adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyun 2021 12:29
92787
MÜSAHİBƏ
A- A+

Vüsal Rzasoy: “Ayə, harya gedirsən?”...

 

Neft sahəsində çox irəliyə gedə bilərdim, amma istəmədim...
 

Vüsal Rzasoy “Ayə, harya gedirsən?” mahnısı ilə bir günün ərzində Azərbaycanda məşhurlaşdı. Sosial şəbəkələrdə iki sualdan ibarət bu mahnının görüntüləri dəfə paylaşıldı. Musiqi fəaliyyətinə 2003-də başlayan Vüsal Anvil chorus, Parazit, Tengri kimi qruplarla çıxış edib. Sonra isə Azərbaycanı tərk edərək bir müddət Litvada yaşayıb və “”Corus, “”White Horn kimi qruplarda çalışıb.

Onu doğulduğu ölkəyə qayıtmağa isə saz musiqisinə olan məhəbbəti vadar edib.

Vüsal məşhur mahnısının yaranmasını aşıq musiqisi və Hermann Hesse-nin “Siddhartha” romanı ilə əlaqələndirir.

O mahnıda səslənən ləhcəni səmimiyyət olaraq gördüyünü deyir.

Bu gün o, mahiyyətcə böyük bir layihəni az vəsaitlə həyata keçirmək istəyir. Bu da Azərbaycan xalqının əsrlərlə yaşadığı ağrö-acını, tarixiçizin qanlı səhifələrini rok musiqisi ilə dünyaya çatdırmaq. Amma ona yardım edən yoxdur. Niyə? Niyəsini “Ədalət” qəzetinə verdiyi müsahibədə özü deyib.

 

Uğrunda yaşamaq üçün ideya axtarıram...

 

- Vüsal siz Neft Akademiyasının məzunu olmusunuz. Bu gün hamı neftdə pul var deyə orda təhsil almaq istəyir. Gül kimi peşəni heyif eləyib, başlamısız oxumağa... Litvada “X Faktor” musiqi yarışmasının final mərhələsinə qədər gedib çıxmısız. Bir neçə il Pantomima Teatrında çalışmısız. Ordan da çıxmısız, indi də vokal təhsili alırsız. Şeir yazırsız... Bu özünü tapmaq üçün bir axtarışdırmı və  hələ də də davam edirmi?

- Mən düşünürəm ki, insan həmişə ürəyinin diqtəsilə hərəkət etməlidir. Bir peşəyə həvəs göstərəndə insan əvvəlcə bunu nə üçün etmək istədiyini özünə sual verməlidir. Çoxu deyir ki, peşə ilə ya pul qazanmaq üçün məşğul olursan, ya da bunu sənin daxili aləmin, düşüncən ehtiyac duyur. Mən isə ideya axtarıram. Yəni uğrunda yaşamaq üçün ideya axtarıram. Bu həyata istəsək də, istəməsək də cəmi bir dəfə gəlirik. Ona görə də, həyatda ən yüksək ideyanı tapmaq lazımdır. Onda insan özünü də tapır. Yəni bu həyatda mənim missiyam nədir? Etdiyim bu iş, həyatım üçün nə qədər dəyərlidir, vacibdir? Vacibdirsə kimin üçün vacibdir? Məsələn, mənim peşəm xalqa nə verə bilər? Bundan əvvəl insan nə üçün yaranıb, onun missiyası nədir sualına cavab tapmaq üçün çox yola baş vurmuşam. Dünyanı gəzmişəm, buddistlərlə söhbət eləmişəm, sufizmlə maraqlanmışam.

 

Bəzən özümüzü avropalı kimi göstərməyə çalışırıq ki, mən də sizin kimiyəm...

 

- Mən deyərdim, sizdə şamanizmə maraq var...

- Bəli var. Şamanizmə maraq mənim musiqilərimdə də əksini tapıb.

- Çoxları, “Ayə, harya gedirsən?” mahnısına lağ-lağı elədi. Amma mən onda bir şaman duasını hiss elədim. “Müharibə tanrısı” mahnınız da buddist ayinidir sanki...

- Bəli, mənin həyatda axtarışlarım çox olub. Mən şəruruliyam, neft sahəsində çox irəliyə gedə bilərdim, tam səmimi deyirəm... Amma istəmədim. Mənim atam sazda gözəl ifa edir. Çoxu dedi ki, “Ayə, harya gedirsən?” Qazax, Tovuz bölgəsinin ləhcəsini lağa qoymuşam. Əksinə, mən uşaqlıqdan o bölgənin aşıqlarının ifalarına çox qulaq asmışam. Dediyim kimi, atam ədəbiyyat müəllimi olduğu üçün gözümü açandan evimizdə sağ havalarını eşitmişəm. Mən də o bölgənin ləhcəsinə sevgi böyükdür. Ümumiyyətlə, o mahnının maraqlı tarixçəsi var.. Mən Avropada 3 il yaşayandan sonra, çox darıxdım, Bakıya qayıtdım. Mən həyatın dəyərini, mahiyyətini axtarırdım,  dünyanı gəzəndən sonra onun Azərbaycanda olduğunu dərk elədim.  Bir dəfə Qubaya getmişdim. Gözəl təbiət, mənzərələr, meşələr. Bir sözlə, ən gözəl halı ilə kənd həyatı. Biz də bir neçə nəfər orada oturub əylənərkən bir-iki dostumuz gitarada ingilis dilində mahnı ifa etdi. Düzü, mən həmin vaxt bundan çox narahat oldum, çünki həmin məkanın ruhu o mahnılar deyildi, ancaq mən də qaydanı pozmadım, ingilis dilində bir mahnı ifa etdim. Birdən bizimlə gələn sürücü dedi ki, elə mahnı oxuyun biz də başa düşək. O zaman o sürücü mənim gözümə milli kimliyimi qoruyan bir əsgər kimi göründü. Biz bəzən özümüzü avropalı kimi göstərməyə çalışırıq ki, mən də sizin kimiyəm, sizin mədəniyyəti rahat qəbul edə bilirəm...

- Azərbaycanda mədəniyyət olanda avropalılar barbar idilər...

- Bəli, milli kimlikdən utanmaq lazım deyil. Sürücünün o sözü məni sanki ayıltdı. İdeya artıq o sözdən sonra yaranmışdı. Məndə o zaman başa düşdüm ki, rok musiqisi ilə mən düşüncələrimi daha rahat çatdıra bilərəm. Çünki rokun dinləyicisi çoxdur. "Ayə, harye gedirsən?"in yaranması isə tamam başqa hadisənin nəticəsidir. Deməli, mən Qazaxa getmişdim. Orada bu sözü tez-tez eşidirdim və mənə çox xoş gəlirdi. Təsadüfdən yolda özümlə oxumağa Herman Hessenin "Siddhartha" kitabını götürmüşdüm. Əsərdə bir yer var, oğul yenə tərki-dünya olub səfərə çıxacağını deyəndə, atası oğluna deyir ki, mən yenə dözə bilərəm birtəhər, ancaq anan dözə bilməyəcək. Anana demisənmi, anan bilirmi ki, hara gedirsən? Bu əhvalatı oxuyandan sonra bu mahnını yazmağa qərar verdim. Və mənim bu mahnı ilə demək istədiyim kiminsə ləhcəsinə lağ etmək yox, o ləhcədəki şirinliyi, səmimiliyi göstərməkdir. Mənə elə gəlir ki, istədiyimi də bacardım...

 

Ən böyük amalım Zəngəzur rok layihəsini həyata keçirməkdir

 

- Yeni layihə barədə düşünürsünüz. Bizə layihəniz haqda qısa məlumat verərdiniz.

- Hazırda mənim ən böyük amalım “Zəngəzur rok” layihəsini həyata keçirməkdir. Bu layihənin əsas motivi  el-obasından didərgin düşən soydaşlarımızın ağrı-acılarını musiqiyə köçməsidir. Yəni əsas istinad tarixi faktlardır. Xalqın uzun illərdən bəri yaşamış olduğu kədəri bu musiqilərdə göstərmək istəyirəm. Bu ifalar zamanı əsas alətlər saz, bağlama və qopuzdan istifadə olunacaq. Bir sözlə, etnorok.

- Türkiyədə Kazım Koyuncu vardı. Qara dəniz musiqisi ilə roku sintez eləmişdi.

-Bəli, məhz o stildə rok musiqilər yaratmaq istəyirəm.

- Bu ideya sizdə necə yarandı?

- Deməli, mən bir müddətdir ki, xaricdə yaşadığım üçün ailəmlə çox vaxt keçirə bilmirdim. Karantin zamanı ilk dəfə idi ki, ailəmlə uzun müddət vaxt keçirirdim. Həmin günlərdə nənəm xəstələnmişdi. Təbii ki, bu zaman mən nənəmin yanında idim. Deməli, nənəm həmin vaxt yuxudan tez-tez oyanıb soruşurdu ki, yollar nə vaxt açılır? Əvvəl elə bilirdik ki, nənəm bağlı yollar deyəndə karantin dövrünü nəzərdə tutur. Sən demə, o, Qərbi Azərbaycanı nəzərdə tuturmuş. Nənəm uşaq yaşlarından ordan çıxmağa məcbur olub. Onun tez-tez dediyi bayatılar məhz bu ağrıların ifadəsi idi. Mən də nəzərdə tutduğum layihəni məhz həmin bayatılardan istifadə edərək yaradacam.

- Ötən əsrin 90-cı illərində də Azərbaycanda rok bir ara məhşurlaşdı. Çoxlu rok-qruplar meydana gəldi. Amma sonra hamısı yoxa çıxdı. Vaqif Mustafazadə muğamı cazla sintez edəndə əvvəl-əvvəl qəbul etmirdilər. Roku sevdirə biləcəksizmi?

- Yox, qorxmuram. Dədə Qorqud hadisələr haqqında necə mahnılar qoşurdu? Bizim fərqimiz o olacaq ki, başımıza gələn bütün faciələri rok dili ilə dünyaya çatdıracağıq. Yenə də bizim musiqi olacaq, amma rok dilində. Mən bu layihənin uğurlu alınacağına bütün varlığımla inanıram. Siz dediyiniz qrupların ifalarına qulaq asmışam. Onlar xaricilərin ifasını burda imitasiya edirdilər, ona görə də xalqa bu musiqini sevdirə bilmədilər. Bu gün insanlarımız daha çox muğama qulaq asırlar. Muğam bizim faciələrimizin poetikasını çatdıra bilmir. Muğamınki, güldür, bülbüldür, şamdır, bir də yar üçün yanan aşiq, vəssalam...

 

Hələ də bizə qulaq asan yoxdur...

 

- Bu ideyanı anlayacaq musiqiçi varmı sizinlə işləsin?

- Var, mən müəyyən işlər görmüşəm. Çünki  təklif olunan musiqi çətin deyil. Amma dəstəyə ehtiyac var. Mədəniyyət nazirliyinə də bu ideya ilə bağlı müraciət edəndə dedilər ki, nazirlik şəxsi təşəbbüsləri hələ ki, qəbul etmir... Mən başa salmağa çalışdım ki, indiyəcən başımıza gətirilən faciələri dünyaya öz dilində anlatmaq lazımdır. Bunun da ən yaxşı variantı milli rokun yaranmasıdır. Bu işləri həyata keçirmək üçün məsul olan qurumlar var. İnanın  mən smetanı elə tutmuşam ki, cüzi vəsaitlə- 22-23 min manat büdcə ilə bunu həyata keçirmək olar. Amma hələ də bizə qulaq asan yoxdur.

- Layihə barədə hara müraciət etmisiniz?

- Mədəniyyət Nazirliyinə zəng elədim. Ümumiyyətlə qəbul etmədilər, telefondaca dedilər ki, fərdi təkliflərə baxılmır...

- Heydər Əliyev Fonduna müraciət etdinizmi?

- Xeyr. Çünki ora necə müraciət olunur bilmirəm. Amma hər şeyə görə Heydər Əliyev Fonduna müraciət olunmaz ki. Mədəniyyət Nazirliyi var bu işə məsul olan. Mən dediyim elə də böyük məbləğ deyil axı. Bəzən müğənnilər adi bir mahnıya 10-15 min manat sərf edirlər. Mən bir albom üçün 22-23 min manat nəzərdə tutmuşam. Mədəniyyət Nazirliyinə sizin qəzet vasitəsilə müraciət etmək istəyirəm ki, əlimizdə belə bir hazır layihə var. Azərbaycan tarixinin agrı-acısını rok musiqisi vasitəsilə dünyaya çatdıra bilərik. Yüz ildən artıqdır türk xalqına qarşı saysiz-hesabsız terror etmiş ermənilər öz saxta tarixlərini dünya yaymaq üçün yüzlərlə belə qruplar yayıblar. Belə qruplar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərərək hamını öz yalanlarına inandıra biliblər. Olmayan soyqırıma yüzlərlə mahnı həsr ediblər ki, guya türklər, azərbaycanlılar onları qırıblar. Biz hansı faciəmizi dünyaya musiqi ilə çatdırmışıq? Heç birini demədiyimiz üçün ermənilərə daha çox inanırlar. Soydaşlarımızın İrəvandan, Göycədən, Zəngəzurdan qovulması, Xocalıda günahsız insanların böyük-kiçik demədən öldürülməsini dünyaya musiqi ilə rahat çatdıra bilərik. Sözlə demək başqadır, musiqi ilə demək başqa. Dünya gəncliyi rok musiqisinə daha çox qulaq asır. Öz tariximizi musiqi ilə dünyaya əxz etməyə lütfən yardım edilsin!

Söhbətləşdi: İltifat HACIXANOĞLU