SON DƏQİQƏ:

ÖLüMüN ALNINA ADINI YAZDIN...

  23737   |  
Şriftin ölçüsü  
Bu yazını yazmaq mənim üçün çox çətindi. İnanın ki, yas mərasimində həmsöhbət olduğum adamlar, eşitdiyim bir-birindən maraqlı fikirlər, adamın içini alt-üst edən ifadələr mənim bütün varlığımı elə bürüyürdü ki, harda olduğumu və cavan bir oğlan barəsində eşitdiklərimi qavraya bilmirdim. Ağlıma da sığışdıra bilmirdim ki, ilin-günün bu vaxtında, günün günorta çağı insan terrorun qurbanı ola bilər. İnsan insana qarşı ən amansız və ən sonuncu tədbirə əl atar. Bunu düşündükcə də kimin insan, kimin şeytan olduğunu da dərk etmək son dərəcə çətinləşirdi. Çünki görünən, ortada olan fakt, reallıq adamı divara söykəyirdi. Söykəndiyim bu divar o qədər keçilməz, o qədər sərtdir ki, aşılmaz qaya təsiri bağışlayır: çılpaq və sərt qaya.
   
   Azərbaycanda törədilən terror hadisələri ilə bağlı insanlarda müəyyən təsəvvürlər var. Doğrudur, bu terrorların böyük əksəriyyəti işğalçı dövlətin xüsusi xidmət orqanları tərəfindən zaman-zaman bu və ya digər bölgədə, o cümlədən paytaxtda törədilib, dinc insanlar şəhid olub. Bu şəhid qanları bizləri sındırmayıb, qorxutmayıb, əksinə daha da birləşdirib, daha da bir-birimizə güvəncli yaşamağa, yaratmağa həvəsləndirib. Digər tərəfdən həmin o terrorçulara qarşı adi vətəndaşlarla yanaşı, müvafiq dövlət qurumlarının da fəaliyyəti gücləndirilib, müasirləşdirilib. Nəticədə biz aldığımız zərbədən bir növü dərs alaraq daha mübariz, daha mətin, daha peşəkar olmuşuq. Bu, həyatın gerçəkliyidir.
   
   Azərbaycanın müstəqilliyinin düşməni olan kifayət qədər qüvvələr var. Bu qüvvələr güdükdə, marıxda elə yatıblar ki, fürsəti əldən vermək ağıllarına belə gəlmir. Hər andan yararlanır, hər zəif nöqtədən bəhrələnməyə çalışır. Özü də bizi ən çox ağrıdan odur ki, həmin o düşmən güclər bəzən özümüzdən, evimizin içindəki zəif nöqtələrdən, düşüncəsi, dərrakəsi, dünya görüşü pərakəndə olan insanlarımızdan yararlanırlar. Onların əlində alətə çevrilən sapı bizlərdən olanlar öz evimizin, öz metromuzun, öz avtomobilimizin, nəhayət özümüzün altına rahatca bomba qoyur və partladır. Bu da bir gerçəklikdir. Çünki faktlar həmişə baş verən terrorlarda daxili "yardımçının" olduğunu üzə çıxarıb.
   
   Son günlərin ən dramatik hadisələrindən biri Azərbaycanın güc strukturlarının, xüsusilə Milli Təhlükəsizlik Nazirliyinin ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatlardı. Bunların içərisində ən çox diqqəti çəkən Gəncədə MTN-nin "Qartal" xüsusi təyinatlı dəstəsinin yüksək peşəkarlıqla həyata keçirdiyi təxribat-pozuculuq və antiterror əməliyyatıdır. Artıq bu əməliyyatla bağlı rəsmi açıqlamalar da olmuşdu. Həmin rəsmi açıqlamada bildirilir ki, qara xəbər verildiyi kimi, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdırılan silahlı qrup Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" Xüsusi Təyinatlı dəstəsi tərəfindən xüsusi peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmişdi". (AzərTAc)
   
   Bəli, AzərTAc-ın aprel ayının 10-da yaydığı rəsmi məlumatdan götürdüyümüz bu ixtibas bizi baş verənlərlə daha yaxından maraqlanmaq üçün bir neçə gün öncəyə yönəldir, daha dəqiq desək, aprel ayının 6-na. Həmin gün Azərbaycan öz adi həyatını yaşayır. Azərbaycanın içərisində nələr baş verdiyini yalnız aidiyyəti qurumlar bilirdi. Heç kim ağlına da gətirmirdi ki, həmin gün Azərbaycanın tarixində, xüsusilə Milli Təhlükəsizlik Nazirliyinin tarixində önməli bir fədakarlıqla xatırlanacaq, yazılacaq, qalacaq. Hətta Azərbaycanın bir parçası olan qədim Gəncə də daxilində nələr baş verdiyini, onu nələrin gözlədiyini hiss etmirdi. Heç hiss etmək də mümkün deyildi. Çünk hadisələr anbaan izlənir, nəzarətdə saxlanır və insanlar da sakitcə öz həyatlarını davam etdirirdilər. Gəncədə adi günlərdən biri idi. Bu adi gün cəmi bir neçə saatdan sonra tarixə çevriləcək idi, elə çevrildi də.
   
   ...Bakıda Yeni Günəşli qəsəbəsində sükutun güc gələ bilmədiyi, ağrı-acının əyməyə gücü çatmadığı bir yas mərasimində əyləşib ətrafdakı söhbətləri dinləyir, mənzərəni, xüsusilə mərhumun doğmalarının, dostlarının hərəkətlərini, sifət cizgilərini, gözlərinin lap dərinliyindəki işıq qarışıq kədəri yaddaşıma, duyğularıma köçürürəm. Onlardan xəbərsiz onların duyğularını bir növu oğrulayıram, özümünküləşdirirəm. Bu anları yaşamaq həqiqətən çətindi. Çünki yas mərasiminin yuxarı başında qara haşiyədə gəlib-gedənləri seyr edən və hər kəsə də sanki bir təbəssüm bağışlayan mərhumun şəklinə baxmaq o qədər də asan deyil. Mən elə hiss edirdim ki, divardakı şəklin sahibi özü gəlib-gedənlərdən başsağlığını qəbul edir, özü onları yola salır. Sanki bu insan canlıdı. O qədər canlıdı ki, hətta mən onun dilindən böyük şairimiz Məmməd Arazın mənə tanış misralarını eşidirəm:
   
   
   
   Dindirmisən
   
   könül bağı xəzandır,
   
   Bülbül küsən bağ
   
   nəyimə gərəkdir?
   
   De bir can ki,
   
   can almaya sevgidən,
   
   Min il qala sağ -
   
   nəyimə gərəkdi?..
   
   
   
   Bilmirəm, niyə qulaqlarımda səsləndi bu misralar. Bəlkə bizim, ətrafın bu ölümə, bu baş verənlərə biganəliyindənmi və yaxud onun halal haqqına etinasızlığımızdanmı? Yoxsa, bu dünyada bir çox normaların, qayda-qanunların, yanaşmaların dolaşıq düşməsindənmi? Axı biz bu qədər laqeyd, bu qədər soyuqqanlı ola bilmərik. Bəlkə elə bu qədər laqeyd və soyuqqanlı olduğumuza görə, mərasimə gələnlərə təbəssüm bağışlayan Elşad o təbəssümlə bizlərə həm də "qayıdın!", "özünüz özünüzə dönün!", "özünüz özünüzə baxın və sonra özünüzdən də ətrafınızda baş verənlərə açıq gözlə, açıq fikirlə baxın, qiymət verin!".
   
   Yanımda əyləşən tanımadığım mərasim iştirakçısı mənim hər tərəfə, necə deyərlər, çay paylayanlara da maraqla diqqət yetirdiyimi görüb yavaşca pıçıldadı:
   
   - Qardaş, sən də rəhmətlik Elşadın dostlarındansan?
   
   Sual qəflətən gəldi. Bir anlıq duruxdum və bilmədim nə deyim. Tez də özümü ələ aldım:
   
   - Hə, bir elin, obanın adamlarıyıq.
   
    Cavabım bir az mücərrəd idi. Hiss etdim ki, sual verən bilmədi ki, mən mərhumun eloğlusuyam, yoxsa dostu. Mənə də elə bu lazım idi. İstəmirdim ki, jurnalist olduğumu bilib quru, bər-bəzəkli fikirlərin dinləyicisinə çevrilim. Adətən jurnalistlərlə söhbət eləyəndə əksəriyyətimiz çalışırıq ki, standart, şablon danışaq. Elə edək ki, dilimiz başımızın bəlasına çevrilməsin.
   
   Deyəsən istəyim alınmışdı. Yanımda əyləşib mənə müraciət edən mərasim iştirakçısı mücərrəd cavabımdan istifadə edib daha bir sual verdi (burda yadıma düşdü ki, əslində sualları mən verməliyəm- Ə.M.)
   
   - Zəngilanın hansı tərəfindənsiniz?
   
   Mən işğal olunmuş bütün ərazilərimizi qarış-qarış gəzib dolaşmışam. Zəngilanın sovet dönəminin də, işğal günlərinin də şahidiyəm. Ən ucqar kəndlərindən tutmuş rayon mərkəzinə qədər neçə-neçə evdə çörək kəsmişəm. Yəni bu el-obaya çox yaxın bağlılığım var. Odur ki:
   
   - Xocavənddə, keçmiş Hadrud rayonunun Tuğ kəndində doğulmuşam. Amma Zəngilanı öz kəndim kimi tanıyıram. Qohumlarım, dostlarım var zəngilanlılar arasında. Niyə soruşursunuz?
   
   - Rəhmətlik Elşadın atası Vəli həkim Zəngilanda ən sayılıb-seçilən insanlardan biri olub, elə bu gün də elədir. Həyat yoldaşı Kəsirə xanım da zəngilanlıların sevimlisi olub. Onlar Tibb Universitetini bitirəndən sonra Vəli həkim özü ilə birlikdə Zəngilana təkcə ömür-gün yoldaşı yox, həm də həkim-ginekoloq gətirmişdi. O neçə evə övlad bağışlayıb, neçə ana-bacımızı ölümün pəncəsindən alıbdı. Vəli həkim cərrah olsa da, üstünə gələn, gecənin istənilən vaxtı qapısını döyən heç bir xəstəni bu evdən ümidsiz geri qaytarmayıb. Çox ziyalı ailədilər. İndi də zəngilanlılar onların başına and içir. Allah bu sevgini, bu səmimiyyəti layiqincə qiymətləndirmişdi, üç övlad vermişdi onlara. Üçü də bir-birindən savadlı, tərbiyəli və üçü də ailəsinə, ocağına layiqli övlad! Amma Elşad böyük qardaşı Elnurdan və bacısı Afətdən bir az öndə idi, bir az fərqli idi...
   
   Həmsöhbətim bir anlıq duruxdu, xəyala daldı. Mən hiss etdim ki, o, bu ailəni yaxşı tanıyır. Axtardığımı tapmış adam kimi indi də mən ona sual verməyə başladım.
   
   - Deyəsən, Vəli həkimin ailəsini yaxşı tanıyırsınız?
   
   - Bəli, mən Elşadla həm bir sinifdə, həm də institutda birlikdə oxumuşam. Bir yerdə böyümüşük. Adım da Mehmandı.
   
   - Elşadın məktəb illərini, uşaqlığını, institut dövrünü necə xatırlayırsınız?
   
   - Müəllim, doğrusu indi də fikirləşirəm ki, Allah həmişə hər şeyin yaxşısını özünün ən çox sevdiyinə verir. Çünki ən çox sevdiyini də özü üçün götürür. Bax, rəhmətlik Elşad da son dərəcə təmkinli, hər şeyin yerini bilən, böyük-kiçik hörmətini saxlayan, torpağını, xüsusilə türkçülüyü canı qədər sevən bir oğlan idi. Oturub-durub dediyi sözlərin ən birincisi "biz niyə turk qardaşlarımız kimi Vətən sağ olsun, deyə bilmirik" sözü idi. Elə bil o bu vətən üçün doğulduğunu, bu vətən üçün şəhid olacağını hiss eləmişdi. İdmana xüsusi marağı var idi. Boş vaxtlarında idmanla məşğul olurdu. Müəllimlərin hansısa birinin ona irad tutduğunu nə görmüşəm, nə də eşitmişəm. Bu oğlan o qədər intizamlı idi ki, bəzən danışanda da üz-gözündən tökülən həya hissi yanındakılara təsir edirdi. Günahkarlar öz-özlərindən xəcalət çəkirdilər. İnstitutda oxuduğumuz illər ərzində ictimai fəallığı hamının diqqətini çəkmişdi. Müəllimlərimiz onu yaman çox istəyirdi. Onun mərasiminin əvvəlki günlərində burda olsaydınız, müəllimlərinin, tələbə yoldaşlarının necə kədərləndiklərini özünüz görərdiniz. Heç kim, o cümlədən mən də hələ inanmıram ki, Elşad şəhid olub. Şəklinə baxıram, sanki mənimlə danışır.
   
   - Ümumiyyətlə, siz yaxın olduğunuz üçün soruşuram, görüşəndə nədən danışırdınız?
   
   - Doğrusu, mən Elşadla həm də qohumam. Onun övladlarının kirvəsiyəm. Vicdanıma and olsun ki, Elşad bir dəfə də olsun işi barəsində kəlmə də kəsməzdi. Televizordan, qəzetlərdən hansısa bir əməliyyat barəsində məlumat alanda soruşurdum ki, Elşad sən də orada olmusan? Deyirdi ki, qardaş, gəl özümüzdən, uşaqlardan danışaq. Heç vaxt onun harda işlədiyini, hansı işlə məşğul olduğunu heç kim nə bilməyib, nə də o bildirməyibdi. Çox savadlı idi. Ədəbiyyatdan, tarixdən, musiqidən saatlarla söhbət edirdi. Baxdığı hansısa bir filmi, tamaşını bizimlə rahatca müzakirə edir,münasibətimizi öyrənir, sonra da özü öz münasibətini açıqlayırdı. Bizim evə gələndə və yaxud biz onlara gedəndə elə bil ki, bir ədəbi-bədii məclisə gedirdin, bu dünyanı unudurdun. Söhbətlər, müzakirələr, hamısı da torpaqdan, vətəndən, Zəngilandan, tələbə yoldaşlarımızdan, bir də ailəmizdən, şəxsi həyatımızdan. Nə qədər çalışdım bir dəfə də onun dilindən işi ilə bağlı bir kəlmə ala bilmədim. Bu baxımdan çox qapalı idi. Onu ilk görən fikirləşərdi ki, bu qaraqabaq, ünsiyyətdən qaçan adamla bir yerdə olmaq, yoldaşlıq etmək yəqin ki, çox cansıxıcıdı. Amma o adamın qəlbini elə rahatca ələ alırdı ki, sən bu dünyanı unudurdun. Bütün fikirlərini rahatca açıb tökürdün ortalığa. Uşaqlarını, ailəsini yaman çox sevirdi. Amma mən müşahidə eləmişdim ki, o hər bir uğurundan sonra öncə evinə yox, atasının, anasının yanına tələsir. Gəlib onlara hesabat verir, onları sevindirir, sonra xanımının, oğlanlarının yanına qayıdırdı. Qəribə əxlaq idi, qəribə tərbiyə idi ondakı. İki oğul atası, ailə sahibi, necə deyərlər, MTN-nin polkovnik-leytenantı və son dərəcə sadə bir oğul.
   
   ...Həmsöhbətim kövrəlir. Onun gözünün necə buludlandığını aydınca görürəm. Hiss edirəm ki, əlavə suallarla onu ağlada bilərəm. Odur ki, əlimi qarşımdakı çaya tərəf uzadıram. O da belə edir. Deyəsən söhbətimiz artıq məclisdəkilərin də diqqətini çəkir. Çünki mənimlə üzbəüz əyləşən oğlan da sakit bir şəkildə söhbətə başlayır:
   
   (ardı var)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK