adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yarpaq tökümü...

FAİQ QİSMƏTOĞLU
1425 | 2021-10-08 13:16

Nazim Ağamirovu da itirdik

 

...Bu payız yenə pis gəlib və hər payız gələndə mənim qəlbim üşüyür. Qorxuram ki, hansısa bir əzizimi itirəm. Çünki mən payız fəslində əvvəl atamı, sonra anamı, sonra da qardaşımı itirmişəm. Və dünən də bu payız günündə bir xəbər eşitdik. Və o xəbər bizim redaksiyada hamımızı kədərləndirdi. Oturuşu, duruşu və qeyri-adi xarakteri ilə fərqlənən yaxşı kişilərdən birinin oğlu olan Nazim Ağamirov Allahın dərgahına qovuşdu...

...Heç ağlıma gəlməzdi ki, Nazim müəllim bu tezliklə dünyasını dəyişər. Elə bir ay olmazdı ki, mənə zəng eləməsin və qəzetimizdə gedən yazılarla bağlı fikirlərini söyləməsin. Hər nömrəmizi izləyirdi və oxuyub qurtarandan sonra ya mənə, ya da Əbülfət Mədətoğluna zəng edərdi. Xüsusən də, iş yoldaşlarımızdan Lətif Süleymanlı və Məhəmmədəli Mustafa ilə bağlı yazımızı oxuyandan sonra zəng edər və kövrələ-kövrələ danışardı...

...Deyərdi ki, heyif onlardan! Dünyalarını dəyişmələri mənə pis təsir edib. Çünki mən həm Lətiflə, həm də Məhəmmədəli ilə 1990-cı ildə bir yerdə işləməyə başlamışıq. Onların ölüm xəbərini eşitdim, çox sarsıldım. Sən də çox sağ ol ki, o yazını qələmə almısan. Oxuyandan sonra tüklərim biz-biz oldu...

... Bir ay bundan əvvəl ona zəng eləmişdim. Hal-əhval tutduq, sonra da dedi ki, ayağımdan əməliyyat olunmuşam. Allah qoysa, bu yaxınlarda ayağa qalxacam və sizinlə görüşüb bir stəkan çay içəcəyik. Amma Allah-təala o bir stəkan çay içməyi bizə çox gördü...

...Onun qeyri-adi bir xasiyyəti də vardı. Hamının sevincini öz sevinci bilərdi və bir kimsənin dalınca danışmazdı. Sözü də olanda, gəlib özümüzə deyərdi, ay Faiq, bax, bu sözə görə səndən incimişəm. Heç o məndən inciməmişdi ha! Sadəcə olaraq xarakteri bu idi. Onda olan səliqə-səhman, onda olan yüksək mədəniyyət və onda olan qüruru mən hər adamda görməmişəm...

...Süfrə arxasında oturanda o qədər səliqəli, o qədər diqqətli olurdu ki, hiss edirdin ki, bu adam görüb-götürmüş bir nəslin övladıdır. Yeməyi də yeyəndə çox iştahla yeyərdi. Hətta tox adam baxıb onun şirin-şirin yeməyinə iştaha gələrdi...

...Sözü, əməli və atdığı addım həmişə ona şərəf gətirirdi. Onun üçün dünyada ən böyük var-dövlət ləyaqəti, şərəfi idi. Bizdə Baş redaktorun birinci müavini işləmişdi. Sonra da getmişdi Respublika Həmkarlar İttifaqı Konfederasiyasında məsul vəzifəyə. Harda olurdusa, bizimlə əlaqə saxlayırdı və biz 1990-cı ildən Nazim müəllimi necə tanıyırdıqsa, eləcə də qalmışdı. Və qəzetimizin ilk nömrəsinin sevincini də bir yerdə bölüşmüşdük. İndiyə kimi yaxşı yadımdadır. Nazim müəllim o qədər sevinirdi ki, yerə-göyə sığmırdı. Aramızda yeganə adam idi ki, Qaz-24 «Volqa»sı var idi. O vaxtı hər adamın maşını olmazdı...

...Mənim oğlum Emil onu qartala bənzədirdi. Və həmişə deyir ki, Nazim əmi qartala oxşayır. Bəli, o, həqiqətən də zirvədə olan bir qartala bənzəyirdi. Qartal öz qürurunu və ləyaqətini necə qoruyurdusa, o da şərəfini yaşadığı bu 67 ildə eləcə qorudu. İndiki zamanda hər kişinin işi deyil ki, ömrünün sonuna qədər şərəflə yaşasın və ləyaqətini qorusun. Amma Nazim İsmayıl oğlu Ağamirov bunu bacardı...

...Mən ona «Allah rəhmət eləsin» - deyə bilmirəm. Çünki böyük yazarlar və böyük insanlar həmişə yaşayırlar. Və övladları bu qürurlu kişiyə görə həmişə fəxr edəcəklər, alnıaçıq, üzüağ olacaqlar. Çünki bu ağayana, dağdan ağır kişi, Nazim Ağamirov övladları üçün heç bir pis iş görməyib. Adicə qarışqanı da tapdamayıb...

...Və bir payız günü biz dostumuz və qardaşımız Nazim Ağamirovu itirdik. Bir daha əzizlərinə və doğmalarına Allahdan səbir və dözüm arzulayırıq! Nazim müəllim kimi kişilərin yeri Cənnətdir. Cənnətin mübarək, Nazim Ağamirov!...

TƏQVİM / ARXİV