ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: EŞŞŞŞƏK BOYDA KƏRGƏDAN

57807    |   2016-07-25 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ax bu avropalılar! Ax bu amerikalılar! And olsun bütün inandıqlarımıza və inanmadıqlarımıza mən bunlar qədər humanist insanlar görmədim və tanımadım. O gün televizyonda bir bəlgəsələ baxdım, gözlərim doldu və buna bir daha əmin oldum. Dedim bunu yazım, sizin də gözləriniz dolsun və avropalıları, amerikalıları sevməyən bəzi ağzıgöyçəklərə də dərs olsun.

Yoxsa dindirən kimi başlayırlar: Əfqanıstanı belə dağıtdılar; İraqda milyon yarım insan öldürdülər; Suriyada daşı daş üstə qoymadılar; Liviyanın içinə s…dılar; Tunisi dal-baş etdilər; Yəməni tərsinə çevirdilər; İŞİD-i və PKK-nı belə silahlandırıb Türkiyənin üstünə saldılar; Dağlıq Qarabağdakı erməni terrorçularına on milyon dollar pul bağışladılar; Avropa Parlamentinin foyesində PKK-nın sərgisini açdılar və sair və ilaxır.

Yox, qardaşım! Boş-boş söhbətlərdi, böhtandı, gözü götürməyənlərin, ağzıgöyçəklərin iftirasıdı.

Hərdən məndə də tərəddüd olurdu, amma bir az əvvəl ərz elədiyim kimi o bəlgəsələ baxandan sonra avropalıların və amerikalıların necə bir humanist insan olduqlarına bir daha əmin oldum və hətta gözlərimdən gildir-gildir yaş gəldi. Heç milli futbol komandamız Fransaya 10:0 uduzanda belə dolmamışdım.

Tanrım, sən avropalıları və amerikalıları qoru! Onlar olmasa biz başımıza haranın daşını salarıq?!

Deməli belə. Səhrada bir kərgədanın ayağı qırılır. Kərgədan nə kərgədan! Yeddi-səkkiz Avropa eşşəyi boyda. Avropa eşşəyi deyirəm ey! Bizim 40 min dollara aldığımız eşşəklərdən. Yoxsa, bizim eşşəklər eşşəkdi?! Bazarda heç 50-60 manata getmirlər, anqırmaqları da işığın artırılmış qiymətinə, yəni bir qəpiyə dəyməz. Elə adamlar var ki, onlardan yüz dəfə yaxşı anqırır. Amma avropalıların və amerikalıların 40 minlik eşşəkləri elə anqırırlar ki, səsləri nəinki müsəlman ölkələrində, Afrikada, Cənubi Amerikada, Asiyada eşidilir. Və hamı saatını bu eşşəklərin anqırtısı ilə sazlayır. Əslində orfoqrafiya dəyişməli, o eşşəkləri bizimkilərdən fərqləndirmək üçün 3 «ş» ilə yazmaq lazımdır, yəni belə «eşşşək». Məsələn, türk qardaşlarımız bir-birlərinə hirslənəndə deyirlər ki, sən üç «ş» ilə eşşəksən. Şaban da əksinə sevdiyi adamları çağıranda «ş»nın birini yeyir: «Eşək oğlu eşək!»

Onların eşşəkləri, Orxan Fikrətoğlu demiş, alayı eşşəklərdi. Eşşək onlara o qədər doğmadır ki, yadımdan çıxıb, Amerikanın ya respublikaçılarının, ya da demokratlarının emblemidi.

Yoxsa bizim eşşəklər…

Eşşək demişkən, yadıma bir əhvalat düşdü.

Ağdamın Evoğlu, Əfətli, Qaradağlı kəndləri (apreldə erməni eşşək uşaqları bu kəndlərə yüzdən çox «Qrad» atmışdılar, biri də mənim ana babamın evini dağıtmışdı, elə indi də atırlar) üçbucaq şəklində bitişikdi. Düz ortalarında Ramizin çayxanası adlanan bir çayxana vardı. Vardı deyəndə, indi də var, işləmir. Ətrafında elə dürlü-dürlü çayxanalar tikdilər ki, öz vid-fasonundan utanıb bağlandı.

Üç kəndin camaatı bura yığışardı lağlağılığa, laqqırtıya, bir-birinə şəbədə qoşmağa və təbii ki, bir də dünyada baş verən siyasi gedişatları yönləndirməyə. Qaradağlılardan biri öz haldan düşmüş eşşəyini 50 manata bir Əfətliyə satır. Üstündən bir az keçmiş çayxanada üzünü əfətlilər oturmuş stola tutub eşşəyini satdığı əfətliliyə lağla deyir:

- O cındır eşşəyi də əlli manata sırıdım sənə!

Qaradağlılar əl çalıb şaqqıldayıb gülürlər.

Əfətlili də söz altda qalan kişi deyilmiş. Qayıdır ki:

- Heç vecinə alma. Bizim o balaca gədə var ey, sənin o eşşəyini indiyəcən azı min manatlıq …!

Bizim eşşəklər indi heç belə şeylərə də yaramır, amma onların tükləri Cenifer Lopezin saçları kimi məxməri saçan 40 min dollarlıq eşşəkləri…

Hə, harda qaldıq? Hə, səhrada bir kərgədanın ayağı qırılır. Kərgədan nə kərgədan! Yeddi-səkkiz Avropa eşşəyi boyda. Çəkisi təxminən 2 ton, amma ayaqları ceyran ayağı, lap məəttəl qalmalı şeydi, bu boyda bədən, ayaqları ceyran ayağı, qırılmasın-neyləsin.

Təsadüfən xəbər tutan kimi vertolyotu (nədənsə helikopter sözü dilimə yatmır, əlli ildir dilimizin öyrəşdiyi bir əcnəbi sözü dilimizə yatmayan başqa bir əcnəbi sözlə əvəzləməyi də başa düşə bilmirəm) qaldırdılar havaya, axtarıb tapdılar. Otuz-qırx xilasedici səfərbər oldu, içində eşşək həkimindən, üzr istəyirəm, kərgədan həkimindən tutmuş, ginekoloqa qədər, aliminə, kərgədandan müsahibə alacaq telejurnalistlərə qədər. Deyəcəksiniz ki, ginekoloqu neyləyirlər, darıxmayın. Kimlərsə vertolyotla, kimlərsə maşınlarla özlərini çatdırdılar yeddi-səkkiz eşşək boyda olan kərgədana. Əvvəl-əvvəl yuxu iynəli güllə ilə yatırdılar. Sonra sarıldılar boynuna, gözəl-gözəl xanımlar elə əzizləməyə, oxşamağa, sığallamağa başladılar ki, kərgədana az qala həsəd apardım. Bir əndamı yanmış xanım da kərgədanın üz-gözündən elə öpürdü ki, əri görsə qısqanclıqdan ürəyi partlar, əmisi oğlu kərgədanı qanına qəltan edərdi.

Ginekoloq əllərini sürtdü kərgədanın qarnına, bildirdi ki, 8 aylıq hamilədi. Yeri gəlmişkən, özüm öyrəndim, sizə də deyim, heç demə kərgədanın hamiləliyi iki 9 ay çəkir. Lap pəjmürdə oldular. Elə ordaca uziyə saldılar, qarnında cupcuppulu, elə anasına oxşayan qəşəng bir bala vardı. Bir müsibətlə (demirəm 7-8 Avropa eşşəyi boydaydı) qaldırdılar ambulatora. Gətirdilər şəhərə, təbii ki, heyvan klinikasına. Qardaş, bunların heyvan klinikası da klinikadı ey, nəinki heyvanı, adamı da ora ölü salsan diri çıxar.

Cərrahlar töküldü, ayağını əməliyyat elədilər, gipsə qoydular. Kərgədan hələ kefdəydi, yatmışdı.

Sonra apardılar saunaya. Bizim reklamlarda həsədlə baxdığımız şampunlarla qəşəng-qəşəng çimdirdilər. Çimdirənlər də yenə əndamı yanmış xanımlar.

Sonra ginekoloqlar yığışdılar kərgədanın başına, yenə uzi elədilər, gördülər bala sağ-salamatdı, özü üçün kef eləyir, bir-birlərini təbrik etdilər. Ayıltdılar. Buraxdılar gül-gülü, çiçək-çiçəyi çağıran bir parka, ayağı sağalanadək bu parkda kef eləsin. Mən elə bir güllü-çiçəkli parkı İsveçrədə bir gölün kənarında görmüşəm, əsl cənnət!

Ayağı sağalandan sonra gipsi sökdülər. Bəh-bəhlə mindirdilər ambulatora, vertolyotların müşayiəti ilə apardılar hardan gətirmişdilər həmin səhraya, buraxdılar, qardaşlarımız türklərin dili ilə desək, doğaya.

Buynuzuna da «çip» yerləşdirdilər ki, doğuş vaxtı tapsınlarkı rahat doğurtsunlar, heyvanciyəz əziyyət çəkməsin.

Danışmaqla təsvir etmək çox çətindi ey, gərək bunu öz gözlərinizlə görəydiniz.

Əziz Nesin demiş: «Demokratiyanın bu parlaq nümayişi gözləri yaşartdı».

İndi humanizmin bu parlaq nümayişi gözlərimi yaşartdı.

Odun-alovun içindən qaçarkən dənizdə boğulan suriyalı uşağın dalğaların sahilə atdığı meyidini görəndə heç belə kövrəlməmişdim.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK