ANA SƏHİFƏ / YAZARLAR

Hər cazmen Vaqif olmur

Etibar CƏBRAYILOĞLU

25623    |   2016-10-28 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya musiqisinin İçərişəhərli ulduzu haqqında sənədli film çəkildi

Vaqif Mustafazadəni muğam-caz hərəkatının memarı sayırlar. Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaratmaq ilk dəfə məhz ona nəsib olub. Görkəmli musiqiçi bəstələri, virtuoz ifası ilə böyük şöhrət qazanıb, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivalların qalibi kimi Azərbaycana qayıdıb.

Növbəti qastrol konsertində, səhnədəki çıxışı zamanı dünyasını dəyişəndə Vaqifin cəmi 39 yaşı var idi...

"Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filmi dünya şöhrətli musiqiçiyə həsr olunub. "Butafilm"in istehsal etdiyi bu maraqlı ekran əsərinin bir özəlliyi də var - film Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan şirkətinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

Virtuoz haqqında düşüncələr

Nizami Kino Mərkəzində "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirildi. Təqdimatdan öncə isə media təmsilçiləri mətbuat konfransına dəvət olundular.

BP Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirdi ki, təmsil etdiyi şirkət ölkəmizdə maraqlı sosial layihələr reallaşdırır: "Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi BP davamlı olaraq sosial layihələr həyata keçirir, mədəniyyətin, təhsilin, idmanın inkişafına yönəlik layihələrə dəstək verir. BP-nin "Mənim tanıdığım Vaqif" filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir".

Tamam xanım bildirdi ki, filmə baxarkən musiqi sənətində yeni bir janr sayılan caz-muğamın banisi kimi tarixdə qalan Vaqif Mustafazadəni yenidən kəşf edib: "Dünya musiqisini ləl-cavahiratla bəzədilmiş taca bənzətsək, bu tacın ən qiymətli daş-qaşı şübhəsiz ki, Azərbaycan muğamıdır. Vaqif Mustafazadə məhz muğam kimi bir nadir incini cazla sintez etməyi bacarıb".

Onun sözlərinə görə, "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filmi Azərbaycanın dünyaca məşhur musiqiçisinin xatirəsini yaşatmaq baxımından böyük əhəmiyyətə malikdir. BP Azərbaycan şirkətinin sözçüsü yeni ekran əsərinin maraqla qarşılanacağına inandığını bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi Türkan Rüstəmova "Mənim tanıdığım Vaqif" filminə verdiyi dəstəyə görə BP Azərbaycan şirkətinə təşəkkür etdi, təmsil etdiyi qurumun birgə əməkdaşlığa həmişə hazır olduğunu diqqətə çatdırdı. Nazirliyin əməkdaşı "Butafilm" şirkətinin yaradıcı kollektivinə də gələcək işlərində uğurlar arzuladı.

Sonra "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin ssenari müəllifi Füzuli Sabiroğlu fikirlərini mətbuat nümayəndələri ilə bölüşdü. Ssenari müəllifi bildirdi ki, bu vaxta kimi Vaqif Mustafazadə barədə çox filmlər çəkilib, amma "Mənim tanıdığım Vaqif"in fərqli özəlliyi var: "Film Vaqif Mustafazadənin müasiri olmuş, onunla birgə çalışmış dünyanın tanınmış caz ifaçılarının xatirələri əsasında qurulub. Amerika, Rusiya, Gürcüstan, Polşa və Estoniyadan olan məşhur musiqiçilər Azərbaycanın bu nəhəng sənətkarının yaradıcılığını yüksək dəyərləndirir, onunla bağlı xatirələrini danışırlar".

Füzuli Sabiroğlunun sözlərinə görə, 40 dəqiqəlik bu tammetrajlı sənədli film üzərində beynəlxalq yaradıcı qrup çalışıb. Ssenari müəllifi filmə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, BP Azərbaycan şirkətinə təşəkkürlərini bildirdi.

Cığıraçan İçərişəhərli

Mətbuat konfransının ardından filmin təqdimat mərasimi oldu. Tanınmış teleaparıcı Rahib Azəri Vaqif Mustafazadənin həyat və yaradıcılığı barədə çıxış edərək bildirdi ki, görkəmli musiqiçi 1940-cı il martın 16-da İçərişəhərdə dünyaya gəlib. Anası Zivər xanım dahi Üzeyir bəyin tələbəsi olub, Vaqifdə musiqiyə həvəsi də anası oyadıb. Rahib Azəri böyük sənətkarın qazandığı uğurlardan bəhs etdi, Tallində, Tbilisidə, Monte-Karloda keçirilən beynəlxalq caz festivallarının qalibi olduğunu, dünyanın ən məşhur musiqiçilərinin Vaqif Mustafazadə yaradıcılığını yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, caz musiqisində yeni çığır açan Vaqif Mustafazadənin keçmiş sovet məkanında hər çıxışı musiqi bayramı kimi qarşılanıb. 39 yaşında dünyadan köçən bu virtuoz musiqiçi öz yaradıcılığı və ifası ilə həmişə sağdır.

"BP Azərbaycanın zəngin mədəni irsi ilə sıx bağlıdır”

Sonra səhnəyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel dəvət olundu. Cənab Birrel bildirdi ki, Vaqif Mustafazadə haqqında çəkilən bu film BP-nin qürurla öz adını üzərinə yazdığı ilk mədəniyyət layihəsi deyil: "Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub. Bu vaxtadək şirkətimiz Azərbaycan mədəniyyətinin inkişafına, onun möhtəşəm mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihənin təşəbbüskarı olub, onları həyata keçirib. İnanırıq ki, mədəniyyət sahəsindəki təşəbbüslərimiz-sponsorluq etdiyimiz filmlər, kitablar, konsertlər, arxeoloji tədqiqatlar Azərbaycanda həyata keçirdiyimiz digər iri sosial sərmayə proqramları ilə yanaşı ölkənin multikulturalizminin davamlı inkişafı istiqamətindəki uzunmüddətli planlarına tam dəstək verir".

Qordon Birrel Vaqif Mustafazadənin yaradıcılığını yüksək dəyərləndirdi, onu dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biri hesab etdiyini dedi: "Qeyri-adi istedada malik bu görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb və Bakıda onun musiqisi əfsanə sayılır. Onun istedadının pərəstişkarı olan bir insan kimi deyə bilərəm ki, Vaqif Mustafazadə Şərq və Qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintezin nəticəsində Azərbaycan milli musiqisi olan muğamın Qərb cazının heyranedici qarışığı meydana çıxıb.

Muğam haqqında da fikirlərimi bildirmək istərdim. İlk dəfə bu musiqini eşidəndə düşündüm ki, bu, xalqın ruhunun və milli kimliyinin musiqi ilə ifadəsinin ən güclü təzahürüdür. Onu da bilirəm ki, Vaqif Mustafazadənin muğamı caz ilə sintez etməsindən xeyli əvvəl - 1908-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli öz əsərlərində muğamı artıq operaya gətirib. Muğam daha sonra 1948-ci ildə digər bir görkəmli bəstəkar Fikrət Əmirov tərəfindən ilk dəfə Qərbin simfonik musiqisi ilə birləşdirilib. Üçüncü böyük bir Azərbaycan musiqiçisinin muğamı başqa bir Qərb musiqi janrına - caza qovuşdurmasına təbii baxıram.

Ümid edirəm ki, bu nəhəng musiqiçiyə həsr edilən film Vaqif Mustafazadənin möhtəşəm yaradıcılığının əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilən qiymətə töhfə olacaq".

Çıxışının sonunda BP-nin regional prezidenti şirkətlə əməkdaşlığa görə Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə, "Butafilm"ə, bu sənədli ekran əsərində əməyi keçən hər kəsə təşəkkür etdi.

Qısa ömrün akkordları

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında bildirdi ki, qısa, lakin mənalı ömür yaşayan Vaqif Mustafazadə əsərlərində Şərqlə Qərbi birləşdirib, onun yaratdığı musiqilər bu gün də maraqla dinlənilir, müxtəlif konsert salonlarında dönə-dönə ifa olunur. Vaqif Mustafazadənin caz musiqisinə gətirdiyi yeniliklər ona dünya şöhrəti qazandırıb.

Ədalət Vəliyev qeyd etdi ki, 2005-ci ildən başlayaraq Bakıda Beynəlxalq Caz Festivalı keçirilir və dünyanın tanınmış musiqiçiləri Azərbaycan paytaxtına toplaşırlar. "Mənim tanıdığım Vaqif" filminin məhz növbəti Beynəlxalq Caz Festivalı günlərində təqdim olunmasının xüsusi əhəmiyyəti var.

Nazir müavini böyük Azərbaycan musiqiçisinə həsr olunmuş filmin ərsəyə gəlməsinə dəstək verdiyinə görə BP Azərbaycan şirkətinə minnətdarlığını bildirdi.

Sonda "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filmi tamaşaçılara təqdim olundu.





İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK