Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məhkəmə fəaliyyətinin müasirləşdirilməsi daim diqqətdədi - MÜSAHİBƏ Adalet.az | Məhkəmə fəaliyyətinin müasirləşdirilməsi daim diqqətdədi - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Məhkəmə fəaliyyətinin müasirləşdirilməsi daim diqqətdədi - MÜSAHİBƏ

51679    |   2017-07-06 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuatdan məlum olduğu kimi Milli Məclisin son iclasında bir qrup ali və apellyasiya məhkəmələri hakimlərinin təyinatı aparılmışdır. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynova müraciət edib onun fikirlərini bölüşdük.

- Cavid müəllim, məhkəmə sistemində olan son dəyişikliklər ictimaiyyətin də marağına səbəb olmuşdur. Bu məsələlərlə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edərdik?

- Bildiyiniz kimi ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatının əsas istiqamətlərindən biri də yüksək hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılmasıdır. Bununla əlaqədar, mütəmadi olaraq hakimliyə namizədlərin seçimi aparılır, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilərək onların işini davam etdirməyə yararlılıqları müəyyən edilir.

Qeyd etdiyiniz dəyişikliklərə də məhz cari ilin iyul ayında səlahiyyət müddəti bitən hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi kimi baxmaq lazımdır. Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən səlahiyyət müddətləri başa çatan ali və apellyasiya məhkəmələrinin 42 hakiminin fəaliyyəti ətraflı təhlillər aparılmaqla qiymətləndirilmişdir.

Bunun nəticəsi olaraq 8 nəfərin fəaliyyətində olan nöqsan və çatışmazlıqları nəzərə alınaraq aşağı məhkəmələrə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 6 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Eyni zamanda 25 nəfərin tutduqları vəzifəyə təyinatı, 3 nəfərin iş yerinin dəyişdirilməsi barədə müvafiq təkliflər verilmişdir.

Həmçinin, hakim kadrlardan səmərəli istifadə edilməsi, xüsusilə əhalinin daha çox təmasda olduğu birinci instansiya məhkəmələrinin kadr korpusunun möhkəmləndirilməsi məqsədilə yuxarı məhkəmələrdə böyük təcrübə qazanmış bir sıra hakimlərin birinci instansiya məhkəmələrində istifadəsi nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdim ki, Məhkəmə-Hüquq Şurasının yuxarıda göstərilən təkliflərinin möhtərəm Prezidentimiz tərəfindən dəstəklənərək Milli Məclisə təqdimat verilməsi və müvafiq təyinatların aparılması məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Şuraya yüksək etimadın növbəti təzahürüdür.

- Bəzi hallarda son illər məhkəmələrin iş yükünün xeyli artdığı, hakim kadrlarının azlığı ilə bağlı fikirlərə də rast gəlinir. Bəs bu istiqamətdə hansı işlər görülür?

- Doğrudur. Əvvəla onu deyim ki, məhkəmələrin iş yükünün çoxluğu təkcə Azərbaycanda deyil, bütün dünyada məhkəmə fəaliyyətinin ən aktual cəhətlərindəndir. Bu mənada Azərbaycan da istisna deyil. Ölkəmizin sosial-iqtisadi inkişafı və mülki dövriyyənin genişlənməsi, habelə əhalinin məhkəmələrə çatımlığının asanlaşması üzrə görülən ardıcıl tədbirlər məhkəmələrə daxil olan işlərin sayına da əsaslı təsir göstərmişdir. Təkcə onu demək kifayətdir ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki işlərin sayı 20 dəfədən artıq çoxalmışdır.

Bununla belə iş yükü çox olsa da hakimlərimiz onun öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Ədalət Mühakiməsinin Səmərəliliyinə dair Avropa Komissiyasının (CEPEJ) 2016-cı ildə dərc etdiyi hesabata əsasən Azərbaycanda mülki işlərin məhkəmədə həllolma faizi 99,5 faiz, orta həlletmə müddəti isə bütün Avropada ən yaxşı hədd sayılan aşağı müddət - 33 gün təşkil edir. Əslində bu göstəricilər özlüyündə böyük nailiyyətdir. Bir çox Avropa dövlətləri belə göstəriciləri arzu edə bilərlər.

Məsələn, qonşu Gürcüstanda hər 100 nəfərə düşən mülki işlərin sayı Azərbaycana nisbətən 2 dəfə az olsa da, işlərin həllolma faizi 93 faiz, orta həlletmə müddəti isə 3 dəfə daha artıq - 100 gün təşkil edir.

Eyni zamanda ölkəmizdə mülki xarakterli işlər üzrə birinci instansiya məhkəmələri qərarlarının 98.5 %-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90 %-nin sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi hesab olunmalıdır.

Təbii ki, bu göstəricilər qətiyyən arxayınlıq yaratmır, hakimlərin iş yükünün azaldılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

İlk növbədə hakimlərin sayının son illər ərzində əhəmiyyətli dərəcədə - 2 dəfə artırılması qeyd olunmalıdır. Bu illər ərzində dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun aparılan mütərəqqi məhkəmə islahatları çərçivəsində hakimlərin seçiminə yanaşma da tamamilə dəyişmiş, şəffaf üsullarla, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən çoxmərhələli seçim proseduru yaradılmışdır.

Bu mütərəqqi qaydalar əsasında 4 dəfə keçirilmiş seçim prosesi müvəffəqiyyətlə başa çatmışdır. Çoxsaylı yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə keçirilmiş imtahanlar ölkəmizin kadr seçimi tarixində ilk dəfə olaraq onlayn rejimində canlı yayımlanmışdır. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsini tövsiyə etmişlər.

Yeni qaydalarla 2600-dən çox namizəd sırasından seçilmiş 307 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifəsinə təyin olunmuşlar. Hazırda bütün hakim korpusunun 60%-ni, o cümlədən Bakı şəhərinin rayon məhkəmələri hakimlərinin 80 faizdən çoxunu məhz bu, yeni nəsil hakimlər təşkil edirlər.

Eyni zamanda ötən il hakim olmaq üçün namizədliyi irəli sürülmüş 800-dən çox hüquqşünasla keçirilmiş müsabiqədə 126 nəfər uğur qazanaraq hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında 1 illik tədris kurslarına cəlb olunmuşlar.

Kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Hazırda davam edən kurs zamanı insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular təcrübəli hakimlər və mütəxəssislər tərəfindən tədris olunur, namizədlər məhkəmələrdə staj keçir, xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənirlər.

Yəqin ki, bu gənc hüquqşünasların təyinatı hakim kadrlarına olan ehtiyacın ödənilməsində mühüm rol oynayacaq.

- Bildiyimizə görə, məhkəmələrin iş yükünün digər üsullarla azaldılması üzrə də tədbirlər görülür.

- Tamamilə doğrudur. Məhkəmələrə daxil olan işlərin ilbəil çoxaldığı vəziyyətdə hakimlərin sayının artırılması təbii ki, kifayət sayıla bilməz. Bu sahədə qanunvericilik və institusional tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, tərəfimizdən mütəmadi təhlillər aparılır, digər dövlətlərin müsbət təcrübəsi öyrənilir. Bu məsələ həmçinin Məhkəmə-Hüquq Şurasının iclaslarında mütəmadi müzakirə edilirək müvafiq təkliflər hazırlanır.

Bu baxımdan ötən il məhkəmə qərarları tam icra edildikdən sonra icra işinə xitam verilməsi səlahiyyətinin hakimlərdən alınaraq icra məmurlarına verilməsi məhkəmələrin iş yükünün azaldılmasına əsaslı təsir göstərmişdir.

Eyni zamanda bu gün məhkəmələrdə mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz tələblər təşkil edir. Bu sahədə beynəlxalq təcrübə öyrənilməklə aparılan təhlillər göstərmişdir ki, bu işlərə məhkəmədən kənar, elektron qaydada baxılması daha effektivdir. Bununla əlaqədar hazırda məsələ üzrə müvafiq qanunvericilik layihələri hazırlanmışdır. Hesab edirəm ki, yeni prosedurun tətbiqi məhkəmələrin iş yükünün xeyli azalmasına, işlərə daha qısa müddətdə baxılmasına müsbət təsirini göstərəcəkdir.

Bununla yanaşı, məhkəmələrdə həyata keçirilən icraatlarda operativliyə nail olmaq, insan və vaxt resurslarına qənaət etmək üçün də müvafiq tədbirlər həyata keçirilir. Bu zaman isə əsas diqqət informasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin məhkəmə icraatında istifadə edilməsinə yönəlir.

Artıq dövlət başçısının 13 fevral 2014-cü il tarixli sərəncamına uyğun olaraq yaradılan Elektron Məhkəmə İnformasiya Sisteminin əsas komponentlərinin bir sıra məhkəmələrdə tətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi ilə insanlar məhkəmələrə elektron qaydada müraciət etmək, iclaslar barədə məlumatları və digər məhkəmə aktlarını elektron qaydada almaq imkanı əldə edirlər. Bu ilin sonunadək elektron məhkəmə sisteminin ölkə üzrə bütün məhkəmələrin 60%-ni əhatə etməsi nəzərdə tutulur.

Hesab edirəm ki, görülən bu tədbirlər qısa müddət ərzində məhkəmələrin iş yükünün azalmasına təsirini göstərəcəkdir.

- Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarları ilə bağlı bu günlərdə mətbuatda maraqlı statistika ilə rastlaşdıq...

- Məlumdur ki, dövlətimiz Avropa Məhkəməsinin yurisdiksiyasını 2002-ci ildən tanıyır. Bununla əlaqədar olaraq, Məhkəmənin presedent hüququnun öyrənilməsinə, hüquq sistemimizdə tətbiqinə xüsusi önəm verilir və bu sahədə mütəmadi tədbirlər həyata keçirilir.

Hələ 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə ölkə Prezidenti məhkəmələrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınmasını tövsiyə etmiş, habelə məsələ ilə əlaqədar həmin ildə Ali Məhkəmənin Plenum qərarı qəbul olunmuşdur.

Təbii ki, Avropa Məhkəməsinin presedent hüququnun düzgün tətbiqi ilk növbədə onun nə dərəcədə effektiv öyrənilməsi ilə bağlıdır. Bu zaman isə hədəf qrupları yalnız hakimlərlə məhdudlaşmamalı, daha geniş spektri, o cümlədən prokuror və vəkilləri də əhatə etməlidir. Bununla əlaqədar olaraq, son illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində 100-dən çox hakim, prokuror və vəkillərin Strasburqa tədris səfərləri təşkil olunmuş, hakimliyə namizədlərin Məhkəmənin fəaliyyəti ilə yerində tanış olmaları təmin edilmişdir. Eləcə də, mütəmadi olaraq Avropa Məhkəməsinin hakimləri ölkəmizə dəvət edilir, seminarlar və mühazirələr təşkil edilir.

Statistikaya gəldikdə isə, yəqin ki, Siz Avropa Məhkəməsinin ölkəmizə münasibətdə qərarları ilə bağlı statistikanı nəzərdə tutursunuz...

- Bəli, elədir.

Bu açıq məlumatlardır və hər kəs onunla məhkəmənin saytı vasitəsilə tanış ola bilər. Belə ki, Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Məsələn, 2016-cı ilin statistikasına nəzər salsaq görərik ki, əhalisinin sayı Azərbaycanla təxminən eyni olan ölkələrə (Bolqarıstan, Macarıstan, Yunanıstan) qarşı çıxarılan qərarların sayı ölkəmizlə müqayisədə 2 dəfədən çoxdur.

Məhkəmələrimiz tərəfindən Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi nəticəsində vətəndaşlar əksər hallarda Avropa Məhkəməsinə üz tutmağa lüzum görmür. Müqayisə üçün qeyd edim ki, bütün Avropa üzrə Avropa Məhkəməsinə hər 10 min əhaliyə orta hesabla 0.64 şikayət daxil olduğu halda, Azərbaycan üzrə bu göstərici təxminən 2 dəfə az - 0.34 təşkil edir.

Lakin təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının təminini ali məqsəd hesab edən dövlətimiz üçün Avropa İnsan Hüquqları Məhkəməsinin müsbət təcrübəsindən faydalanmaq, onun presedent hüququnun daha geniş tətbiqini təmin etmək və bu sahədə fəaliyyəti davam etdirmək hər zaman faydalıdır.

Cavid müəllim, bizə ayırdığınız vaxta və dəyərli fikirlərə görə təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirik.

Əbülfət MƏDƏTOĞLU




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK