“Varlığın Aynasında İnsan”
Bəzi şeirlər vardır ki, onların içində gizlənən mənaları anlamaq istəyərsən. Oxuyarsan, sonra bir daha oxuyarsan kəlimələri idrak etməyə çalışarsan. Bəzən səni dərindən sarsıdan misraların niyə bu qədər qəlbə toxunduğunu anlaya bilməzsən. Bir ifadə insanı bənzərsiz düşüncələrə götürər. O düşüncələrdəki mənaları anlamaq üçün başqa mənbələrə üz tutmalı olursan.
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, Farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i Müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm…
Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm...
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.
Məşhur Hürufi şairi Nəsimiyə məxsus bu misralar insanı düşündürməyə bilməz. Hürufiliyin əsası, qədim çağlardan bəri mövcud olan, hərflərlə rəqəmlərin müqəddəsliyinə inanan və onlara müxtəlif rəmzi mənalar yükləyən bir düşüncə tərzinə dayanır. Hürufiliyin tam olaraq nə vaxt və necə yarandığı dəqiq bilinmir. Lakin onun eramızdan əvvəl IV–III əsrlərdən etibarən Yaxın Şərqdə ortaya çıxdığı düşünülür. Sufizmin bir qolu da Hürufilikdir. İnsan nəyi bilməlidir? - sualının cavabı sufi düşüncəsinin üç mərhələli fəlsəfəsində gizlidir: Özünü bilmək, Özündəki “öz”ü, yəni batini varlığı tanımaq və “Haqq”ı bilmək, onunla bir olmaq.
Bu üç mərhələ, insanın bilməkdən “olmağa” doğru keçdiyi mənəvi yolun xəritəsidir. Sufilər, Qurandakı açıq mənaların altında gizlənən batini anlamların olduğunu və bütün varlıqların tək bir varlığın təzahürü sayıldığını irəli sürürlər. Bu anlayış Vəhdətül-Vücud, yəni “Varlığın Birliyi” fəlsəfəsidir. Vəhdətül-Vücuddan söz düşmüşkən, İbn Ərəbinin adını çəkmədən keçmək olmaz. XIII əsrdən etibarən yaşamış bir çox sufilərə görə, onun əsərləri tasavvuf nəzəriyyəsinin zirvəsini təşkil edir. İbn Ərəbi, Qərb düşüncəsində İslam panteizminin ən mühüm təmsilçisi kimi qəbul edilir. Onun baxışına görə kainatda görünən hər şey, Allahın varlığının təcəllisidir, varlıq çoxluğunun arxasında duran yeganə həqiqət - Haqqın özüdür. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh kimi sufi şairlər tasavvuf sahəsində ölməz əsərlər yaratmışlardır.
Özümüzü tanıdığımız, varlığımızın mahiyyətini dərk etdiyimiz, kəlimələrin susduğu, amma mənaların danışdığı sükutda bəzən durmaq gərəklidir…
Fikrət Əkbərli,
Türkiyə üzrə araşdırmaçı-yazar


Bakı -°C

