adalet.az header logo
  • Bakı 20°C
21 Aprel 2021 10:46
387001
MÜSAHİBƏ
A- A+

Gültəkin Novruzova: “Biz həmişə qardaşımıza həsəd aparırdıq ki, anamla premyeralara gedir” - MÜSAHİBƏ

Atam bizdə incəsənətə maraq yaranmasın deyə uşaq olanda təkcə qardaşımı özü ilə tamaşalara, ya da məşqlərə aparırdı.

2006-cı ilin mart ayının 8-də bütün dünya Beynəlxalq Qadınlar Gününü, yəni Qadınlar Bayramını qeyd etsə də bizim üçün- Əliabbas Qədirovun sonbeşik tələbələri üçün matəm idi. Səhnənin sol küncündə bir-brimizə qısılmışdıq, qızlarımız bərkdən, oğlanlarımız isə için-için ağlayırdılar. Axı sənətlə bağlı arzularımıza qaranlıq çokmüş, həmişə arxayınlıqla söykəndiyimiz aktyorluq sənətinin başı qarlı uca zirvəsi 36 il yüzlərlə obraza həyat verdiyi Akademik Milli Dram Teatrının səhnəsinin ortasına qoyulmuş balaca dar tabutda uzanmışdı. Əliabbas müəllim həmişə bizə ehtiyatlı olmağı, sonradan kiminsə yanında gözü-kölgəli olmamaq üçün düzgün yaşamağı tez-tez vurğulayırdı. Çünki özü ömrü boyu belə yaşamışdı. Heç kimdən qorxmadan və çəkinmədən...

Böyük sənətkarı 75 illik yubileyi, vəfatının 15-ci ildönümündə qızı Gültəkin Novruzova ilə xatırladıq.

- Gültəkin xanım, bu günlərdə rəhmətlik Əliabbas müəllimin 75 illiyini qeyd etdik. Sonuncu dəfə 15 il əvvəl 60 illiyini qeyd etmişdik. Bu həm də onun iştirakı ilə keçən sonuncu ad günü idi, heç 1 ay keçməmiş dünyadan köçdü. Allah rəhmət eləsin! Təbii ki, valideyni itirmək bir övlad üçün faciədir. Xüsusən də, qız övladı ataya daha çox bağlı olur. Özü də Əliabbas Qədirov kimi bir atanı itirmək. Bu 15 ildə daha çox hansı məqamlarda onun yanınızda olmasını arzuladınız? Ümumiyyətlə, həm övladı, həm də siravi bir teatrsevər kimi onun yoxluğunu daha çox nə zaman hiss edirsiz?

- Söhbətə başlamazdan əvvəl 75 illik yubileyi ərəfəsində onun xatirəsini yad etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Bəli, fevralın 13-də atamın 75 yaşı tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə onun xatirəsinə həsr edilən yubiley tədbiri oldu. Təbii ki, pandemiyaya görə, həmin tədbirdə çox az adam iştirak edirdi. Amma yenə də tədbirin təşkilatçılarına ailəmizin adından bir daha minnətdarlığımı bildirirəm. Sualınıza gəldikdə demək istəyirəm ki, mən onun yoxluğunu elə dünyasını dəyişən andan özümə yaxın buraxmıram. Bir an olsun belə yadımdan çıxmır. Gözlərim hələ də hər yerdə onu axtarır. Elə bilirəm ki, yenə də teatrla harasa uzaq ölkəyə uzunmüddətli qastrola gedib, yaxud da hansısa filmin çəkilişi üçün ezamiyyətdədir.

- Əliabbas Qədirovun tələbələrinin sanki “toxnulmazlıq” statusu vardı. Heç kim bizi incitməzdi, kimsə qiymətimizi kəsməzdi, yaxud başqa qrupun tələbələrinin təqaüdləri kəsilirdi, amma onun qorxusundan bizə kimsə “gözünün üstündə qaşın var” deyə bilməzdi. Bütün tamaşaların məşqlərinə qatılırdıq, bir tamaşanı belə buraxmazdıq, gedib baxırdıq. Bəzən elə premyeralar olurdu ki, xüsusi dəvətli insanlar iştirak edirdilər. Bizim o tamaşalara da girişimiz vardı. Əliabbas müəllimə biz öz aramızda “kişi” deyirdik. O, universitetin həyətinə girən kimi bir-birimizə deyirdik ki, “kişi” gəldi... Bəzən sənətkarın sənəti şəxsiyyəti ilə ziddiyyət təşkil edir. Oynadığı tamaşalardan, çəkildiyi filmlərdən ən ideal kimi tanıdığımız biri ilə şəxsi ünsiyyət yarandıqdan sonra onun ümimiyyətlə adam olmadığının şahidi olursan. Mədəniyyət və İncəsənət Universitetində 2-3 müəllim vardı ki, öz aramızda “kişi” deyirdik. Ona görə də Əliabbas müəllimin yoxluğunu bizə sağ olsunlar, istər universitetdə, istərsə də Azdramada hiss etdirdilər. Maraqlıdır, Əliabbas müəllim ailədə necə idi?

- Çoxları onun sərt adam olduğunu deyir. Əliabbas müəllim istər müəllim kimi, istərsə də teatrda ona görə sərt idi ki, onun qəbul etmədiyi nüanslar vardı. Ailədə sərt deyildi, amma narahat biri idi. Biz ailədə 2 qız bir oğlan olmuşuq. Onun qardaşıma münasibəti tamam başqa idi. Kimsə deyə bilər ki, İlham tək oğlan, ailənin ilk övladı kimi ərköyün olub, xeyr, əksinə ona qarşı sərt idi. Yəni, onu əsl kişi kimi yetişdirib. Qızlarına münasibətdə çox mehriban idi. Bizə çox mehriban olsa da, hamı kimi biz ondan çəkinirdik, nəsə istəyəndə anamıza deyirdik. Anamız da təbii ki, atamıza deyəndə, həmişə istəyimizi bizim üçün edib. O, bizə heç vaxt əl qaldırmayıb, onun bircə tərs baxmağı kifayət edirdi. Atam bizdə incəsənətə maraq yaranmasın deyə uşaq olanda təkcə qardaşımı özü ilə tamaşalara, ya da məşqlərə aparırdı. Biz həmişə qardaşımıza həsəd aparırdıq ki, anamla premyeralara gedir, orda məşhur adamları görür, amma biz buna həsrət qalmışıq. Əslində aktyorluğun çox çətin bir sənət olması atamı buna vardar etmişdi. Qadın üçün bu sənətdə olmaq xüsusilə çətindir. Bizim sənət seçməyimizə müdaxilə etməyib, amma müəyyən istiqamət verib. Çətin sənət olduğu üçün o mənim həkim olmağımı da istəmirdi, deyirdi ki, həm Tibb Universitetində oxumaq çox çətindir, həm də həkimlik ağır peşədir. Buna baxmayaraq, mən bu sənəti sevdiyimə görə o, bir az yumşaldı və yalnız uşaq həkimi olmağı məsləhət bildi. Şükürlər olsun ki, mən arzuma çatdım həkim oldum, hazırda Tibb Universitetində də dərs deyirəm. Bəli, atamın dediyi kimi çox çətin sənətdi. Amma bu dünyada atamın yoxluğu qədər əzablı heç nə yoxdur. Bəzən ağsaqqal sözünə, ata məsləhətinə ehtiyacım olanda onun yoxluğunu bütün acısı ilə hiss edirəm. Misal üçün, övladımın toyunda atamın xeyir dua verməsini istəyərdim.

- Əliabbas müəllimi yaxından tanıyanlar onun Akademik Milli Dram Teatrına direktor təyin olunmasına razılıq verməsinin səhv addım olduğunu deyir. Sözün düzü, biz tələbələri də onun teatrdakı ağır zəhmətini görüb deyirdik ki, gərək heç direktor olmayaydı...

- Mən belə düşünmürəm. Demək, onun qismətində Azdrama kimi nəhəng bir teatrın direktoru olmaq varmış ki, oldu. Belə baxanda işlədiyi 5 ildə az iş də görmədi. Atam özü direktor olmaq istəməsəydi, onu kimsə buna məcbuir edə bilməzdi. Əliabbas müəllim həqiqətən Azdramaya Azərbaycan milli teatrının məbədgahı kimi baxırdı. Özünüz də o illərdə hadisələrin içində olduğunuz üçün razılaşarsınız ki, Azdramada məhz atamın direktor olduğu dövrdə teatr mövsümləri məhsuldar keçib. İl ərzində çoxsaylı yeni tamaşalar təhvil verilirdi, əksəriyyəti də tamaşaçılar tərəfindən xoş qarşılanırdı. Atamın vəfatından sonra təəssüflər olsun ki, böyük sənətkarların əksəriyyəti sanki bir-biri ilə əvvəlcədən razılaşıblarmış kimi ardıcıllıqla dünyadan köçdü.

Səfurə İbrahimova, Amalya Pənahova, Fuad Poladov, Yaşar Nuri, Səyavuş Aslan, Telman Adıgözəlov, Rəfael Dadaşov, Zərnigar Ağakişiyeva, Ələsgər Məmmədoğlu və kimlər, kimlər... Bunlar elə sənətkarlar idilər ki, tamaşaçı məhz onlara baxmaq üçün teatra gəlirdi. Mən əvvəllər demək olar ki, bütün premyeralara gedirdim. Bəlkə də sözlərimdən aktyorlarımız inciyəcəklər, amma səmimi deyirəm, bu gün məni öz oyunu ilə teatra çəkən aktyor qalmayıb. Yəqin siz də təsdiq edərsiniz ki, atamgil, istər Səməndər Rzayev olsun, istər Hamlet Xanızadə, Həsənağa Turabov, Amalya Pənahova, Fuad Poladov, Yaşar Nuri olsun özlərindən əvvəlkilərin yerlərini öz gözəl aktyor bacarıqları ilə doldura bildilər. Amma onların yeri bu gün həqiqətən boş qalıb. Mənim damarlarımda atamın qanı axır, bu qan məni teatra çəkir. Əvvəllər internet filan yox idi, amma gözəl bir tamaşa olanda xəbəri Bakıya ildırım sürətilə yayılırdı. Hamı məhz ordakı aktyorların oyununa baxmaq üçün teatra axışırdı. Mən teatrlarımızın o günləri üçün çox darıxmışam.

Artıq gənclərin arasında da istedadlı aktyorların sayı artmaqdadır. Elə misal olaraq Hikmət Rəhimovun adını çəkə bilərəm, özü də məhz Əliabbas müəllimin tələbəsi olub, ən axırıncı qrupunun tələbəsi...

- Mən inanıram ki, Azərbaycan teatrında istedadlı aktyorlar var, olacaq da. Vaxtilə atam da öz müəllimləri haqqında müqəddəs insanlar kimi danışıb. Onun tələbələri də bu gün onun haqqında çox hörmətlə danışırlar, onun sənətini, adını hörmətlə yaşadırlar. Atamın tələbələri çox olub. Mən Azad Şükürovun, Abbas Qəhrəmanovun, Kazım Həsənquliyevin, Rövşən Kərimduxtun, Mətləb Abdullayevin, Aslan Şirinin adlarını çəkmək istəyirəm. Sizin qrupdan da Cəmilə Əzimovanı tanıyıram, qiraət müsabiqəsində birinci yeri tutdu, doğrudur sonra televiziya sahəsini seçdi. Hikmət Rəhimovu da tanıyıram, Azdramadakı tamaşalarına da baxmışam. Sizin uşaqlardan Elnur Qədirov da bu gün Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Sevinirəm ki, atamın yolunu ləyaqətlə davam etdirirsiniz.

- Qismət elə gətirdi ki, Əliabbas müəllimin vəziyyəti elə bizim dərsdə ağırlaşdı. Tələbələrinin arasında onu ən axırıncı mən görmüşəm. Məndən incimişdi, “Xurşud Banu Natəvan” tamaşasını sərt tənqid etmişdim. Qorxusundan bir həftə dərsə getmədim... Bəlkə də taleyin iraoniyası idi ki, vəfatından 5-6 saat əvvəl onun yanında tələbələrindən yalnız mən olmuşam. Mən işdən çıxıb Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna onun yanına getdim. Onda İlham Namiq Kamal, Ramiz Əzizbəyli də yanında idi. Bir az zarafatlaşdılar, birlikdə yaşadıqları macəralardan danışıb güldülər... Əliabbas müəllim bəzi həmkarlarını orda parodiya etdi. Birdən əlini başına apardı və özündən getdi. Səhər Hikmət mənə zəng etdi ki, “Kişi keçinib”...

- Sizdən sonra vəziyyəti ağırlaşdı, onu təcili Mərkəzi Klinikanın Reanimasiya şöbəsinə köçürdülər, səhərəyaxın keçindi.

Gültəkin xanım, Əliabbas müəllim direktor olandan sonra onun sənət yoldaşları arasında düşmənləri çoxaldı... Mən özüm “Ölülər” tamaşasının məşqində rəhmətlik Səyavuş Aslanın onunla mübahisəsinin şahidi olmuşam. S.Aslan rejissor Mərahim Fərzəlibəyova deyirdi ki, “Nədi, durektordu deyə ona duxun çatmır söz deməyə, məndə “oşibka” axtarırsan...” Əliabbas müəllimin bunu sakitcə müşahidə etməsi bizə təəccüblü gəlmişdi. Çünki bizim tanıdığımız Əliabbas Qədirov onun cavabını verməli idi, özü də samballı cavabını. Biz bilirdik ki, kimlər onunla düşmənçilik edir, kimlər ondan danos yazır. Amma maraqlıdır ki, heç kimə baş qoşmadı, bircəciyini də işdən çıxarmadı.

- Əslində bu hərəkətin bircə adı var- qısqanclıq. Onun bir dəqiqə dincəlməyə vaxtı yox idi. Teatrda çoxsaylı rollar, filmlər, dublyaj, üstəgəl radio və televiziya verilişləri. Onun vaxtilə aparıcılıq etdiyi “Komediyalar aləminə səyahət” verilişini insanlar xatırlayanda hələ də çöhrələrinə təbəssüm qonur. Atam onu sevməyən aktyorların da adlarını həm fəxri ad, həm də “Prezident mükafatı” verilənlərin siyahısına yazırdı.

- Əsas odur ki, teatrda qayda-qanun yaratdı. Rəhmətlik Həsənağa Turabovun xəstəliyindən və etibarından süni istifadə edib teatrı başqa-başqa adamlar idarə edirdilər... Artıq tamaşalardakı rollar kimlərinsə “daydayları”nın sifarişi, yaxud başqa-başqa səbəblərdən deyil, sadəcə aktyora oyununa görə verilməyə başlanıldı. Onun dövründə rejissorun rüşvətlə rol verməsi yığışdırıldı.

- Siz hadisələrin içində olduğunuz üçün bunları daha yaxşı bilərsiz. Atam hec vaxt bu barədə danışmayıb. Lakin direktor olması onu yorurdu. Çünki o aktyor kimi fəaliyyətini davam etdirdi. Nə qədər yorğun olsa da öz sevimli peşəsindən əl çəkmirdi. Yəni öz işini həmişə vicdanla yerinə yetirirdi. Mən sevinirəm ki, nə yaxşı belə bir atam olub. Mən bununla fəxr edirəm. Bu vaxta qədər həmişə onun adını yanımızda hörmətlə çəkiblər. Sizə maraqlı bir məqamı da demək istəyirəm. Təsadüfən tanış olduğum qadınlar biləndə ki, Əliabbas Qədirovun qızıyam, əksəriyyəti vaxtilə onu sevdiklərini etiraf edirlər. Atam o qadınların gizli sevgisi olub...

Qarşılıq verdikləri də olubmu?

- Xeyr, bunu əminliklə deyə bilərəm. Atam anamı çox sevib, ona yazılan məktubların hamısını evə gətirib, anamın yanında oxuyurdu... Bilirsizmi, atamla anam xalauşağı olublar. Amma ana babam qızını atama aktyor olduğuna görə vermək istəmirdi... Atam isə iki ayağını bir başmağa dirəyib ki, varsa da, yoxsa da Gülbahar mənim olmalıdır... Ağamoğlan babam da atamın təkidini görüb yumşalıb. Atam anamdan 5 yaş böyük idi, ona görə də ölümdən söz düşəndə anama deyirdi ki. mən ölsəm, sən bu dünyada çox ləngimə, ən uzağı 6 aydan sonra özünü mənə yetir...

Amma ananınızın vəfatının düz 6 ayında özünü ona çatdırdı...

- Bəli, sentyabrın 3-də anam rəhmətə getdi, atam da martın 8-də gözlərini əbədi yumdu. Anam atamın xəstə olduğunu, sağalmayacağını bilirdi, ona görə də, içində dərd çəkə-çəkə özü xəstəliyə tutuldu. Atam ondan sonra 6 ay yaşadı. Özüm anamın məzarı üstündə şahidi olmuşam, deyirdi ki, 60 illik yubileyi keçirim yanına gələcəyəm. Ümumiyyətlə, atam verdiyi sözə həmişə əməl edən olub. Bir maraqlı məqamı sizə demək istəyirəm. Atamgil tələbə yoldaşları ilə belə razılaşıblar ki, kimin ilk övladı oğul olsa adını Ülvi, qiz olarsa Ülviyyə qoysunlar. Misal üçün, Yaşar Nurinin böyük qızının adı Ülviyyədir. Yaxud Rasim Balayevin ilk oğlunun adı Ülvidir. Qardaşım anadan olanda babam onun adını İlham qoyub, atam da onun sözündən çıxa bilməyib. Ona görə də bacımın oğlu anadan olanda onun adını atam Ülvi qoydu.

- Övladları onun sənətini davam etdirmədilər. Bəs, nəvələrdən bu sənətin davamçısı yoxmu?

- Nəvələrindən qardaşımın qızı Fidan və mənim qızım Səfurə Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini bitirib. Diplom işi kimi Səfurə universitetdə atamın 70 illiyinə həsr olunan tədbir keçirdi. Onu da deyim ki, əslində Səfurəni elə atamgili böyüdüblər. Çünki o, anadan olanda mən tələbə idim, demək olar ki, onu anamla atam saxlayıb. Mən həqiqətən də şad oldum ki, qızım babasının əməyinə laqeyd qalmadı və onun adına layiq bir tədbir hazırladı.

İltifat HACIXANOĞLU