XOCALIYA BÖYÜK SEVGİ İLƏ QAYITDILAR
Xocalılar dünyanın ən dərdli sakinləridirlər, çünki onlar hər cür faciə, hər cür müsibət və hər cür ağır anlar yaşayıblar. Heç kimə sirr deyil ki, tarixin ən böyük faciələrindən biri məhz onların başına gəlib. Belə ki azğın erməni faşistləri 1992-ci ilin qışında uf demədən Xocalı şəhərini, eləcə də yaşayış məntəqələrini ağır artileriyadan, tanklardan atəşə tutdular. Onların belə faşist hərəkətləri nə yerə sığırdı, nə də göyə. Çünki Xocalıda yaşayan bütün insanlar – uşaq, qoca, xəstə adamlar bir gecənin içində evlərindən didərgin düşdülər. Buna tək didərginlik demək olmazdı. Ən azından ona görə ki, həmin insanlar ayaqyalın, başıaçıq canlarını götürüb pay-piyada nicat yolu axtarırdılar. Şaxta adamı qılınc kimi kəsəndə, bir tərəfdən də erməni-rus birləşmələri bu dinc insanları fasiləsiz olaraq gülləbaran etdilər. Canlarını qurtarmaq istəyən insanlar isə ya meşələrə, ya da daldalanacaq bir yerə üz tutdular. Amma bu da onlara çıxış yolu olmadı, çünki qarşıdakı postlarda ermənilər pusqu qurmuşdular. Və Ağdam istiqamətində hərəkət etmək istəyən xocalılılar yenidən dörd tərəfdən atəşə tutuldular. Çoxlu sayda Xocalı sakinləri həlak oldu və çoxlu sayda da insanlar əsir götürüldü, yaralandı. Bir çox insanlar isə həftələrlə soyuq qış axşamında ac-susuz meşələrdə qaldı və onları don vurdu.
Əsrin ən böyük faciəsini, terror aktını və soyqırımını xocalılılar yaşadılar. Hətta onlar amansızcasına qətlə yetiriləndən sonra erməni faşistləri tərəfindən başlarının dərisi soyuldu, gözləri çıxarıldı. Və onlara məftil bağlayıb tankın arxasınca sürüdülər. Dünya müharibələrində heç vaxt belə vəhşilik görünməmişdi, amma o vəhşiliyi ermənilər elədilər. Özü də tək eləmədilər ha, rus hərbçiləri ilə, daha doğrusu, 366-cı alayın əsgərləri ilə birlikdə bu cinayəti və qətliamı törətdilər. Nə qocaya rəhm elədilər, nə uşağa, nə də xəstə adamlara. Azğınlıq və qudurğanlıq o yerə çatmışdı ki, əsir götürülmüş ata-ananın gözü qarşısında onların əsgər oğlunu ağaca məftillə bağlayıb üstünə benzin tökərək yandırdılar.
Bütün bu faciələri, bu soyqırımı xocalılılar yaşadılar. Milli Qəhrəman Çingiz Mustafayev isə bax, həmin o tarixi faciəni lentə alaraq bütün dünyaya yaydı. Ancaq dünya yenə kar, kor və lal idi. Onlar bu faciə, bu terror, bu soyqırım haqqında bir kəlmə belə danışmadılar. Əksinə, ermənilərə bir qədər də havadarlıq elədilər, onların arxasında bir qədər də dayandılar ki, bu vəhşiliklərini davam etdirsinlər. Bütün Azərbaycan «Xocalıya ədalət!» deyə hayqırırdı, amma bu ədaləti heç kimdən görmədik.
İkinci Qarabağ savaşında, yəni 44 günlük müharibədə Azərbaycan öz ərazi bütövlüyünü 90 faiz təmin etdi, qalan hissəsi də 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həll olundu. Bütövlükdə cəmi Qarabağ işğaldan azad olundu və o cümlədən Xocalı geri qaytarıldı. Və qısa zaman kəsiyində Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalıda çox möhtəşəm abadlıq, quruculuq və tikinti işləri həyata keçirildi. O işlər həyata keçirildi ki, Xocalı şəhərində və onun kəndlərində yeni yaşayış binaları, sosial obyektlər, məktəblər, uşaq bağçaları qısa zaman kəsiyində inşa edilərək öz sakinlərini gözlədi. Bir sözlə, Xocalıda insanların geri qayıtması və yaşaması üçün hər cür infrastruktur yaradıldı. Yəni yollar çəkildi, su, qaz xətti inşa edildi və istilik sistemi üçün şəbəkələr yaradıldı.
Cənab Prezident İlham Əliyev özü də ilk dəfə Xocalıya köçən sakinlərlə görüşdü, mənzillərin açarlarını onlara verdi, təbrik edərək cansağlığı ilə bu evlərdə yaşamalarını arzuladı. Hətta məşhur jurnalist və bir çox doğmalarını Xocalı faciəsində itirmiş Səriyyə Müslümqızının yeni mənzilində Cənab prezident qonaq oldu. Çay süfrəsi arxasında əyləşib onlara bu yeni mənzildə cansağlığıyla yaşamalırını arzuladı.
Bir neçə ilin içində Xocalıya çoxlu sayda sakinlər köçürüldü. Və onlar hər dəfə doğma yurda ayaq basanda çox həyəcanlı anlar yaşadılar. Çünki o ağır faciəli anların dərdi, kədəri hələ də onların ürəyində, qəlbində yaddaşında özünə böyük bir yer tutmuşdu. O anlar yada düşəndə bu insanlar çox üzülür və dərd içində boğulurdular. Amma sevincli anlar qismət olandan sonra sanki Xocalı sakinlərinin dərdinə məlhəm qoymuşdu. Çünki onlar yurda qayıdanda Xocalı faciəsində həlak olmuş insanların da ruhları şad olurdu.
Əlbəttə, bu sevincli, bu gözəl anları yaşlı nəslin nümayəndələri ilə yanaşı heç Xocalını görməyən, amma onun haqqında qəmli xatirələri olan yeniyetmələr və gənclər də yaşayırdılar.
Bu yaxınlarda isə Xocalıya yeni bir köç karvanı getdi. Bu karvan təbii ki, xocalılıların yeni bir köçü idi. O köç ki artıq dördüncü köç sayılırdı. Hər dəfə insanlar doğma yurda, doğma ocağa qayıdanda onların ürəyində günəş doğur, sevgi boylanır. Və insanlıq yenidən dirçəlir.
Bu dəfəki köç zamanı 17 ailə, yəni 78 nəfər doğma Xocalıya qayıdıb və mənzillərin açarları rəhbər şəxslər tərəfindən həmin sakinlərə təhvil verilib.
Belə sakinlərdən biri Güllü Məmmədovadır. O Güllü Məmmədova ki Xocalı faciəsi zamanı bir neçə doğmasını, əzizini itirib. Güllü xanım və onun ailəsi ilə yeni aldığı mənzildə görüşürük və deyirik:
- Yeni yurdda, yeni evdə sizi xoş gördük. Burda cansağlığı ilə, sevinə-sevinə yaşayasınız.
Güllü xanım bizim bu sözlərimizdən kövrəlir, gözləri dolur və dillənir:
- Qardaş, qabaqlar biz bunu ancaq yuxularımızda görə bilərdik. Heç dərddən başımız açılırdı? Qaçqın düşəndən bilmirdik ölənlərin dərdini ağlayaq, yoxsa öz dərdimizi. Hələ nə qədər də xəstəmiz vardı. Amma ürəyimizdə olan ümid və Xocalıya dönüş arzusu heç vaxt ölmürdü, Allah-Təala bu günü qismət elədi. Buna görə ilk növbədə Ali Baş Komandan, Cənab prezident İlham Əliyevə, ordumuza, şəhidlərimizə, qazilərimizə və qaliblərimizə minnətdarıq. Sən demə, qaranlıq bir günün bir işıqlı sonu da varmış. Bax, biz o işıqlı sona gəlib çatdıq, bundan gözəl nə ola bilər?
Güllü xanımın həyat yoldaşı Nəsib kişi, oğlu Arif, qızı Sevda da çox sevinirlər. Çünki onlar dövlətin Böyük Qayıdış Proqramına uyğun olaraq yenidən doğma yurda, doğma ocağa dönüblər, öz evlərinin işığını yandırıblar, sobasına qızınıblar və qazanlarını qaynadırlar.
Onlarla yanaşı, çoxlu sayda Xocalı sakini böyük sevinc içindədir, o cümlədən yeni qayıtmış 78 nəfər. Bu isə o deməkdir ki, Xocalı yenidən ayağa qalxır, yenidən nura boyanır və yenidən yaşayır…
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C

