SON DƏQİQƏ:

DOST GEDİB…

  51824   |  
Şriftin ölçüsü  

Bu yazını yazmaq ölüb dirilməkdən betərdi, bəlkə də dirilməməkdi

Heç inana bilmirəm. Mənə elə gəlir ki, Mirzə mənimlə zarafat edir. Çünki onun kimi insan, onun kimi kişi, ən əsası isə onun kimi dost bu addımı ata bilməz… bizi tək qoyub gedə bilməz… bizdən ayırla bilməz və nəhayət telefonunu söndürə bilməzdi. Mən inanmıram. Bilirəm ki, onu tanıyanlar, onunla dost olanlar, onunla çörək kəsənlər, ona güvənənlər də inanmır. Çünki, o, mənim gözümdə, mənim ürəybmdə hamıdan, hər kəsdən, hətta ölümdən də güclü idi. Çünki Allah ona boy-buxun da vermişdi... Boy-buxununa görə ürək də vermişdi… Ürəyinə görə ruzi-bərəkət də, çörək də vermişdi… Və ən vacibi Allah Rafiqə böyük hərflərlə yazılan, hardan baxsan görünən İNSANlıq və KİŞİlik də vermişdi!..

Mən onu belə tanımışdım. Tanışlığımızın yaşı özümüzdən çox-çox böyükdü. İndi etiraf edirəm, indi yazıram. Çünki dəfələrlə haqqında nə isə yazmaq istəmişəm, imkan verməyib. Hər dəfə deyib ki, qağa, darıxma, qoy təqaüdə çıxaq, ondan sonra yazarsan. Mən də namərdcəsinə ona qulaq asmışam, onu dinləmişəm, yazmamışam. Amma indi yazıram. Çünki indi yazmaya bilmərəm. Yazmasam, onda ikiqat namərd olaram. Heç olmasa indi yazım ki, hələ soyumayan bədəni, hələ torpaqla dil tapmayan cismi duysun bunu, eşitsin nə yazdıqlarımı, ruhu çatdırsın xəbəri ona. Bilsin ki, Dilavərin oğlunun toyunda çəkdirdiyimiz şəklimiz də var bu yazının içərisində.

Onunla ancaq məclislərdə, özü də hərdənbir şəkil çəkdirərdik. Heç xoşlamazdı şəkil çəkdirməyi. Düzünə qalsa, mənim də şəkil çəkdirməkdən xoşum gəlmir. Rəhmətlik Vahid Əlifoğlu da şəkil çəkdirməzdi heç vaxt. Günlərin birində Vahid Əlifoğlu mənim Rafiqlə dost olduğumu bilib gülə-gülə dedi ki, qağa, deyəsən sən adam sərrafısan…

Sonralar bu sözü Rafiq də dedi. Özü də Vahidlə necə qardaş olduğumu biləndən sonra. O da dedi ki, Vahid kişi adamdı, əsl dostdu. Sevindim dostluğumuza…

Bəli, qəribəliyi görürsünüz?! İndi o dostların hər ikisi bir yerdədi… Hər ikisi Füzuli torpağında, üstündə yeridikləri, havasını, suyunu canlarına hopdurduqları torpaqda. Mən isə Bakıda. Onları düşünə-düşünə bu sətirləri yazıram və ətrafıma baxıram. Yaman vər düşüb ətrafıma. Seyrəlir dostlar, təklənirəm, yaman təklənirəm. Amma onlar orda dəstəni böyüdürlər, sıranı artırırlar. Ruhları şad olsun! Onsuz da mən hər gün onların yanındayam. Elə onlar da mənim yanımdadı. Axı, dünyasını dəyişən insan heç vaxt bu dünyaya bir yolluq əlvida demir. Doğmalarının, sevdiklərinin, sevənlərinin ürəyinə köçür, yaddaşlarında yaşayır. Deməli, o ürəklər nə qədər döyünürsə, o da həmin insanlarla birlikdə olur. Yəni dünyasını dəyişən dostlarım kimi…

İndi Füzuliyə gedirəm, daha doğrusu, Mollaməhərrəmli kəndinə. Adətimdi, həmişə şəhərdən çıxanda Beyləqandakı, Xocavənddəki, Füzulidəki dostlarıma zəng vururam. Gəldiyimi xəbər verirəm, yolda olduğumu deyirəm. Onlar da yol boyu tez-tez mənimlə əlaqə saxlayırlar. Hansı məsafədə, hansı kəndin yanında, hansı rayonda olduğumu öyrənirlər. Ta onlara gedib çatana kimi telefon susmur. Rafiq də onlar kimi. Nömrəsini yığıram. Həmişə günündən, saatından, ovqatından asılı olmayaraq, eyni səs tonuyla, eyni səmimiyyətlə, eyni təmkinlə cavab verir:

- Hə, qağa, eşidirəm.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən bugünə qədər mən Rafiqlə bir səmimiyyətdə danışmışam, bir səmimiyyətdə hal-xoş etmişəm. Amma onu ikimizin də dostu olan Dilavər, Xaləddin daha da şirinləşdirmişdi. Adəti idi, telefonla danışanda və yaxud bir yerdə olanda heç vaxt Dilavərin adını deməzdi, ona Əliyev deyə müraciət edərdi. Bir də görərdin ki, günün hansısa bir çağında Rafiq mənə zəng vurur. Telefonu açıram:

- Qağa, Əliyevlə parkda oturmuşuq. Dincəlirik, dostlardan, səndən danışırıq…

Bəli, son dərəcə adi insanlıq kriteriyalarından da yüksəkdə dayanırdı Rafiq. Qəribə təsadüf də var idi həyatımızda. O da Rafiqin, Vidadinin və mənim Biləcəri ərazisində məskunlaşmağımız idi. Bu səbəbdən də Dilavər bizə zarafatla «Biləcəri uşaqları» deyirdi. Həmişə bir yerdə olan, həmişə bir-birini axtaran bizlər, indi seyrələn sıramıza baxıb köks ötürürük. Amma şəxsən mənim və mənim ailəmin yaddaşında Rafiqin özəl yeri silinməz qaldı. Çünki o, dost kimi, qardaş kimi mənim ailəmin həm də maddi cəhətdən qəyyumçusu idi. Şəhərə yolu düşəndə və yaxud mən rayona gedəndə mütləq uşaqların payını ayrıca hazırladardı. Hər dəfə də deyərdi ki, qağa, əmi payıdı. Kənd yerində bilirsən də qatıq, süd, şor, pendir, meyvə tapılan şeylərdi. Amma siz bunların hamısına şəhərdə pul verirsiniz. Apar, qoy uşaqlar nuş eləsin. Bir də hər dəfə mənə adını xüsusi vurğuladığı oğlumu tapşırardı, onun halını soruşardı. Nədənsə ürəyinə yatmışdı oğlum…

Bəli, dünyanın fani olduğunu deyənlər kifayət qədər çoxdu. Amma mən bu dünyanın faniliyindən daha çox onun cismani yaşam üçün dar olduğuna daha çox inanıram. Elə bil bu dünya o qədər darısqaldı ki, adamların sıxlığı onu partlatmasın deyə Əzrayıl bir ucdan seyrəldir. Mən bu seyrəlmənin əleyhinə deyiləm, onu başa düşürəm. Amma yaxşıların sıradan tez çıxmasını qəbul edə bilmirəm. Yaramazlar, namərdlər, başqasının haqqını yeyənlər, bir sözlə, insan donlu iblislər elə rahat, elə çox yaşarlar ki… Nə bilim… Tanrıya asi olmasam da, amma bu mənə bir az haqsızlıq kimi görünür. Doğrudur, deyirlər ki, hər şeyin yaxşısını az yemək, az görmək, daha mənalı, daha gözəldi. Lakin bütün bu deyilənlər cismin torpağa çatdığı ana qədər bəlkə də doğrudu… bəlkə də razılaşmaq olar. Amma səni tərk edib gedəni bir də görməyəcəyin, bir də əlini sıxmayacağın, bir də səsini eşitməyəcəyin barədə düşünəndə onda bu deyilənlərlə razılaşmırsan. Könlündən bir dəli hönkürtü keçir. Bağırmaq, hıçqırmaq istəyirsən:

- Dayan! Geri dön!

Yox, o dayanmır, o geri dönmür, o gedir. Əbədi ünvana, daha etibarlı dostların yanına. Və mən onun arxasınca baxa-baxa tanıdığım gündən bu günə qədər olan münasibətimizin, təmasımızın hər anını ürəyimdən, gözlərimdən keçirirəm. Ailəmlə evində kəsdiyim çörəyə qədər… Həyətinin meyvəsinin dadına baxdığım ana qədər. Bax, onda bu misraları pıçıldamaqdan özümü saxlaya bilmirəm.

İnanmıram mən hələ

Gözüm, könlüm ağlayır…

Mən bilmirdim ki, belə-

Dərd də yeri dağlayır…

Bir ox bənddi bir yaya

Həsrət qalıb gün aya…

Göz yumduğun dünyaya-

Bizi ruhun bağlayır!..

Dözür insan hər dərdə

Yerin görünür vərdə…

Səni biz olan yerdə –

Xatirələr saxlayır!...

Hə, Rafiq. İndi qoşa şəklimizə baxıram və gözlərinin nə dediyini öncə içimdə, sonra dilimdə təkrar edirəm. Gözlərin deyir ki, yol qısalır, mənzilbaşı görünür…

Doğurdan da indi mən sənin mərasiminə tələsirəm. Özü də ən çox sevdiyim mərhum İslam Rzayevin özünəməxsus şəkildə oxuduğu o məşhur və düşündürücü nəğmənin təsiri altında:

Dost gedib özümə gələ bilmirəm…

Hə, gələcəm, dostum, yanına gələcəm. Biz yenə bir yerə yığışacağıq, yarımçıq söhbətlərimizi davam etdirmək üçün.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK