ANA SƏHİFƏ / YAZARLAR

MƏN ÖLƏCƏM

Nicat Novruzoğlu

19050    |   2017-09-11 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Hissə I)

 BAŞDAŞI

Hamı kimi, işıqlı dünya ilə vidalaşacam. Çox az qalıb. Ömrümün çoxu gedib, azı qalıb. Bilirəm necə öləcəm. Qan təzyiqi ürəyimi yeyib bitirəcək. Ürək çatışmamazlığından öləcəm. Heç kəs ürəyini mənə verməyəcək ki, yaşayım. Heç ürəyimi verdiklərim də verməyəcək ürək mənə. Özüm də kimsədən ürək ummayacam. Mən öz ürəyimin sahibiyəm. Kiminsə ürəyi ilə yaşaya bilmərəm.

Ölümümlə də sevinəcəm. Çünki qəfil öləcəm. Heç iki dəqiqə də çəkməyəcək ölümüm. Bundan gözəl ölüm?! Heç kimə möhtac olmadan ölmək.

Ruhum bədənimdən çıxıb qaçacaq bu dünyadan. Mən bilirəm, o ruhu bədənimdə saxlamaq üçün nələrimdən keçmişəm. Qalacaq yerdə ruhsuz bədənim, cəsədim. Mənim saatım bu dünyada bitəcək.

Əvvəl hamı bir-birinə zəng vuracaq Nicat öldü deyə. Sual hətta 130 yaşında ölənin xəbərini eşidən də verdiyimiz kimi olacaq: "Nədən öldü?". Cavab: "Ürəyi partlayıb". Ölümün ən dəb forması. Mən dəblə getməyə çalışıram hər zaman.

Üzümü qibləyə çevirib, gözlərimi qapayıb, vücudumu bir ağla örtəcəklər. Bir az ağlaşma olacaq. Bəs edər evdən çıxmağa. İmkan daxilində hazırlıq qaydaları da tez həyata keçirilməlidir. Aparacaqlar məni yumağa.

Mürdəşir mənə görə yox, özü soyuqlamasın deyə istilik hərarəti olan suyla yuyacaq cəsədimi. Yarım saata, ya da uzağı 40 dəqiqəyə hazıram. Kəfənlənmişəm də. Çox rahatam. 3 dəfə götürüb qoydular yerə məni. Üçüncüdə tərpəndik. Ordan birbaşa qəbiristanlığa. Cənazədə iştirak etmək və onu qəbrə kimi müşayiət etmək bəyənilən bir əməl sayıldığı üçün arxamca xeyli adam gəlir. Onlar məni basdırıb qayıdacaqlar (İnsan ölümdən sonra qəbrə qoyulur. O, yenidən diriləcəyi və insanların bir yerə yığışacağı günə kimi orada bərzəx (keçid) həyatını yaşayır. Oradan isə əbədi qalacağı mənzilə: ya Cənnətə, ya da Cəhənnəmə daşınır).

Məni mənim üçün qazılmış məkana yerləşdirib üzərimə xüsusi hazırlanmış beton lövhələr düzəcəklər. Üstündən də torpaq tökəcəklər. Torpağı da azacıq yarıb sulayacaqlar. Qalacaq üstümü mərmərləmək. Molla da buna işarə verəcək: "Torpaqla çox oynamayın, onsuz da 10-15-günə üstü götürüləcək".

Dəbdi, gərək 40 günə mənim üstümü mərmərləyələr. 40 günü keçdisə, vay yas yiyəsinin halına. Bütün rayon bizdən danışacaq: "Ayə bu günümüzə min şükür, mən dədəmin üstünü 15 günə götürdüm, amma Nicatın 40-na az qalıb, üstünü götürə bilmirlər".

Artıq 35 gün keçib. Söz-söhbətlər çoxalıb. Hələ bir belə aktual olmamışdım mən. Heç diri olanda da. İndi dildən düşmürəm mən. Qəbrinin üstü örtülməyən Nicat kimi. Bircə qəbiristanlıqdakı qonşularım, qəbirlər danışmırdı.

Qırxıma iki gün qalıb. Yata bilməmişəm. Qohum-əqrəbamın yuxu olub yuxularına girmək istəyirəm. Demək istəyirəm ki, yükləməyin məni 4 tonluq daşla. Ölüb qurtarmaq istəyirdim ağırlığını çəkə bilmədiyim yüklərdən, təzədən yükləməyin məni.

Ölü cəsədim diri gözlə açdı səhəri. Torpaq titrəyirdi sübh tezdən. Böyük yük maşını girdi qəbiristanlığa. O üstümə qoyacaqları daşı gətirmişdi. 4 tonluq qara mərmər daşları. Hamı sevinirdi, qohumlar da, daşı gətirən də, daşı satan da, daşı qoyan da. Bircə qəbiristanlıq sevinmirdi.

Yükləyirdilər mənə qara daşları. Hər kəs əsirdi daşların üstündə ki, birdən daşa nəysə olar. Bir daş başıma, bir daş da sinəmə qoydular. Sinə daşıma ürəyə batmış qələm şəkili çəkmişdilər. Başımdakı daşda isə hər şey var idi. Olum günüm, ölüm günüm, kimliyim və bir də şəkilim.

Hamı rahatlaşdı, sakitləşdi. Nicatın üstü götürüldü deyə.

İlahi, görəsən kim deyib ki, 40 günə götürün məzarın üstünü? Görəsən kim deyib ki, ən ağır daşlardan doldurun ölülərinizin üstünə? Axı mən öləndə evimizdə 93 manat pul var idi. Niyə borca girib 5 min manata bu daşı qoyurlar üstümə? Niyə bir daşa görə qınayırıq bir-birimizi? Axı daşın ölüyə nə xeyri var? Onun hündürlüyü, enliliyi, qalınlığı ölmüş Nicata lazımdırmı?

Ürəyim yenidən isinir, qan dövranım güclənir. Partlayan ürəyim birdə partlayacaq bu rəzalətdən. Qıvrılıram məzarımda. Son qoymalıyam buna. Didirəm, qaşıyıram, cırmaqlayıram yeni evimi. Beton lövhələri dəlib keçirəm torpağa. Sənə qurban olum torpaq. Necə rahatdır mənə səninlə. Amma çıxmalıyam burdan da. Torpağı yarıb çatıram sinə daşıma. Gəl indi yar bunu. Torpaq güc verdi mənə. Arxamı torpağa söykəmişdim. Qara mərməri də yardım. Qaçıram evə. Qaçıram ki, deyəm məni belə basdırmayın. Götürün üstümdən bu daşları. Başımın üstünə bir balaca 0,50 sm-nin 0,50 sm-ya olan bir daş qoyun. Şəklimi vurmayın o daşa, günahdı. Olum və ölümümü yazın, bir də kimliyimi. Başqa heç nə yazmayın. Sinə daşı da qoymayın üstümə. Qoyun torpaq qalsın sinəmdə. Ərtafını azacıq bağlayın ki, torpaq üstümdən dağılmasın. Güllər əkin üstümə. İmkanınız olsa Xarı bülbüldə. Olmasa Şuşanı alanda ordan gətirib əkərsiniz. Onsuz da Şuşasız bizim əlimizdə Xarı bülbül bitəsi deyil.

Qırxımdı. Gəliblər qəbirüstümə. Bu nədir, Nicatın goru çatlayıb. Sinə daşı para-paradır. Başdaşı da aşıb və qırılıb.

Oğlum deyir: "Bizim yenidən bu daşların təzəsini alıb bura qoymağa imkanımız çatmaz. Qoy sinəsi torpaq qalsın. Başdaşını da balaca edərik. Şəkilsiz".

Axır ki, mən istədiyimə çatdım.

Ölülərinizin gorlarını çatlatmağa məcbur etməyin. Bəhsə girib yükləməyin ölülərinizi lazımsız yüklərlə. Onları dinimizin buyurduğu qayda qanunla dəfn edin. Aldanmayın nəfsinizə. Aldanmayın o qara daşları Sizə satanlara, aldanmayın o qara daşları Sizə aldıranlara. Böyük bir biznesin qurbanına çevrilməyin.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK