ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI:Görməmiş uşağı görməmiş

62706    |   2017-08-16 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndiki gənclər bilməz, biz onların vaxtında olanda bir şair vardı, imzası eləcə Ağasəfa idi. Şair indi də sağ-salamatdır, 75 yaşı var, 60 ilin yazarıdır, sözüm onda deyil. Şair Ağasəfanın ötən əsrin 80-ci illərində dillər əzbəri olan bir satirik şeiri vardı, "Görməmiş oğlu görməmiş” adlanırdı. O vaxt müəllif hətta bunu AzTV-nin ekranından da oxumuşdu və şeir populyarlaşmışdı.

Şair bu şeirdə milli görməmişlərimizin iştəklərindən, xasiyyətlərindən bəhs edirdi. Məzəli şeir idi. Təəssüf ki, o şeir olduğu kimi yadmda qalmayıb, Google-də axtardım, çıxmadı, yoxsa burda iqtibas edərdim, sözümə qüvvət olardı.


Sanıram ki, şair Ağasəfanın o şeiri 36-37 il əvvəl yazılmış olsa da, hələ də aktualdır. Hətta deyərdim ki, indi o mövzu 37 il qabaqkına nisbətən azı 37 dəfə artıq ictimai-siyasi əhəmiyyət kəsb edir.


Çünki aradan keçən bu uzun illərdə ölkəmizdə qatı görməmişlərin və ara-sıra görməmişlik edənlərin sayı minimum 37 dəfə artıb.


Hə, şeirin misrası elə indicə yadıma düşdü: "Kabab yemiş on altı şiş, görməmiş oğlu görməmiş”.


İndi bir oturuma 16 şiş kabab yeyənlər varmı, yoxmu, bilmirəm, amma 16 milyonu bir oturuma basıb yeyənlər var, 5 xarici turistdən bir qarın yeməyə görə 1143 manat hesab istəyənlər var, Maldivdə toy klipi çəkdirənlər var.


Bir zamanlar dəyirmana buğda aparmaq üçün borca qonşudan eşşək alan adamların oğlu, nəvəsi 3 milyonluq maşın qarajına bir torba açarla girir ki, hansısa birini minib küçəyə çıxsın, özünü millətə göstərsin, desinlər, belədə bir oğlan var.
Bax, bütün bunlar şair Ağasəfanın dediyi görməmişliyin əlamətləridir. Vaxtında adamın atası, babası babat bir at, fayton, araba görsəydi, indi özü də "Porşe”yə təmkinli yanaşardı, havalanıb göylərə qalxmazdı.


Yüz il qabaq da belə olub. Yazıçı Manaf Süleymanovun, Aleksandr Şirvanzadənin əsərlərində var. O vaxtın neftxudalarının balaları da qəfildən varlanmağın eyforiyasnı yaşayırmışlar. Biri əyləndiyi məkanın qapısını qoyub, divarı sökdürürmüş ki, mən küçəyə buradan çıxacam. O biri hamam vannasına şampan şərabı tökdürürmüş ki, rəqqasəni şampanda çimizdirəcəm və sair.


10-15 il öncə belə haqq-hesablar barədə xəbərlər Yaxın Şərq ölkələrindən gəlirdi, oxuyub gülürdük, deyirdik, nə axmaq adamlardır, cipə 120 min dollar verirlər, nömrəsinə (777, 888, 555 və s.) iki milyon.


Sonra gördük ki, bay, şəhərimizdə də bahalı maşınlarda o cür nömrələr var. Öyrəndik ki, o nömrələr bizdə də ucuz deyil və qiymətləri arta-arta gedir. Hətta bahalı nömrələri açıq artırma yolu ilə satmaq üçün hərrac keçirməyi təklif edənlər də var.
Asan yadda qalan və el arasında "zerkalnı nömrə” adlandırılan telefon nömrələri (məsələn, 050 ... 50 50, 055 ... 55 55 və s.) bir ara çox dəb idi, hamı istəyirdi ki, o cür nömrələr əldə eləsin. Prestij əlamətiydi. O nömrədən kiməsə zəng vursaydın, hələ "alo” deməmiş xəttin o üzündəki adam öz telefonunun ekranında həmin nömrəni görüb bilərdi ki, zəng edən elə-belə adam deyil, türkün sözü, blatnoy adamdır.


İntəhası, sonralar bu trend bir az zəiflədi. Çünki xaricdə yaşayan həmvətənlərimiz ölkəyə, daha dəqiqi, "zerkalnı nömrə” həvəskarlarına belə bir acı xəbər verdilər ki, məsələn, Almaniyada o nömrələri öz telefonlarına əsasən "quş”lar taxır - asan yadda qalsın, müştərilər əziyyət çəkməsin, ünsiyyət tez qurulsun deyə.


Ondan sonra "zerkalnı nömrə” görməmişliyi bir xeyli azaldı. Amma hələ də "bura Azərbaycandır, burda durum başqadır” deyə yadda asan qalan, "blatnoy nömrə” alanlar, axtaranlar var.


O gün beş-altı "Gelandevagen” markalı avtomobil (bu maşının adı ölkəmizdə bədnam olub artıq) Ziya Bünyadov küçəsində toy karvanında görməmişlik ediblər. Biz görmüşük ki, toy karvanındakı avtomobillər ard-arda düzülər, qabarit işıqlarını yandıraraq toyxanaya gedərlər. Bunlar yan-yana gedirmişlər ki, heç kəs onları ötə bilməsin, üstəlik, 90-lıq yolda saatda 30 km sürətlə hərəkət edirmişlər və nəticədə mənzil başına tələsən yüzlərlə sürücü siqnallayırmış.


Gərək heç kim də olmasa, təzə bəy belə görməmişliyə yol verməyəydi. Çünki kütləvi siqnallama ilə yanaşı ağzıpərto sürücülər söyüş də söyürlər və bəyin papağı ziyan çəkir.


Görməmişlik pis şeydir.




İmza:musavat.com

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK