının ortasına! Qızın səsi ilə sinifdəki hay-küy bir-birinə qarışdı. Məni qolumdan tutub dəhlizə çıxartdılar. Heç iki dəqiqə keçməmiş direktorun müavini bir yandan, başqa müəllimlər bir yandan tökülüşdülər sinif otağına, sonra da mənim yanıma.

- Ay Emin, sənin o qızla nə işin var? Cavan müəllimədir, yenicə işə başlayıb. Müəllimə qarşı belə hərəkət edərlər?

Vəziyyətin nə yerdə olduğunu müəllimlərə güc-bəlayla başa saldım. Açığı özüm də mat-məəttəl qalmışdım ki, nə əcəb, daha heçnə demədilər. Direktorun otağına aparmadılar. Töhmət vermədilər. Sonra qızın anası gəldi. Ab-hava yenidən gərginləşdi. Özümü o qədər haqlı bilirdim ki, heç vecimə də deyildi. "Səni polisə verəcəm, qız yiyəsiz deyil, qardaşı var, atası var, mən varam” deyən anasına "çağır, çağır qardaşı gəlsin, gəlsin başa salım ki, bacısı necə dingil, həyasız adamdı” deyə cavab verdim. İdmana gedən vaxtlarım idi. Fikirləşirdim ki, uzaq başı bir-iki yumruq yeyərəm, amma döyəcəm. Üstəlik də mənim nə günahım var idi axı. Biraz keçdi, ara sakitləşdi. Sən demə, başını şişirtdiyim bu cavan müəllim anasına yalvar-yaxar edib ki, evdəkilərə heçnə demə. Səhv məndədir.

O hadisə mənim ilk qələbə çaldığım davam idi, özü də müəllimə qalib gəldiyim savaş. Çünki həmişə kiminləsə davam düşmüşdüsə zəng vurub atamı çağırmışdılar. Atam da elə hamının yanında məni ən sərt sözlərlə pərt eləmişdi. Bu dəfə nə atam gəldi, nə də xəbər direktora çatdı. Görünür, müəllimlər də o qızın dingil olduğunu başa düşmüşdülər.

Sonra Azərbaycan dili və Ədəbiyyat müəllimimiz dəyişildi. 24-25 yaşlarında cavan bir müəllimə gəldi. Gözləri buğda, dərisi buğdayı, saçı əsmər. Dodaqlarından süzülən hərflərin ruhu belə incimirdi. O biri müəllimlər kimi dişinin dibində danışmırdı, dodağının altında deyinmirdi. Buğda yeyib, cənnətə düşmüşdük. Sevmək üçün də, sevişmək üçün də ideal qadın idi. Mənim üçün müəllimlərin müqəddəsliyi biraz da onu sevməyə başlayandan sonra itdi..

Bir müddətdən sonra müəlliməmə qarşı ilk sevgi hissi baş qaldırdı içimdə. Əməlli-başlı aşiq olmuşdum. Hər tənəffüsdə bufetə düşüb qəşəng qız axataran mən, əlim-qolum soyumuşdu. Birtəhər internetdə onun şəxsi hesabından bir şəklini yükləmişdim. Dərsdən evə gedəndə şəkilə baxa-baxa ağladığım az olmayıb.

Yetkinlik dövrü bütün oğlan uşaqları kimi mən də eybəcərləşməyə başlamışdım. İyrənc görünən alaqotur bığ, yoğunlaşan, kal səs. İlk dəfə sinifimizdə mənim dostum üzünü qırxmışdı. Həvəsə düşüb evdə min hoqqadan çıxıb atamı razı saldım ki, mən də bığımı qırxacam. Razılığı aldım, bığımı qırxdım. O eybəcər tük yığınından canımı qurtardım. Ki, sevdiyim müəllimin gözünə yaxşı görsənim.

Elə oldu ki, bir gün başqasının güdazına getdim. Dərs vaxtı səs salan uşaqlardan biri "müəllim, Eminə deyin də, məni yazmağa qoymur” deyə müəllimə şikayətləndi. O, məni ayağa qaldırıb sinifdən çıxartdı. Hə, elə hər şey bundan sonra başladı.

İçimdə nifrətlə sevgi bir-birinə qarışmışdı. Ondan sonra dərslərində aləmi bir-birinə vurmağa başlamışdım. Gah kimisə dümsükləyirdim, gah o dərsi izah eləyən vaxt yerdən replikalar atıb uşaqları güldürürdüm. Amma niyyətim pis deyildi. İstəyirdim ki, gəlib qulağımı bursun. İstəyirdim ki, qolumdan tutub sinifdən çıxartsın. Təki mənə toxunsun. Niyyətimə də çatırdım. Hər dəfə o mənə toxunanda xəyalən əllərindən öpürdüm. O danışanda özüm üçün bir dünya yaradırdım. İçində ikimiz olan dünya. Guya evlənirik, uşaqlarımız olur. Axı mən birinci dəfə idi ki, yetkin bir qadına vurulmuşdum. Hər dəfə də dik atılırdım. Yaş fərqimiz xəyallarımı suda batırırdı. Su kimi saf idi xəyallarım. Xəyallarımda sinif otağında az sevişməmişdim onunla.

Gördüm ki, getdikcə sinifdən çıxarılmaq da mənə maraqsız gəlir. Onu arxasınca baxan kişi müəllimlərinə də, dərsdə daha çox diqqət göstərdiyi uşaqlara da qısqanıram. Başladım ondan küsməyə. Dərsə cavab vermək üçün çağıranda susmağa başladım. Bir xeyli belə davam elədim. Elə olurdu ki, jurnala qiymət əvəzi nötə də qoyurdu, yalançı üç də yazırdı. Amma inadkar idim, danışmayacaqdım. İş o yerə çatdı ki, tənəffüsə çıxan vaxt qolumdan tutub saxladı. Dəhlizdə qolumu buraxmayıb başladı danışmağa.

- Mən sənə neyləmişəm axı? Sən niyə belə edirsən? Artıq sənə yalançı qiymət də yaza bilmirəm, istəmirəm də iki yazım, sonra sənin üçün problem yaransın.

Susurdum...

- Bir bilsəydim ki, səbəb nədir...

Susdum, o yorulana kimi danışmadım.

İkinci dərsə, yəni ədəbiyyat dərsinə girdik. Qollarımı partanın, başımı qollarımın üstünə qoyub özümü dərsdən xaric elədim. Amma içimdə hirsimdən partlayırdım. O, artıq yorulmuşdu. Daha mənimlə maraqlanmırdı.

Zəng vuruldu... Qızlardan biri yaxınlaşıb mənə bükülmüş ağ vərəqi uzadıb dedi ki, bunu Yeganə müəllimə verdi. Məktubu gizlincə açıb oxudum. Belə yazılmışdı:

"Neçə vaxtdır, narahatam. Sən mənim ən maraqlı, ən çox sevidiyim şagirdlərimdənsən. Son vaxtlar sənin dərsə laqeydliyin məni narahat edir. Bilmirəm, sənin incikliyinin səbəbi nədir. Bəlkə də sənin xətrinə çox pis dəymişəm. Bilmirəm, bəlkə də mən yaxşı insan deyiləm, sənə özümü yaxşı bir insan kimi satmaq da istəmirəm. Amma biləsən ki, əzizsən. Əgər hər hansısa hərəkətimlə səni incitmişəmsə, bağışla.

Bağışlanmaq ümidilə səni çox istəyən Yeganə!”

Yazılanları oxuduqca şagird sözünü beynimdən silirdim. Şagird sözü məni qıcıqlandırırdı. Gördüm ki, daha belə getməyəcək. Yavaş-yavaş dərslərdə dəcəlliymi tərgitməsəm də susmağı tərgitdim. Belə deyək də, bağışladım. 9-cu sinifin yay tətilinə çıxmaq istəmirdim. Yenicə barışdığım sevdiyim müəllimdən ayrılmaq çox çətin idi. Amma hələ önümüzdə iki il var idi. Hələ iki il də o bizə dərs deyəcəkdi. Bununla təsəlli tapırdım.

Sonralar hər şey öz yolu ilə getsə də, yəni mənim içimdəki sevgi gizli qalmağında davam eləsə də bir gün eşitdim ki, nişanlanıb, toyu olacaq. Əli-qolu bağlı idim, nə edə bilərdim ki. Yalnız öz xəyal dünyamda nəsə bacara bilərdim. Yavaş-yavaş kökəlməyə, qarnı böyüməyə başladı. Hər dəfə biraz da böyüyürdü, hər dəfə biraz da narahat olurdum. Əvvəl-əvvəl işə gəlsə də sonralar analıq məzuniyyətinə çıxdı. Onun içindəki uşaq doğuldu, mənim içimdəki sevgi elə içimdə də öldü.

Amma hələ də onun yazdığı məktubu daxılımın ən gizli yerində, hansısa kitabın arasında saxlayıram... Nəsə bir doğmalıq var o vərəqlə aramızda. Mənim üçün bu məktubu yazan uydurduğum yeganə qadın idi, Yeganə müəlliməm yox.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK