ANA SƏHİFƏ / RUBRİKA

"45 ildi unuda bilmədiyim yuxu var" - YUXU QAPISI

88489    |   2017-04-28 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı şairə Aləmzər Sadıqqızıdır. Adalet.az müsahibəni təqdim edir:


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Təbii… Anamın bir sözü vardı, "yuxu sifarişdi…” Mən bütün həyatım boyu bunu birə-bir yaşadım. Ümumiyyətlə həyatda təsadüf deyə bir şey yoxdur. Yuxarıdan idarə edən bir qüvvə var. Ən böyük zərurətlər təsadüfdən doğur.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Çox maraqlıdır, adətən pis yuxlar çin çıxır. Gülməli olsa da deyim ki, bəzən prezidenti, Mehriban xanımı, lap elə dönə-dönə mərhum Heydər Əliyevi yuxuda görmüşəm. Hələ Heydər Əliyev sağ olanda gördüm ki, böyük çantalarda mənə konfetlər, şirniyyatlar verdi ki, götür camaata payla. Bir müddət inanırdım ki, nəsə baş verəcək, amma hələ də adamlara qəmli şeirlərdən başqa bir şey verməmişəm. Ancaq nə vaxt qorxduğum bir yuxu görsəm olur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Əvvəllər bir kitabım vardı "Yuxu yozumları”, yuxudan duran kimi onu axtarırdım. Hərdən mənə elə gəlir, dünyanın ən qəribə yuxularını mən verirəm. Elə yuxu var onu bəlkə 100 dəfə görürəm. Bir yuxu var heç unutmadığım. Görürəm ki, məni iki başı yaylıqlı qadın o dünyanı gəzdirir. Öncə məni cənnətə apardılar. Hər şey çox qeyri-adi idi. Qəribə quşlar vardı. Bu dünyada olmayan çiçəklər, iylər... Suların rəngi belə başqa...

Sonra məni bir yerə apardılar. Bir qadının yanına gətirdilər. Qadın ağzı üstə uzadılmışdı. Çarmıxa çəkilmiş kimi. Ağzından və burnundan gömgöy zəhər kimi su damlayırdı. Mənə dedilər ki, düz 30 ildi səni gözləyirik. Sən onu bağışlasan onu azad edəcəyik. Mən çox narahat oldum, həmən yalvardım ki açın...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların mistik hadisə yox, amma gerçək həyatla bağlılığına inanıram. 45 ildi bir yuxu var, unutmadığım. Yuxuda uzun ağ yol görürdüm. Onda on yaşım vardı. Atam o yol ilə gedirdi. Nədənsə atamın bu yoldan qayıtmayacağını düşünürdüm. Atam getdikcə kiçilirdi və yox oldu. Bağırtıma atam və anam gəlmişdi. Sakitləşdirə bilmirdilər məni. Atam yanımda yatdı. Səhər bizim ən gözəl bayram Novruz bayramı idi. Atam səhər məni boyu bərabəri qaldırıb öpüb yerə qoydu. Sənə nə alım deyə soruşdu. Mən də qırmızı paltar və qırmızı alma istədim. Axşam atamın cənazəsi gəldi. Yasda arvadlar danışırdı ki, əlində torba olub. İçində qırmızı alma və qırmızı uşaq paltarı. Qanına bulaşıb, qaravul yığıb aparıb. Mən daha 45 ildə nə qırmızı alma yedim, nə də qırmızı paltar geyindim.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Bəzən çin olur, bəzən isə çox şey gözlədiyim yuxunun heç bir əhəmiyyəti olmur. Amma yuxularım anamın ömrünü illərlə uzatdı. Belə türk sözü var, "dua kaderi dəyişir" mən tez tez anamın ölə biləcəyi yuxular görərdim. Bir dəfə atam gəlmiş, çox gözəl də geyinmişdi. Mən ona az qala bütün əzablarımı danışdım. Gördüm anamı da götürüb gedir. Yuxudan oyanıb dəli oldum. Babaha kimi diz üstə Allaha yalvardım...

Əgər gördüyüm yuxuları yazsam böyük bir kitab olar. Mənə çox maraqlıdı. Niyə 40 ildi gördüyüm yuxular dünən görmüş kimi yaddaşımda amma həyatımın "ən gözəl gün"ü toyumun vaxtı yadımda deyil?! Sadəcə fevralın sonu olduğun xatırlayıram.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Belə yuxular çoxdu. Görürəm ki, günəşin doğuşu kimi əks qütblərdən imamlarıməza bənzər şəkillər doğulur. Qadın və kişi. O qədər qəribə idi göy üzü. Qadın və kişi səmada süzər kimi gəlib ortada birləşir, sonra səmada mələk görünüşlü uşaq görünür. Yağış yağır, nur kimi... Mən sevinc içində hamıya göstərirəm. Gördünüz -deyirəm, gördünüz Allah var! Kimə göstərirəm hər kəs görmədiyini deyir. Bu yuxunu 18 ildi görmüşəm...

Pis yuxu. O qədərdi ki...

Görürəm göylə bir mələk gəlir əlindəki 4 dənə tingi mənə verir bunları ək deyir. Hər tərəf qar şaxta. Əkmək istəyirəm qoymurlar. Qışdı tutmaz deyirlər. Mən yox elə əkəcəm tutacaq deyirəm, əkirəm. Ağaclar tutur, böyüyür, meyvələri olur...

Səhər oyanıb anama, çox gözəl yuxu gördüm deyirəm. O gün iki il öncə yenə Novruz bayramında qəfil itirdiyim qardaşımın yoldaşı öldü. Həmişə sağollaşanda uşaqları sənə əmanət edirəm deyirdi. Uşaqları götürüb Bakıya gətirdim. Bir gecədə 6 uşaq anası oldum.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Deyim ki, mənim yuxularım rəngləri ilə belə yaddaşımdadır. Rəngli yuxularda rənglər daha gözəl olur. Rəngli olduğunu nədən bilirəm? Mən Həcc ziyarətində olmuşam. Qardaşımın uşaqlarını gətirəndən sonra tez-tez yuxularımda çəmadanımı yığırdım. Bir gün Hacı Azadə Taleh zəng edib dedi ki, hazırlaş səni bir adam hədiyyə olaraq Həcc ziyarətinə aparacaq. Sevindim. Ömrümün bəlkə ən gözəl günlərini yaşadım. Orda ikən Azədə xanım məni anda verdi ki hicab bağla. Düzünü deyim belə fikrim yoxdu. Məcbur bağladım. Mənə görə ən gözəl hicab insanın daxilindəki hicabdır. 6 ay bağladım, yay gəldi artıq istiyə dözmürdüm. Uzun sözün qısası, bir gecə namazı qılıb Allaha yalvardım. Qorxurdum ki, hicabı açarsam uşaqlarıma nəsə olar. Mən həmişə məni narahat edən səbəblərin cavabını yuxularda Allahdan istəyirəm və mütləq bu cavabı alıram. Gördüm ki, bir çayın başındayam. Ən qeyri adi çiçəklər, yamyaşıl otlar, mas-mavi sular... Əlimdə mavi yaylıq var, suyun üzərində yellədirəm. Ləpələ gəlir, bir dalğa böyüyür əlimdəki yaylığı alıb aparır. Sabah oyanıb hicabı açdım.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Demək olar ki bütün ölən doğmaların hamısını. Atamı həmişə görürəm. O qədər yuxuda sevinirəm ki, oyanıb olmadığını görəndə elə bil indi ölmüş kimi, başlayıram ağlamağa...


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Mən o dünyanın mövcudluğuna yuxularıma görə inanıram. O dünyayla bağlı onlarla yuxularım var. Beynimə yazılıb. Bir dəfə yuxuda əmimgildə toy gördüm, amma yas kimi idi. Biz o biri əmimgilə gedib gəlin gətirdik. Toy idi, amma hamı ağlayırdı. Əlimdə qara muncuq vardı qırılıb dağıldı. Yuxu kitabında yazılmışdı bu yaxında bir doğmanızı itirəcəksiniz, elə də oldu. Əmim qəfil 60 yaşda xəstələndi əməliyyat oldu və öldü. Bir az sonra əmim gəlini uşaq üstə öldü...

Ən qəribəsi odur ki, yuxularımda böyüməmişəm sanki. Hələ də inistutda imtan verirəm, nişanlanıram, kimisə sevirəm. Oyanıb görürəm artıq həyat bitmək üzrədir...


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Bəli. Bayaq dediyim kimi çox suallarıma cavabı yuxularda tapıram. Son olaraq bir qəribə yuxu danışım. Deməli, Həcc ziyarətində belə bir inanc var orda Kəbə evində yuxularsan gördüyün yuxu çin olar.

Biz bir kollektiv idik. Müğənni Ruhəngiz Allahverdiyeva, Rəhilə Bəndəliyeva, içlərində kasıb mən idim.

Çox yorğundum. Azadə xanımın dizinə başımı qoyub yuxuladım. Ürəyimdə evlə bağlı arzu tutmuşdum. Heç ağıla gəlməyən yuxu gördüm. 20 noyabr vertolyot hadisələrində itirdikələrimiz arasında Vəli Məmmədov vardı. Bacısı ilə çox gözəl müəllimə, tələbə münasibətimiz vardı. Mən ona on il sonra Yazıçılar Birliyində iki üç dəfə tədbir eləmişəm. Anar müəllim çıxışında deyib ki, o iki dəfə yuxu görüb.Vəli Məmmədov ona mən sağam deyib...

Mən orda məhz o Kəbə evində bir iki saniyədə gördüm ki, balaca mikro avtobuslar var. Onun içindəyik. Vəli Məmmədov əlimdən tutub. Guya mənim nişanlımdır. İndi unutmuşam mənə çox qəribə söz dedi. Mən onun heç vaxt görmədiyim gəncliyini yuxuda gördüm. Oyandım, ürəyim sürətlə çırpınırdı. Yanımızda ekstarasest Seyid Emin ağa vardı. Ondan soruşdum Vəli müəllim sağdır? Sağdı dedi. Burdadır? Hə dedi. Mən bütün günü adamların üzünə baxıb onu axtarırdım...



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK