ANA SƏHİFƏ / MƏMLƏKƏT

PİYADANI VURUB QAÇANLAR…

Onlar cinayətdən gizlənə bilməyəcəklər

34611    |   2016-11-22 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş verən yol-nəqliyyat hadisələri sırasında piyadaların vurulması halları da axır vaxtlar bir qədər artıb. Burda hadisəni törədən iki amil var: biri sürücünün diqqətsizliyi, digəri isə piyadanın məsuliyyətsizliyi. Və bəzən də görürsən ki, piyada təyin olunmuş xüsusi zolaqlı yoldan keçəndə belə hər hansı məsuliyyətsiz sürücü ona yol vermir və bir çox halda bu da piyadanın vurulması ilə nəticələnir.

Biz bunları xatırlatmaqla heç də yol hərəkəti qaydasını pozan bütün piyadalara haqq qazandırmaq istəmirik. Ancaq gəlin onunla razılaşaq ki, yuxarıda qeyd etdiyimiz kimi, bəzi səriştəsiz və təcrübəsiz sürücülər bu cür hadisələri törədirlər, bir çox halda ölümlə nəticələnən piyada vurulması zamanı sürücü ona kömək etmək əvəzinə maşını sürür və aradan çıxır.

Hansı ki, bəlkə də piyadanın vurulması zamanı sürücü ona ilkin yardım göstərmiş olsaydı, onun həyatını xilas etmək də mümkün idi. Təəssüf ki, bir çox hallarda bəzi sürücülər nəinki vuruduqları piyadalara yardım edirlər, onları ağır vəziyyətdə yolun ortasında qoyub qaçırlar.

İndi qayıdaq piyadanın vurulması ilə bağlı məsuliyyət məsələsinə. Birinci halda sürücü əgər piyadanı maşınla vurursa və ona kömək göstərib xəstəxanaya aparırsa və zərərçəkmiş də xəstəxanada dünyasını dəyişirsə, burda sürücünün törətdiyi cinayəti yüngülləşdirən amillər mövcuddur. Üstəlik də rəhmətə gedən piyadanın qohum-əqrabası da görür ki, hadisə qəsdən baş verməyib və təsadüfən olub. Sürücü də ona kömək göstərib, ancaq yenə xəstəni xilas etmək mümkün olmayıb.

Təbii ki, belə anlarda istər ibtidai istintaqda, istərsə də məhkəmədə zərərçəkmiş tərəf müttəhimlə bağlı bir o qədər də sərt davranmır. Onun ailəsini, durumunu nəzərə alaraq törətdiyi cinayəti bağışlayır. Aydındır ki, zərərçəkmiş tərəf də şikayətçi olmayanda cinayəti törədən adama yüngül cəza təyin edilir.

Lakin piyadanı vurub qaçan və ona kömək göstərməyən sürücülər barəsində Cinayət Məcəlləsində çox sərt cəza nəzərdə tutulub. Əgər birinci halda yol-nəqliyyat hadisəsi kimi baş verən ölüm hadisəsi qiymətləndirilirsə, ikinci halda isə bu daha ağırlaşdırıcı bir forma alır. Yəni piyadanı vurub hadisə yerindən qaçmaq ağır cinayət kimi qiymətləndirilir və bunun da ağır cəzası qanunla tənzimlənib.

Bəzi sürücülər elə təsəvvür edirlər ki, onlar piyadanı vurub qaçarkən izlərinə düşmək mümkün olmayacaq və cinayət açılmayacaq. Ancaq onlar bir şeyi aydınlaşdıra bilmirlər ki, indi avtomobil yollarının əksər yerlərində kameralar quraşdırılıb və həmin kameralar 24 saat ərzində bütün hadisələri lentə alır və yaddaşa ötürür. Deməli, kimsə piyadanı vurub qaçarkən həmin anlar bu və ya digər dərəcədə kameranın yaddaşına ötürülür. Gəlin onunla razılaşaq ki, son vaxtlar piyadanı vurub qaçan və ağır cinayət törədən sürücülərin əksəriyyəti bu kameraların lentə alınması nəticəsində asanlıqla aşkarlanır.


Təəssüflə qeyd etməliyik ki, hələ də piyadanı vurub qaçan bəzi sürücülərin cinayətlərinin üstü açılmamış qalır. Və bu cür faktlar kifayət qədərdir. Ancaq bu o demək deyil ki, həmin cinayətlərin üstü nə vaxtsa açılmayacaq və aradan çıxan sürücü də cinayət məsuliyyətinə cəlb edilməyəcəkdir. Heç ola bilər ki, bəzi cinayətin üstü açılmasın. Həmin cinayətkar hüquq-mühafizə orqanlarından gizlənə bilsə də, Allahın cəzasından heç vaxt canlarını xilas edə bilməyəcəklər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov piyada vurulması ilə bağlı mövzuya toxunarkən bildirdi ki, bu məsələ bizim ən ağrıyan yerimizdir. Çünki Bakıda da piyada vurulması halları son vaxtlar xeyli artıb. Hansı ki, yol polisi mütəmadi olaraq şəhərin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyi ilə bağlı reydlər keçirir. İndiyə kimi təyin olunmamış yerdən keçən 30 mindən çox piyada cərimə edilib. Ümumiyyətlə, bu reydlər ona xidmət edir ki, piyadaların təhlükəsizliyi birmənalı olaraq təmin olunsun. Yerüstü, yeraltı və xüsusi təyin olunmuş yerlərdən bir çox halda əksər piyadalar istifadə etmir, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerdən keçməyə çalışırlar. Mən birmənalı olaraq deyə bilərəm ki, sürücü məsuliyyətsizliyi eyni zamanda piyada məsuliyyətsizliyi ilə tamamlanır. Loru dildə demiş olsaq, yol hərəkəti qaydasını pozan sürücü də çoxdur, piyada da.

Vaqif Əsədov bizimlə söhbətində bir fikri xüsusilə vurğuladı ki, piyadaların vurulması zamanı bəzi sürücülər ya həyəcandan, ya da qorxduqlarından ona kömək etmək əvəzinə hadisə yerindən yayınırlar. Bu isə o deməkdir ki, sürücü ağır cinayət törətməklə özünə haqq qazandırmaq istəyir. Mən bir daha sürücülərə demək istəiyrəm ki, piyadaların vurulması zamanı hadisə yerindən yayınmasınlar. Onlar bacardıqları köməyi zərərçəkmiş şəxsə göstərsinlər və bu da son nəticədə həmin sürücülərin vəziyyətinin yüngülləşməsinə xidmət eləyər. İkincisi də hər bir insanın ürəyi olmalıdır. Kimsə cinayət törədirsə, qanın içərisində həmin adamı qoyub qaçırsa, onu nə qanun bağışlayır, nə də Allah. Sözümün canı ondan ibarətdir ki, hər bir sürücü birinci sükan arxasında çox diqqətli olmalı və hadisə törətməməlidir. Əgər hadisə törənibsə və piyada vurulubsa, deməli bunun qanunla həlli yolları mövcuddur.

Göründüyü kimi, sürücülərin maariflənməsinə, onlar arasında piyadaların vurulması ilə bağlı izahat işi aparılmasına çox böyük ehtiyac var. Bizə elə gəlir ki, bütün kütləvi informasiya vasitələri, o cümlədən televiziyalar bu mövzunu gündəmdə saxlamalı, əhali arasında maarifləndirmə və təbliğat işlərini genişləndirməli, hər bir sürücüdə məsuliyyət hissini yüksəltməlidir. Çünki təbliğat ən yaxşı vasitədir. Təbii ki, bu cür təbliğatdan da bir çox sürücülər maariflənər, öz səhv cəhətlərini anlayar və hadisə törədərkən piyadanı vuraraq qaçıb aradan çıxmaz.

Faiq QİSMƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK