adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Aprel 2021 09:53
46139
MÜSAHİBƏ
A- A+

“Başqa xalqın nümayəndəsinə münasibət fərqlidir”- MÜSAHİBƏ

“Xaricdə oxuyan azərbaycanlılar” rubrikamızın növbəti qonağı Aytən Sabilidir.

Bakı şəhərində doğulub. Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bitirib. Polşada “Business management” üzrə master təhsili alır. Eyni zamanda İtaliyanın Turin şəhərində Turin Dövlət Universitetində “Business management” üzrə təhsilini davam etdirir.

-BSU-nu bitirdikdən sonra hansı zərurət xaricdə təhsil almaq istəyi yaratdı?

- 2015-ci ildə Polşada olan bir xoşa gəlməz söhbət sayəsində Avropada təhsil almaq istəyim yarandı. Həmin ili ailəmdən uzaq qala bilmədiyimə görə 3 ay sonra vətənə qayıtdım. Amma yenidən 4 il sonra istəyimə nail oldum.

 

Polşa seçiminizin xüsusi meyarları var, yoxsa daha rahat idi orada təhsil almaq?

- Xüsusi səbəb olmasa da ailə üzvlərimin buraya köçməsi və burda yaşaması mənim kimi sentimental insana dəstək olmuş oldu.

- Eyni zamanda İtaliyada da təhsil alırsınız. Bu necə oldu?

- Polşa universitetində qiymətlərim yüksək olduğu üçün koordinatorumuz Erasmus proqramına müraciət etməyimi istədi. Mən də qəbul etdim. Müraciətdən sonra müsahibəni keçdikdən sonra ölkə olaraq İtalya və məşhur "Business universiteti" sayılan Turin Dövlət Universitetini seçməyi qərara aldım. Master təhsilimin son semestri olduğuna görə Polşadakı dərslərimi də paralel şəkildə keçməyə qərar verdim. Beləliklə, gecikmə olmadan magistr təhsilimi bu il tamamlamış olacam.

- Paralel təhsil almaq mümkündür? Həm Polşa, Həm İtaliyada. Həm də bunlar bir-birinə mane olub sizə çətinlik yaratmır?

-. Ümumiyyətlə paralel təhsil almaq mümkündür. Avropada tələbənin seçiminə əsasən həftə sonları təhsil almaq olur. Bir universitetdə həftə içi, digər universitetdə isə həftə sonu təhsil almış oluruq. Hal hazırkı pandemiya vəziyyəti ilə əlaqədar dərslər online keçirildiyinə görə bu daha rahatdır. Çətinlik sadəcə istirahət üçün vaxt baxımından olur. Dərslər, periodik imtahanlar, layihələr sayəsində istirahət etmək olmur.

 

Bəzi mental dəyərlər burda yoxdur

 

- Polşa, İtaliyanın Azərbaycan mədəniyyəti, yaşam tərzi ilə hansı fərqlilikləri var?

- Azərbaycan Şərq və Qərb mədəniyyətinin qovşağı olduğuna görə elə də böyük fərq yaşamırıq. Sadəcə bəzi mental dəyərlər burda yoxdur. Ilk vaxtlar qəribə gəlsə də sonradan bu yaşayışa öyrəşməli oluruq. Tələbə həyatında isə yerlə göy qədər fərq var.

- Bəs, Polşanın İtaliya ilə hansı fərqləri var?

-Polşa əhalisi soyuq insanlardır. Bəzən sənin kömək istəyini belə mənfi qarşılayırlar. Öz xalqlarını sevirlər, bu yaxşı haldır. Bununla paralel olaraq başqa xalqın nümayəndəsinə münasibət fərqlidir. Təəssüf ki, təhsil də daxil olmaqla çox sahədə bu özünü göstərir. Italyanlar isə çox isti, mehriban insanlardır. Italiyada özümü vətəndəyymiş kimi hiss edirəm. Dili bilməsələr belə köməyə ehtiyacın olsa əllərindən gələni etməyə çalışırlar. Bizim kimi coşqulu xalqdır. Italyanlar mənə görə Avropanın qafqazlılarıdır.

 

Italyanlar Avropanın qafqazlılarıdır

 

-İtalyanlar mədəniyyət, mətbəx baxımdan bizə çox yaxındılar.

- İtaliya dediyim kimi bizə nisbətən yaxındır. Amma tam olaraq deyil. Mətbəxinə gəldikdə isə uyğunluğumuz çoxdur. Dünyanın harasına getsəm də Azərbaycan mətbəxi öz sözünü deyir.

- Bu ölkələrdən sonra Türkiyədə hansısa planlarınız olduğunu söylədiniz. Hansısa qərb ölkəsinə deyil, şərqə-Türkiyəyə yönəlmək...

- Türkiyədə üç aylıq təcrübə keçəcəyəm. Əlbəttə ki, uyğun bir şirkət tapsam. Seçim isə tamamilə iki ilin yorğunluğunu çıxarmaqçündür. Həm də ailəmin rahatlıqla məni görməyə gəlməsi üçündür.

- Xarici ölkələrdə təhsil alanlara Azərbaycanda maraq digərlərindən daha çoxdu. Azərbaycana gəlib çalışmaq fikriniz varmı?

- Hal-hazırkı vəziyyət düzəlsə, normal şərtlər altında gəlib çalışaram. Xüsusilə də işğaldan azad edilmiş torpaqlarda. Avropada 8 saat işləyib burdan 4-5 qat artıq əmək haqqı alıram. Hələ nəzərə almaq lazımdır ki, orada çalışarkən hər hansı təcrübəm olmayıb. Təcrübə artdıqca əmək haqqı da artır. Bunu qoyub, Azərbaycanda çalışmaq istəmərəm.

- Bu ölkələrdə təhsil sistemində hansı diqqətinizi çəkən məqamlar var ki, bizdə tətbiq olunsa, təhsil sistemində uğur qazana bilərik?

- Təhsil sistemində ilk diqqətimi çəkən dərslərin həftə sonları keçirilməsi olub. Beləliklə, təhsil alarkən işləmək də olur. Bundan əlavə tələbənin dərsdə iştirak etməsi məcburi deyil. Dərslərdə isə bizdəki kimi çıx dərsini danış deyən olmur. Bütün öyrəndiklərini layihələrdə, imtahanlarda nümayiş etdirirsən. Bizdə isə hər şey məcburi olur tələbə üçün. Məcburiyyətlə nəsə əldə etmək bir müddətlik olur. Bəlkə bunu aradan qaldırsalar oxumaq istəyənlərin sayı daha da artar.

- Nisbətdə daha çox azərbaycanlı kişilərin qərbli xanımlarla evləndiyini görürük. Halbuki, burda xanımlar adətən tənqid edirlər ki, kişilərimiz çağdaş dünyadan, qərbdən yaşam və.s yanaşmalara görə geri qalır. Amma dediyimi diqqətə alandasa tam əksini görürük.

- Qərbli xanımla ailə quran azərbaycanlı kişilərin sayı ona görə çoxdur ki, Avropaya gedənlərin sayında kişilər çoxluq təşkil edir. Həm bu evliliklərin hamsı sevgi üzərində qurulmur. Əsasən yaşamaq və vətəndaşlıq almaq üçün. Günümüzün reallığıdır ki, hər ailə qızına o şansı vermir ki, gedib Avropada yaşasın və təhsil alsın. Xanımlarımız bəzən həm şərq, həm də qərb qadınının haqqını eyni anda tələb edir. Istisna deyil ki, kişilərimiz də bu təzadı yaşayır.

Söhbətləşdi: Emin Piri