adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 May 2021 13:01
76139
MÜSAHİBƏ
A- A+

İşıqçı rəssam Rəfael Xəlilov: "Pultun batareyasını dəyişdik problem aradan qalxdı"

Səhnə arxasında qalanlar

Teatr kütləvi yaradıcılığın məhsuludur. Bir əsərin  səhnəyə qoyulması üçün 60-70 nəfərlik heyət bir neçə ay ay usanmadan çalışır və hər kəs tamaşanın keyfiyyətli alınması üçün əlindən gələni əsirgəmir. Adətən bilet alıb teatra gələn tamaşaçının diqqəti səhnədə baş verənlərə yönəlir. Onlar üçün maraqlı olan bircə şeydir: tamaşa və aktyorların oyunu.

Ancaq hər bir teatrda elə adamlar çalışır ki, onların zəhməti olmadan heç bir tamaşa ərsəyə gəlməz. Söhbət nə reyissorlar, nə aktyorlar, nə də müəlliflər deyil, səhnədən kənarda min bir zəhmətlə çalışan, ancaq adları heç vaxt çəkilməyən yeayr fədailərindən gedir. Onlar reyissor köməkçiləri,qrim ustaları, səhnə tərtibatçıları,  rekvizitorlar, səhnə maşinistləri, işıq ustaları və başqalarıdır. Belə olan surətdə, nə üçün səhnədə pərdənin arxasında qalanların əməyinə biganə qalaq? 

Səhnə arxasında qalan, amma tamaşanın hazırlanmasında mühüm rolu olan sənət sahiblərindən biri də işıq ustaları, yaxud işıqçı rəssamlardır. Bu gün onlardan biri, Gənc Tamaşaçılar Teatrının işıqçı rəssamı işıqçı rəssamı Rəfael Xəlilovdan bəhs edəcəyik.

 

- Rəfael, istərdim birbaşa mətləbə keçək, işıqçı rəssam teatrda kimdir?

 

- İşıqçı rəssam praktik olaraq bütün səhnə əsərlərində texniki heyətdə əsas yerlərdən birini tuturlar. Heç bir tamaşanı, konsert proqramını işıqsız təsəvvür etmək mümkün deyil. İşıqçı rəssam səhnədə işıq effektlərini uğurla dizayn etməklə tamaşanın, konsertin baxımlı alınmasına nail olur. Bu baxımdan teatr və konsert zallarının dünya standartlarına uyğun qurulması, ən müasir texniki avadanlıqlarla təmin olunması ilə yanaşı, bu avadanlıqlarla işləyə bilən peşəkar texniki heyətin olması da çox mühümdür.  Teatrın işini işıqsız təsəvvür etmək qeyri-mümkündür. Səhnə əsərində rejissor fikrinin və ideyasının tamaşaçıya çatdırılması bu insanların peşəkarlığından çox asılıdır. Onlar unikal işıq səhnələri yaradaraq tamaşaçını sevindirə, düşündürə və həyəcanlandıra bilirlər.

Hələ teatrın yarandığı ilk zamanlarda səhnələr şamlar vasitəsi ilə işıqlanırdı. Şamlar xüsusi qablara yerləşdirilirdi və onların işıq salma sahələri genişlənirdi. Təbii ki, müasir texnika bu sahədə çox böyük imkanlar yaradır. Hər hansı bir səhnə qurulduğu zaman onu real görünməsini istəyirəm. İşıq vasitəsilə səhnəni tam olaraq çatdırmaq istəyirəm. İşıq səhnədə məkanı göstərməklə yanaşı, aktyorun halını da çatdırmaq imkanına malikdir. Hazırda işimi təkmilləşdirmək üçün internet vasitəsi ilə dünyanın bir çox işıq ustaları ilə əlaqələr qururam. Fikir mübadilələri, müzakirələr aparırıq. Bu sahədə baş verən yeniliklərlə bir-birimizi tanış edirik. Bəzən internet forumlara girib yenilkilər barədə məlumatlar alırıq. Bu sahədə işləyən xarici həmkarları axtarıb tapırıq, onlarla məsləhətləşirik. Bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrı əsaslə təmir olundu, müasir texniki vasitələr quraşdırıldı. Bu texnikanı işlətdiyimiz zaman bəzən problemlər ortalığa çıxır. Bu yaxınlarda işıqşəbəkəsinin pultu xarab oldu, Bakıda nə qədər usta çağırdıq problemi tapa bilmədilər. Axırda internet vasitəsilə Moskvanın Bədaye Teatrının işıqçısı ilə əlaqə saxladıq, o, bizə dedi ki, pultun batareyasını yoxlayın. Biz də pultun batareyasını dəyişdik problem aradan qalxdı. Mədəniyyət Nazirliyinin göndərişi və teatr rəhbərliyinin məsləhəti ilə teatrdakı həmkarlarımız xaricdə təcrübədə olurlar. Qayıdıb gələndən sonra bütün yenilikləri bizə də öyrədirlər və beləcə müasir texnikanı işlətməyi bacarırıq. Bu gün teatrımız müasir standartlara uyğun avadanlıqla təchiz olunub, amma işləmək də asandır.

İşıq rəssamı səhnədə aktyoru işıqlandırmaqla yanaşı rejissorun fikrini çatdırmağı bacarmalıdır. İşimizi dekorasiyaya uyğun qururuq. İşıq məkana görə verilir. Tamaşada aktyor oyununu, musiqini dekorasiya və işıq işi tamamlayır. Rejissorla işıq rəssamı ümumi bir fikrə gəldikdən sonra iş prosesi kompyuterdə proqramlaşdırılıb yaddaşa verilir. Bu gün dünya teatrlarında işıq effektlərindən geniş istifadə olunur. Tamaşanın işıq sistemi ən azı 15 gün müddətində qurulur. Bu müddət ərzində effektli iş əldə etmək olar.

 

- Bu sənətə maraq haradan yarandı, ümumiyyətlə, bəzən deyirlər ki teatrda yalnız sənət fədailəri çalışırlar? Bu günkü maddi imkanlara diqqət yetirdikdə bu sözlərin həqiqət olduğunu görürük. Sizi teatrda saxlayan nədir?

 

- Mənim atam özü uzun illər teatrda səhnə fəhləsi işləyib. Mən də uşaqlıqdan bir az dalaşqan idim, özü məni teatrda gətirdi ki, boş bekar qalmayım, başım bir işə qarışsın. Mən də gəldim. Sözün düzü uşaq vaxtı atamla teatra çox gəlmişəm, həmişə teatrın rəngbərəng işıqları diqqətimi cəlb edirdi. Ona görə də, işıqçı olmağa razılıq verdim. Teatr elə bir yerdir ki, bura düşən çətin ki bir də buradana uzaqlaşa billə. Beləcə ilişib qaldım teatrda. Artıq 23 ildən yuxarıdır ki, bu teatrda çalışıram. Bu peşənin qəribəliyi ondadır ki, bir neçə sahəni özündə birləşdirir: rəssamlıq, texniki biliklər, fantaziya və s. Televiziyada, kinoda işıq kamera ilə birgə işləyir, teatrda isə gözlə. Bu səbəbdən də teatrdakı işıq səhvi tez nəzərə çarpır. Bəzən gecələr səhərə kimi işdə qalıb quracağım işıq effektinin üzərində çalışıram.

Çox istərdim ki, bir sıra ölkələrdə olduğu kimi, bizdə də işıq rəssamlarının birliyi təşkil edilsin. Dünyada və ölkədə bu sahədə baş verən yeniliklərlə bir-birimizi tanış edək, müzakirələr aparaq.

 Bu günə kimi heç vaxt bu peşəni seçməyimə görə peşman olmamışam. O kəs xoşbəxtdir ki, səhər işə, axşam evə tələsir. Kollektivimiz mehriban, işimiz də maraqlı, yaradıcı insan üçün bundan artıq nə lazımdır ki?...

 

İLTİFAT