adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Iyun 2021 13:19
77205
MÜSAHİBƏ
A- A+

“Kitab təqdimatları toylara oxşayır”- MÜSAHİBƏ

Həmsöhbətimiz şair Elkin Kərimlidir.

-Elkin, uzun illər sonra kitabın dərc olundu. Amma bu haqda nə informasiyaya rast gəldik, nə də hər hansı bir təqdimata. Bu kitab elə dostlar üçün idi?

-Kitab təqdimatları bir növ bizim toylara oxşayır. "Mən sənin toyuna gəldim, sən mənim toyuma gəlməlisən" prinsipi. Nəzər salsanız, görərsiniz ki, təqdimatlarda oxucudan çox qələm əhli var. Zatən o oxucular da bir müddət sonra şair-yazıçı olur. Yəni, kitab təqdimatı kimi bir arzum-istəyim olmayıb. Mənim hər bir şeirim, elə, oxucularım üçün bir təqdimatdır

-Bəlkə kitabına əminsizliyin vardı?

-Əksinə əminəm ki, kitabımı əldə eləyən hər bir insan, ən yaxın dostlarım belə, bunu dostluq, tanışlıq xatirinə etməyiblər. Məsəlçün, bir təqdimat etmiş olsaydım, kimsə(lər) bunu özünə mənəvi borc hesab eləyə bilərdi. Ki, şair mənim kitab təqdimatıma gəlib, mən də gedim, Ki, şair mənim kitabımı alıb mən də alım. Ki, neçə vaxtdır şeirlərini oxuyuram, rəy yazıram, indi getməsəm olmaz, almasam olmaz kimilərindən.

 

Ədəbi mühitdə ağlaşma qurublar

 

-Tez-tez ədəbi mühitdə yazarların dolanışıqla bağlı şikayətlərinə rast gəlirik. Bəzənsə dəstək istəklərinə. Səndə bu hal görünmür. Deyəsən, halından çox məmnunsan.

- Hə, ağlaşma qurublar. "Kişi ağlamaz" ifadəsini bu yerdə deyiblər e, gözdən yaş axıtmaq mənasında yox. Sən yazar adamsan, savadlı adamsan, başın işləyir ki, yazır-yaradırsan da. Sən özün özünü dolandıra bilmirsənsə, deyirsən e, belə ölkə olmaz, yaşayış olmaz, işsizlik, nə bilim filan-filan şeylər, halına acıdığın xalqından, vətəndaşından nə umursan ki? Sən bu savadla yaşaya bilmirsənsə o neynəsin? O nətər dolansın? Hələ bir az da o xalqın sənə verdiyi populyarlıqdan istifadə eləyib beş manata satmalı olduğun kitabı on manata satırsan, həmən o, günü on manata işləyən vətəndaşa.

-Dostlarının çoxu deyəsən meyxanaçılardı.

-Dostlarımı hansısa mühitdən olduğuna görə seçmirəm. Və də düşünmürəm ki, bu adamla dostluq eləyim, birdən sabah işim düşər. Hətta bir az populyarlıq qazanan dost-tanışlarımdan uzaq düşürəm, o mənada ki, çalışıram həmən dostum, tanışım məni axtarsın, mənə yazsın. Axtarıb yazırsa da, o olur əsl dost!

 

Boşluqda özümü tapdım

 

-4 ildir mühafizədə çalışırsan. Mühafizəçi-şair obrazı qəribə görünür. Daha doğrusu öyrəşilməmiş bir obraz.

-Dörd yox, səkkiz ildir ki, mühafizə sistemindəyəm. Əslində, insanın özü özünü tapmağa da xeyli boş vaxtı olmalıdır. Belə ki, şeir yazmaq qabiliyyətimi, elə, mühafizədə işləyərkən kəşf etmişəm. Bir boş, işləməyən obyektlərin birində işə başladığım günlərdə, elə, o boşluqda özümü tapdım.

-Sən günləri sayırsan, günlər səni saya salmır. Bəlkə günlərin başını buraxasan? Əsas odu, aylar, illər adamı saya salsın. Günlərki ayların, illərin içindədir.

-"Mən günləri sayıram, bu günlər məni saymır" Aylar, illər bir az böyük adamlardı, mən bunu adam yerinə qoydum, saydım, gör ki, bu da məni saymadı! (Bu günlər məni saymır)

-Yaşamaq ən böyük intihardı?

-Bəzən hə, bir ipi boynuna keçirib yaşayırsan...

-Kimisə unutmağı ən böyük qürur bilmək...

- Unutmaq - Qürur yox, peşmançılıqdır. Qürur - kimisə sevə bilməkdir.

-Bir ara Ayb-yə üzv olmaq istəyirdin. Bu işin axırı nə oldu?

- Hə, elə bir istək var.

-Ayb-yə üzvlük bir yaradıcı adama nə verib, nəyi ala bilər?

-Əlavə bir stimul verə bilər. Belə ki, uzun zamandır az-az yazıram, bəlkə də, AYB-ə üzv olmaq, yaradıcılığıma daha da məsuliyyətlə yanaşmağıma səbəb olacaq. Belə.

- Hansı şeirin olur ki, sənin özünü andırır. O şeirə tez-tez sığınırsan, qəlbində zümzümə edirsən.

-Bir yox, bir neçə şeirim var. Ən çox da bəzi misralar var ki, hərdən-hərdən işlədirəm, tam da məni andırır.

 

Həyat imtahanından yenə sinifdə qaldım,

Siniflərə böldülər, sinif-sinif qocaldım.

Gözü çıxsın həyatın yaşamağa qoymadı,

Gözüylə yedi məni, yenə gözü doymadı!

 

Söhbətləşdi:Emin Piri