Vətəndaş qəzetçiliyi – Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
112122 | 2021-05-05 11:55

2004-cü il idi.

Hind okeanında 9,3 gücündə zəlzələ oldu, sunami yarandı. İndoneziya, Tailand sahillərinə vurdu, 230 min insan həyatını itirdi.

Dünyanın ən böyük xəbər agentlikləri fəlakət bölgəsindən hələ bir görüntü əldə etmədiyi halda, Norveç qəzeti Verdens Gang bol-bol fotolar və videolar yayımlağa başladı.

Çünki...

O günə qədər Norveçdən kənarda adı-sanı duyulmayan bu qəzet bir il əvvəl “vətəndaş qəzetçilər” üçün telefon xətti qurmuşdu.

Sunami başlayan kimi bölgədə olan norveçli turistlər telefonları ilə hadisəni çəkib Verdens Ganga yollamışdı.

Beləcə, sunami baş verən dəqiqələri əlindən qaçıran dünyanın ən böyük xəbər agentlikləri fəlakət bölgəsinə müxbir göndərənə qədər Norveç qəzeti müxbir belə göndərmədən bölgədəki vətəndaş müxbirlərin hesabına sunamini saniyəbəsaniyə bütün dünyaya göstərmişdi.

Mətbuat tarixinin miladı idi.

Vətəndaş qəzetçiyi anlayışı 1990-cı illərdə ABŞ-da ortaya çıxdı.

Sənəti qəzetçilik olmayan adamların xəbərə şahidlik etməyinə, texnologiyanı istifadə edərək yayımlanmasına, yəni o xəbəri topluma ötürməsinə vətəndaş qəzetçiliyi deyilir.

Facebook, Twitter, Instagram istifadəçiləri youtuberlər, bloggerlər “vətəndaş qəzetçi” kimi qəbul edilir.

Çünki telefonlarla və bu cür digital sosial paylaşım imkanları ilə şəxsi medialarını qurmuş olurlar, xəbər olaraq gördüklərini, fikirlərini vasitəsiz şəkildə topluma təqdim edirlər.

Qəzetçilik nə qədər azalırsa, vətəndaş qəzetçiliyi də bir o qədər artır.

Sunami xəbhəri bu mənada milad idi… Ənənəvi media texnologiyanın sürətinə çatmamış peşəkar qəzetçilərin boşluğunu vətəndaş qəzetçilər doldurmuş və həvəskar qəzetçilik refleksi ilə qlobal miqyasda xəbərə imza atmışdılar.

Artıq bu gün vətəndaş qəzetçilər sadəcə xəbərlərə tövhə verməklə qalmır, modadan musiqiyə, kinodan turizmə, idmandan kosmetikaya qədər gündəlik həyatımızda yer alan istənilən mövzuda rol oynayırlar.

Vətəndaş qəzetçiliyinə arxasını çevirən xeyir tapmır.

Türkiyənin gəlib-getmiş ən yüksək tirajına sahib, Türkiyənin ən yüksək reytinqinə sahib xəbər komandalarını idarə edən peşəkar bir qəzetçi olaraq qürurla deyə bilərəm ki, tirajın da, reytinqin də sirri işin içinə vətəndaş qəzetçiliyindən qatmaqdan keçir.

Peşəkarlıq həvəskar ruhdan, həvəskar həyəcandan nə qədər uzaqlaşsa, tiraj da, reytinq də bir o qədər aşağı düşür.

Bugün dünyada 5 milyard insanda mobil telefon var.

4,5 milyard insan internet istifadəçisidir.

Hər gün 350 milyard e-mail göndərilir.

Google-da hər dəqiqədə 5 milyon axtarış edilir.

Facebook-da hər bir dəqiqədə 3 milyon paylaşım edilir.

Twitter-da hər bir dəqiqədə 500 min paylaşım olur.

İnstagram-da hər bir dəqiqədə 60 min foto paylaşılır.

WhatsApp-dan hər gün 100 milyard mesaj göndərilir, hər gün 100 milyard!

Türkiyədə 50 milyon insanın ağıllı telefonu var.

Türk vətəndaşları gündə təxminən 8 saat internetdən istifadə edir.

Gündə təxminən 3 saat sosial mediada oturur.

Valideynlərinin telefonundan internetə girənlərin yaşı 2-ə düşdü, sadəcə 5 il öncə ancaq 5 yaşlı uşaqlar bacarırdı.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV