adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Mart 2021 14:24
99566
MÜSAHİBƏ
A- A+

 Aysel Ələkbərzadə: "Kişilərin də haqqları pozulur" - MÜSAHİBƏ

Feminist Aysel Ələkbərzadə Adalet.az-a müsahibə verib.

 

- Feminizm Azərbaycanda yeganə ideologiyadır ki, feminst olmayan hər kəs onu, feminst olanları təhqir, tənqid edir. Digər ideologiyaya özünü aid edən adamlar ona əks olan ideologiyaya əksərən hörmət qoyur, amma femizmdə yox. Bəlkə, həqiqətən də nələrisə səhv edirsiniz, problem digər insanlarda yox, məhz sizdədir?

- Xeyr, Orxan bəy, razılaşmıram. Bütün ideologiyaların əksləri bir-birilərini təhqir edir. Ən azı özünüz də görürsünüz ki, sosial şəbəkələrdə məsələn, liberallara liboş deyilir, sosialistləri az qala döyüb öldürsünlər. Kommunist olmayanlar olanları təhqir edir.  Hətta dini baxışları əks olanlar da bir-birini təhqir edir, dalaşır. Feminstlərə femka və başqa şeylər deyirlər. Kiçiltmək üçün. Biz heç nəyi səhv etmirik. Sadəcə, yenilik asan qəbul edilmir. Hər bir ideologiya öz axarı ilə gedir. Azərbaycan xalqı tipik mentaliteti, dədə-baba qaydaları ilə yaşamaq istəyir. Bu qədər sadə. Patriarxal adamlardır, dağıtmaq istədiklərimizə qarşı çıxırlar. Bunlara görə də nifrət, qıcıq yaranır. İnsan qorxduğu şeyə nifrət edir.

- Sənin özün feminst adı altında kifayət qədər məşhurlaşmısan. Həm fikirlərinlə, həm də həyat tərzinlə. Məsələn, sonuncu dəfə feminstlərin yürüyüşündə "Vagina mənimdir, kimə istəsəm verərəm" şüarı ilə. Səncə, düzgün etmişdin? Patriarxal, mental dəyərləri olan bir cəmiyyətin qarşısına birdən-birə belə çıxmaq nəticə verə bilərmi?

- Mənim məşhurlaşmağım heç feminzimlə bağlı olmayıb, nə də feminstəm deyə, nəsə etməmişəm. Məsələn, hamının ağlında o plakat qaldı, çünki içində qadın orqanı var idi.  Amma sonra qaldırdığım "125-ci maddə öldürür, bay prokuror" plakatı var idi. Heç kim onunla maraqlanmadı. Azərbaycanda qadınlar iki cür öldürülür. Fiziki və mənəvi. Bir müddət əvvəl doğranmış qadın kimi, biri də var Sevil kimi mənəvi öldürülənlər. Mənim şüarımın düzgün olub olmamasına qalanda isə düzgünlük nisbi anlayışdır. Mənə kiminsə nə gözlə baxmağı maraqlı deyil, hər şeyi cəsarətlə etməyə çalışmışam. Mental dəyərləri olan cəmiyyətin qarşısına bu cür şüarla çıxmaq lazım idi. Amma bir şeyi anladım ki, bu ölkədə plakatla yox, maariflənmə ilə düzələcək. Ona görə də "Azad qadın" jurnalı üzərində çalışıram. Daha çox Cənub bölgəsində pulsuz paylayacayıq onları. Məktəblilərə kimi. Həm oğlanlara, həm də qızlara.

- Niyə görə Azərbaycanda feminst kimi tanınan qadınların demək olar ki, hamısı ya boşanmış, ya ailədən imtina etmiş, ailənin imtina etdiyi qadınlardır. Niyə ailə daxilində heç vaxt femizm olmur? Feminist olmaq üçün mütləq boşanıb, ailədən qaçıb kişilərə nifrət etmək lazımdır? Sosial şəbəkədə feminist qadınlar əksər hallarda kişiləri təhqir edirlər. Axı, feminzmin mahiyyəti bu deyil...

- Cəmiyyətdə insanlar çox fərqlidir, heç kim heç kimə cavabdeh deyil. Mən özüm. Evliyəm, ailəmlə də qalıram, tək də qalıram. Feminst olmaq üçün kişiyə nifrət etmək lazım deyil və feminstlər belə şey etmir. Hansı kişi belə düşünürsə, deməli, natamamlıq kompleksindən əziyyət çəkir. Biz kişiləri təhqir etmirik. Hansı feminst(normal, qrant almayan, sifarişsiz feministdən gedir söhbət) kişiləri təhqir edir? Sübut edə bilərsiniz? Təhqir edənlər, dediyim kimi qrant əsasında yazılar, statuslar yazan feminstlərdir ki, onların da kim olduğu bəllidir. Qaldı ailə daxilində feminzm məsələsinə, hazırda da evli olan çox feminst var. Amma nəyə görə boşananlardan, ailədən imtina edənlərdən yapışılır? Mən tanıdıqlarımın əksəriyyəti belə deyil. Hamısının ailəsi də var, sevgilisi də, əri də. Yəni, ən normal necədirsə, o cür. Dediyiniz məsələlər elədir ki, bunun feminizmlə əlaqəsi yoxdur. Kimə necə xoşdursa, kim necə istəyirsə, elə də yaşayır.

- Məsələn, feminst Günel Mövlud yazmışdı ki, bu il boşanmalar kütləvi hal alıb, bunda rolumuz olubsa, nə xoş bizə. Altında da digər feminstlər dəstək vermişdi. Bəs, bu? Femistlər ailə dağıtmaqla niyə fəxr edir ki?

- O statusu fərqli yerə yozdular, mənim plakatımı yozanlar kimi. O, demək istəyir ki, yəni, ayaq üstə durmağa, ayılmağa  başlayırlar, özlərini azad etməyə daha da can atırlar, Stokholm sindromundan çıxırlar, get gedə boşanıb azadlıqlarının qədrini bilirlər. Belə də, normal ailəsi olan insan niyə boşansın? Demək ki, nəsə problem var.  Söhbət burda qadının azad olmaq istəyib, boşanma ərizəsi verməyindən gedir.

- Öz ayaqları üzərində durmaq dedik də nə başa düşək ? Adətən, buna da mənfi reaksiyalar olur ki, feminist olandan sonra qadınlar fahişəlik edir, publarda içib "hoqqa" verir, bir sözlə, yüngül həyat tərzi. Həm də, biz sosial şəbəkələrdən tanıdığımız bir çox feminist qadınlar ancaq seks məsələlərində gündəmə gəlir...

- Mən əksinə, 17-18 yaşımda puba gedirdim. İndi nadir hallarda, bildiyim, tanıdığım yerlərə gedirəm. Çünki sanitar qaydalar yaxşı deyil. Ayaq üstə durmaq dedikdə normal iş, kariera nəzərdə tuturam mən. Məsələn, özüm. Jurnalistəm, başqa gəlir yerim də var, heç bir kişidən asılı deyiləm. Publarda içib hoqqa verən feminist, açığı, mən görməmişəm. Yenə clubda vermək olar, orda yox. Amma verilsə də, öz həyatıdır, kiminsə ixtiyarı yoxdur. Seks məsələsini gündəmə gətirənlərdən biri mənəm. Çünki gözü alışdırmaq lazımdır. Hazırkı qətillər də namus-qeyrət üstündə olur. Namus Yunan sözüdür, mənası başqadır, amma bizdə ayaq arasıdır. Seksi adiləşdirə bilsək, namus termini aradan qalxsa, hər şey düzələcək. Fəministlərin hamısı fahişə deyil, fahişələr də feminist. Yəni, seks işçisi. Amma fahişələrə də pis baxmıram. Burda da bir işçilik, bir əmək var, ona görə seks işçisi demək yaxşıdı. Azərbaycanda bu dəqiqə seks işçisi olan məşhurların heç biri feminst deyil, hətta çoxu bizə nifrət də edir.

- Seks işçisi sözü də müzakirələrə səbəb olur. Azərbaycan seks işçisi həqiqətən var? Hansı fahişə dövlətə vergi verir, tibbi yoxlanışdan keçir? Bu cür olmadığı halda necə işçi demək olar?

- Aha, ona görə. Vergi söhbətinə görədir. Amma guya hər işçi verir? Məsələn, bütün taksilər qeydiyyatdadırmı? Vergidən yayınma halları da olur. Qaldı ki, bu peşənin leqallaşdırılmasına, buna birinci həmin adamların özləri də qərar verməlidir ki, bunu istəyirlər ya yox. Mən fikirləşirəm ki, leqallaşma olsa, hər 3 aydan bir yoxlanışdan keçsələr problem olmaz. Onlarına yanına gedib bu xidmətdən istifadə edən adamlar da xəstəliklər tutmaz. Hepatit, QİÇS kimi. Həm də onların həyatı təhlükəsi olmayacaq. Olsa, polisə müraciət edəcəklər. Onda bilinəcək ki, Azərbaycanda kim məcburən, kim istəyərək bu işlə məşğuldur. İndi o qədər məcbur edilmə var ki. Məsələn, "mamarozalıq" halları. Aradan qaldırılmalıdır. Amma indi bunları müzakirə etmək boşdur. Çünki həmin seks işçiləri belə buna hazır deyil. Çünki çoxu heç boynuna almır gördüyü işi, gizli edir, utanır. Leqallaşsa, o demək deyil ki, üstünə yazılıb vuracaq. Hansısa müəllimin üstünə yazılmadıği kimi.

- Bir feminst üçün əxlaq nə deməkdir? Namus-qeyret anlayışı varmı? Varsa da, nələrdədir?

- Mən əxlaq anlayışına qarşıyam. Onsuz da, nisbi anlayışdır. Mənim üçün əxlaq odur ki, kiminsə haqqına girməyim, məsələn, qonşum ac yatanda mən tox olmayım, yardım edim, heyvanlara da, insanlara da yaxşılıq edim bacardığım qədər. Namus-qeyrət anlayışı deyilən bir şey yoxdu, iki ayaq arasında heç deyil. Bu dəqiqə bakirə olan feministlər də var. Durub heç kimə zorla demirik ki, açıq olmalısan. Hər kəsin şəxsi seçimi var. Bunu desək, bizim nə fərqimiz oldu? Hər şey nisbidir.

- Aysel, Azərbaycanda bir qrup kişilər onların da haqqlarının pozulduğunu iddia edi, qəbul edirsiz? Bizim cəmiyyətdə kişilər sıxışdırılmı?? İstər mənəvi, istər fiziki. Belədirsə, niyə kişilərin də haqqları müdafiə olunmur? Bunu ancaq kişilər özü etməlidir, yoxsa, feminst qadınlar ümumi bərabərlərik istəyir deyə onlar da etməlidir?

- Üçüncü dünya ölkəsi olduğumuz üçün burda heç bir cins xoşbəxt ola bilməz. Bəli, kişilərin də haqqları pozulur. Maddi problemlər, çiyninə qoyulan yüklər, ailəyə baxmaq və.s.Məncə, kişilər feminist olsa, bərabərlik tərəfdarı olsalar, yaxşı olacaq. Biz ümumi bərabərlik istəyirik. Sadəcə, qadın intiharları daha çoxdur. Əgər bir də plakat qaldırsam, ümumi intiharlardan danışacam. Çünki kişilər də ümumi cəmiyyətin problemlərindən qaynaqlanıb intihar edirlər. Baxmayaraq ki, intihar edən hər kəsin şəxsi səbəbləri də var.

- Azərbaycanda qadınlar daha çox intihar edir deyirsiniz, amma statistika da, görülənlər də bunu göstərmir. Bir qadın intihar etdikdə daha çox danışılır. Məsələn, son bir neçə gündə kişilər də intihar etdi. Amma qabardılan tək qadın oldu. Kişidən söz açan da olmadı. Nə səbəbləri, nə də başqa bir şey. Niyə?

- Statistikadan xəbərim yoxdur, baxmamışam bu aralar, amma fərqi yoxdu, kişi ya qadın. Öz canına qəsd edən insandır və bunun qarşısını almaq lazımdır. Qadınların intiharı daha çox cəmiyyətdən asılıdır, mentalitetdən asılıdır. Mənim üçün heç bir fərqi yoxdu. Hər iki cins üçün eyni dərəcə də hüznlənirəm, bu halların baş verməməyini istəyirəm.

- Məsələn, bir qadın həyat yoldaşını bıçaqlayıb öldürmüşdü, biri çənəsindən yaralamışdı. Amma bu hadisəyə münasibət də yaxşı olmadı. Əksər qadınlar haqq verdi. Düzgündür? Yaxud, bu xəbər niyə yayılmadı? Amma kişi bıçaqlasa, ölkə bilir artıq. Kişilər də mental məsələlərə görə, çiyinlərindəki yükə, sıxışdırıldıqlarına görə intihar edir..

- Öldürüləni bilmirəm, görməmişəm, amma yaralananı gördüm. Heç də qadınlar buna dəstək vermədi. Belə deyim, qadın fiziki olaraq kişidən zəifdir deyə, ola bilsin ki, bu, nəfsi müdaifədir. Bəlkə, o, öldürməsə, kişi öldürəcəkdi? Bu xəbər yetərincə yayıldı da, qadınlar da buna etiraz elədi. Qadın döyüşçü, peşəkar idmançı deyilsə, kişini döyə bilməz. Ona görə bir qadın bir kişini bıçaqlayırsa, özünü qorumaq, canından bezginlik də ola bilər. Feminizm həm kişilərin, həm də qadınların yükünü azaldacaq, onları xoşbəxt edə biləcək bir ideologiyadır.

- Aysel, təsəvvür edin ki, burda plakat qaldırmısınız, nə demək istəyərdiz?

- Son olaraq bunu demək istəyirəm ki, qadın cinayətlərinin siyasi olduğunu düşündüyüm kimi, intiharların da belə olduğunu düşünürəm. Ölkəni Suriyaya çevirməyin deyirlər, amma vəziyyət pisləşir, biz isə ölkəni Norveç etmək istəyirik. Ona görə, kişili, qadınlı bir olub, mənfi halların qarşısını almalıyıq.  Təşəkkür edirəm sizə də.

Söhbətləşdi: Orxan Saffari