Sahibə Qafarova Malayziyanın Baş naziri ilə görüşüb - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Baş nazir Ənvər İbrahim Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.
Ölkələrin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı səfərlər, parlament üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, parlamentlərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində müsbət əməkdaşlığı da xüsusi vurğulanıb.
Milli Məclisin sədri Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng layihələr, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.