ANA SƏHİFƏ / YAZARLAR

Nə yaxşı ki, müfəttiş gəldi...

Etibar CƏBRAYILOĞLU

40228    |   2016-07-15 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yoxsa məmurların bu qədər gülünc vəziyyətə düşməsinə tamaşa edə bilməzdik



Lap bəri başdan deyim ki, səhnədə tamaşaçıların maraqla izlədiyi hadisə bizim məmləkətdə baş verməyib. Hər halda özümüzü buna inandıraq. Paytaxtdan hansısa bir müfəttişin gələcəyi ilə bağlı xəbərdən başını itirən, hadisələr inkişaf etdikcə daha da gülünc vəziyyətə düşən məmurlar haqqında Puşkin kimdənsə eşidib və Qoqola danışıb. Mirzə Cəlilin rəhmət oxuduğu bu məşhur rus yazıçısı və dramaturqu da 180 il əvvəl şair dostunun danışdıqlarını qələmə alıb. "Müfəttiş" öz gəlişi ilə XIX əsr rus ədəbiyyatında dönüş yarada bilib.

Bizə nə aidiyyəti? Yəqin elə bu üzdən Akademik Milli Dram Teatrı Qoqolun qocalmayan bu əsərinin komik qəhrəmanlarını tamaşaçılara görüşdürməkdə uzun müddət maraqlı olmayıb.

"Niyə gülürsünüz?”

Təxminən 50 illik fasilədən sonra "Müfəttiş" yenidən akademik Milli Dram Teatrının səhnəsinə qayıdıb. Sabit Rəhmanın tərcüməsi əsasında hazırlanan tamaşaya Mikayıl Mikayılov quruluş verib. Mikayıl Mikayılov öz istedadını təkcə Azərbaycanda deyil, hətta Rusiyanın teatral mühitində realizə etməyi bacaran gənc rejissorlarımızdandır. Onun Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi "Xanuma", "İlahi oyun", "Şah və şair", "Yuğ" teatrında hazırladığı "Medeya. Sekvensiya 01" tamaşalarına baxmışam. Mikayıl Mikayılov istər klassik, istərsə də müasir əsərlərə özünəməxsus yanaşması, tamaşanı aktyor oyunu üzərində qurması ilə seçilir. Gənc rejissorun tamaşalarındakı mizanların səliqə-sahmanı dərhal diqqət çəkir. Zalda oturan tamaşaçının gözü və beyni mürəkkəb dekorasiya, musiqi ilə yüklənmir. Bəri başdan qeyd edim ki, "Müfəttiş" də istisna olmadı. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov bu səhnə əsərində öz uğurlu işləri ilə quruluşçu rejissorun fikrini tamamlaya biliblər.

Tamaşanın özünə gəlincə...

Qoqolun həyat və yaradıcılığına bələd olanlar yaxşı bilir ki, yazıçının ömrü kimi, əsərləri də mistik məqamlarla doludur. Quruluşçu rejissor Mikayıl Mikayılov "Müfəttiş"in yeni yozumunda həmin detallardan tamaşanın əvvəlində və finalında uğurla istifadə edib.

Hə, tamaşanın əvvəlindən danışırdım axı. Bizdən çox-çox uzaq olsun, əyalət şəhərlərinin birinin rəhbəri mərkəzdən müfəttiş gələcəyi xəbərini alıb. Aldığı xəbərdən yuxusu ərşə çəkilib. Tabeliyindəki məmurları başına toplayıb vəziyyətdən çıxış yolu axtarmaq istəyir. Çıxış yolu tapmaq isə asan deyil. Şəhər rəisi və ətrafına topladığı məmurların savadsızlığı, rüşvətxorluğu, tamahkarlığı və səriştəsizliyi üzündən buralar cəhənnəmin bir küncünə çevrilib. Cəhənnəmin bir küncünü xatırladan bu şəhərə kosmetik bərbəzək vurub gələn müfəttişə cənnət adı ilə necə sırımaq olar?

Şəhər rəisi və ətrafındakı məmurlar bu barədə müzakirə apararkən paytaxtdan gələn müfəttişin artıq necə gündür şəhərdə olduğu, buradakı mehmanxanada qaldığı xəbəri yayılır.

"Kimə gülürsünüz?”

Bundan sonrakı bütün hadisələr mehmanxanada qalan bu qonağın-İvan Aleksandroviç Xlestakovun ətrafında cərəyan edir. Xlestakov özü də əyalət şəhərlərinin birində doğulub, yaxşı karyera qurmaq arzusu ilə paytaxta gedib. Lakin xarakterinin zəifliyi üzündən heç nə əldə edə bilməyib. Özünü sübut etmək əvəzinə şəhərin yazılmayan mənfi qayda-qanunlarının əsirinə çevrilib, qumar, kef məclislərinin zahiri gözəlliyi bu gənci məhv edib. Bu üfunət iyi verən mehmanxana adlı xarabaxanada da kefindən qalmır, əlində-ovcunda qalan pulunu qumarda uduzub, özü və nökəri Osip neçə gündür ki, yeməyə bir şey tapmır. Artıq heç kim onlara nisyə yemək vermir.

Şəhər rəisi və onun rüşvətxor, kütbeyin məmurları Xlestakovu paytaxtdan gəlməsi gözlənilən müfəttiş kimi qəbul edirlər. Onların bu səhvi Xlestakovun işinə yarayır, bitib-tükənmək bilməyən yalanlar uydurur, paytaxtda, sarayda mühüm şəxslərə dostluğundan danışaraq şəhər rəisindən, ətrafındakı gözükölgəli məmurlardan borc adı ilə rüşvət alır. Şəhər rəisinin arvadı və qızı ilə sevgi macərası qurmağa belə imkan tapır. Sonra isə aradan çıxır.

Paytaxtdakı dostuna yazdığı məktuba isə əyalətdə qarşılaşdığı bu insanların əsl dəyərini belə verir: "...Şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır, araq içəndir. Xeyriyyə müəssisələrinin müdiri elə bil başına araqçın qoymuş donuzdur. Məktəblər müdiri başdan ayağa soğan iyi verir. Məhkəmə sədri çox murdar adamdır..."

Şəhər rəisi və onun kütbeyin komandası Xlestakovun aradan çıxmasından və dostuna göndərdiyi məktubda yazdığı fikirlərin şokundan ayılmamış daha bir zərbə alırlar. Məlum olur ki, gəlişi gözlənilən əsl müfəttiş artıq mehmanxanadadır...

"Axı siz özünüzə gülürsünüz!”

Yazının əvvəlində qeyd etdiyim kimi, quruluşçu rejissor Mikayıl Mikayılov tamaşanı aktyor oyunu üzərində qurub. Xalq artisti Rafael Dadaşovun ifasında şəhər rəisi Anton Antonoviç Skovznik-Dmuxanovski Xlestakovun məktubunda qeyd olunduğu kimidir. Bu qəribə cavan oğlanın yalanlarına ən tez və ən çox inanan da elə odur. Vəzifəsini itirməmək üçün hər şeyə hazırdı, hətta qızını ilk dəfə gördüyü bu qonağa nişanlamağa belə razı olan birisidir. Yeri gəlmişkən, "Müfəttiş" Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi münasibəti ilə hazırlanıb.

İvan Aleksandroviç Xlestakov obrazının dünya dramaturgiyasında və ədəbiyyatında özünəməxsus yeri var. Qoqol özü bu obrazı belə xarakterizə edib: "...hər kəs bir neçə dəqiqə olmasa da, bir dəqiqə Xlestakov olub və ya olur, lakin təbii ki, bunu etiraf etmək istəmir... Mahir bir qvardiya zabiti də, bəzən dövlət xadimi də Xlestakov ola bilər... Uzun sözün qısası, çox az adam tapılar ki, ömründə heç olmasa, bir dəfə Xlestakov olmasın".

Qoqol özü də bir vaxtlar Xlestakov kimi yaxşı karyera qurmaq ümidi ilə əyalətdən Peterburqa gəlib, lakin yalnız kiçik məmur ola bilib. Həmin kiçik məmur Qoqolu bu gün heç kim tanımır, amma yazıçı və dramaturq Qoqolun dünya ədəbiyyatında özünəməxsus izi, yeri var.

Əməkdar artist Elşən Cəbrayılov belə bir mürəkkəb obrazın öhdəsindən məharətlə gəlir. Aktyor təbii ifası ilə zalda əyləşən tamaşaçını inandırır ki, kütbeyin məmurları barmağına dolamaqla pul qazanmaq, qarın dolusu yemək yemək, üfunətli və qaranlıq bu əyalət şəhərindən baş götürüb qaçmaq üçün yalan danışmaq ən yaxşı yoldu. Elşən Cəbrayılov bir çox tamaşalarda əsas rolları ifa edib, lakin Xlestakov obrazını istedadlı aktyorun yaradıcılığında yeni bir mərhələ saymaq olar.

Məhkəmə sədri Ammos Fyodroviç Lyapkin-Tyapkin rolunu Rövşən Kərimduxt ifa edir. Akademik Milli Dram Teatrında son vaxtlar hazırlanan yeni tamaşalarda bəzi səbəblərdən nadir hallarda görünən Rövşən Kərimduxt bu rolu ilə sübut etdi ki, aktyor kimi onun potensialından düzgün istifadə olunsa həm teatr qazanar, həm də tamaşaçı. Təbii ki, aktyor özü də inkişaf edər.

Daha çox dramatik rollarda görməyə alışdığımız Əməkdar artist Kazım Həsənquliyevi quruluşçu rejissor bu tamaşada komik obrazda (Xeyriyyə müəssisələrinin müdiri Artemi Flippoviç Zemlyanika) sınayıb və nəticədə hər iki yaradıcı insanın birgə əməyi sayəsində maraqlı iş ortaya qoyulub.

Öz fərsiz əməlləri ilə şəhəri bərbad hala salan bu məmurlar - Poçt müdiri İvan Kuzmiç Şpekin (Əməkdar artist Elxan Quliyev), Məktəblər müdiri Luka Lukiç Xlopov (Rəşad Bəxtiyarov), qeybət etmək, söz gəzdirməkdən başqa əllərindən bir iş gəlməyən Pyotr İvanoviç Dobçinski (Əməkdar artist Aslan Şirin) və Pyotr İvanoviç Bobçinski (Ramil Şıxəliyev), tamaşa boyu ancaq almanca danışan Xristian İvanoviç Qibner (Əməkdar artist Feyruz Xudaverdiyev), cavan Xlestakova xoş gəlmək üçün bu yaşında hətta balet oynamağa çalışan Anna Andreyevna, paytaxtdakı xoş günlərin xəyalını quran Mariya Antonovna (İlahə Həsənova) sonda gülünc vəziyyətə düşürlər. Xalq artisti Rafiq Əzimov əsərdə bəlkə də yeganə müsbət obraz olan nökər Osipi inandırıcı boyalarla çatdırır. Gənc aktyor Elgün Həmidov isə tamaşada bir-birindən fərqlənən Svistunov, Meyxana xidmətçisi, Mişa və Şeytan rollarını oynayır.

Akademik Milli Dram Teatrı Qoqolun bu ölməz əsərini uğurlu, bitkin bir quruluşla tamaşaçıya təqdim edib. Yoxsa məmurların bu qədər gülünc vəziyyətə düşməsinə tamaşa edə bilməzdik. "Müfəttiş"ə baxanlar başqa ölkədə baş verən hadisələrə doyunca gülürlər. Qoqolun sualı isə həmişə aktual olaraq qalır: "Niyə gülürsünüz? Kimə gülürsünüz? Axı siz özünüzə gülürsünüz!"





İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK