adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Tarixi Gerçəkliyin Fədaisi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
31655 | 2021-06-02 18:23

Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada tarixi ədalətsizliyə qarşı köklü işlər görülür. Xüsusilə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin tarixşünaslığına yeni baxış diqqət mərkəzindədir. Demək olar ki, həmin ölkələrin tarixçi alimləri sovet ideologiyasının ortaya qoyduğu tarixi yenidən müasir baxışla araşdırmağa və yol vermiş nöqsanı aradan qaldırmağa çalışırlar. Bu mənada Azərbaycan tarixçiləri də köklü şəkildə vətən tarixinə bu və ya digər səmtlərdən yeni bir nəfəs verməyə çalışırlar. Belə ki, sovet dönəmində saxtalaşdırılmış, təhrif edilmiş dövrün ideologiyasına uyğunlaşdırılmış tariximiz arxivlərdəki mənbələrə söykənilərək daha dəqiq formada ortaya çıxarılır. Bu məsələdə Tarix İnstitutunun tarixçi alimlərimizin xidmətlərini görməmək, qiymətləndirməmək doğru olmazdı.

Hələ tələbəlik illərimdən tanıdığım dəyərli dostum, professor Vaqif Şirinoğlu untversitet illərindən başlayaraq tariximizin müxtəlif dövrlərini gözdən keçirməyə, onların qaranlıq məqamlarına aydınlıq gətirməyə başlamışdır.

Necə deyərlər, bu istək də onun tarixi dərinliklərinə işıq salmağa, bu yolda yorulmadan çalışmağa həvəsləndirdi. Təbii ki, professor Vaqif  Abışovun həm ölkəmizin, həm də Moskvanın, Türkiyənin, eləcə də digər ölkələrin arxivlərində yorulmadan apardığı araşdırmalar son nəticədə samballı elmi-məqalələrə, kitablara çevrildi.

Bugünlərdə tələbə dostum özünün samballı bir kitabını mənə hədiyyə etdi. Bu kitab "Şimali Azərbaycanın Sovet işğalının tarixşünaslığı" adlanır. Vaqif Şirinoğlu məhz zamanında Sovet Azərbaycanı kimi SSRİ tərkibinə daxil olmuş, daha doğrusu, zorla sovetləşdirilmiş ölkəmizin tarixşünaslığına bu kitabla yeni bir baxışı ortaya qoyubdu.

Onun çoxsaylı mənbələrə, arxiv materiallarına söykənən araşdırmaları ölkəmizin işğal tarixşünaslığının ayrı-ayrı qatlarının elmi mənbə kimi həm tarixçilərimizə, həm də tarix elmi üzrə təhsil alanlara yaxşı bir hədiyyədir. Bu samballı kitabı vərəqlədikcə məlum olur ki, sovet dönəmində həmin dövrün tələblərinə bütövlükdə vətəndaşlarımıza zorla öyrədilən Sovet Azərbaycanı tarixi əslində xeyli saxtalaşdırılmışdır. Məhz Vaqif Şirinoğlunun apardığı araşdırmalar az-çox tarixdən xəbəri olanın məsələyə müqayisəli baxışı nəticəsində alimin nə qədər böyük bir iş gördüyünü müəyyənləşdirmək imkanı verər.

Bu mənada Vaqif Şirinoğlu elmi ictimaiyyət və araşdırmaçılar, tələbələr, müəllimlər və ümumiyyətlə oxucular üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının Qərarına əsasən çap olunmuş bu kitabı dəyərli bir mənbədir. Bu mənbəyə söykənərək zaman-zaman saxtalaşdırılmış və məqsədli şəkildə təhrif edilmiş tariximizin gerçək mənzərəsini, onun əsl mahiyyətini öyrənə bilərik. Elə bu xidmətə görə tarixçi alimimizə, Vaqif Şirinoğluna təşəkkürlərimi çatdırıram. İnanıram ki, tariximizi araşdırmaqdan, təbliğ etməkdən yorulmayan dostum bizi daha böyük nailiyyətləri ilə zaman-zaman sevindirəcəkdir. Yorulmayasınız professor Vaqif Şirinoğlu.

 

TƏQVİM / ARXİV