hacklink Adalet.az | XARI BÜLBÜL Adalet.az | XARI BÜLBÜL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XARI BÜLBÜL

Fəridə RƏHİMLİ

32591    |   2017-04-21 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baharın gəlişiylə ən qaraqabaq insan belə, ətrafda göz oxşayan, yaşıllıqdan, xoş ətirli gül-çiçəkdən ilham ala bilir. Güllərə baxdıqda insanın içində bir fərəhlik, gözəllik, rahatlıq yaranır. Gözəlliyi ilə, al-əlvan rəngləriylə insanın əhvalını müsbətə dəyişir bu təbiət möcüzəsi. Amma yaranışın hər fərdi kimi, güllərə də diqqət yetirəndə hərəsində bir ilahi hikmətin gizləndiyini, yazıldığını görərsən...

Qan rəngli lalənin köksündəki qara xalı hər gördükcə unudulmaz Əlibala Hacızadəni xatırlayıram:

Adın düşüb dillərə

Tək bircə dağla, lalə!

Mənim milyon dağım var,

Halıma ağla, lalə...

Azan səsinə açılan güllər, günəş doğanda, yaxud günəş batanda yumulan güllər, toxunanda ləçəkləri büzüşüb yığılan ("küsdüm" gülü də deyirlər adına) güllər... Amma ən çox diqqətimi çəkən Xarı Bülbüldür. Deyilənə görə, Xarı Bülbül yalnız Qarabağda yetişir.

Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. Məlum olduğu kimi, o vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nikah diplomatiyası" deyilən qız al-verindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə, şahzadə sarayın yaxınlığında onun üçün bir Vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül"ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.

Vətən bağı gülüstandı,

Yox içində Xarı Bülbül...

"Xarı Bülbül" təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. "Xarı Bülbül"dən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.

"Xarı Bülbül" rəvayəti xalqın yaddaşında belə qalıb.

Rəvayətə görə bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.

Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O, əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şax-budaq eləyib yerlə-yeksan edərmiş.

Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

- Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?

Gül inamla cavab verdi:

- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən Bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.

- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü...

Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt Bülbül sevgilisi Gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq Gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər Bülbül yanında olsaydı...

Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında Gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən Gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül Gülün əyilən qamətini düzəldir. Ancaq Gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, amma Gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən Bülbülün adı Xarı Bülbül qalır. Gül Xarı Bülbül görkəmində güllər açır. Gülə baxdıqda sanki gülün üzərində bülbül dayanıb kimi təsir bağışlayır. Həmin Xarı Bülbül gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.

Bəli, yaranış məhəbbətdən başlayıb - Allahın məhəbbətlə yaratdığı insanlardan, dağlardan, çaylardan, şəlalələrdən, meşələrdən, ağaclardan, gül-çiçəklərdən. İndi də məhəbbət var deyirlər, güllər, bülbüllər də çoxdur, amma indi heç bir bülbül sinəsini gülün tikanlarına sipər edəcək qədər vəfalı, etibarlı, səbirli, güvənilir deyil...




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK