Elçin İsgəndərzadənin 60 yaşına
Onu necə tanıdığımı, ilk dəfə harda gördüyümü dəqiq xatırlaya bilmirəm. Amma mənə elə gəlir ki, mən o tarixi xəyalən gözümün önünə gətirə bilirəm. Çünki onun özünəməxsus , dəyişməyən elə cizgiləri var ki, mən cizgilərdən yapşıb,məhz o tarixə gedib çıxmaq yolunu keçmək gücündəyəm.
Birdə yəni, demək istəyirəm ki, məhz o cizgilər məni o yerə aparıb çıxara bilər.Və mən də indi, məhz həmin o yola düşürəm …
“Ədalət” qəzetinin 1yaşının qeyd olunduğu ildə redaksiyanın koridorunda xeyli adam var idi. Təbrikə gələnlər, dost-tanışlar, oxucular, mən də gələnlərin arasında idim. Yəni onda mən “Ədalət”də işləmirdim. Elə koridorda söhbət etdiyim dost-tanışla keçirdiyim o anlarda əlində o vaxtlar dəbdə olan bahalı bir çanta (biz ona “professor çantası” deyirdik -Ə.M. ) olan orta boylu bir nəfər də gəlib bizə qoşuldu. Mənimllə həmsöhbət olanlardan kimlərsə yeni gələn “professor çanta”lı bu cavan oğlanla çox səmimi görüşdülər. Məni də maraq çəkdi. Dostlarımdan biri, yəni mərhum Surxay Əlibəyli soruşdu ki, sən Elçini tanımırsan? Çiynimi çəkdim. Yəni ki, yox. Surxay ərklə mənə irad tutdu:
- Elçin İsgəndərzadə həm şairdir, həm də gənc alimlərimizdən biridir. Yaxşı da Qarabağlıdı! Onu hamımızın əzizi Xudu müəlim də çox istəyirdi.
Bu kiçik arayış Elçin İsgəndərzadə ilə məni birləşdirən, daha doğrusu tanış edən nöqtə oldu. Və mən “Ədalət” qəzetində işlədiyim illər ərzində Elçinlə sözün bütün mənalarında sıx ailə dostluğu səviyyəsində bir münasibət qura bildik. Tədbirlərimiz bir- birinə qraşıdı. Görüşlərimiz, münasibətlərimizi daha da doğmalaşdırdı. Və Elçin İsgəndərzadəni həm şair, həm alim, həm də DƏRİN QARABAĞLI kimi sevməyə başladım. Ona görə DƏRİN QARABAĞLI deyirəm ki, o, bütün kökü ilə, bütün damarları ilə Ağdama, Şuşaya elə bağlanıb ki, o vücud, o bədən, o ürək şirəsini aldığı torpağın bir parçasına çevrilib. Mənim üçün Elçin İsgəndərzadə Ağdamın bir çinarıdır, Şuşanın bir daş parçasıdır. Kəlbəcərin bir ovuc suyudur. Bütövlükdə Qarabağın özüdür.
Elçin İsgəndərzadə həm də səxavət, xeyirxahlıq təmsilçisidir. Bir faktı xatırladım:
-Günlərin birində Elçin İsgəndərzadəyə mənim üçün çox böyük, bütün mənalarda mükəmməl şair olan Vahid Əlifoğludan danışdım. Elçin tərəddüt etmədən “şeirlərini gətir, kitabını çap edək!" - . Və Elçin İsgəndərzadənin “Vektor” nəşriyyat evi mənim ön sözümllə Vahid Əlifoğludan yadigar qalan 4 kitabı müxtəlif illərdə çap edi. Özü də təmənnasız və böyük sevgi ilə.
Daha bir faktı xatırlayıram:
- Elçin İsgəndərzadə ədəbiyyatımızın paklıq, qüurur simvolu olan Şahmar Əkbərzadənin adını adlardan seçdi- onun adını daşıyan mükafat təsis etdi- ədəbiyyat mükafatı . Qürurla deyə bilərəm ki, o mükafatın sahiblərindən biri də mənəm.
Bu gün türk dünyasında, ölkə hüdudlarından uzaqlarda da yaxşı tanınan Elçin İsgəndərzadənin 60 yaşı tamam olur. Mən bu rəqəmə inanmasam da, amma fakt fakt olaraq qalır. Ona görə inanmıram ki,Elçinin həm alim, həm naşir kimi gördüyü işlər bu illərə sığmır. Yaradıcılığı da onun kimi.Əgər onun Qarabağla bağlı gördüyü yaradıcı işlərə nəzər salsaq, mənimlə razılaşarsınız. Və xatırladım ki, bu gün Elçin həm də AYB-nin Qarabağ bölməsin rəhbərlik edir. Böyük bir elm ocağında çalışır, pedaqoqdur, professordur. Ən vacibi isə o mənim üçün Elçin İsgəndərzadədir. Mən də özüməməxsus bir şəkildə Elçin İsgəndərzadəni bütün səmimiyyətimlə təbrik edirəm. Həm ailəm adından, həm də “Ədalət” adından!