ANA SƏHİFƏ / YAZARLAR

MİÇEL AĞDAMDA HAMAM MƏHLƏSİNDƏNDİ

NİCAT NOVRUZOĞLU

19047    |   2017-11-03 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Qarabağ»ı sevməyənlər bu komandaya ləkə atmaq üçün özlərini öldürürlər. Və nə isə axtarıb-tapırlar. Sonra da sosial şəbəkələrdə, saytlarda müzakirəyə çıxarırlar.

Madriddəki möhtəşəm oyunlardan sonra indi də belə bir mövzu atıblar ortalığa, zaman-zaman bu mövzuya qayıdırlar: «O nə «Qarabağ» komandasıdı ey, cəmi iki qarabağlı oyunçusu var».

Təbii ki, bunu deyənlər futboldan çox uzaq adamlardı, «Qarabağ» komandasından da heç xəbərləri yoxdu.

Birincisi, klubda ağdamlıların, daha geniş anlamda götürsək, qarabağlıların sayı çoxdu: həm məşqçilər korpusunda, həm futbol akademiyalarında yetişdirilən uşaqların arasında, həm də inzibati sahədə. İstəyirsiz, bir-bir adlarını da yaza bilərəm.

İkincisi, ölkənin futbol klublarında Qarabağ futbol məktəbinin, Ağdam futbol məktəbinin yetişdirdiyi futbolçuların, məşqçilərin sayı istənilən qədərdi. Eləcə də futbol akademiyasındakı cocuqların sayı. Elə məndə olan məlumata görə, təkcə Qəbələdə Futbol akademiyasında Qarabağı demirəm, elə təkcə Ağdamdan 4-5 uşaq var. Özü də ümidvericidilər.

Sağ olsun klub rəhbərləri, onların tapşırığı ilə komandaların seleksiya mütəxəssisləri rayonları gəzir, istedadlı uşaqları tapıb akademiyalara cəlb edirlər. Eləcə də Ağdamdan.


Görəsən, «Real» Madriddə neçə madridli oynayır, xəbəriniz varmı? Heç bir dənə də. Və yaxud dünyanın başqa öndə gedən komandalarının oyunçularının neçəsi təmsil etdiyi şəhərdəndi? Bu futboldu, dostlar.

İndi qayıdaq Ağdamın «Qarabağ» komandasına. İki qarabağlı…

Ağdam rayonundan 6 minə yaxın şəhid var. Bunların hamısı ağdamlı deyil ki? Azərbaycanın bütün bölgələrindən qeyrətli oğullar könüllü olaraq gəlib Ağdamda düşmənlə savaşırdılar və şəhid olurdular. Qanları Ağdam torpağına qarışırdı. Ağdamda üç Şəhidlik Xiyabanı vardı və onların çoxu da həmin xiyabanlarda dəfn olunurdu. Və onlar hamısı ağdamlıydılar.

Lağ eləyənlər, bir gedin Quzanlıya, Şəhidlər Xiyabanına. Orda ağ mərmərin üzərinə Ağdamda şəhid olan igidlərimizin adları həkk olunub. Baxın, o adlara, orda yüzlərlə ad taparsınız ki, onların heç biri Ağdamda doğulmayıb, amma Ağdamda şəhid olub, ağdamlı olublar.

Qayıdaq futbola. Ağdam bir neçə məhləyə bölünürdü: İmarət məhləsi, Aj məhlə, Tox məhlə, Bulvar məhləsi, Qaraçılar məhləsi, Hamam məhləsi, Pərioğullar, Muradbəyli, Sarıtəpə, Bazar və sair və ilaxır. Özü də bu məhlələr arasında ilboyu futbol yarışı keçirilirdi.

Görünür, siz «Qarabağ»ın oyunçularının tərcümeyi-halını yaxşı bilmirsiz. Məsələn, Miçel bizdən üç tin o tərəfdə Hamam məhləsindəndi (görmürsüz, elə bil gündə üç dəfə çimir). Rəhmətlik Bəhruz Axundovgillə qonşudu. «Qarabağ»ın ulduzu, məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovla, «Qarabağ»ın fədaisi, kapitanı, məşqçisi Adil Nadirovla, onun qardaşı şəhid General Ərşadla (Vüqar Nadirovun atası) bir məktəbdə, Süleyman Zeynalovun məktəbində (1 nömrəli məktəb) oxuyurdu. Mən məktəbi bitirəndə o, birinci sinifə gəlirdi. Cılız bir uşaq idi.

Riçard Almeyda Qaraçı məhləsindəndi. «Qarabağ»ın bir vaxtlar ulduz futbolçusu olmuş Qaraçı Əlövsətgilin qapıbir qonşusudu.

Ağdamda Bakıdakı Milyonerlər məhləsi kimi şəhərin mərkəzində bir bölgə vardı, ora Tox məhlə deyirdilər. Yekəlik olmasın, mən də o məhlədə doğulmuşam. Dani Kintana məhlə uşaqlarının kapitanıydı.

Ansi Aqolli Aj məhlədəndi. «Neftçi»nin məşhur futbolçuları Elbrus Abbasov və Hüseyn Əhmədovun və «Qarabağ»ın bir vaxtlar ən məşhur bombardiri Şəfəq Hümbətəliyevin oxuduğu Əli Eyvazovun məktəbini ( 2 nömrəli məktəb) bitirib. Məktəbdə oxuyanda yaxşı da voleybol oynayırdı.

Pedro Enrike də Aj məhlədəndi. O məhlə uşaqları çox davakar olur. Tox məhlənin uşaqlarına da göz açmağa imkan vermirdilər. Ona görə də Madriddə özünü saxlaya bilməyib «Atletiko»nun oyunçusuna babat bir karate təpiyi vurub.

Siyahını uzadım, yoxsa bəsdi?

Hə, qaldı Qurban Qurbanov. İmarətdəndi. O İmarətdənki gün gələcək orda heykəli qoyulacaq. Elə gözünü açandan stadionu görmüşdü.

Sonda. Hər kim ki Qarabağ üçün can yandırır, dilindən, dinindən, millətindən asılı olmayaraq Qarabağlıdır!

Hər kim ki Azərbaycan üçün can yandırır, dilindən, dinindən, millətindən asılı olmayaraq Azərbaycanlıdır!




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK