Uçurum - Pərvanə BAYRAMQIZI yazır
Onu tənbeh etmək üçün qohum-qonşu öz növbəsini gözləyirdi. Rəhman öyüd-nəsihətlərdən bezmişdi. Nə qədər desə, “evlənmirəm, əl çəkin” yenə də onu rahat buraxmırdılar. Ərincək olduğundan kəndin sakinləri evlənmək istəmədiyini də tənbəlliyinə yozurdular. Elə bilirdilər, hər gün danlasalar, başına ağıl qoya bilərlər. Bu gün də onu yola gətirmək üçün növbə kəndin ağsaqqalı Abbas kişiyə çatdı. O da öhdəsinə düşən vəzifəsindən məmnun halda Rəhmanın yaşadığı balaca yarıqaranlıq evə gəldi. Qapını birbaşa açıb:
– Haradasan, a bala? – deyərək içəriyə boylandı. Ağsaqqalın gəlişinin səbəbini həmən anlayan cavan tələsik qalxıb əyninə köynək geyindi. Qəfil gəlişdən üzünə yayılan narazılıq ifadəsini ondan gizlətməyə çalışdı. Hətta ürəyində: “Barı qapını döy də, ay saqqalı ağ kişi”, – deyə qınadı. Ağsaqqal isə bu qınaqdan xəbərsiz halda dayanıb cavana baxırdı. Rəhman:
– Keç, Abbas əmi, keç, – dedi –yer tapa bilsən, əyləş. Hər yer qarışıqdır.
Elə bil ağsaqqal bu sözü gözləyirmiş ki, gəlişinin məqsədini bildirsin.
– Arvad olmayan ev belə olar da, ay tənbəl. Adamı eşitmirsən ki. Deyirik ki, bir bulaq başına-zada çıx, kəndin gözəl-göyçək qızlarından birini seç, evlən, eşitmirsən.
Cavan oğlan pal-paltarlarını yığdığı çarpayının üstündən qara bir şey götürüb stolun üstünə qoydu. Əlini uzadıb nə etdisə, ağsaqqalın gözünü işıq qamaşdırdı. Barmaqlarını nəyə vururdusa, şıqqıltı eşidilirdi. Ağsaqqal bir qədər tamaşa edib:
– Bu nədir, ə? – deyə acıqlandı. – Götür o yana qoy, iki kəlmə söhbət edək, – dedi.
Rəhmanın gözlərini qutuya bənzər əşyadan ayırmadan söylədiyi:
– Ağsaqqal, indi qız bəyənmək üçün bulaq başına getmək zamanı deyil, ey. Bax bu balaca qutuya, nə qədər istəsən, buradan qız sevmək olar, – sözlərindən ağsaqqal heç nə başa düşmədi.
– Ayıb deyil, məni dolayırsan?
Rəhman gülümsündü.
– İnandığın hər nə varsa, ona and olsun ki, doğru sözümdür, Abbas əmi, – həmin əşyanı bu dəfə ağsaqqalın qarşısına qoydu. – Bax bu, notbukdur, – dedi. – Bunun vasitəsilə dünyanın hər yerindən xəbər tutmaq olur. Burada oturub lap Amerika ilə əlaqə saxlaya bilirsən.
– Bunun evlənməyə nə dəxli var, ay xatakar?
– Var, ağsaqqal, var, – deyib Rəhman qımışdı. – Burada da gözəl-göyçək qızlarla tanış olub evlənmək olur.
Qoca bir xeyli onu süzüb başını buladı.
– Sən nə çətin uşaq oldun, əə. Yazıq Usuf yaxşı ki, vaxtında getdi dünyadan, yoxsa sənin əlindən ürəyi partlayardı. Dur, a bala, dur. Səmədin iki yaxşı qızı var. Get bax, bəyən birini, elçiləyək, sən də ailə-uşaq sahibi ol.
– Neyləyirəm, ey, evlənməyi, Abbas əmi, özümə qulluq edə bilirəm də.
– Ə, arvadı təkcə qulluq eləməyəmi alırlar, ay tərs keçi. Qoy sənin də könül həmdəmin olsun da.
Bu dəfə hövsələdən çıxdı, az qala, ağsaqqalın üstünə qışqıracaqdı.
– Yaxşı da, Abbas əmi, sənə and verirəm oxuduğun Qurana, de görüm, heç Güllü xalaya həmdəm olmusanmı? Yazıq arvadın bircə dəfə də olsun nə istədiyini soruşmusanmı, bircə dəfə əl-ələ verib gəzməyə çıxmısınızmı? Hə?
Ağsaqqal cavab verməyə macal tapmırdı. Rəhman dil-dil ötürdü.
– Yazıq qadın sənə palçıqlı ayaqlarını yumaq, nəslinə qulluq etmək üçün lazım olub. Səhərdən axşamacan qarışqa kimi torpaqda eşələnib yorğun düşəndə bir dəfə də olsun, nəvaziş göstərməmisən. Həmdəm olmağı bunamı deyirsən, Abbas əmi?
– Ə, gül kimi balalar böyütmüşük, nəvə-nəticə sahibiyik. Bundan böyük xoşbəxtlik varmı?
– Ay sağ ol, bax birini də özün dedin.
– Düz-əməlli də danışmırsan, bilmirəm ki, nə cavab verim sənə.
– Bax görürsən, necə bir evdə yaşayıram, – qaldığı otağı göstərdi. – Bura kimin qızını gətirsəm, elə bilər, mənə bostan qoruqçusu lazım imiş.
– Bəs sən necə yaşayırsan burada, a bala?
– Mən də birtəhər yaşayıram, əziyyət çəkirəm. Yox, Abbas əmi, evlənən deyiləm. Özümü birtəhər yola verirəm, evlənəndən sonra gərək çalışam, qazanam, qayğı çəkəm. Yox, bu, mənlik deyil.
– Ə, bəs kişi çalışıb qazanar da, çörək kimə göydən tökülür?
– Yox, ağsaqqal, başımı yoza bilməzsən, evlənmirəm. Mən evlənməsəm, dünya dağılmaz ki!
– Bax tay-tuşlarının hamısı oğul-qız yiyəsidir.
– O uşaqlar onların deyil, Abbas əmi.
– Əstəğfürullah! Ə, pis-pis danışma.
– Hirslənmə, ey, yəni demək istəyirəm ki, bugün-sabah qızını başqasına verəcək, öz evində olmayacaq ki.
– Hə, oğlu ki var. Bu da həyatın qanunudur da, qız özgə çırağını yandırır.
– Heç oğlu da özünə qalmayacaq. Onu da hökumət gəlib əlindən alacaq, aparıb müharibədə öldürəcək.
– Ağzından yellər alsın, Allah eləməsin. Yaman pisniyyət adamsan, ha. Ə, bəs adamlar vətəni üçün savaşmasınlarmı?
– İnsanlar heç nə üstündə savaşmamalıdırlar, ağsaqqal.
– Ağlıma gəlməzdi ki, Usufun öldüyünə bir gün sevinəcəyəm.
– Atam sağ olsaydı, vallah, onu yola gətirə bilərdim. Camaatı başa sala bilmirəm ki, əl çəksinlər məndən.
– Qocalanda əlinə bir stəkan su verən olmayanda peşman olacaqsan. Hələ cavansan, neylədiyini başa düşmürsən.
– İnsanın yaşının ağlına dəxli olmur, Abbas əmi. Uşağa “uşaqdır, qanmır”, cavana “beyni qandır, düşünmür”, qocaya da “yaşlı adamdır, şüuru zəifləyib” deyirlər, bəs insan övladının qanmağı hansı vaxtına düşür? Əslində, adam ya ağıllı doğulur, ya da əksinə. Elə adam var ki, hər yaşda doğru düşünməyi bacarır.
– Hmm, ağsaqqallıq edirsən mənə? – incik halda deyindi.
– Yox, ey, Abbas əmi, düzünü mən deyirəm.
– Qocalanda da beləcə damın altında bu qara qutu ilə oynayacaqsan?
– Bu qutunun vasitəsilə özümə yaxşı bir iş tapacağam, ağsaqqal, bir az gözlə. Çoxlu pulum olacaq, yaxşı böyük bir ev tikdirəcəyəm.
– Ay sağ ol, bilirdim ki, eşidəcəksən məni.
Ağsaqqalın sevincdən gözləri yaşardı. Rəhman onu məyus edəcəyinə təəssüflənsə də, fikrini söyləməkdən çəkinmədi.
– O ev o qədər böyük olacaq ki, ora nə qədər istəsən, qadın sığacaq.
– O boyda lazım deyil. Hələ birini tap evlən, bəsindir.
– Yox, ağsaqqal, o evə evlənməyənləri gətirəcəyəm. Əlinə bir stəkan su verməyə adamı olmayanları yığacağam. Vaxt gələcək ki, heç kimin zəhləsini töküb zorla evləndirməyəcəklər, həyatlarını istədikləri kimi yaşayıb qocalanda da o evə yığışacaqlar, onların qayğısına da işini sevən onlarla adam qalacaq.
Ağsaqqal mat-məəttəl cavana baxıb birdən var gücü ilə bağırdı:
– Allah səni öyrədənlərin bəlasını versin! Beynini zəhərləyiblər sənin. Axmağın biri axmaq!
Rəhman qəzəblənmiş ağsaqqala fikrini izah etməyə çalışdı:
– Burada faciəvi bir şey yoxdur, bax…
Ağsaqqal onu dinləmədi, qapıdan çıxdı. Protez dişlərini şaqqıldada-şaqqıldada kiməsə qarğıdı:
– Evin yıxılsın, mərdimazar! Daha uşaqlarımız da bizə arxa çevirirlər.
Cavan oğlan bir az qocalıqdan, bir az da əsəbdən əsə-əsə yeriyən ixtiyarın arxasınca getmədi. Gözlərini bir nöqtəyə dikib dərin xəyala daldı.


Bakı -°C

