adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2021 13:00
23975
MƏMLƏKƏT
A- A+

CAVİD İSMAYILDAN ELÇİBƏYLƏ BAĞLI BİR XATİRƏ

1999, ya da 2000-ci il idi. “Hürriyyət” qəzetində işləyirdim. Qəzet ADP ilə bir binada fəaliyyət göstərirdi. Bir yaz günündə hava almaq üçün redaksiyanın qarşısında gəzişirdim. Bir yaşlı qadın yaxınlaşdı. Ləhcəsindən ordubadlı olduğunu anladım (kəndinin adını da söylədi, sadəcə, indi unutmuşam). Dedi ki, Elçibəyi axtarır.
- Axı Elçibəy bu binada oturmur.
- Nə bilim, ay bala. Bizim qohumlar dedilər ki, Elçibəyi bu binaya gəlib-gedən görüblər (o vaxtlar müxalifətin əksər toplantıları ADP qərargahında keçirilirdi).
- Nə işiniz var ki, Elçibəylə?
- Bilirsən, oğlum Qarabağ əlilidir. Müalicə etdirməyə imkanımız yoxdur. Aparmışdıq Türkiyəyə, orda da pulsuz müalicə etmədilər. Baş həkimə dedim ki, Elçibəyin yerlisiyəm, heç olmasa, ona görə balamı müalicə edin. O da dedi ki, get Elçibəyin imzası ilə kağız gətir, səndən bir qəpik də almayaq. İndi ona görə Bakıya gəlmişəm ki, Elçibəyi tapıb ondan qol kağızı (yaşlı adamların bu ifadəsini çox sevirəm) alım.
Xanımdan 5 dəqiqə gözləməsini xahiş edib, redaksiyaya daxil oldum. Şəhər telefonu ilə Əbülfəz Elçibəyin “Azadlıq” qəzetinin redaksiyasında yerləşən qəbul otağına zəng etdim. Bəyin köməkçisi Oktay Qasımova məsələni danışdım, dedi ki, Bəy evdən çıxıb, yoldadır, göndər gəlsin.
Qazi anasını Bəylə görüşə yola saldım. Oktay bəydən günün sonunda Elçibəyin türkiyəli həkimlərə məktub yazdığı barədə məlumat aldım. Yayda Ordubada gedəndə soraqlaşdım, dedilər ki, Türkiyədə qazimizi pulsuz müalicə ediblər...

15 aprel 2019