adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Sentyabr 2021 12:59
928
MƏMLƏKƏT
A- A+

 14 Vətən Müharibəsi şəhidinin və Aprel şəhidi Qabil Orucəliyevin doğum günüdür

  Bu gün 14 Vətən müharibəsi şəhidinin və eyni zamanda aprel şəhidimiz  leytenant Qabil Orucəliyevin  doğum günüdür. Gənc və cəsur leytenantın bu gün cənnətdə 30-cü yaşı tamam olur.

Adalet.az xəbər verir ki, Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub. O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Evin yükü çiyinlərinə düşür.
Buna baxmayaraq qarşısına məqsəd qoyur ki, hərbçi olsun. O, 2006- cı ildə arzusunun ilk pilləsinə qalxa bilir. Beləki, Qabil Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. 2009-cu ildə liseyi bitirir və elə həmin il H.Əliyev adına AR Ali Hərbi Məktəbinə daxil olur. 2013-cü ildə oranı leytenant hərbi rütbəsi ilə bitirən gənc zabit bu yolda iri addımlarla irəliləməkdə davam edir. O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçir. Artıq o zabit kimi özünü hazır hesab edir və xidməti yerinin təyin olunmasını səbirsizliklə gözləyir.

2014- cü ildə Qabil Orucəliyev xidməti fəaliyyəti üçün Naftalan şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilir. 4-5 ay xidmət edəndən sonra cəbhənin daha ön hissəsinə göndərilir. Tərtərin Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmətini davam etdirir. Xidmət məkanı və şərait çətin olsa da, silahdaşları ilə birlikdə düşməni susdurmağı bacarırdı. O motoatıcı tağımın komandiri idi. Xidmətini uğurla və intizamla aparan zabit mükafatlara da layiq görülmüşdü. Zabit işindən və şəraitindən çox razı idi.

Qabilin döyüş yoldaşı gizir İbrahimov mətbuata açıqlamasında bildirmişdiki, həmin vaxt MAXE Adil Adilzadə, baş-leytenant Cavid Dədəkişiyev və leytenant Qabil Orucəliyev gizirlərlə birlikdə düşmənə tərəfə əks hücuma keçdik. Birinci şiddətli döyüşdə düşmənin bir postunu aldıq və səngərlərinə girdik. Orada üz-üzə döyüşlər oldu. Qarşımıza çıxan erməniləri qırırdıq. Qabil çox sərrast atırdı. Düşmən başını itirmişdi. Onlar əllərində olan bütün texnikadan atmağa başladılar. Xeyli ermənini məhv edəndən sonra birinci postu aldıq. Orada səngərin arxa tərəfində bir yer var idi. Ora qorunmaq üçün bir tikili idi. Qabil orada dayandı və siqaret yandırdı. Nəsə fikrə getmişdi. Biz belə başa düşdük ki, üzünü görmədiyi övladı yadına düşmüşdü. Orda bizə dedi:“Biz ermənidən qorxmamalıyıq. Ermənilər kimdir axı? Onlar qorxaq millətdir”. Bu sözləri deyəndən sonra məni və başqa giziri alınan həmin postda qoyub, MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə irəli getdilər. Belə fikirləşdim ki, mən evin yeganə oğlu olduğum üçün və anamın mənim himayəmdə olduğu üçün Qabil məni aldığımız postda saxladı. Biz orada dayandıq ki, onlara arxadan hücum olarsa, qarşısını alaq. Həmin vaxt onlar bizdən aralanıb, xeyli irəli getdilər.

Artıq düşmən ciddi itkilər vermişdi.Ona görə də bütün növ silahlardan atırdılar. Qabilgil düşməni məhv edərək irəliləyirdi və bizdə arxadan onları qoruyurduq. Həmin vaxt yanımıza mərmi düşdü və baxdım ki, başımdan və qolumdan qan axır. Elə bildim ki, artıq şəhid oluram. Ancaq özümdə güc topladım. Yanımda olan hərbçi yoldaşım məni geri çəkdi. Çox ağır yaralanmışdım. Orada dedim ki, Qabilgil çox irəli gediblər. Onlara kömək lazımdır. Ondan sonra nə baş verdiyi bilməmişəm. Onlar 10 kilomterdən çox getmişdilər. Sonradan mən digər döyüş yoldaşlarımızla əlaqə saxlaraq öyrəndim ki, onlar Talış yüksəkliyinə qədər gediblər. Onlara kömək çatana kimi ermənilər onları vurubmuş. Döyüşlərdə əvvəlcə Adil qolundan güllə yarası alıb. Buna baxmayaraq o döyüşü davam etdirib. Hər üçü bir yerdə şəhid olublar.

Məktəb illərindən sevib-seçdiyi Tükəzbanla ailə həyatı qurmuşdu.2016-cı ilin mart ayının 29-da onların bir oğlu olur.Qabil üzünü görmədiyi oğlunun doğulmasından cəmi 4 gün sonra şəhid olub.

 

14 Vətən müharibəsi şəhidinin doğum günü

 

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan və itkin düşən hərbi qulluqçuların siyahısını yayımlayıb.

Siyahıda şəhidlərin və itkin düşən hərbi qulluqçuların adları, rütbələri, fotoları və doğum tarixləri qeyd olunub.

Boynumuzun borcudur ki,  siyahıya əsasən bu gün doğum günü olan şəhidlərin və itkin düşən hərbi qulluqçuların siyahısını təqdim edir:

1. Kapitan Abdullayev Rəşad Arif oğlu - 1988-ci ildə anadan olub
2. Əsgər Ağayev Vahid Məcnun oğlu - 1996-cı ildə anadan olub
3. MAHHXHQ əsgər Feyruzlu Əlibəy Samir oğlu - 1998-ci ildə anadan olub
4. Əsgər Həsənov Babək Saleh oğlu - 1990-cı ildə anadan olub
5. Mayor Həsənov Sadiq Əli oğlu - 1986-cı ildə anadan olub
6. Leytenant Məmmədli Sənan Səlim oğlu - 1997-ci ildə anadan olub
7. Leytenant Məmmədov Ayxan Rəfail oğlu - 1998-ci ildə anadan olub
8. Əsgər Məmmədzadə İman Elman oğlu - 1998-ci ildə anadan olub
9. Əsgər Məmmədzadə Kəmaləddin Vüqar oğlu - 1999-cu ildə anadan olub
10. Əsgər Orucov Mirzəcan Araz oğlu - 2001-ci ildə anadan olub
11. Əsgər Şirinov Orxan Elxan oğlu - 1998-ci ildə anadan olub
12. Əsgər Tağızadə Bəhruz Azər oğlu - 1999-cu ildə anadan olub
13. Əsgər Vəlizadə Kamran Əkpər oğlu - 1996-cı ildə anadan olub
14. MAHHXHQ çavuş Veyisli Xaliddin Zəkər oğlu - 1981-ci ildə anadan olub

 

Vətən üçün canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid