adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Iyul 2021 12:45
114634
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MƏNİM...

("Bir qadına..." silsiləsindən)

Mənim  dualarım  Məcnun diləyi
Bütün  yer  üzünə  nur  tək  yayılır...
Mənim dualarım  Leyli  ürəyi -
Bütün  vüsallara  ümid  sayılır...

Mənim yaşadığım  hicran  atəşi
Mənim yaşatdığım ulu  sevgidi!..
Mənim ürəyimin  son sitaişi -
Əzəli, əbədi  yolu  sevgidi...

Mənim gözlərimdi  kədər yatağı
Mənim dilimdədi ən acı ah!-da...
Mənim xəyalımdı  vüsal  otağı -
Bunun şahididi hətta Allah da!

Mənim talehimdi  kirkirə  altda,
Hər  an hiss edirəm üyünmə  dadın...
Mənim  varlığımsan,  Sən  bu  həyatda -
Allahı  unudub, öyünmə Qadın!