adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 13:38
102
DÜNYA
A- A+

“Ukrayna hərbi rəhbərliyinin başqa çıxış yolu qalmadığına görə...”

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov milyonlarla ukraynalının ölkədə aparılan səfərbərlikdən yayındığını bildirib. O, deyib ki, əgər belə davam edərsə, cəbhə çökəcək. 

Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, hazırda Rusiya-Ukrayna cəbhəsində hər iki tərəfdən insan itkilərinin sayı milyonlarla ifadə olunur.

Onun sözlərinə görə, bu qədər itki qarşılığında təbii ki, Ukrayna tərəfi öz ərazilərinin müdafiəsini təmin etmək üçün çox sayda şəxsi heyəti orduya cəlb etməlidir:

“Nəzərə alsaq ki, müharibə beşinci ildir davam edir və könüllü olaraq Ukrayda ordusunda xidmət edən heyətin əksəriyyəti artıq xidmət edir. Lakin bu heyətin sayı Ukrayna ilə Rusiyanın min kilometrdən uzun olan bir cəbhə xəttini şəxsi heyətlə təmin etmək üçün kifayət deyil. Buna görə də Ukrayna müharibədən yayınanları orduya cəlb etmək üçün müxtəlif yollara əl atır. Biz daha əvvəl bənzər prosesləri Rusiyada da izləmişdik. Çünki bu beş il ərzində Ukrayna tərəfi əhalinin ideoloji və mənəvi-psixoloji hazırlığını istənilən səviyyəyə gətirib çıxara bilmədi”. 

Ə.Verdiyev deyib ki, normalda Ukrayna bu müharibədə haqlı tərəfdir və onun əhalisinin könüllü olaraq orduya cəlb olunması daha doğru olardı:

“Lakin bəzən biz ordudan yayınanların məcburan çağırış məntəqələrinə gətirilməsinin də şahidi oluruq. Hesab edirəm ki, bu məcburi atılan addımdır və Ukrayna hərbi rəhbərliyinin başqa çıxış yolu qalmadığına görə insanları zorla orduya gətirmək məcburiyyətində qalıblar”. 

Hərbi ekspert bildirib ki, səfərbərlik və orduda xidmət etmək, vətən torpağının azadlığı uğrunda döyüşmək üçün canından keçməyə hazır olan Azərbaycan vətəndaşları bu gün bütün dünya üçün bir nümunədirlər:

“Xalqımızın qəhrəmanlığı, vətən, torpaq sevgisi, əsgərimizin hər an Ali Baş Komandanın əmri ilə istənilən vəzifələri yerinə yetirməyə hazır olması, Azərbaycan ilə Ermənistan arasında mövcud olan və otuz ildən artıq davam edən bir münaqişənin cəmisi 44 günə yekunlaşması ilə nəticələndi. Azərbaycan xalqı, əsgəri, Müzəffər Ali Baş Komandanı bütün dünyaya bir nümunədir”.  

Vasif ƏLİHÜSEYN