adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Mart 2021 14:07
64437
MƏDƏNİYYƏT
A- A+

“Gün keçdi”dən 50 il keçdi: “Gürcü familiyası" - Kamikadze

Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək...

 Möhtəşəm, möhtəşəm olduğu qədər də təkrarsız səs sahibi Flora Kərimovanın bu ifasını hər kim eşidibsə, sevib, sevibsə, yaddan çıxartmayıb. Yəqin ki, çoxunuz mənimlə razılaşarsınız ki, bu mahnı səslənəndə yadımıza  Azərbacan kinomatoqrafiyasının sevilən filmlərindən  olan "Gün keçdi" düşür.  Ötən ay bu filmin 50 yaşı tamam oldu.

“Gürcü familiyası" -Kamikadze

1971-ci ildə ekranlaşdırılan, 50 il keçdiyinə baxmayaraq bu gün də sevə-sevə baxdığımız film üzərində işləyənlər: quruluşçu rejissor Arif Babayev, rejissor Fikrət Əliyev, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Elbəy Rzaquliyev, musiqi  bəstəkar Emin Sabitoğlu, direktor Yusif Yusifzadədir. Musiqilərin mətni Vaqif Səmədoğluya, ifalar isə Flora Kərimova və Mirzə Babayevə məxsusdur.Rollarda Həsən Məmmədov, Leyla Şıxlinskaya, Həsənağa Turabov, Çingiz Əlioğlu, Sədayə Mustafayeva, Muxtar Avşarov, "Qaya vokal kvarteti" və başqaları çəkiliblər.  bu film yazıçı Anarın "Gürcü familiyası" hekayəsi əsasında ekranlaşdırılıb. Yazıçı bu hekayə əsasında "Gün keçdi"nin ssenarisini yazdıqdan sonra quruluşçu rejissor Arif Babayev belə bir film çəkmək qərarına gəlib.Soruşa bilərsiniz: Niyə “Gürcü familiyası”?Gürcü soyadının “Gün keçdi“ filmi ilə nə əlaqəsi ola bilər? Məsələ burasındadır ki, filmin baş qəhrəmanları-Əsmərlə Oqtay kinoteatrda kamikadzelər haqda film izləyirlər.Əsmər isə bu sözü gürcü soyadına bənzədir və Oqtaya göndərdiyi təbrik teleqramında da öz ismini belə qeyd etmiş olur.. 

“Gün keçdi”dən 50 il keçdi

Düşünürəm ki, filmə bakılıların xüsusi münasibəti var. Çünki film ssenarinin gücləndirdiyi sujet xətti ilə,  fərqli rejissor işi və köhnə Bakı mənzərələri ilə hətta köhnə Bakı haqqında təsəvvürü olmayan bir qarabağlıda da nostalji hisslər yarada bilir. Mükəmməl musiqinin, maraqlı mövzu və insanlarla əhatə olunmuş ssenarinin, istedadlı aktyor və çəkiliş qrupunun  ortaya qoyduğu bu sənət  əsəri böyük təsir gücünə malikdir. Burda nostalji hisslərin oyanışı seyrçinin yenidən bir daha öz daxilinə dönüb baxması şəraiti yaradır, desəm , oxucularım məni qınamaz! 

Filmdə iki gəncin- Oktay və Əsmərin nakam məhəbbətindən söhbət açılır. İki gəncin sevgi bağlarının illər keçməsinə baxmayaraq hələ də öz möhkəmliyini qoruması və keçmişin gələcəyə nisbiliyinin qadın və kişi münasibətləri çərçivəsində harmonik təsviri, fərqli şəhərlərdə olsalar belə eyni xatirələri canlanması diqqəti çəkir.Uşaqlıq illərində biri-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Filmdə keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi öz əksini tapır. Bu keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayətidir. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi  hər dəfə filmi seyr edəndə yenidən insanda bir nostalgiya duyğusu da oyadır. 
Filmdə aktyor işi o qədər güclüdür ki, kino mütəxəssisləri bu filmi “iki nəfərlik rejissor işi” adlandırır.


 Filmin maraqlı nüansları

 Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Fikrət Əliyev mediaya açıqlamasında bildirir: “Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu".

Filmlə bağlı   “Lent.az” saytının məqaləsi diqqətimi çəkdi. Onu sizində nəzərinizə çatdırmağı lazım bildim:” O vaxt ellikcə hamı kino çəkilişlərinə kömək edərmiş. Məsələn, Əsmərlə Oqtayın hava limanındakı çəkilişi də belə olub. Hava limanı işçiləri hamısı ayaqda kinoçəkənlərə yardım ediblər. Hətta təyyarənin kadra düşməsi də pulsuz başa gəlib. İndi bunlar hamısı pul tələb edir, ona görə xatırlatdım o zamanların yaxşı adətlərini.

Film çəkilən zaman Bakıya yağan qar təsadüfən maraqlı bir səhnənin yaranmasına səbəb olub.

Əsmərlə Oqtayın qartopu oynaması səhnəsi ssenaridə olmayıb. Həmin kadrlar Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdə (Zooparka yaxın) bir parkda lentə alınıb. Bakıya qar yağdığını görən rejissor dərhal aktyorlara zəng vurub ki, çəkilişə gəlin. Təsəvvür edin ki, gecə qar yağıb, səhər də hər tərəf ağappaqdır. Aktyorlar gəlib kinostudiyaya, yollanıblar çəkilişə.

Camalla Əsmərin toy mərasimi isə ssenaridə olan bir səhnə idi. Arif müəllimin evinə yaxın İçərişəhərdə, Şirvanşahlar sarayının aşağısında çəkilib.

Filmdə daha bir ekspromt səhnə Əsmərin qayıdışıyla bağlı olub.

Köhnə dostların aeroportdan evə getdiyi səhnədə motosikletdəki adamlar təsadüfi yoldan keçənlər olub. O vaxt motosiklet təzə çıxmışdı. Şəhərdə məşhur idi. Rejissorun bu motosikletdən xoşu gəlirmiş deyə, təsadüfi kadrı filmə salıblar.

Əsmərlə Oqtayın kinoteatrda film izlədikləri səhnə real kinoteatrda çəkilib. Ümumi planda çəkiliş edilib. Sonradan izlənən filmin kadrlarını çəkilən filmə salınması üçün həmin səhnəni plyonkaya köçürüblər. Çünki kadrlar üst-üstə düşmürdü, sinxron alınmırdı. İndi bu iş daha rahatdır.

Yaradıcı qrup beləcə, bir nakam məhəbbət hekayətini təcəssüm edib. Film estetik baxımdan zövqlü, mənəvi baxımdan çox təqdiredicidir.

İllər sonra Həsən Məmmədovla vida mərasimində Leyla Şıxlinskayanın necə ağladığını gördüm... Elə bil, Əsmər Oqtay üçün ağlayırdı...”
 

Kinoşünas olmasam da, filmin təlqin etdiyi sevginin əxlaqi, səmimi, saf, təbii tərəfləri indiki dövrdə həm zövq almaq, həm də örnək götürmək üçün əsil ədəbi-bədii sənət əsəridi.

 

 Əntiqə Rəşid