ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ƏKBƏR BAYRAMOV DA ÇIXDI GETDİ AĞDAMA, QALDIQ BİZ…

72196    |   2017-07-12 13:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə böyük şərəfdi Bakı Dövlət Universitetini bitirmək. Əslində bu universitet deyil ey, Akademiyadı. Elə yarandığı gündən. Bu gün də o missiyanı yerinə yetirir, özü də ləyaqətlə.

Biz bu universitetdə oxuyanda forslanardıq, qoltuğumuzda gəzdirdiyimiz və ya kəmərimizə taxdığımız dəftərlərə iri hərflərlə ADU (o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı) yazardıq, görsünlər biz harda oxuyuruq ey. Hətta o vaxt belə bir bayatı da vardı:

Əziziyəm, dilən gəz,

Əlini aç, dilən, gəz.

APİ-də xan olunca,

Universitetdə dilən- gəz.

Çox qeyri-adi müəllimlərimiz vardı. Hərdən həmin müəllimlərin haqqında yazıram. Və dünən belə qərara gəldim ki, ümuiyyətlə, universitetdə mənə dərs deyən və dərs deməyən müəllimlərim haqqında xatirələrimi yazım və kitab halında çap etdirim. Niyə dünən? Bizi adam eləyən professor Əkbər Bayramovun ölüm xəbərini eşitdim. Çox duyğulandım, hətta ağladım. Axı niyə yazmayaq ki, Azərbaycanda belə kişilər, belə alimlər, belə pedaqoqlar olub. Biz yazmasaq kim yazacaq?

Əkbər Bayramov! Azərbaycanda psixologiya elminin əsaslarını qoyan bir kişi,qeyri-adi bir müəllim. Eləcə də 91-lərdən biri. 91-lər bilirsiniz də kimlərdi? Mənə dərs deyib. Və heç də sevdiyi tələbə olmamışam. Hərçənd ki, mən də kolanılıydım, o da.

Mən həmişə kolanılarla fəxr eləmişəm: Ziyəddin Göyüşovla, Rəşid Göyüşovla, Bayram Bayramovla, Əkbər Bayramovla, Bəxtiyar Əliyevlə, Rövşən müəllimlə (heyf ki familiyasını unutmuşam), Həmidovlarla, Rəfiyevlərlə, Yusif və İlham İsmayılovlarla, təbii ki, daha çox babam Qaçaq Abbasla.

Sizinlə Əkbər Bayramovla bağlı xatirələrimi bölüşmək istəyirəm.

Əkbər müəllim əvvəllər APİ-də kafedra müdiriydi, sonra gəldi Universitetə. Və bizə psixologiya dərsi deməyə başladı. Qəribəliyi ondaydı ki, bir müəllim kimi çox fərqlənirdi. Əvvəla, adama yovuşmazıydı, hələ heç mən onun gülən sifətini görmədim. Amma çox güclü sarkazmı vardı. Bəzən dediyi sözü bir batman balla yemək olmazdı. Tələbələri sevən idi, tələbələr də onu sevirdi. Ona görə yox ki, Azərbaycanın görkəmli yazıçısı rəhmətlik Mir Cəlal kimi heç kimi kəsməz, heç kəsə aşağı qiymət yazmazdı. Ona görə ki, yuxarıda qeyd etdiyim kimi, tələbələrini sevərdi. Bəlkə də universitetdə dərs dediyi ən zəhləsi gedən tələbələrindən biri mən idim, həm də ən çox sevdiyi tələbələrindən biri mən idim.

Üç-dörd xatirəmi sizinlə bölüşmək istəyirəm.

Seminardı. Məni qaldırdı. Dedim ki, müəllim, hazır deyiləm. Səbəbini soruşdu. Dedim ki, bu gün Bəxtiyar Vahabzadədən kurs işim var, bütün günü yazdığım qaralamanı ağlamaya köçürmüşəm, ona görə seminara hazırlaşmamışam. Xətrinə dəyən baxışlarla məni süzdü və dedi:

- Oğul, mənim çox gözəl xəttim var, indən belə qaralamanı ağlamaya köçürəndə gətir ver mən köçürüm, əziyyət çəkmə.

Və Əkbər müəllim bilmirdi ki, mən də elə-belə oğlan deyiləm.

Aradan bir iyirmi gün keçdi. Pir olan Firudin Hüseynovun fənnindən bir kurs işim vardı, qaralamanı yazmışdım, səhər dərsə gələndə iyirmi səhifəlik kurs işini apardım qoydum Əkbər müəllimin önünə:

- Müəllim, demişdiniz ki, gözəl xəttiniz var, qaralamanı gətirmişəm köçürün verin.

Altdan yuxarı mənə baxdı və bir söz demədi. Səhərisi günü qaralamanı gözəl xətlə ağlamaya köçürüb Cəmilə Təhmasib gətirdi verdi mənə. Cəmilə xanım həmin kafedranın müəllimi idi, həm imtahanlarda assisenti idi Əkbər müəllimin. Və onu da öyrəndim ki, qaralamanı ağlamaya köçürən Cəmilə xanım olub.

Bəzən onun mühazirələrini çox təəssüf ki, adını yadımdan çıxartdığım APİ-nin müəllimi olan bir alim gəlib deyərdi. Amma bəzən o qədər üzr istəyirdi ki…

… - Balalarım, mənim əzizlərim, mənim sevgili tələbələrim sizdən çox üzr istəyirəm, dəfələrlə üzr istəyirəm, bağışlayın, siz bir qızı sevəndə, ya bir oğlanı sevəndə…

Allah, sən saxla…

… - Balalarım, əzizlərim, mənim sevimli tələbələrim, çox üzr istəyirəm, məni bağışlayın, bu ifadəyə görə, siz ailə quranda…

Bax, belə mənasız üzr istəmələri vardı. Bir gün yenə başladı belə mənasız üzr istəməyə və üzr istəmənin sonunda da məlum oldu ki, biz evlənəndən sonra bizim övladımız olacaq.

Mən də qalxdım dedim ki:

- Müəllim, o qədər üzr istədiniz ki, elə bildim var-yox söyüşü edəcəksiniz.

O müəllim auditoriyadan çıxıb getdi və bir də gördüm ki, dünyada dekanlar dekanı, tələbələrin atası Ağamusa Axundov girdi auditoriyaya və dedi ki:

- Ə, avara, dur auditoriyadan çıx, bir də bu müəllimin dərslərinə girmə.

Və sonra heç o müəllim bir daha bizə mühazirə oxumadı. Sadəcə olaraq növbəti dərsdə Əkbər müəllim məni qaldırıb hansısa böyük şəxsiyyətlərin dediyi bir-iki misal çəkdi, mənası da beləydi ki, bir də belə qələt eləmə.

Əkbər müəllimin qəribə imtahan götürməsi vardı. Bir psixoloq kimi hər tələbənin qiymətini çox gözəl bilirdi. Bir də görürdün imtahandan əvvəl çıxdı bayıra və dedi ki, cəmi yeddi «beş»im var, kim istəyir gəlsin. Təbii ki, dərhal beş alanlar birinci girirdi. Sonra çıxıb deyirdi ki, on iki «dörd»üm var, kim istəyir gəlsin, dördə oxuyanlar girirdi. Sonra çıxıb deyirdi ki, iyirmi dənə «üç»üm var, üç alanlar gəlsin. Onlar gedirdi. Sonra çıxırdı ki, cəmi yeddi dənə «iki» var, gəlsiinlər və bizlər girərdik.

Ya da bütün əlli tələbəni yığırdı auditoriyaya. Kimsə sualın cavabını bilməyəndə tələbənin birini qaldırırdı ki, bu suala cavab ver, həmin tələbə suala cavab verirdi, çağırıb onun kitabçasına «beş»ini yazırdı ki,«gedə bilərsən».

Bir dəfə qəribə bir hadisə oldu. Yenə həmişəki kimi dedi yeddi «beş»im var, birinci beş alanlar oturdu onun önündə. Və hamısı da «beş»ini alıb getdi.

Bizdə bir Müslüm vardı şəmkirli balası, indi fəlsəfə elmləri doktorudu, deyəsən Tibb Universitetində çalışır, universiteti qırmızı diplomla bitirmişdi. İmtahana gecikmişdi. Dörd alanları dəvət edəndə o, gəlib çıxdı. Bu «beş»ə cavab verib, amma Əkbər müəllim deyir ki, yox, yeddi «beş»im vardı, hamısını vermişəm, qurtarıb. Bu da yalvarır. Əkbər müəllim dedi ki, onda çıx beş alanlardan birinə de qaytarsın «beş»i, sənə «beş» yazım. Müslüm çıxdı bayıra, o beş alanlardan xahiş edir ki, mənə kömək edin. Kim «beş»ini qaytarar.

Gürcüstanlı balası Tahir Mənsimov vardı (indi deyəsən Bakı şəhər İcra Hakimiyyətində çalışır), girdi içəri, dedi mən «beş»imi qaytarıram, onu yazın Müslümə. Əkbər müəllim güldü və Müslümə də «beş» yazdı. Əslində Əkbər müəllim bir psixoloq kimi eksperimentlər aparırdı.

Elədiyim müəyyən dəcəlliklərə görə qorxurdum ki, məni də kəsə. Bayram Bayramova zəng elədim, dedim ki, Bayram müəllim, səhər Əkbər müəllimdən imtahanım var. Gəldim oturdum «üç»dən sonra çağırılanların siyahısında. Təbii ki, day özünüz başa düşdünüz də…

Əkbər müəllim yavaşca mənə tərəf əyilib qulağıma pıçıldadı:

- Oğul, mən sənə «beş» yazsam həm bu tələbələrin qarşısında hörmətimi itirərəm, həm də özümün. Sənə «iki» yazıram, amma xahiş edirəm çıx Bayrama zəng elə de ki, «beş» almısan. Get hazırlaş, on gündən sonra gələrsən.

Mən də çıxıb Bayram müəllimə zəng etdim ki, «beş» aldım. Amma bu söz mənə necə təsir elədisə, getdim on gün oturdum kitabxanada və psixologiyanı necə öyrəndimsə və bu gün də həmin elm yazıçılıqda mənə kömək edir. Və gəldim kafedrada bir neçə müəllimin önündə imtahan verdim. Əkbər müəllim özü kənardan izləyirdi, dedi:

- Ə, Kolanı balası, sənin gül kimi başın var, niyə işlətmirsən?

Və mənə «beş» yazdı.

Əkbər müəllim 87 yaşında çıxdı getdi Ağdama, Kolanıya, daha dəqiq desək, Kolanının Əlimədətli kəndinə, orda doğulmuşdu. İndi baxıram ki, Əkbər müəllim bizə dərs deyəndə heç demə 40-41 yaşı varmış. Amma biz elə bilirdik ki, qoca kişidi. Firudin Hüseynov bizə dərs deyəndə onu da qoca kişi bilirdik, heç demə 35-36 yaşı varmış. Ya Tofiq Hacıyev, ya Ağamusa Axundov, ya Təhsin Mütəllibov, ya Əkbər Hacıyev, ya Aydın Əbilov (gör bizə kimlər dərs deyib ey), ya Fərhad Zeynalov, ya Həsən Şirəliyev, ya Şülən Şirəliyev, ya Vəkil Hacıyev, ya Ağa Laçın və elə Bəxtiyar Vahabzadənin özü. Onlar hamısı cavan adamlarıymış, amma bizim gözümüzdə qoca sayılırdılar. Bilirsiniz niyə? Ağır oturub batman gələn kişiləriydilər. Bir tələbə deyə bilməz ki, hansınasa bircə stəkan çay alıb. Və ən çox ona sevinirəm ki, bu gün də Bakı Dövlət Universiteti o ənənəni qoruyub saxlayır.

Bax, Əkbər müəllim ağır oturub batman gələn kişilərdəniydi. Və bu gün Azərbaycanda bəlkə minlərlə tələbənin üstündə (o tələbələr ki artıq çox yüksək dövlət vəzifələrində çalışırlar və ya Əkbər müəllimin ənənələrini davam etdirirlər) Əkbər müəllimin haqqı var. Mən həmin tələbələrdən tanıdıqlarımın siyahısını da dərc edə bilərəm.

Əkbər müəllim, öz tələbələrinə haqqını halal elə və mənə də haqqını halal elə!

Universiteti bitirəndən sonra heç vaxt sənə «Əkbər müəllim» demədim, «Əkbər əmi» dedim.

Əmi, Ağdama yolun açıq olsun!

P.S. Ürəyimdəkilərin hamısını yaza bilmədim, ona görə ki, oxucunu yormaq istəmədim.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK