adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: QURD ÜRƏYİ  YEYƏNLƏRİN  NƏSLİ

AQİL ABBAS
120510 | 2021-08-18 14:50

Azərbaycanda igid oğullar haqqında belə deyirlər: «Qurd ürəyi yeyib». Təbii ki, bu türklərin Qurda tapınmasından  və Qurddan törəməsindən irəli gəlir.

Təxminən 79-80-ci illər idi. Ağdamda bir qəribə cinayət işinin  şahidi oldum. İşi tələbə dostum, prokurorluğun müstəntiqi  Abbas Abbasov aparırdı. Cinayət işini verdi ki, al oxu, heç  bilmirəm  neyləyim.

Abdal-Gülablı kəndindən Abbasov  soyadlı (təəssüf ki adı yadımdan çıxıb, görün  üstündən  neçə illər keçib) bir ovçunu həbs etmişdilər. Dəqiq hansı cinayətə  görə həbs olunduğu da yadımda deyil, çoxlu da  fotoşəkillər vardı. Qəribə olan nədir?

Heç demə, bu ovçu indiyədək 56 canavar vurubmuş. Sovet hökuməti o vaxt vurulan hər canavara görə ovçulara 50 manat  mükafat verirdi…

… İndi canavar gəlsin, qoyun-quzunu aparsın, vursan, cərimə olunarsan…

… Tülkünün, çaqqalın da qiyməti vardı. Deyəsən, tülkü 30 manat, çaqqal 40 manat. Ən bahalısı isə canavar idi. Bəli, bu Abbasov 56 canavar  vurubmuş. Deyəcəksiniz burda qəribə nə var ki? 

Var.

Məsələ ondadır ki, bu Abbasov vurduğu  canavarların ürəyini  çıxarıb kabab bişirir və onu  oğlanlarına  yedirdirmiş ki,  Qurd ürəkli olsunlar. Övladlarının  şəkilləri də var cinayət işində. Yəqin ki,  Atatürkün, eləcə də Alparslan Türkeşin şəkillərini  çox görmüsünüz: Qurda  oxşayırlar. Həmin Abbasovun oğlanları da Qurda oxşayırdılar.

Abdal-Gülablı Müşfiq Abbasov da iki oğlunu götürüb Vətən müharibəsinə yollananda onların  şəkilləri  mənə doğma gəldi. Və yadıma  həmin  hadisə düşdü. Və mənə elə gəldi ki, onlar həmin Ovçu Abbasovun nəslindəndirlər. Təbii ki, bunu   araşdırmağa imkanım yoxdu.

Dostum , 44 günlük müharibədə savaşın ən isti yerlərindən reportajlar yazan, Murovdan tutmuş Cəbrayıladək bütün döyüşlərin  canlı şahidi və hazırda Ağdama  buraxılmayan Səxavət Məmmədə  telefon  açdım. Xahiş etdim ki, bunu  araşdırsın. Bildirdi ki, həm şəhid Müşfiq Abbasovu, həm də onun  övladlarını  çox yaxşı tanıyır və onlarla  əlaqə  saxlayar.

Ola bilər ki, mən səhv edirəm, Müşfiq Abbasov və oğlanları Ovçu Abbasovun  nəslindən  deyillər, amma hansısa Qurd ürəyi  yemiş  bir kişinin  nəslindəndirlər.

Necə ki  3 min şəhidimiz Qurd ürəyi yemiş kişilərin  nəslindəndi, eləcə də qazilərimiz.

Yadımdadır, Birinci Qarabağ savaşında qəhrəmancasına  vuruşan oğullarımıza Boz qurd deyirdilər…

… İkinci Qarabağ  savaşında, Vətən  müharibəsində də bu torpaq  uğrunda, bu dövlət, bu  millət  uğrunda ölümə gedən igidlərimiz də Boz qurd işarəsi  göstərirdi…

… Ermənilərin isə bir generalı  vardı, ləqəbi «Səhra  tülküsü» idi.

O vaxt belə bir  şeir də yazmışdım:

Tülkülər də qəh-qəh çəkir Boz qurda.

Amma qəh-qəh çəkə  bilmədilər. Qurd ürəyi yemiş bozqurdlarımız o  səhra tülkülərini çıxdıqları  deşiyə  qədər qovdular.

Bu xalq Qurd ürəyi  yemişlərin  nəslidi.

TƏQVİM / ARXİV