adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2021 10:33
43037
MÜSAHİBƏ
A- A+

“Sənətdən pis istifadə edənlər çoxdur” - VİDEOMÜSAHİBƏ

“Hiss etdiklərimə inanıram. Nəyisə hiss edirəmsə, ona inanıram. İnsan var ki, nəyisə hiss edir, deyir, əşi, oldu da. Amma mən hiss etdiklərimə inanıram. Həyatda heç nə boşuna deyil. Allah bu dünyada nəyisə elə-belədən yaratmayıb. Eləcə də hiss”. “Ədalət” qəzetinin qonağı vokal, jazz, estrada və muğam janrlarının ifaçısı Kamil Qədimzadədir.

-Söhbətimizə elə sizin təqdimatınızdan başlayaq...

­-1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Ailəmdə musiqiyə maraq olub. Elə bu maraq da mənə keçib. 7 yaşım olanda musiqi məktəbinə getmişəm. Oranı bitirib, Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuşam, daha sonra isə Mədəniyyət və İncəsənət Universitetində oxumuşam. Müəllimim Vaqif Gərayzadə olub. Özümə görə müəyyən uğurlarım var və bundan sonra da nailiyyətlər əldə etmək istəyirəm.

-Keçən müsahibəmizdə demişdiniz ki, musiqi mənim qarşıma qoyulmuş bir missiyadır...

-Mən həmin müsahibədə söyləmişəm ki, musiqi mənə həyatda verilmiş bir missiyadır ki, mən yerinə yetirməliyəm. Hərəyə Allah tərəfindən bir missiya verilir. Bu, məndə də belədir. Musiqi əgər mənə bir missiya olaraq verilibsə, mən bunu yerinə yetirməliyəm. Mən başqa sahədə də ola bilərəm, amma burada olan rahatlığı orada tapa bilməyəcəm. Sadəcə işimi görəcəm. Amma musiqidə belə deyil.

“Sənət vəfasız ola bilməz”

-Bəzi ifaçılar var ki, söyləyir, musiqi çox vəfasızdır. Siz necə düşünürsünüz?

­-Sənətə vəfasız deməzdim. Bu, mənim öz fikrimdir. Sənət vəfasız ola bilməz. Sənətə qoyulan dəyər vəfasız ola bilər. Yaxud da insan özü. Sənət necə vəfasız ola bilər ki? Mən sənətə düzgün yanaşıramsa, o, mənə necə vəfasız olsun? Mən düzgün yanaşmayacamsa, deməli, mən vəfasız olacam. İnsanların özüdür vəfasız, sənət vəfasız olmur. Sənət elə sənətdir də. Ondan kimisi pis istifadə edir, kimisi yaxşı. Təəssüflər olsun ki, bu gün sənətdən pis istifadə edənlər çoxdur. Ki, bu da sənətin vəfasızlığından irəli gəlmir, əksinə insanların vəfasızlığından irəli gəlir.

-Hər kəs deyir ki, bayağı ifalar, amma kimsə söyləmir ki, bayağı mahnılar nədir?

-Bayağılaşma “asan” deməkdir. Həmişə demişəm, ailəmə də bunu deyirəm, insanlar asan bir şeyi istəyirlər, çətin nəsə istəmirlər. İnsanlar asan söz istəyirlər, asan musiqi istəyirlər. Məsələn, musiqili meyxana. Mahnının kökündə nə dayanır? Musiqi! Musiqili meyxanada isə kökdə meyxana dayanır. Meyxananı isə deyirlər, oxumurlar.

-Günahı kimdə görürsünüz?

­-Bir az öncə dedim, toplum asan bir şey istəyir, çətin bir şey istəmir. Mən çətin əsər ifa edirəm, onu 500 nəfər dinləyir, asan bir əsər oxuyuram, onu 5 milyon nəfər dinləyir. Və mən də istəyirəm ki, məni çox adam tanısın, çox adam sevsin. Amma hansı yöndə sevsin? Deyirəm ki, qoy asan oxuyum, insanlar məni tanısın, sonra çətin oxuyaram. Onsuz qulaq asacaqlar. Belə olmalı deyil. Mənim özümü təhlil edək. Hansısa bir mahnını ifa edirəm, bilirəm ki, ona 10 milyon adam qulaq asmayacaq. Amma yenə də həmin çətin mahnıları oxuyuram. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın repertuarından ifa edilən mahnılar niyə çoxlu baxış sayı yığmır? Bir və ya iki mahnı ola bilər, tutsun. Niyə həmin mahnıların baxış sayı yüksək olmur? Pis mahnıdır? Xeyr. Bəs niyə baxış sayı yoxdur? Demək ki, bəzi insanlar istəmir, özünə əziyyət verib mahnını dərk etsin.

Bəzən olur ki, efirlərdə hansısa bir jurnalist deyir ki, gördünüz, necə gözəl canlı oxudu? Bu ifadə mənə həm gülməli gəlir, həm də ağır. Ki, bu nə deməkdir? Necə yəni? Oxumalıdır da. Onun sənətidir də. Bu başqa sahənin adamıdır ki, durub canlı oxusun və biz də deyək ki, gördünüz, necə gözəl oxudu?! Oxumaq müğənninin borcudur, işidir, peşəsidir. Başqa nə cür olmalıdır ki?!

“Eqoist birisi deyiləm”

-Sənətdə çətinlikləriniz...

-Düşüncələrim məni çətinliyə salır. Bizim mədəniyyətimiz böyükdür. Bizim Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev kimi ustadlarımız olub. Onlardan musiqilər gəlib bizə. Bizim muğamlarımız var. Muğamların dərinliklərində o qədər zənginliklər var ki. İnşaAllah, hər şey zamanla qaydasına düşəcək.

-Kamil Qədimzadə eqoist insandır?

-Qətiyyən eqoist birisi deyiləm. Eqoist insanlar daha çox özünü sevirlər. Təbii ki, hər kəs özünü sevir, amma müəyyən çərçivədə. Məni tanıyan hər kəs bilir ki, eqoist deyiləm. Səmimiyyətim var, səmimi bir insanam. İnsanları seçirəm, sadəcə özüm üçün seçirəm, musiqini də seçirəm, sadəcə özüm üçün. Mən hansısa bir musiqidə mütləq rahatlıq tapmalıyam.

-Müəlliminizdən söhbət açaq...

-Həmişə Vaqif müəllimin özünə deyirəm. Söyləyirəm ki, Allah sizi Azərbaycan musiqisinin üzərindən əskik eləməsin. Bu gün belə fəxr edirəm ki, mən Vaqif Gərayzadənin tələbəsiyəm. Ömrümün sonuna kimi də tələbəsi olacam. Mən Vaqif müəllimin tələbəsi olmağı hələ 10-11 yaşım olanda istəmişəm və Allah da bunu mənə qismət etdi. Uşaqlıqda düşünürdüm ki, görəsən, bir dəfə Vaqif müəllim məni görəcək, bir dəfə deyəcək ki, mən pianoda ifa edim, sənsə oxu, baxım?! Hər zaman bunu düşünmüşəm. Bir dəfə də yuxuda görmüşdüm ki, Vaqif müəllim pianoda ifa edir və mən oxuyuram. İnandırım sizi, o hadisə də oldu.

Vaqif müəllimlə fəxr edirəm. Kimləri yetişdirib, hansı musiqiləri yazıb. Tələbəsiyəm deyə demirəm, biz onun qədrini bilməliyik. Həmişə Vaqif müəllimlə əlaqə saxlayanda deyirəm ki, canınız sağlam və ömrünüz uzun olsun. Ki, biz sizdən bəhrələnək.

“Hadisələr öncədən idarə olunur”

­-İnanclı insansınız?

-Bəli, özü də çox inanclıyam. Hiss etdiklərimə inanıram. Nəyisə hiss edirəmsə, ona inanıram. İnsan var ki, nəyisə hiss edir, deyir, əşi, oldu da. Amma mən hiss etdiklərimə inanıram. Həyatda heç nə boşuna deyil. Allah bu dünyada nəyisə elə-belədən yaratmayıb. Eləcə də hiss. Hiss də boşuna deyil. İnsana nə üçün hiss verilib? İnanclıyam, arzu edirəm və ona inanıram.

-Hadisələri hər zaman hiss edirsiniz?

-Hadisələri öncədən hiss etmək nə məndən, nə də insanlardan asılı deyil. Hadisələr öncədən idarə olunur. Arzu, xəyal, yuxu, hissiyat bizlik deyil. Onları idarə edən var. Bunlar bizim əlimizdə olsaydı, istədiyimiz kimi idarə edərdik. Məsələn, sevgi gözlənilmədən gəlir.

-Allahla tez-tez danışırsınız?

-Əlbəttə, hər gün danışıram. Bura gələndə də danışırdım.

-Daha çox nələr barəsində danışırsınız?

-Şükür edirəm ki, bu günü qismət edib. Sabah üçün şükür edirəm. Ailəm, dostlarım, dünyamız salamat olsun deyə dualar edirəm. Dua edənəm, hər gün dua edirəm. Dua etməyi xoşlayıram. Yəqin ki, bu, təbiətimdən irəli gəlir.

-Allaha bağlı olan insan-Kamil Qədimzadə nədən qorxur?

­-Allahdan, günahlardan qorxuram. Deyilir ki, bu olmaz, əgər mən bunu edirəmsə, deməli mən düzgün yolda deyiləm. Ondan qorxuram ki, Allah şeytana lənət eləsin, mən səhv nəsə iş görərəm. Günahdan qorxuram. Başqa heç nədən. Hər zaman dua edəndə deyirəm ki, Allahım, bizi sənin qarşında başıaşağı etmə.

­-Səhvsiz, günahsız bir tək Allahdır. Hər kəsin də günahı olur...

­-Allah bizə ağıl verib. Ağıl verib ki, özümüzü idarə edək. Əgər düşünsək ki, Allah bağışlayandır, o zaman günahları edib, deyərik ki, onsuz Allah bağışlayır. Belə düşünmək lazım deyil. Biz günah etməməliyik.

-Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəldiniz.

-Siz sağ olun ki, dəvət etdiniz.

Rövşən Tahir