adalet.az header logo
  • Bakı 16°C
11 May 2021 11:56
94815
MÜSAHİBƏ
A- A+

"Meyxana vərdişdir bəli. İstedadın varsa, seçiləcəksən" -  MÜSAHİBƏ

Meyxanaçı Rüfət Nasosnu Adalet.az saytına müsahibə verib. 

- Rüfət, meyxanadan əvvəl söhbətə Tarixlə başlayaq. İxtisasca tarixçisən və bir müddət də Tarix müəllimi işləmisən... 

- Bəli, elədir. Tarix üzrə təhsilim var. Lənkəran Dövlət Universitetini bitirmişəm. 

- Meyxanalarında tarix havası hiss olunmur amma.. 

- Elədir. Meyxanada tarix havası duyulub hiss olunmasa da, mənim oxumağım köməyimə çox çatıb. Tarix ixtisasında təhsil ala-ala həm də ədəbiyyat öyrənmişəm, elmlənmişəm. Amma Tarix üzrə oxumağımın köməyi televiziyada, tədbirlərdə hiss olunub, olunur. 

- Bəs niyə müəllim kimi davam eləmədin? 

- Müəllim kimi davam etməməyimə çox səbəb var. Bəzilərini deyim. Müəllimə hörmətin olmamasıdır məsələn. Mən müəllim işlədiyim dövrdə müəllimə diqqət ümumiyyətlə yox idi, normal maaş yox idi. Heç guya indi necədir ki? Mən universitetdə oxuyanda Komitə sədri rüşvət alırdı, bir müəllim də var idi, Tarix Dostuyev, o rüşvət almırdı deyə, 4 il eyni kostyumda gördüm onu. Kostyum da nə kostyum? Bəlkə məndən də əvvəl 4-5 il idi ki, onu geyinirdi. 

- Deyirsən ki, savadlanmışam, ədəbiyyat öyrənmişəm, həm elə təhsilin də var. Amma qıraqdan tənqidlər var ki, meyxanalar ancaq kriminal aləm, narkotikadan bilirlər. Sənin də bəzi meyxanalarında var bu cür meyxanalar. Tənqidləri haqlı görürsənmi? 

- Bizdə sənətlə həyat tərzini qarışdırırlar. Mən yaxşı meyxanalar çox deyirəm. Məsələn, Mübariz İbrahimovdan, Polad Həşimovdan deyirəm, bunu görmürlər o narkotiki görənlər? Məsələn, bir porno aktyor kiminlə gəldi yatmalı deyil, amma hamı o cür düşünür. Bir yanğınsöndürən evə girən kimi əlinə su şlanqı götürüb nəsə eləmir ki. İş başqadır, həyat tərzi başqa. Kimlərsə narkotik çəkirsə, bu da üzdə olursa, o demək deyil ki, hər kəs belədir. O vaxt bir Axund tutmuşdular narkotiklə. İndi o deməkdir ki, bütün axundlar belədir? Narkotika insanın öz ağılsızlığından, iradəsizliyindən irəli gələn bir şeydir. Bu məsələdə çox adam günahkardır. Məsələn, elə jurnalistlər. Ancaq eşitdiklərini yazırlar, onu da yarımçıq. Çoxu bilmir meyxana nədir, narkotika ilə əlaqəsi varmı, amma nə gəldi yazır, bu cür göstərir, təbliğ edirlər. Reytinq xatirinə çox şey edirlər. Bu da gətirir bu kimi söhbətlərə çıxardır. 

- Meyxanaçıların hazırda çoxu narkotikdən istifadə etməsə də, narkoman olmasa da, qıraqdan belə görüntü yaranıb. Yaxud da, əvvəl istifadəçisi olan bir çox məşhur meyxanaçılara görə. Məsələn, narkotikdən uzaq biri narkotikadan meyxana deyirsə, görüntü də pozulur. Bəlkə elə günahkar həqiqətən sizlərsiniz? Bu cür meyxanalar deməyinizdir? 

- Qərbdə belə fikir yaranmışdı ki, bütün müsəlmanlar terroristdir. Biz uşaq vaxtı elə bilirdik ki, bütün yaponlar karateistdir. Əvvəllər meyxana deyənlərin bəziləri narkotikdən istifadə edib deyənə, elə fikir formalaşıb ki, narkotiksiz meyxana mümkün deyil. Bir ara meyxana çox sıxışdırıldı. Dövlət tərəfindən dəstəklənmədi, Sovet dövründə qadağa var idi, meyxananı da xalq saxladı ayaqda. Ən çox harda deyirdilər? Palatka toylarında. O vaxt da gizli deyil ki, narkotikdən istifadə edilirdi və yayılırdı. O vaxt meyxana deyənlərə də elə kriminal kimi baxırdılar. Mən meyxana şairi olmaq istəyəndə, deyəndə atam da razı deyildi. Meyxana bir az həyat tərzidir. Söyüş olurdu deyə qadın olmurdu. Gecədən səhərə kimi deyirdik. Amma meyxana bunlardan ibarət deyil ki. Meyxanada hər şey var. Baxır, kim necə görür, nə görür, nə görmək istəyir. 

- Deyirsən, meyxana şairi olmağa qərar verəndə. Bu, qərarla olur ki? Yəqin, universitet vaxtı şeir yazırdın, sonradan gördün belə bir istedadın var. Məsələn, indi deyirlər, meyxana vərdişdir, nə var onu deməyə. Düz deyirlər? Sən özün də demişdin ki, mən Bayram Kürdəxanlıya baxıb öyrənmişəm.Bu cür deyənlər düz fikirləşir? İstənilən adam meyxana meydanlarında olub vərdiş eləməklə deyə bilər? 

- Mən Bayrama baxıb öyrənmək yox, həvəsə gəlmişəm demişəm. Professional demirdi o. Öz yolu var idi. Allah rəhmət eləsin. Meyxana vərdişdir bəli. İstedadın varsa, seçiləcəksən. Yəni, çox adam deyə bilər, amma hamı meyxanaçı ola bilmir ki. Sözü satmaqdan çox şey asılıdır. İstedadlı adamlar var ki, ifadə edə bilmirlər özünü tam olaraq. Nəinki Universitet vaxtı, heç indi də yazdıqlarıma şeir demirəm. Mən həvəskar şairəm. Oturub yazsam, bilirəm ki, alınar. Meyxana və ədəbiyyat şeiri başqa-başqa şeylərdir. 

- "Elə istedadı olanlar var ki, özlərini göstərə bilmirlər" sözün diqqətimi çəkdi. Xüsusi ilə son dövrlər bunun söhbəti getdi ki, hazırda meyxana ustası sayılan adamların bəziləri gənclərin qabağını alır müxtəlif yollarla(onların olduğu toyda iştirak etməməklə məsələn) Hətta konkret adlar çəkilir. Sizlərdə bu nədən asılıdır? Paxıllıq, konflikt, yoxsa başqa nəsə? 

- Kimlərin adı çəkilir məsələn? Denən, mən də onlar üzərindən danışım... 

- Məsələn, Rəşad Dağlı. 

- Ümumi olaraq toylardan deyə bilərəm ki, baxın, görün cavan uşaqlar neçə yekəbaşlıq edirlər. Elə bilirlər, 3-4 təfilə ilə ustad olacaqlar. Meyxana idarə eləməkdir həm də. Meyxana tək efir üçün deyil ki. Toyda meyxana həm də şoudur. Materialı təqdim etməlisən, xiridarı zövqünə uyğun olmalıdır, onun istədiyini demək lazımdır. Elə meyxana deyən var əla deyir, amma bir dəfə toya gedirsən, sonra çağırmırlar. Çünki təqdim edə bilmir. Məsələn, belə deyim, həkimlərin məclisində həkimlərdən deməlisən də. İdarə eləməlisən məclisi. Traxtristlərin məclisinə gedib ancaq həkimdən desən olmaz axı. Məclisin atmosferini tutmaq lazımdır. Qaldı Rəşada Dağlıya, mən buna inanmıram. Belə şey olmaz. Bu söhbətlər uşaqlıqdır. Rəşadın rəqibi uşaq-muşağlar ola bilməz axı. Bu fikiri deyənlər həqiqətən uşaqlardı. O gənclərin çoxu özünü göstərə, təqdim edə bilmirlər. İstedadlı adamı Rəşad özü qabağa çəkər elə. Rəşadın borcu deyil e, bu. Amma yenə də baxma da. Rəşad dursun kiminsə qarşısını almağa çalışsın, olası söhbət deyil bu. Mən illərnən meyxana dedim, çox dəyişildim, istedadım var idi ki, qanacağım var idi ki, qabağa çıxa bildim. İndi hansı gənc belədirsə, o da gedəcək qabağa. Onun qabağını heç kim ala bilməz, Rəşad heç almaz. 

- Rüfət, son dövr müasir Azərbaycan ədəbiyyatı nümayəndələri meyxanaya qarşı iddialar səsləndirirlər, pisləyirlər. Bəziləri deyir, meyxana ciddi sənət deyil, meyxanaçılar da bunun əksini deyir. Yazıçıların belə etməyinə bir çox səbəb var, amma həm də bəzi meyxanaçılar deyir ki, onlar paxıllıq edir, oxunmular, biz qədər pul qazana bilmirlər deyədir. Həqiqətən belədir? 

- O məsələlərdən biri də elə maliyyədir. İkinci məsələ isə şöhrətdir. Meyxanaçılar nisbətən çox və tez tanınır, populyar olur, amma yazıçı-şair üçün bizdə o səhnə yoxdu ki, tez də populyar olsunlar. Toya çağırıb, əsərə qulaq asmayacaqlar ki. Yaxud da, elə şairi. Az-az çağırarlar. Meyxana isə gündəlik həyatımızda olan toylarda, tədbirlərdə kütlə tərəfindən qəbul olunub, qulaq asılır deyə, daha rahatdır tanınmaq. Bu da bəzi insanlarda qısqanclıq yaradır. Biri var, başqasının hesabına gedəsən qabağa, biri də var özünün. Ədəbiyyatda da ata-oğul söhbətləri var. Bu elə meyxanada da var. Ağamirzə Ağasəlimin hesabına tanınıb. Sonradan da öz hesabına olub. Elə yazıçılar var ki, yaxşı əsərləri var, amma meyxana deyən onu bəyənmir. Belə şeylər də var. Yazıçı gərək irad eləməsin e, meyxana deyənə. Öz işinlə məşğul ol da. Ciddi baxmırsan? Baxma da. Əsərini yaz. Mənim poemadan xoşum gəlmirsə, niyə onu yazanı tənqid etməliyəm? Deməli, maraqlıdır da. 

- Müsahibə üçün təşəkkür edirik. 

- Çox sağ olun, mən də. 

 

Söhbətləşdi; Orxan Saffari