ANA SƏHİFƏ / YAZARLAR

TƏMİZ ADAM

Fəridə RƏHİMLİ

9542    |   2017-12-22 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu şəxsən tanımamışdan əvvəl mənə çox ciddi, qaraqabaq adam təsiri bağışlayırdı. Tanıdıqca sadə, səmimi, qayğıkeş, iddiasız bir insan olduğunun şahidi oldum. Yazılarını oxuduqca, televiziyada ssenaristi və aparıcısı olduğu verilişləri izlədikcə ədəbiyyatın, mədəniyyətin, etik davranışların, adət-ənənənin, milliliyin bütün çalarlarını mühafizəkarcasına təqdim, təbliğ, nümayiş etdirdiyini gördüm. Bu, məncə, bir tərəfdən təhsilinin, istedadının kamilliyindən irəli gəlirdisə, digər tərəfdən ulu Şahsevən tayfasından gəlmə genetik daşıyıcının təzahürü idi.

İllər keçdi, yaşını, qar ələnmiş saçlarını və bir də illərin, taleyin, zəmanənin, dəyişən dövrün, ən əsası, insanların ona "bağışladığı” xəyal qırıqlıqlarını nəzərə almasaq, heç nə dəyişmədi həyatında. Eyni təmkinlə, dəyişməz qürurla, dosta, yada təmənnasızlıqla, dəyərincə qiymətləndirilməyən əməyinin, zəhmətinin haqqını tələb etmədən yaşamına davam edir.

Respublikada tanınan, "üzdə olan” minlərlə söz adamına, 70-80 faiz ədəbiyyat sahəsində çalışanlara uğurlu yol, kitablarına ön söz yazdı, ədəbi aləmə yeni atılan addımların möhkəmlənməsi üçün yorulmadan çalışdı, şeir camiəsinə ürkək qədəm qoyanları ürəkləndirdi, dost haqda ürəkdən gələn dəyərli fikirlərini ortaya qoydu, zəifləri də "düşünsün, çalışsın, daha yaxşı yazsın” deyə ümidləndirdi. Onlar irəli getdilər... və onu unutdular, hətta bəzən özlərini ondan üstün də tutdular. O isə susdu, dünyanın hər üzünü görmüş Dədə Qorqud misalı, dünyanın faniliyini, insanların vəfasızlığını acı gülüşlə, ironiya ilə qarşıladı, amma heç kimə irad bildirməyi düşünmədi belə.

Elmi müəssisələrdən, nazirliklərdən, yəni zamanında gəlirli sayılan yerlərdən iş təklifləri gəldi, qəbul etmədi, yaradıcılığıma mane olacaq, dedi. Amma sən saydığını say... deyirlər. Şairin çoxlu sayda şeirləri, xatirələri, məşhur insanlardan götürdüyü müsahibələr, bir sözlə bugünkü ədəbiyyat aləmini zorla, pulla zəbt etmiş dəyərsiz yazarlara dərs verəcək qədər dəyərli, qiymətli yazıları çapa hazır vəziyyətdə qalır.

İndi elmlər doktoru, professor olan çoxları onun "dərsini” alıb bu səviyyəyə gələnlərdi ki, mənsəbcə, maddi durumlarıyla ondan qat-qat yüksəkdə dururlar. Təbii ki, ancaq mənsəbcə və maddiyyat baxımından, bir həqiqət var ki, onların heç biri onun yaradıcılığına tən gələcək səviyyədə deyillər. O insanın maddiyyatdan çox diqqətə ehtiyacı var. Belə təmiz insanların ehtiyacı, umacağı bəzən quruca bir təşəkkür, diqqət olur. Yaşının bu çağında ailənin güzəranını düşünməməlidir belə insanlar, ümumiyyətlə, maddiyyat dalınca qaçma ehtiyacı olmamalıdır ədəbiyyat adamının. Çünki hədər gedən təkcə zaman olmur, bir istedad günəş kimi batır, amma günəş kimi bir daha doğmaq imkanı olmur. Onun köməyi ilə əli çörəyə çatanlar bir dönüb arxaya baxsalar... o zaman belə istedadlıların yaradıcılığı xalqa, oxucuya çox xeyir gətirə bilər. Onun qiymətli xatirələrini bir də kim yaşayacaq, xatirələrindəki insanlar, hadisələr geri gələcəklərmi? Dinlədikcə içimdən zamana, insanlara, cavabdehlərə qarşı bir üsyan keçir – "Sağlığında qiymət verin insanlara” – bağırmaq istəyirəm. Haqq gec-tez yerini tapır, deyirlər. O haqqın gələcəyini o qədər səbirsizliklə gözləyirəm ki... Zülfüqar Şahsevənlinin ana südü kimi halal haqqının...

Onun haqqında internetdə olan məlumatla maraqlandım – yüzlərlə şair və yazıçını qanadlandırıb uçurmuş Qartalın haqqında bir neçə cümlə məlumat vardı, o da yenilənməmişdi. Heç şəkli də yox idi...

"Qarayev Zülfüqar Qubad oğlu- şair, publisist, 1989-cu ildən AYB-nin, AJB-nin üzvüdür. 1950-ci ilin 25 dekabrında Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Burada G.Əsədov adına kənd orta məktəbini bitirmişdir. ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləmişdir. "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa erkən başlamışdır. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. "Çinar pöhrələri" və sair (!) toplularda şeirləri çap edilmişdir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Rus, Ukrayna, kabardin-balkar, tacik və özbək ədəbiyyatından seçmə nümunələri doğma dilimizə çevirmişdir. Azərbaycan televiziyasında məktəblilər üçün "Kitab evi" verilişinin aparıcısı və ssenari müəllifi olmuşdur. Azərbaycan LKGİ MK-nın Fəxri fərmanına layiq görülmüşdür”.

Bu qədər! Minlərlə əsərə ön söz yazmış, yüzlərlə şairin, yazarın, özünü şair, yazıçı hesab edənin kitabını redaktə etmək adına yenidən işləmiş, kasıba, imkansıza içindən gələn ən qiymətli sözlərini (onun əvəzinə yazmaqla!-F.R) xərcləmiş, hədiyyə etmiş bu insan haqda qısa və xəsisliklə yazılmış bir neçə cümlə...

Ədəbiyyat, mədəniyyət sahəsində bu qədər xidmətləri olan insanın mükafatına diqqət etdinizmi? Bu, zəmanənin hər bir dönəmində insanın uğradığı ən böyük haqsızlıqlardan biridir! Dünən onun yanına sıxıla-sıxıla gəlib kitabı üçün bir cümlə yazdırmaqla şərəflənmək istəyənlərin şeirləri, əsərləri, kitabları haqda bu gün "palaz-palaz” məlumatlar yerləşdirilir sosial şəbəkələrdə, o isə...

Azərbaycanda ədəbiyyat, şeir, nəsr sahəsində az insan tapılar ki, onun əməyindən bəhrələnməsin, yaxud onu tanımasın, amma onun bir cümlə şeirini tapmadım internetdə. Gözəl insan, istedadlı şair və dəyərini, qiymətini almadan və Qarabağ həsrətiylə bu dünyadan köçən Vahid Əlifoğlu deyirdi ki, mən "və sair” şairlərdənəm. İnternetdə məlumat axtaranda gördüm ki, Zülfüqar müəllim Vahid müəllimdən daha "şanslıymış” – qəhrəmanımın adı sadalananların axırında, "və sair”dən əvvəl gəlir...

Axtarışda onun haqqında deyil, onun başqaları haqda yazdığı nə qədər gözəl yazılar çıxdı! Təbiətimiz, tariximiz, ziyalılarımız, ədəbiyyatımız, mədəniyyətimiz yolunda saysız yazıları ilə oxucuların, tamaşaçıların sevimlisi olan bu insanın haqqında, heç olmasa bu doğum günü ərəfəsində, bir tanınmış (heç tanınmamışı da!) yazarın yazmaması təəssüf doğurur. Və bunu bir valideynin min bir zəhmətlə böyüdüb boya-başa çatdırdığı, təhsil verdiyi, ev-eşik etdiyi övladının onu unutması, qayğısına qalmaması qədər ağrıdıcı gəldi mənə.

Bir yerdə çalışırıq. Otaqda oturub onun işləməsini seyr edirəm. Yenə də amalında, işində dəyişməz olaraq qalır - Xəlil Rza Ulutürkün gündəliyini işləyərək çapa hazırlayır. Vaxt darlığından gecənin bir neçə saatını yatdığını söyləyir. Bunu söyləməsə də üz-gözünün halından bəllidir. Bu qədər gərgin işin arasında redaksiyaya gələnləri də məmnun yola salmaq üçün əlindən gələni əsirgəmir. Zəif şeirlə gələn yaşlı adama yox deyib, əliboş geri yollamağa üzü gəlmir. Bir də əziyyət çəkib onun "şeirini” şeir halına gətirib çapa verir. Ona baxdıqca düşünürəm ki, bu insan dəyişməz! Və yaxşı ki, dəyişməyib. Bəzən sadə, səmimi, bir az uşaq məsumluğu ilə incikliyini, gileyini büruzə versə də, tez də əlavə edir ki, "əşi, canları sağ olsun!”.

Səhv etmirəmsə, Azərbaycanın fəxri Xudu Məmmədov demişdi: "İstedadlı insanlara kömək edin, istedadsızlar özlərinə yol tapacaqlar”. İstedadlı insanlara sərbəstlik, maddi-mənəvi imkan verilməlidir ki, bacarıqlarını ortaya qoysunlar. İndiki zamanda istedadlıları ailə, dolanışıq dərdi məhv edir. Bacarıqlarını başqa səmtə yönəltməyə məcbur olurlar. Zamansa amansızdır, gözləmir. Qoruya bilmirik dəyərlilərimizi. Niyə biz diriləri yox, ölüləri bu qədər sevirik – insan dünyasını dəyişəndən sonra "gözəl şairdi, dəyərli yazardı, qiymətli insandı, istedadlıydı, əvəzsizdi” deyirik. Baxın, qarşınızdadı, ətrafınızdadı, qarşılaşırsınız, yardımından bəhrələnirsiniz... Necə yaşadığını bilirsinizmi? Nəyə ehtiyacı olduğuyla, yaradıcılığına nəyin mane olduğuyla, nədən illərdir bu Dəryanın damla qədər misrasının işıq üzü görmədiyiylə, niyə aldığı sonuncu mükafatın sovet dövrünə təsadüf etdiyiylə maraqlandınızmı? Yox! Onda niyə yazırsınız, nədən yazırsınız, hanı içinizdəki haqq-ədalət prinsipi, humanizm, insanlıq? Budamı pulla satılır? O, heç kimə ağız açmır, qapılar döymür, abırına qısılıb sadə həyatına davam edir. Görünür, xalqın qanına hopub "ağlamayandan pəpəni əsirgəmək”...

Dekabrın 25-i sözün cəfakeşı, ədəbiyyatın ağır yükünə könüllü çiyin vermiş və dünyada sözdən böyük, sözdən dəyərli, sözün işığından gur işıq tanımayan, ürəyi söz qabarlı şairin doğum günüdür. Mən onun haqqında içimdən keçənləri demək istədim (bu, söz xiridarı haqqında söz demək cəsarəti deyil!-F.R), amma alınmadı, onun hədər yerə xərclənən zəhmətinə təəssüfün mində birini ifadə edə bilmədim. Amma bir tək bunu üsyankarcasına söyləmək istəyirəm: Zülfüqar Şahsevənli sinəsində minlərlə dəyər yatan canlı bir tarixdir, gündüz əliçıraqlı axtarası istedaddır, qiymətini bilək ki, sonra gec olmasın…

Doğum gününüz mübarək, ustad! Təmiz, təmənnasız insan!

Gec də olsa, halal haqqınızı almaq xoşbəxtliyi, məmnunluğu nəsibiniz olsun, inşallah!




İmza:

YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK