SON DƏQİQƏ:

TƏNHA SARI YARPAQ

  63681   |  
Şriftin ölçüsü  
Bir misra üzərində gəzişmə
... İndi payızla qışın əlbəyaxa olduğu bir zamandı. Payız ayağını yerə dirəyib meydandan çəkilmək istəmir. Qış isə gücünü göstərməkdədi...
Belə bir vaxtda yaşadığım ünvanın yolu üstündə olan bir ağac diqqətimi çəkir. Bəri başdan deyim ki, bu ağac yol üstündə olduğundan onu təkcə çılpaq uşaqlar deyil, küləklər deyil, həm də yanından sürətlə ötüb keçən maşınların yardığı hava axını da əməlli-başlı "şillələyir". Ona görə bu ağacın qol-budağında həmin şillələrin izini həmişə görmək mümkündü. Və mən bir az kövrək duyğulara köklənəndə həmişə bu ağacı xatırlayıram, onu göz önünə gətirirəm. Və mənə elə gəlir ki, bu ağacla aramızda bir oxşarlıq, bir yaxınlıq var. Bilmirəm bunu niyə belə düşünürəm və bu düşüncəmdə nə qədər haqlıyam... Amma onu bilirəm ki, bənzəri var bu ağacın mənə, mənim də ona.
Görünür, elə həmin bu duyğu, bu düşüncə məni bu yazını yazmağa kökləyib. Çünki həmin ağacın üstündə bu gün səhər-səhər tək bircə yarpaq gördüm, sapsarı bir yarpaq. Yarpağa baxdım, ağaca baxdım, sonra da özümə. İçimdən bir dəlilik gəlib keçdi. Silkələdim ağacın həmin o tək yarpağı olan budağını. Amma qopub düşmədi o yarpaq. Eləcə baxdı mənim üzümə. Deyəsən, güldü də için-için. Bəlkə heç gülmədi. Eləcə sonuncu ümidini əlindən almaq istədiyimə görə əsəbini, qəzəbini, nifrətini, daha nələrini acı gülüşə çevirdi... Nə isə...
Mən silkələyib budaqdan sala bilmədim həmin sarı yarpağı. Həmin an hardansa yadıma xeyli vaxt bundan öncə oxuduğum bir misra düşdü.
Küləyin üzümə çırpdığı
sarı yarpaq
bir gilə göz yaşı kimi
ayağıma düşdü.

Bu misra mənə kirpiyin ucundakı sonuncu damlanı həmin o sonuncu yarpaqla eyniləşdirmək imkanı verdi. Mən də həmin imkanı bir vaxtlar oxuduğum və indi də yaddaşımda işıq kimi közərən məşhur "son yarpaq" hekayəsi ilə eyniləşdirdim. Və Cek Londonun "Son yarpaq"ı mənim yolumun üstündəki ağacın son yarpağını elə bil diriltdi, nəfəs verdi ona... Təbii ki, mənim içimdə... mənim gözümdə... Və dərhal da şeirin ikinci misrası ağlımdan gəlib keçdi.

Elə bil kimsəsiz körpə
Üstümə yürüdü
Məndən imdad dilədi.

Doğurdan da son yarpaq son ümidə necə də oxşayır. Bunu bilmək, bunu dərk etmək üçün duyğusal olmağa ehtiyac yoxdu. Sadəcə, ümidin nə demək olduğunu, ümidin insana nə verdiyini bilmək kifayətdi. Yəni bir damla təsəlliyə çevrildiyi kimi, bir ümid də bir ömrün işığına, yaşamına çevrilə bilir. Bunu həyat zaman-zaman sübut edib. Tanıdığım, bildiyim insanların ömürlüyündə mən belə məqamlara çox rast gəlmişəm. Ona görə də həmin o yolumun üstündəki ağacın son yarpağını dəli kimi, bir az da fərqli desəm, yaşıma yaraşmayan uşaq dəcəlliyi ilə silkələməyim çox böyük günah oldu. Bəlkə də o yarpaq elə mənim yaşadığım məhəllədə, mənim tanıdığım adamların arasında kiminsə son ümididi. Niyə mən bunu öncə duymadım, fərqinə varmadım?..
Yaxşı ki, yaddaş deyilən bir şey var və yaxşı ki, həmin o yaddaşda nə vaxtsa oxuduğum "Tənha sarı yarpaq" şeiri ilişib qalıbmış. Məhz həmin o şeirdə təqdim olunan tənha sarı yarpaq mənim yaxamdan tutub silkələdi və özünə qayıt dedi!..
Qayıtdım özümə. Anladım ki, həmin o tənha sarı yarpaq:

Baharda ümid kimi
göyərəcək,
əsir torpaqların azadlıq
müjdəsini gətirəcək.

Hə, söz o vaxt adamın içini tərpədir, həmin o ağacın budaqları kimi silkələyir ki, o, ruha hökm edə bilir, ruha işləyə bilir, ruha hakim kəsilir. Bax, mən yaşadığım məhəllənin yolu üstündəki küləyin də, dəcəl uşaqların da, sürətlə ötüb keçən maşınların hava axınının da şillələdiyi bir ağacın üstündəki son sarı yarpağı görəndə sizə söylədiyim, daha doğrusu, üzərində kökləndiyim "Tənha sarı yarpaq" şeirinin mənə nələr pıçıldadığını yazıya köçürməyə məcbur oldum. Daha doğrusu, həmin yarpaq məni məhkum etdi - ona baş əyməyə, onu ümid saymağa, onu yaşamağa.

P.S. Dəyərli oxucum, əgər sən də hardasa təklənsən, hardasa əlin ətəkdən üzülsə, özünü kimsəsiz saysan və nəhayət, payızla qışın vuruşduğu nöqtədə tənha sarı yarpağa rast gəlsən, onda Sona Vəliyevanın "Tənha sarı yarpaq" şeirini oxu. O, sənə ümid verəcək, o, səni əsirlikdə olan torpaqlarımızın qayıdacağına, Şuşanı mütləq ziyarət edəcəyinə inandıracaq. Mütləq inandıracaq!!!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK