adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 May 2021 10:38
92000
MÜSAHİBƏ
A- A+

"İndi AYB-ni tənqid eləmək bu ölkədə ən asan işdi" - MÜSAHİBƏ

Gənc şair Ruslan Dost Əli Adalet.az saytına müsahibə verib.

- Ruslan, ilk öncə adından danışaq. Nə deməkdir? Hardan qaynaqlanıb?

- Əvvəlində "Rus" komponenti olduğuna görə çoxları elə bilir ki, Ruslan rus adıdır. Amma belə deyil. Ruslan qədim türkcədə "aslan" deməkdir. Təbii, doğulanda adımızı seçmək kimi bir üstünlüyümüz olmur. Açığı, adımdan xoşum gəlir. Hərdən evdə deyirdim, kaş adımı Dostəli qoyardınız. Sonra elə oldu, Dostəlini də təxəllüs götürdüm. İstəyimə çatdım. İndi adımdan da, təxəllüsümdən də razıyam. Amma onu da deyim ki, böyük mənada, adın heç bir fərqi yoxdur.

- Üç adı olan yaradıcı adam görəndə yadıma Qulu Ağsəsin bu "üç adı olan adamlar istedadsız olur" sözü düşür. Nə düşünürsən, düzmü deyir, Ruslan Dost Əli?

- Məncə, əksinə olur. Cəmi iki ad kifayət edəcək: Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov. Qulu Ağsəsin yumor hissi güclüdür. Bunu nəzərə almaq lazımdır...

- Ədəbi cameədən bir qədər uzaq görsənirsən. Adın çox da hallanmır. Özün belə istəyirsən, ya səni görməzdən gəlirlər?

- Haqlısan. Xeyli uzağam. İndi gündəmdə olmaq çox asandı. Adın çox hallanmağı isə istedad göstərici deyil. Düşünmürəm ki, məni görməzdən gəlirlər. Sadəcə, indi elə yerdə durmaq lazımdır ki, hardan baxsalar görünəsən. Bu mənada yerim pis deyil...

- Məsələn, səni görmək istəyən hardan baxa bilər? Həqiqi və məcazi mənada. Üzdə deyilsən, necə görə bilərlər səni?

- Okeanın dərinliklərindəki mirvariləri görə bilmək üçün ən azı üzməyi bacarmaq lazımdır. Bir də ki, şərt hardan baxmaqda yox, necə baxmaqdadı.

- Ruslan, xaricdəki təhsilindən danışaq bir az. Daha dəqiq, ordakı ədəbi əlaqələrdən, ora ilə buranın ədəbi mühit fərqindən, ədəbiyyata yanaşmadan...

- Qazaxıstanın ədəbi mühiti bizimkindən çox da fərqlənmir. Bəzən elə olur, haqqı çatandan daha çox əvvəldən konkret danışılmış, razılaşdırılmış adamlara mükafatlar verirlər. Eynilə bizdəki kimi. Bir faktı deyəcəm. Universitetimizdə şeir müsabiqəsi keçirilirdi. Müxtəlif türk xalqlarından iştirakçılar vardı. Mənim söylədiyim şeir çox bəyənilmişdi. Münsiflərdən bir nəfər məni çəkdi qırağa, dedi ki, şeirin çox gözəldi, qəşəng də dedin. Birinciliyə laiqsən. Amma bura Qazaxıstandı, qazağı qoyub, səni birinci edə bilmərik. Beləcə mən ikinci oldum. Ordakı ədəbi mühit deyəndə, ilk yadıma düşən bu hadisə olur. Ədəbiyyat baxımından yanaşsaq, bizdə vəziyyət daha yaxşıdır. Bizdə şeir daha güclüdür, belə demək mümkünsə, bizdə şeir daha şeirdir...

- Bəs oranın Yazıçılar Birliyi?!


- Açığı, bu barədə məlumatım yoxdur. Mən Türksütan şəhərində təhsil almışam. Yazıçılar birliyi burdan xeyli uzaqda - Almatıda yerləşir. Orda olmamışam. 5 illik təhsil müddətində "Qazaxıstan Yazıçılar Birliyi" ifadəsini ən yaxşı halda 5 dəfə eşitmişəm.

- Yazıçı-şairlərə aid olduğuna görə hər kəsə verdiyim eyni sual var; Azərbaycan Yazıçılar Birliyinə qarşı münasibətin necədir? Ədəbi fəaliyyətləri bir şair kimi qane edirmi səni?

- Söhbət sırf mənə qarşı münasibətdən gedirsə, narazılıq eləməyə haqqım yoxdur. Bu qurumdan özümə qarşı həmişə xüsusi diqqət görmüşəm. Bir məqamı demək istəyirəm. Bunu heç vaxt heç yerdə demədiyimə görə etiraf kimi də qəbul etmək olar. Mənə Prezident təaqüdü ayrılanda Qazaxıstanda yenicə təhsil almağa başlamışdım. Maddi vəziyyətim yaxşı deyildi. Növbəti illərdə də bu təqaüdə ehtiyacım olacaqdı. Anar müəllim bunu nəzərə aldı və mən ardıcıl olaraq 3 il Prezident təqaüdü aldım. Bu işdə Rəşad Məcidin rolunu xüsusi qeyd eləmək lazımdır. O ki qaldı AYB-nin başqalarına və başqalarının AYB-yə münasibətinə. Bilirsiz, indi özünü şair, yazıçı hesab edən bir dəstə adam bu qurumdan müxtəlif imtiyazlar umur, onları himayə etməsini istəyir. Bu, yaxşı hal deyil. Mən AYB-ni həmişə müdafiə eləmişəm və yenə eləyəcəm. Düzdür, deyəcəksiz ta 3 il təqaüd almısan də, gəl hələ eləməyəsən. Amma məsələ bunda deyil. Problem hər yerdə var. Müəyyən narahatlıqlar, çatışmazlıqlar barədə deyilənlərə gəlincə, iş, fəaliyyət olan yerdə bəzən gözdən qaçan məqamlar olur, bunu böyük qüsur kimi təqdim eləməyin tərəfdarı olmayanlardanam. Unutmayaq ki, AYB ictimai qurumdu, dövlət strukturu deyil, subyektiv baxışlar, fərdi yanaşmalar belə təşkilatlarda daha öndə olur. Yəni, mütləq tənqid eləyənlər filankəslə dostdu, tənqidçilər daha obyektivdi yanaşması kökündən yanlışdı. Ədəbi qurum təlatümlərin toplumudu. Razılaşaq ki, bu mənada belə qurumun fəaliyyətini mütləq dəstəkləmək, yaşamasına və inkişafına nail olmaq lazımdı. Təsəvvür edin ki, AYB yoxdu. Boşluğun fərqinə vardınızmı?

- 3 il təqaüd aldığını deyirsən, səncə, bu, bir az da başqalarının haqqına girmək deyilmi? O təqaüdü almaq istəyən, amma AYB-yə münasibəti yaxşı olmadığına görə ala bilməyənlər var...

- Gözlənilən sualdı. Bilirsiz, əhvalatın əsas hissəsini unudub bu cür də qiymət vermək Sizin haqqınızdı. Axı, məsələnin mənimlə bağlı olan hissəsi var, əvvəldə xatırlatdım, xaricdə təhsil alan kasıb bir tələbəyə, şairə edilmiş dəstəkdi bu. Məni bu mənada fərqləndiriblər, inanıram ki, iki və ya 3 dəfə təqaüd alan digər dostlarımızı da məhz hansısa xüsusi məqama görə seçiblər. Burda tərəfkeşlikdən söhbət gedə bilməz, çünki mən özümdə bunu gördüm. Sadə bir kənd uşağını, tələbəni heç bir xüsusi təmənna olmadan seçdilər. Mən belə gördüm və gördüyümə inanıram. Bu haqda neqativ danışanlarsa, çox vaxt qərəzli gəlir mənə. Çünki mən heç bir qarşılıqsız bu diqqəti görmüşəm. Dostlarımsa şeir yazdığına, hekayə quraşdırdığına görə bu təqaüdü tələb edir. Heç bir xüsusi hal, istisna olmadan. Vallah, heç olmasa, biraz təvazökarlıq yaxşı şeydir. Bir detalı da deyim, indi AYB-ni tənqid eləmək bu ölkədə ən asan işdi, iki qaralama çap eləyirsən və başlayırsan ki, Anar pisdi, Rəşad yaxşı deyil və sairə. Axı, bunun harası ədəbiyyatdı, harası novatorluqdu ki, bizim xəbərimiz yoxdu? Burda bir digər məsələ də var. Deyirsiz ki, AYB-yə münasibəti yaxşı olmadığına görə bu təqaüdü almayanlar var. İlk baxışdan belə görünür ki, sanki mən 3 il təaqüd almasaydım, AYB-i həmin o münasibəti yaxşı olmayanlara təaqüd verəcəkdi. Məncə, AYB bu məsələdə çox mərhəmətlidi. Bəzən təqaüd alan elə şair, yazıçı görürəm ki, düşünürəm, buna verilən təqaüdü də mən almalıydım...

- Ruslan, bəs ədəbi mühit adamları necə? Bəzən bir şair, yazıçı götürür ki, deyir, ədəbi mühit elə, belə. Kimisi "kruq" deyir, kimisi də başqa nəsə. Sən nə düşünürsən bu barədə?

- Açığı, bu suala cavabım yoxdu. Mən başqalarının düşüncələri barədə heç nə deyə bilmərəm. Çalışıram öz bucağım olsun və həmin bucaqda oxumaq, öyrənmək, yazmaq şansım olsun. Kimin hansı cəryana, hansı kruqa dəxli var bilmirəm və bu söhbətləri bir az gülüşlə qarşılayıram. Əsas sən yaxşı ədəbi məhsul yarat. Cərəyan da, "kruq" da, lap elə iddia da budur. Kimsə məndən yaxşı və ya pis yazır deyənlər fərqinə varmalıdılar ki, gülməli görünürlər. Mənə görə, Ədəbiyyatın "kruqu" olmur. Olmamalıdı. İndi bizdə hər şeyin "kruq"unu yaradıblar. Ona görə də fırlana-fırlana qalmışıq, bir yola çıxa bilmirik.

- Ruslan, son dövrlər şeirin ciddiyəti itdiyini deyirlər. İndi dünyada nəsr daha maraqlıdır, şeir kütləvi deyil, bir çox şairlər də nəsrə keçir bir yerdən sonra. Buna münasibətin necədi, düzmü deyirlər?

- Mən də hekayələr yazdım bir ara. Nəsrin öz cazibəsi var, xüsusi dramaturji modellər, dərin biliklər, böyük təcrübə tələb edir. Nəsr bu mənada öndə görünə bilər. Amma mən şeir yazıram və şeirin yanındayam. Şeir həm də birbaşa vəhy məsələsidir. İlahidir. Onu gələndə yazırsan. Nəsrə isə zaman və hövsələ lazımdır.

- Ruslan, son olaraq səni tanımayanların bu müsahibəni oxuyandan sonra hansı şeirini oxuyub tanımağını istəyərdin? Sənə o şeirlə baxsınlar, görsünlər...


- "siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.

hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.

yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.

yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar.

nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.

azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.

dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...

gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.

...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.

baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə..."


- Müsahibə üçün təşəkkür edirik.

- Mən də təşəkkür edirəm.

Söhbətləşdi; Orxan Saffari.