ANA SƏHİFƏ / YAZARLAR

AĞRI

82817    |   2017-01-20 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın ən ağır yükü xəcalət yüküdü. Onda ki, bu xəcalətdən qurtulmaq naminə az da olsa dil-ağız etməyə imkanın və haqqın olmaya. Xəcalət hisslərini adiləşdirmək, vərdişə çevirmək elə hər gün qiyamət günü ilə üz-üzə gəlmək kimi bir şeydi...

... Əlindən, qolundan, ayağından və canından keçənlərin arasında əli, qolu, ayağı, canı yerli-yerində yaşamaq nə xoşbəxtlikdi, nə də bədbəxtlik... Nəsə tamam ayrı bir həyatdı...

...Çadrların tikildiyi ilk günlər İrandan xeyli cavan oğlanlar gətirmişdilər. Onlar çadırları tikib təhvil verirdilər qaçqınlara... Əksəriyyəti axsayırdı. Soruşanda deyirdilər ki, İran-İraq müharibəsində yaralanmışıq...

...Çadır növbəsində dayananların arasında bizim cavanlar da var idi. Hamısı sapsağlam...
...Şəhid ruhlarının qarşısında on beş illik xəcalət yükü çiyinlərimizdə qalmaqda...

Bacasından tüstü çıxmaz,
Öz içinə yığılmış ev.

Gülər dərdə dəli kimi,
Bel sınmayıb beli kimi.
Fələk durub zəli kimi,
Sağılacaq, sağılmış ev.

Nə dəhlizi yeriyəndi,
Nə də daşı əriyəndi,
Nə də daşı əriyəndi .
Göz yaşında çürüyəndi,
Göz yaşında boğulmuş ev.

...Qismətindən çətin uşaq,
Bu dünyadan qədim uşaq.
Kimindi bu yetim uşaq,
Kimindi bu dağılmış ev?..

II

Yıxıldım, anam yıxıldım,
Tutmağa qol da yoxdu heç.
Dediyimi nəynən deyim,
Deməyə dil də yoxdu heç.

Bu yazını yazan yazıb,
Yazdığını sapdan asıb.
Bəydən saman kasıb,
Girməyə kol da yoxdu heç.

Tük tərsinə, dəllək naşı,
Arsız sifət, döndü, qaşı.
Hanı bu dəlinin başı,
Səpməyə kül də yoxdu heç.

Nağıllar pərən-pərəndi,
Axırı dağa dirəndi.
Dörd yanımız it hürəndi,
Getməyə yol də yoxdu heç.

Bitməyən kötük qalmayıb,
Yeməyə kötək qalmayıb.
Tutmağa ətək qalmayıb,
Ətəklik əldə yoxdu heç...


III

Çəmənin xalçası yox,
Mən bu bağı neyləyirəm.
Armudu yox, alçası yox,
Mən bu bağı neyləyirəm.

Duman yenib tül açılmır,
Bülbül ötmür, gül açılmır.
Ağacına əl açılmır,
Mən bu bağı neyləyirəm.

Gələn gəldi, söydü, bitdi
Torpağın su döydü bitdi.
Nar qurudu, söyüd bitdi,
Mən bu bağı neyləyirəm.

Çiçəkləri yağdı elə,
Xəyallarda sağdı elə...
Özü boyda dağdı elə,
Mən bu bağı neyləyirəm...


IV


Bir quş idi uçdu belə,
Ha yürüdüm qaçdı belə...
Qurumuş ağacdı belə,
Meyvəsin dərdiyim səngər.

Oyundusa oyun hanı,
Qalx ayağa, boyun hanı?
Sən arxsansa suyun hanı?
Sinəmi gərdiyim səngər.

Kiminsə süzdüyü anam,
Əcəlin özüydü anam.
Yaman qırmızıydı anam,
Yuxumda gördüyüm səngər...


V


Fələk ucadan baxır,
Körpəyə qocadan baxır.
Qapazı bacadan baxır,
Çörəyi tələdən keçir.

Ölüm ömrə qısılanda,
Elə buymuş yazılanda.
Kəndir kimə asılanda,
Kimə də şələdən keçir.

Qazılarmı dərin qardaş,
İstidimi yerin qardaş.
Onsuz da əsgərin qardaş,
Taleyi lülədən keçir...



VI

Bu dünyadı, ağrın alım,
Deyib-güləcəkmi hamı?
Kişi kimi, arvad kimi,
Bir gün öləcəkmi hamı?

Dərd də sıxıldığı yerə,
Axar yığıldığı yerə.
Qaçıb dağıldığı yerə,
Qaçıb gələcəkmi hamı?

Dillənəcək bu lal haram,
Başdaşıdı, qalar haram...
Tərəzidi halal-haram,
Çəkib böləcəkmi hamı?

Su döydükcə qapısını,
Damı çöküb, qapı sınıb...
Şəhidliyin qapısını,
Aça biləcəkmi hamı?


...Bu şeirləri mən 1992-ci ilin yayında cəbhə xəttindən 20 km uzaqda, Seyidəhmədli kəndindəki evimdə yazmışam. Onda cavan-cavan oğlanlar əllərində silah gedirdilər Ərgünəşin ətəyində şəhid olmağa. Getdilər və şəhid oldular...

...On altı ilə əvvəl... İndi Qayıdış qəsəbəsində, Haramıda yenə şeir yazıram...

...İndi Ərgünəş uzaqdadı... Şəhid olanlar yoxdu, bu dünyada... Mən varam, sən varsan, o var, onlar var...

Bəlkə onlar var, biz yoxuq? Necə bilirsiniz, əzizlərim?..







YAZARIN ARXİVİ

2017-01-20 : AĞRI
2009-06-20 : QOÇ
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK