ANA SƏHİFƏ / YAZARLAR

BELƏ DOSTDANSA, DÜŞMƏN YAXŞIDI

Nicat Novruzoğlu

15421    |   2017-11-29 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilirsən ki, düşməndi. Səni öldürmək istəyir, məhv eləmək istəyir, sənə tələ qurur, quyu qazır və sair və ilaxır.

Sən də özünü toparlayırsan, düşmənlə həmişə mübarizəyə hazır olursan. Belə bir atalar sözü də var: «Qurban olum düşmənə, qoymur məni düşməyə». Dost isə sənin üçün doğmadı, əzizdi, güvənc yerindi, dar ayaqda arxandı. Vay o gündən ki, dost sənə quyu qaza, dost səni sıradan çıxarmaq üçün tələlər qura, üzünə gülə-gülə, sağlığına ayaq üstə badə qaldıra-qaldıra arxandan bir iş çevirə.

İndi Türkiyə çox çətin bir duruma düşüb. Dost bildiyi NATO da ona tələ qurur, dostdan da əziz, yəni qardaş bildiyi ABŞ-da. Hər ikisi qardaş Türkiyəni qırx arşın quyunun dibinə atmaq üçün, parçalamaq üçün min bir hoqqadan çıxırlar. Qısası, üzdə bir söz, arxada bir əməl.

Tramp sayın Ərdoğana deyir ki, biz daha PYD ilə YPG-ni silahlandırmayacağıq. Əvvəla, bu terror təşkilatlarını o qədər silahlandırıblar ki, onların hələ 4-5 il heç bir silah-sursata ehtiyacları yoxdu. İkincisi də prezident bir söz deyir, Pentaqon başqa bir söz. Pentaqon deyir ki, biz PYD ilə münasibətləri kəsməyəcəyik və birgə hərəkət edəcəyik.


Hələ 2007-ci ildə ABŞ başda olmaqla, Türkiyənin dost bildiyi NATO-dakı müttəfiqləri bu ölkəni məhv etmək üçün layihələrini bir-bir həyata keçirməyə başladılar. Təbii ki, ilk öncə dünyanın ən intizamlı, ən savaşcıl və ən güclü ordularından biri olan Türk Silahlı Qüvvələrini hədəfə götürdülər. «Ergenekon», «Balyoz» adlı qurama bir cinayət işi qaldırdılar, Türkiyənin canını bu dövlətin yolunda, bu millətin yolunda fəda edən və fəda etməyə hazır olan generalları, admiralları, zabitləri, Atatürkçü ziyalıları verdilər FƏTÖ-nün savçılarına, hakimlərinə, əmniyyət müdirlərinə, hətta Baş Qərargah rəisi İlkər Başbuğu da saldılar həbsxanaya. Həm Türk Silahlı Qüvvələrinə böyük zərbə vurdular, həm də türk millətinin ən çox inandığı və sevdiyi Ordunu xalqın gözündən saldılar. Və axırda da 2016-cı ildə Fətullah Gülənin əli ilə Türkiyədə dərbə girişiminə qalxdılar. Yəni Türkiyə çox gec anladı qurulan tələni. Və Türkiyənin də xoşbəxtliyi o oldu ki, sayın Ərdoğan çox böyük bir cəsarət göstərdi, həm xalqın, həm yenə az qala generallarsız qalmış ordunun, həm də dövlətə sədaqətli polisin gücü ilə bu üsyanı yatırtdı. Və Türkiyəni böyük bir bəladan xilas elədi.

İndi də bir Rza Zərrab layihəsini həyata keçirməyə başlayıblar. Bir avantüristin əli ilə Türkiyəni beynəlxalq aləmdə nüfuzdan salmaq üçün bir məzhəkəli məhkəmə prosesinə başlayıblar. Və bu avantüristin əli ilə sayın Ərdoğanı və Türkiyənin yüksək vəzifəli dövlət məmurlarını məhkəmə çəkişmələrinə cəlb etmək istəyirlər.

Və işlərin gedişindən belə görünür ki, bu Rza Zərrab əslində Mərkəzi Kəşfiyyat İdarəsinin agenti imiş və atılıbmış Türkiyənin içinə. Və Mərkəzi Kəşfiyyat İdarəsinin ona tapşırdığı vəzifəni də yüksək səviyyədə həll edə bilib.

Və təbii ki, əslində hədəf sayın Ərdoğan deyil, Türkiyədi. Yaxşı, ABŞ-ı bildik. Gec də olsa Türkiyə ilə münasibətdə iç üzü açıldı.

Ən dəhşətlisi odur ki, belə bir zamanda Türkiyənin öz içindəkilər də ilana ağ verən kərtənkələ rolunu oynayırlar. Bilərəkdən və ya bilməyərəkdən ABŞ-ın əlini oynayırlar.

CHP-nin lideri Kamal Kılıçdaroğlu bu fürsətdən öz maraqları üçün, yəni sayın Ərdoğanı millətin gözündən salmaq üçün çox məharətlə istifadə edir. Doğrudanmı belə bir siyasətçi hədəfin sayın Ərdoğan yox, Türkiyə olduğunu bilmir?! Ola bilməz axı! Mən siyasətçi olmaya-olmaya bu ağlımla başa düşürəm, o başa düşmür?

Belə bir atalar sözü də var: «Allah məni dostlardan qorusun, düşmənlərlə birtəhər bacaracam».

İndi Allah Türkiyəni belə dostlarından, belə siyasətçilərindən qorusun, düşmənlə birtəhər bacaracaq.

Türkiyə 15 iyul üsyanından möhtəşəm bir zəfərlə çıxdığı kimi bu bəladan da zəfərlə çıxacaq, yamanlıq ilana ağ verən kərtənkələlərə qalacaq!

Tanrı Türkiyəmizi qorusun!



İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK