SON DƏQİQƏ:

ALMA ƏLİMDƏN QƏLƏMİMİ...

  24100   |  
Şriftin ölçüsü  
"...Düşüncələrimizi və hisslərimizi sözlərə etibar edən kimi hər şeyin nizamı pozulur. Dil, lənət olsun ki, bunları idarə etmək üçün yaxşı vasitədir, mən ondan istifadə edirəm, çünki məcburam. Amma onlara əsla etibar etmirəm, bir-birimizi anlaya bilmirik..."
Marsel Duçampın bu sözlərini ilk dəfə oxuyanda heyrətdən donub qalmışdım. Fikirlər heyrətamiz dərəcədə həqiqət idi və eynən buna bənzər hissləri özüm də dönə-dönə yaşamışdım. Məsələ burasındadı ki, mən düşündüklərimdən pis yazıram. Özü də qat-qat pis yazıram. Bəzən bundan məyus da oluram. "Düşünmədən yazmaq mümkün olsaydı, sən, yəqin ki, dünyanın bir nömrəli yazıçısı olardın" deyə özümü lağa da qoyuram. Yazmağa başlayanda elə bil ki, beynimdən qələmin ucunadək olan yolda sözləri sıxıb şirəsini, dadını-duzunu çıxarır, bir yığın bəsit, cılız, quru cümlələri vərəqlərin üstünə tökürlər. Yazıb qurtarandan sonra qəribə peşimançılıq bürüyür məni. "Hər əsərim mənim məğlubiyyətimdi" deyən yazıçının nə qədər haqlı olduğunu bir daha düşünürəm. Fikirlər cümlələrdən, sözlərdən daha canlıymış, sən demə. Nə qədər canımızdadılar, bizi canlandıran, ruhlandıran da onlarmış. Vərəqlərə töküldümü ruhumuz, canımız da onlarla birlikdə bədənimizdən çıxırmış. Bu yaxşıdımı, pisdimi, ayırd eləməkdə çətinlik çəkirəm...
Hər yazıdan sonra, mən neynirəm, deyə düşünürəm, yəni bunları kimsə oxuyacaq?! Bəlkə heç yazmayım?! Ümumiyyətlə, yazmaq lazımdırmı?! Lazımdırsa, kimlərə lazımdı? Sözə ehtiyacı olan varmı? Varsa, bəs niyə səsləri çıxmır?!
Sözlər də insana bənzəyir. Onlar da yerində və vaxtında deyiləndə əsl dəyərini, sanbalını göstərir. Yoxsa... nə qədər bəzəsən də, ənlik-kirşanla yapışıqsızlığını ört-basdır eləmək istəyən qadına bənzəyir cümlələr. Göz qamaşdırsa da, işığı tez öləziyir, göz mənzili qədər ömrü olur, yaddaşlarda izi-tozu qalmır.

***
"Solomon dedi: Yer üzündə heç nə yeni deyil". Platon isə onun fikrini tamamladı: "Yeni olan hər şey sadəcə bir xatirədir".
Ona görə də yeni sayılan hər şeyin yaxşı unudulmuş köhnə olması haqqında müdrik fikir Solomona məxsusdur". Frensis Bekonun "Təcrübələr" əsərindən hardasa rastladığım bu parçanı dəftərə köçürməyimin səbəbi müəllifin əminliklə yazmasıdı. Sanki Solomonla Platonun söhbətini görüb, eşidibmiş kimi yazır...
Qibtə eləyirəm özünə əmin olan müəlliflərə. Həm də yeni söz, fikir dediyinə inanan və inandıran qələm sahiblərinə...
Deyir, ayının minbir oyunu var, hamısı bir armudun başında. Əlinə qələm alan, başını kağız üzərinə əyən hər kəsin bir arzusu olur: "Keşkə, yadda qalan, ürəkləri dindirən, duyğuları oxşayan bir söz deyə bilsəydim. Həm də təptəzə, indiyəcən gözlərin oxumadığı, qulaqların eşitmədiyi bir söz..."
Amma mümkündümü?! Min illərdi təzə fikir, təzə söz axtarır yazan da, oxuyan da. Söz həmişə köhnədi. Deyilib, təkrarlanıb, çeynənib. Hörmətli adamın ağzından çıxanda adi söz də qızıldan qiymətli sayılıb. Nadanlar, ağılsızlarsa ən dəyərli sözləri, fikirləri belə hörmətdən salıblar, şikəst ediblər, öldürüblər. Sözlər sahibləriynən bir yerdə cəzalandırılıblar-dustaq olunublar, çarmıxa çəkiliblər, qadağan ediliblər, torpağa basdırılıblar. Amma bitib-tükənməyiblər-artıblar, çoxalıblar, qol-budaq atıblar. Bəzən də üzə çıxmaq, eşidilmək, oxunmaqçın illərlə, əsrlərlə gözləyiblər...
Sahiblərindən çox yaşayıblar sözlər...
Əslində ölməzlik təkcə sözlərə məxsusdu...
Amma ürəyimizdə ölən sözlər də çoxdu...
İşığa çıxmayan, deyilməyən, eşidilməyən sözlər...
Bundan ağır dərd yoxdu...
Sözlər də arzular kimidi-ürəkdə qaldıqca qubar bağlayır. Başını dərin quyuya salıb hayqırmaq da adama zövq vermir. Ürəyin soyumayacaq çünki... Söz qulaqlara çatmalıdı, beyinlərə işləməlidi, ürəkləri titrətməlidi...

***
İki gündən sonra peşə bayramımızdı. İnanmıram ki, bu günlərdə duyğulanmayan, özüynən, yazdıqları və yazacaqlarıynan haq-hesab çəkməyən qələm sahibi olsun. Mənimsə yadıma hər dəfə bir şeir parçası düşür. Təxminən on il bundan qabaq "Azərbaycan" jurnalında Yuri Kuznetsovun Məmməd İsmayılın tərcüməsində verilmiş şeirindən bir misra...

Sözün arxasınca hiss edilmədən,
Ömür ötüb keçdi, bütöv bir ömür...

Olsun...
Onsuz da ömrümüzün sahibi özümüz deyilik. Onu kim(lər)əsə, nə(lər)əsə qurban veririk. Ya istəyərək, ya da istəməyərək...
Bir ömür(lər) də Sözə qurban getsin...
Yaxşı ki, içimizdə bir lovğalıq, təkəbbür var: biz sözsüz, söz də bizsiz mövcud ola bilməz...
Və... Sözlərin içində mənə məxsus olanı varsa, ona sahib çıxmalıyam...

***
Bu yazı necə alındı, bilmirəm. Deyəsən, yenə də düşündüklərimi olduğu kimi çatdıra bilmədim. Qələm adamlarından biri yazıb ki, dediyimiz sözlərin qanadları var, ancaq təəssüf ki, onlar çox zaman bizim istədiyimiz yerlərə uçmurlar...
Təzadlı düşüncələrimə görə məni bədbin, özünə güvənsiz sayma, oxucum. Bütün narahatlığım sənə görədi. Məni özünə həmsöhbət bilməsən, qollarım sustalar, qələmim korşalar... Axı, səni tanımasam da, qəlbimdə həmişə təkcə səninlə dərdləşirəm...
Deməli, qələmimi əlimdən təkcə sən ala bilərsən...
Mənə bu pisliyi edərsənmi?!...

Vəsilə USUBOVA
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK