Adalet.az | QARABAĞI XATIRLADAN ŞƏHƏRDƏ ÜZ-ÜZƏ KÖNÜL SÖHBƏTİ Adalet.az | QARABAĞI XATIRLADAN ŞƏHƏRDƏ ÜZ-ÜZƏ KÖNÜL SÖHBƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞI XATIRLADAN ŞƏHƏRDƏ ÜZ-ÜZƏ KÖNÜL SÖHBƏTİ

O, Ərdoğana da, İlham Əliyevə də və Böyük türkün uğurlu sabahına da eyni dərəcədə inanır...

33840    |   2016-11-04 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu şəhərə ilk ayaq basanda çox duyğulanmışdım. Bunun da iki səbəbi vardı: Birincisi, bu şəhərin müəyyən mənzərələri mənə doğulduğum Tuğ kəndini xatırladırdı. Mənim də kəndim beləcə dağ döşündədi, dağa sığınıb. Onu da beləcə yaşıllıq bürümüşdü, onun da küçələrinə daş döşənmişdi. Onun da küçələri belə darısqal idi. Eyni zamanda mənim də kəndimin "bir ayağı suyun içindəydi", yəni dağ çayı axıb gedirdi kəndimin aşağısından. İkincisi, bu şəhər mənə Şuşamı xatırlatmışdı, Xandəndimi, Laçını, Kəlbəcəri, Zəngilanı, Qubadlını xatırlatmışdı. Bütövlükdə bu şəhər məndə Qarabağ həsrətini təkrar alovlandırmışdı. Nəhayət, bu şəhər mənə qucaq açmışdı, abim, dostum, qardaşım Ahmet Varolun, İbrahim Hocanın timsalında. Və onların çevrəsini tanıyıb sevəndən sonra bir-birimizə qaynayıb-qarışdıq, bir millətin övladları kimi sarıldıq bir-birimizə. Və nəticədə mən ikinci kəndimi, ikinci vətənimi gəlib ziyarət etmiş oldum.

Trabzon mənə kəndlə şəhərin, keçmişlə müasirliyin sintezinin, harmoniyasının, vahidliyinin, həmahəngliyinin... bir-birinin içində necə gözəl olduğunu göstərdi. Mən burda sübh çağı səs-səsə verən quşların, xoruzların səsinə də oyandım, aramsız şütüyüb gedən müasir avtomobillərin siqnal səslərinə də. Bu şəhərdə mən meyvə bağları, fındıq sahələri, çay kolları da gördüm, karusellər də, müasir istirahət, alış-veriş mərkəzləri də, otellər də, təyyarə, gəmi limanları da. Üstəlik, bu şəhərdə mən dağdan üzüaşağı axıb gələn seli də seyr etdim, qar üstündə sürüşən uşaqları da, ləpələnən mavi gözlü Qara dənizi də.

Bu məqamda da doğma bir yerdə olduğuma təkrar inandım. Təbii ki, bu inamın kökündə mənə qucaq açan dostlarımın, onların ailələrinin məhəbbəti, diqqəti dayanırdı. Anladım ki, qardaş qardaşın evində qürbətdə olmur və sevdim Trabzonu - Tuğu, Şuşanı sevdiyim kimi. Şəninə şeirlər yazdım və nə vaxtsa "Trabzon nəğmələri" adlı bir kitab dünyaya gələcək.

Dostum Ahmed bəyin övladının düyünündə Trabzon Ortahisar Bələdiyyəsinin başqanı ilə bir süfrədə əyləşəsi olduq. Dostum bizi bir-birimizə təqdim etdi. Başqanın səmimiyyəti, üstəlik onun bizim Azərbaycandan gəlişimizə olan həssas münasibəti, təbəssüm dolu məmnunluğu bizim növbəti görüşümüzə, həmsöhbət olmağımıza yol açdı və sabahısı istirahət günü olmasına baxmayaraq biz razılaşdığımız kimi, onun iqamətgahının qapısını döydük. Üzümüzə bir dost qapısı açıldı və biz həmsöhbət olduq...

Elə buradaca onu da əlavə edim ki, mətbuatda çalışdığım 37 il ərzində kifayət qədər dövlət adamıyla görüşmüşəm, məmurla həmsöhbət olmuşam, çaylarını içmişəm, amma əlimi ürəyimin üstünə qoyub etiraf edirəm ki, ilk dəfə gördüyüm bu insandakı səmimiyyət, qonaqpərvərlik, özü də təkcə mənə qarşı yox, həm də iştirakçısı olduğu məclisdə hər kəsə münasibəti məni heyrətləndirmişdi. Bu insan həqiqətən elə, ona səs verənlərin biri kimi idi. Yəni, onlardan sadəcə tutduğu vəzifəsi ilə fərqlənirdi. Davranışı da, hərəkətləri də, hətta toydakı bütün iştirakı ilə mən onu yaxından tanıdığım sadə trabzonlulardan biri hesab etdim. Kimsə mənə onu təqdim etməsəydi, mən onun bələdiyyə başqanı olduğuna inanmazdım. Bu adam məmur çalarlarından tamam uzaq idi. O, sadəcə trabzonlu idi, trabzonluların seçdiyi başqan idi və sadəcə mükəmməl bir insan idi. O, izlədiyim televiziya müsahibələrində də belə idi, şəhərin sadə vətəndaşları ilə söhbətlərində də, ölkə sərhəddindən kənardan gəlmiş jurnalistlərlə görüşündə də. O, ilk anda yaddaşıma belə hopdu. Ona aid olan iş otağı da bu sadəliyi, səmimiliyi aydın şəkildə büruzə verirdi. Mən bu otaqda özümü bir mədəniyyət, ədəbiyyat adamının iş otağındakı kimi hiss etdim. Sadə dizayn, kitablar, müxtəlif mənzərə təsvirləri, müsafirlərin əyləşməsi üçün rahat oturacaqlar, başının üstündə ay-ulduzlu bayraq, önündə bilgisayar. Elə bu auranın içərisində də bir stəkan çayını içə-içə Ahmet Metin Gençlə həmsöhbət olduq.

Türkiyənin Qaradəniz sahilində yerləşən gözəl şəhərlərindən biri də Trabzondur. İş elə gətirib ki, sağlıq durumumla bağlı bu şəhərdə dəfələrlə olmuşam. Və hər səfərimdə də Trabzonun bir özəlliyini kəşf etmişəm. Onun təkcə şəhər kimi deyil, həm də bir torpaq, ərazi baxımından da maraqlı tərəfləri çıxıb qarşıma. Çünki bu şəhərin ayağı, yəni sahildən başlayan hissəsi sakinlər tərəfindən, daha doğrusu, şəhər rəhbərliyi tərəfindən zaman-zaman hamarlanıb, düzənliyə çevrilib. Burda parklar salınıb, sahil bulvarı şəhərin başlanğıcından sonuna qədər uzanıb gedir. Eləcə də sahil boyu sosial və məişət obyektləri tikilib. Onların arasında ailəvi restoranlardan tutmuş, müxtəlif otellərə qədər hər cür təyinatlı tikililər var. Eləcə də marketlər, banklar və sairə. Sahildən üzüyuxarı baxanda adamın gözünün önündə dağ silsiləsi canlanır. Trabzonun daha çox hissəsi o dağların sinəsindədir. Evlər özünü o dağlara pərçimləyib, özü də çılpaq dağlara deyil, başdan-başa yaşıllığa bürünmüş dağlara...

Bu şəhərə gələndə ən çox boylandığım da elə o dağlardı. Qaradənizin sahilindən o dağlara baxanda mənə elə gəlir ki, dünyanın cənnət guşələrindən birini seyr edirəm. Bunun əsas səbəblərindən biri coğrafi gözəllik olsa da, ikinci vacib səbəb, əslində o, həm də zəruri səbəbdi - trabzonluların öz şəhərlərini sevməsi, onu qoruması, onun tarixi ilə bu gününü eyni istəklə yaşatmasıdır. Təsəvvür edin ki, şəhərdə tarixin sınaqlarından çıxmış, yüz illəri arxada qoymuş abidələr, xüsusilə məscidlər, camlər var. Onlar elə bir səviyyədə qorunurlar ki, içəri daxil olarkən gözlərinə inana bilmirsən. Bərpa işləri o qədər məharətlə aparılıb ki, yalnız bu işin biliciləri anlaya bilər ki, məscidin hansı hissəsindən hansı qəlpə qopubmuş, onu təzələyiblər. Bax, bu tarixə sevgidir, mədəniyyətə verilən qiymətdir. Mən onu Trabzonda gördüm. Üstəlik mən bu şəhərdə bizim İçərişəhər kimi küçələrə döşənmiş çaylaq daşlarının adamın üzünə gülməsinin də şahidi oldum. Bu, artıq o daşların hər gün yuyulmasından, hər gün o küçələrin süpürülməsindən xəbər verirdi. Mən şəhərin ən yüksək nöqtəsində, yəni dağın üstündə böyük Atatürkün burada olarkən qalıb işlədiyi möhtəşəm bir ev-muzeyinin (Atatürk köşkünün) də ziyarətçisi oldum, həm də dəfələrlə. Trabzonlular bu yeri təkcə turistlər üçün deyil, həm də özləri üçün bir məbədə çeviriblər. Gül-çiçəyi ilə, səliqə-sahmanı ilə.

Bax, bütün gördüklərimin kiçik detalları olan bu məqamları hər səfərimdə görür və trabzonluların buna necə nail olduqlarını düşünürdüm. Düşündüklərimin cavabını tapmaq mənə nəsib oldu.

Bəli, çox möhtəşəm bir binanın 3-cü qatında yerləşir Bələdiyyə başqanlığı. Burda elə bir işgüzar mühit vardı ki, istirahət günü olduğu hiss olunmurdu. Başqan yardımçısı elə kapı önündəcə bizdən nəzakətlə bir-iki dəqiqə gözləməyimizi rica etdi. O müddətdə bizə çay, köfe də təklif olundu, amma deyilən vaxtı gözləməyə ehtiyac qalmadı, başqanın qapısı açıldı və bizə, - buyurun içəri!- söylədilər.

Elə buradaca bildirim ki, bizim bir çox irili-xırdalı məmurlarımızdan fərqli olaraq bələdiyyə başqanı öz müsafirlərini ayaqda qarşıladı. Gülər üzlə - Xoş gəldiniz! - söylədi. Üzbəüz əyləşdik. Dərhal masaya çay, kofe, şirniyyat gətirildi. Mən onun istirahət günündən bizə vaxt ayırdığını bildiyim üçün vaxt itkisinə yol vermədən qısa və konkret cavablar almağa hazırlanmışdım. Və xatırladım ki, görüşümüz Türkiyədəki "Darbe olayı"ndan bir həftə sonra baş tutmuşdu. Elə söhbətimiz də burdan başladı. Mövzuya giriş üçün etik bir formada hal-əhval tutduq və təbii ki, bunun ardınca soruşdum:

- Sayın, Ahmed bəy, bu gün təkcə Türkiyədə yox, Azərbaycanda da son olaylarla bağlı ciddi narahatlıqlar yaşanır. Biz bir qardaş ölkə olaraq Türkiyədə baş verənlərdən üzgünük. Çünki bu cür olayların şahidi olmuşuq və vətəndaş müharibəsinin, dövlət çevrilişi cəhdinin nə olduğundan yaxşı xəbərdarıq. Siz bu, baş verənlərə necə baxırsınız, məsələlərə sizin münasibətiniz necədir?

- Öncədən onu deyim ki, Türkiyədə baş verən olaya ilk münasibət bildirən Azərbaycanın Cümhur başqanı hörmətli İlham Əliyev münasibət bildirdi. Onun baş bakana telefon açıb Azərbaycanın Türkiyənin yanında olduğunu söyləməsi bizim qardaşlığımızın bir daha nümunəsidir və biz bu qardaşlıqdan qürur duyuruq. Bunun ardınca türk dövlətlərinin və eləcə də Rusyanın, Amerikanın açıqlamaları gəldi. Türk xalqı hiss etdi ki, o, demokratik prinsiplərin qorunması məqamında tək deyil, dünya demokratiyası onun yanındadır. Sayın baş bakanımız Erdoğan xalqa səsləndi və türk xalqı meydanlara axışaraq öz dövlətini, öz gələcəyini qoruyub xilas etdi. Sizin bir ata sözünüz var, elə bidə də eynidir: ayir-buyur. İmperialist gücləri zaman-zaman bundan istifadə etdilər, bacarmadılar. Türkiyənin güclü olmasını istəməyən xarici düşmənləri məhz bu yolla daxildəki xainləri ələ alıb, onları hazırlamaqla içərimizdən savaş açmağa çalışırlar. Təəssüf ki, içimizdə xarici düşmənlərə satılanlar, onlara xidmət edənlər də var. İndi düşmən illah ki, kənardan basqın edib torpağı işqal etmir. Bizim içimizdəki düşmənlərdən istifadə edir. Bu gün onları tapıb çıxarmanın nə qədər çətin olduğunu bilirik. Bu, çox həssas bir məsələdir. Amma buna baxmayaraq xalq onların silahına qarşı sinəsini sipər etdi, baş kənd Ankara, İstambul kimi böyük şəhərlərlə yanaşı, elə burada da milli şüur, milli oyanış hakim oldu və xalq birləşərək Türkiyəni qorumaq üçün meydanlara axışdı. Xalqın istəyindən, qərarından çıxış edərək artıq çevrilişi hazırlayanların xeyli hissəsi müəyyənləşdirilib və istintaqa həhvil verilib, qalanları da ədalətdən qaçıb qurtula bilməyəcəklər. Hər kəs də əmin olsun ki, bu məsələdə geriyə yol yoxdur. Dövlətimizin, xalqımızın düşmənləri layiq olduqları cəzaları alacaqlar.


- Ahmet bəy, bunun daha çox nədən qaynaqlandığını düşünürsünüz?

- Burda ən önəmli səbəb türk torpaqlarının, o cümlədən Azərbaycanın, Qazaxıstanın, türk dünyasının torpaqlarının yer üzünün ən zəngin, strateji cəhətdən önəmli olmasıdır. Onlar, xüsusilə Amerika, Rusiya, Çin, Almaniya və digərləri türk torpaqları üzərində bir şahmat oyunu planlarını cızırdılar. Hər kəs zaman-zaman bu torpaqlara sahib çıxmağa çalışıb, müəyyən dövrlərdə buna nal olublar. Amma indi Türkiyənin güclənməsi onların bu istəklərini gözündə qoyub. Çünki biz türk dövlətləri olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan və digərləri öz varisliyimzi zaman- zaman hər kəsə xatırlatmışıq. Buna qarşılıq olaraq düşmən də müxtəlif vasitələrə əl atır. Həmçinin düşmən bilir ki, yeni müstəqillik qazanan digər türk dövlətlərinin güvənc yeri möhkəmlənmiş, oturuşmuş Türkiyə Cümhuriyyətidir. Onlar bunu qəbul edə bilmirlər və bu səbəbdən də Türkiyəni parçalamağa çalışırlar. Bir daşla iki hədəf vurmaq istəyindədirlər. Onlardan biri də sonuncu hadisə - çevriliş cəhdi oldu. Onu da deyim ki, düşmən bu cür əks zərbə alacağını, uğursuzluğa düçar olacağını gözləmirdi. Onlar Türk xalqının gücünü dəqiq hesablamamışdılar. Aldıqları əks zərbə onları çaşqın duruma saldı. Heç kim türk xalqının haqqını yeyə bilməz. Bunu, 1915-ci ildə də edə bilmədilər, indi də bacarmadılar və heç zaman da bacarmayacaqlar. Çünki türk xalqı bütövdür, birdir və qüvvətlidir.

- Təbii ki, bu birlik bütün türk dünyasına aid olarsa, biz daha güclü olarıq...

- Bəli, mən də belə düşünürəm. Elə bu hadisələr zamanı da bizə ilk dəstək, ilk telefon zəngi Azərbaycandan, Cümhur başqanı İlham Əliyev cənablarından gəldi. Bu da bizim qardaşlığımızın, dostluğumuzun bariz nümunəsidir. Biz birik, qardaşıq, bir-birimizin yanındayıq. Azərbaycanlı qardaşlarıma, başqan İlham Əliyevə təşəkkürümü bildirirəm. Hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı heç zaman sarsılmayacaq. Biz həmişə bir-birimizin yanında olacağıq, sevincimizi, kədərimizi birlikdə bölüşəcəyik. Dar gündə də, xoş gündə də biz birlikdəyik. Azərbaycanın Qarabağ dərdi bizim də dərdimizdir. İnşaallah onu da çözəcəyik.

- Ahmet bəy, son hadisələr daxildə və xaricdə Türkiyəni sevməyənlərə hansı mesajı verdi?

- Öncə onu deyim ki, bu, Türkiyənin tarixində ən qələbəlik olan bir insan axınını ortaya çıxardı. Beş milyondan artıq vətəndaşımız meydanlara çıxıb, xəyanətkarlara "dur!" dedi. Onlar müxalifət, iqtidar, parti, qeyri-parti anlayışını bir kənara atdılar. Çünki Türkiyədə Vətən, torpaq anlayışı hər şeydən üstündür. Vətən, torpaq söz konusu olanda hamı bir yerdədir. Bu da düşmənlərə sübut etdi ki, türk xalqının torpaq, Vətən sevgisi bu torpağı parçalamağa imkan verməyəcək. Hər kəs bunu bilməli və öz yerini tanımalıdır. Bizim üçün torpaqdan, vətəndən önəmli heç bir şey yoxdur. Müxalifətimiz üçün də, iqtidarımız üçün də. Bax, meydandakı iqtidar-müxalifət həmrəyliyi, liderlərin çiyin-çiyinə dayanması düşmənlərimizin arzusunu ürəklərində qoydu. Bu, həm də Avropadan, Amerikadan idxal edilən "Ərəb baharı"na bənzəməyən gerçək bir demokratik hərəkat, güc kimi müsəlman ölkələrinə də nümunə oldu. Hər kəs demokratiyanın özəlliklərini, xalqın da bu demokratiyanın qoruyucusu kimi meydanlara çıxmasını izləyə bildi. Aşkar şəkildə transfer edilən "demokratya" ilə gerçək demokratiya ortaya çıxdı. İstər Avropa, Amerika, istərsə də müsəlman dünyası gördü ki, türk xalqı və cümhuriyyətimiz demokratiyaya necə sadiqdir və onu canıyla,qanyla qorumağa həmişə hazırdı. Bu oyanış, bu təpki bütün insanlığa, bütün dünya barışına bir nümunə oldu. Bu gün texnologyanın, digər inkişafın nə qədər yüksəlişi, yeniliklər olursa olsun, bu, insan anlayışından yuxarıda olmamalıdır. Yəni, bu gün bizim Ağdənizin sahillərinə beş yaşlı uşaq balıq cəsədi kimi axıb çıxa bilirsə bu, insanlıqdan kənar bir hadisədir. İnsanlıq adına utancvericidir. Burda demokratiyadan söhbət gedə bilməz.

- Sayın bələdiyyə başqanı, mənim üçün maraqlıdır, nədən Türkiyə Avropa Birliyinə üzv olmağa bu qədər can atır və onlar da həmişə buna problem yaradırlar. Olmazmı ki, AB özü Türkiyənin orada təmsil olunmasını istəsin?


- Biz də belə fikirləşirik. Lakin 1959-cu ildən başlayaraq bu məsələ gündəmdədir və qoyulan tələbə görə Türkiyə Cümhuriyyəti Avropa Birliyinin bütün şərtlərini qəbul etməlidir. Lakin biz qərbli olmaq, qərbli kimi yaşamaq deyil, öz dəyərlərimizlə, əxlaqımızla, mədəniyyətimizlə bərabər Qərbin inkişaf etmiş müsbət dəyərlərinə qovuşub yaşamaq istəyərik, özümüzdən imtina etmək yox. Böyük Atatürk zamanında söyləmişd ki, çağdaş mədəniyyətimizi atıb, inkişaf etmiş mədəniyyətə sahib olaq, deyəndə özümüzdən, mədəniyyətimizdən, tariximizdən imtinanı tövsiyyə etmədi. O, söylədi ki, biz öz kökümüzün, milli kimliyimizin içində qərbin də müasirliyini, inkişafını görməliyik, bərabər həmin səviyyəyə qalxmalıyıq. Bizə ixrac olunan "Ərəb baharı" və digər demokratiya pərdəsi altında inqilablar gərək deyil. Bizim öz gücümüz kifayət edir ki, demokratiyanı qoruyaq və inkişaf etdirək. Bunu türk xalqı da, onun liderləri də bacarır. Ona görə də bizim bacarıqlı, xalqını, dövlətini sevən, böyük siyasətə təsir etmək gücü olan liderlərimiz həmişə baltalanıb. Yəni, onlara qəsd olunub. Buna nümunə kimi rəhmətlik Turqut Özalı və XXI əsrin türk əsri olacağını söyləyən Menderesi göstərmək olar. Bütün bunlara baxmayaraq biz son hadisələrdə dünyaya türk xalqının, türk birliyinin gücünü göstərə bildik. Avropa və Amerika türkün nəyə qadir olduğunu, demokratiyanı necə müdafiə etdiyini açıq şəkildə gördü. Demokratiyanı bayraq edən bu dövlətlər öz standartlarını heç kimə zorla qəbul etdirməməlidir. Bu zor tətbiqi demokratiyadan çox-çox uzaq bir addımdır. Hər millətin öz milli xüsusiyyətləri var və öz dəyərlərini demokratik istiqamətdə, təbii ki, dünyada olan demokratik dəyərlərə uyğunlaşdıraraq inkişaf etdirir. Biz demokratiyanın kopyasını çıxarmırıq, onu öz milli kimliyimizin dəyərlərinə uyğunlaşdırırıq. Yəni, açıq söyləsəm, başqa millətlərə robot kimi baxıb, onu idarə etmək prinsipi ilə çıxış etmək çox böyük yanlışlıqdı. Hər kəsin milli varlığına sayğı ilə yanaşmaq lazımdır. Türk və müsəlman millətləri isə tam əksinə barışı, sülhü öndə görür. Bilmək lazımdır ki, güc dəyərləri əzir. Buna görə də öz dəyərlərimizi qorumaq üçün söz sahibi olmalıyıq, daha güclü olmalıyıq.

- Bu gün Suriyadan və digər ölkələrdən minlərlə insan qaçqın kimi Türkiyəyə üz tutub. İnsan haqlarından danışan Avropa isə onları qəbul etmir. Belə bir zamanda Türkiyə niyə Avropa Birliyinə daxil olmağa can atır. Özü Türk birliyi yarada bilməzmi?

- Bu gün cümhur başqanımız müxtəlif beynəlxalq tədbirlərdə kəskin mesajlar verir. Məsələn, söyləyir ki, dünya beş dövlətdən böyükdür. Və dünyanın taleyini beş dövlət təkbaşına həll edə bilməz. Yer üzündə 1.7 milyard müsəlman yaşayır. Onların nəinki BMT-nin beş daimi üzvlüyündə, heç on beş üzvünün də arasında adı yoxdur. Belə bir ədalətsizlik ola bilərmi? Və bu barədə cümhur başqanının söylədikləri təkcə bir diplomat, bir siyasətçi sözü deyil, o, həm də Türkiyə dövlətinin prezidentinin sözüdür. İndi dünya çox dəyişib, ədalətsizliklər aradan qaldırılmalıdır. Və düşünürəm ki, biz addım-addım türk birliyinə qovuşacağıq. Çünki biz tarixdə çox şeyləri bacarmışıq, bunu da bacaracağıq.

- Başqanım, Trabzonun Bakı ilə, yaxud Azərbaycanın hansısa bir bölgəsi ilə birbaşa iqtisadi əlaqələri varmı?

- Bütövlükdə Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz qardaşıq. Biz diplomatiyadan öncə qardaşıq. Qardaşlar da qonşulardan daha yaxın münasibətdə olmalıdır. Amma mən çox istərdim ki, Bakı ilə, yaxud Azərbaycanın istənilən bir şəhəri ilə qardaşlıq əlaqəmiz olsun. Yəni, Qardaşlaşmış şəhərlər kimi aramızda müqavilə bağlayaq. Öz tərəfimizdən artıq müəyyən işlər görürük. Azərbaycan tərəfindən də belə bir təşəbbüs olarsa, biz dərhal ona qucaq açarıq. Düşünürəm ki, inşallah bu arzumuz arzu olaraq qalmaz. Bir məqama da toxunum ki, Trabzonda İranın, Gürcüstanın və Rusiyanın baş konsulluqları var, amma Azərbaycanın yoxdur. Bu, məni bir qardaş kimi çox narahat edir. Bu barədə Ankarada da söyləyəcəm, bəlkə qardaşlaşmış şəhərlər layihəsini gerçəkləşdirə bildik.

- Son olaraq bilmək istərdim ki, siz bir siyasət adamı kimi Türkiyə və Azərbaycanın gələcəyini necə görürsünüz?

- Son yüz ildə Qərb mədəniyyəti dünyaya hakim ola bilmədi. Amma ondan üç yüz il əvvəl türk və islam mədəniyyəti dünyaya hakim idi. Qərb də bu mədəniyyətdən istifadə edərək irəli çıxdı. Bu gün insanlıq çıxılmaz bir durumdadır. Çünki, bir neçə milyon insan qalan bütün insanların haqqının sahibinə çevrilib. Onlar dünyanı öz istəklərinə uyğun idarə etməyə çalışırlar. Bu da haqlı olaraq etirazlarla qarşılanır. Bu gün Afrikada, müharibə gedən ölkələrdə insanlar aclıq və səfalət çəkirlər, yardımlar umuduna yaşayırlar, xəstəliklər tüğyan edir. Cənubi Amerikada, şərqi Asiyada baş verənlər Avropa Birliyi kimi güclərin də yararsız olduğunu, insanlığa xidmət etmədiyini ortaya çıxarır. Onlara olan ümidlər artıq tükənib. Rəhmətlik Turqut Özal 1983-84-cü illərdə söyləmişdi ki, növbəti yüz il türk əsri olacaq. Mən millətçilik baxımından demirəm, amma inanıram ki, mərhum başqanımızın dedikləri gerçəkləşəcək. Azərbaycan və Türkiyənin buna hər cür imkanı və haqqı çatır. Yetər ki, biz daim birlkdə olaq. Həm də bizim hər iki dövlətin bu prosesləri idarə edə bilən güclü prezidentləri var. Və mən hər iki prezidentin bu işlərdə başarılı olacaqlarına inanıram.

... Bizim söhbətimiz qısa oldu. Bunun da obyektiv səbəbi vardı. Brincisi, başqan "kabinet məmuru" deyildi. Biz söhbət etdiyimiz müddətdə də o, çoxsaylı telefon söhbətləri ilə məsələləri həll edir, münasibət bildirirdi. İkincisi, onunla biz görüşmədən öncə köməkçisi bildirmişdi ki, bu gün başqanın bir neçə ziyarəti və görüşləri var. Bu insan istirahət günündə də Türkiyədə baş verən olayda yaralanmış bir trabzonlunu evində ziyarətə tələsirdi. Sonra istifadəyə verilməsi gözlənlən caminin tikintisindəki vəziyyəti öyrənməyə gedəcəkdi. Və üstəlik o, həm də həmin gün şəhərdə təşkil olunmuş izdihamlı mitinqə də qoşulmalı idi. Mitinq Türkiyədəki bütün partiyaların təmsilçilərinin birgə son hadisələrə münasibətlə bağlı idi. Bu mitinqdə söhbət Türkiyənin varlığından, bütövlüyündən, demokratiyadan gedəcəkdi. Və mövzu vətənin varlığı olduğu üçün hər kəs bir araya gəlmişdi, hər kəs eyni şüarın altında toplanmışdı. Bunu bildiyimdən başqanın, vaxtın darlığına görə üzrxahlıq etməsin səmimi qəbul etdim. Və bir-birimizin əlini sıxıb, xatirə şəkli çəkdirdik. Trabzonla bağlı xatirə albomlarını hədiyyə kimi qəbul edərək sağollaşdıq.

Mən Trabzon Ortahisar Bələdiyyəsinin bir neçə mərtəbəli möhtəşəm binasını dostum Ahmed, həmkarım Fəridə xanımla birlkdə tərk edərkən təsadüfən bir söhbətin dinləyicisi oldum. Bir qadın qəbul otağının önündə dayanmış köməkçiyə başqanla bağlı fikir söyləyirdi və sanki öz oğlu haqqında danışırdı, öz doğmasını soruşurdu. Mənim təəccübümü hiss edən, təbiətən çox həssas olan Ahmed bəy əlini kürəyimə vuraraq dedi ki: Abi, burda başqanımızı hər kəs sevir, hər kəs onu özününkü sayır. İxtisasca hüquqşünas olan başqanımız insanlarımızın bütün hüquqlarını məharətlə müdafiə edir, ədalətlə qoruyur.

... Trabzonla, xüsusilə həmsöhbət olduğum Ortahisar Bələdiyyə başqanı və onun təmsil etdiyi qurumun gördüyü işlərlə bağlı yaddaşımda neçə-neçə qəzet səhifəsi üçün material toplamışdım. Amma sonra düşündüm ki, mənim görüb, eşidib, bildiklərimi "Ədalət"in oxucuları elə, Ortahisar Bələdiyyəsinin özünün və başqanlığın internet səhifəsində oxuyub əyani şəkildə görə bilərlər. Müasir texnologiyanın bu imkanını yada salmaqla mən oxucularımı da hər gün vaxt tapıb elə internet vasitəsiylə səyahət etdiyim, xəbər tutduğum Trabzona dəvət edirəm: Buyurun Ortahisar Bələdiyyəsinin internet səhifəsinə daxil olub, başqanın gündəlik işindən özünüz xəbər tutun. Onda yəqin ki, siz də əsl bələdiyyə işçisinin fəaliyyətinin nədən ibarət olduğunu biləcəksiniz.

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU

Qələmə aldı: Fəridə RƏHİMLİ




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK