adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 14:11
1771
SİYASƏT
A- A+

Ərdoğan: "Zəngəzurdan çıxıb İstanbula qədər gedəcəyik"

Oktyabr ayının 26-da Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri uğurla baş tutub.

Ən əsası isə Türkiyə liderinin təyyarəsi ilk dəfə olaraq birbaşa işğaldan azad edilmiş Füzuli rayonunda bir ildən də az müddətə, beynəlxalq standartlara cavab verən yeni inşa edilmiş Füzuli hava limanına enməsidir. "Zəfər Qələbəsi"ndən sonra artıq ikinci dəfə Qarabağa səfər edən Türkiyə Prezidenti Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevlə yeni tikilmiş Füzuli Beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər. Açılış zamanı bildirildi ki, hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağından və Qarabağda həyatın yenidən çiçəklənəcəyindən, ümumilikdə sosial iqtisadi inkişafından xəbər verir.

Daha sonra Zəngilan rayonunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma törəni təşkil olunub. Türkiyə Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb. Zəngilanın Ağalı kəndində inşa edilən "Ağıllı kənd" layihəsinin həyata keçirilməsi ilə tanış olan Türkiyə Prezidenti "Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgənin inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir" - deyə dünyaya mesaj verib. Təməli qoyulan layihələrin, tunellərin, avtomobil yollarının bölgədə görülən işlərin miqyasını göstərmək baxımından çox önəmli olmasını vurğulayan Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, "Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaların işi ən yüksək təqdirəlayiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik". Türkiyə və Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atıldığını bildirən Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün türk dünyası üçün ən önəmli faktorlardan biri olmasını bəyan etdi: "Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasında iş birliyi və qardaşlıq əlaqələri daha da güclənəcək və beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq".

Zəngəzur dəhlizinin açılmasına böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti bildirdi ki, bu dəhliz bütün türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir".

Azərbaycan Respublikasının qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə sürətlə geniş miqyaslı quruculuq-bərpa işlərinə başlaması, bir çox bizi istəməyən ermənipərəst dövlətlərin Azərbaycanın bu uğurlu addımlarına qısqanclıqla yanaşması gözlənilən idi. Bəzi qonşu dövlətlərin bu nailiyyətlərə, xüsusilə Zəngilan dəhlizinin açılmasına maneçilik törətmək çəhdləri uğursuzluğa uğradı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı qətiyyətli siyasəti qarşısında geri addım atmalarına səbəb oldu. Bizim özlərini başbilən hesab etdikləri bəzi müxalifət liderlərinin və xaricdə sorosların vəsaiti ilə bu uğurlara kölgə salmaq istəyən "internet qəhrəmanlarının" cəhdləri də nəticəsiz qalmaqdadır. İşğaldan azad edilmiş Qarabağda üç Beynəlxalq hava limanının inşa edilməsi (qeyd etdiyimiz kimi, Füzuli beynəlxalq hava limanı artıq fəaliyyətə başladı) layihələrinə, guya rentabelli olmayacaq kimi yanaşmaları, ya onların gerizəkalı olmalarından, ya da aldıqları tula payı qarşılığında qarayaxma kompaniyalarından başqa bir şey deyil. Bu gerizəkalılar anlamaq istəmirlər ki, Qarabağda inşa ediləcək üç beynəlxalq hava limanı ölkəmizin təhlükəsizliyi baxımından, sonra isə gələcək perspektivdə həyata keçiriləcək daha böyük layihələrin həyata keçirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Əvvəla, ölkəmizin təhlükəsizliyi heç bir maliyyə vahidi ilə ölçülə bilməz. İkincisi isə gələcəkdə bu limanların dəfələrlə rentabelli olacağı heç bir şübhə doğurmur. Artıq Ermənistanda separatçı qüvvələrlə yanaşı, bəzi siyasi qüvvələr məğlubiyyətləri ilə barışır və bölgədə sülhün alternativi olmadığı faktı ilə razılaşmaqdadır. Ermənistanın başqa çıxış yolu olmadığını bəyan edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha qeyd etdi ki, bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək: “Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qaşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir".

 

Rüstəm Hacıyev