Zamanında yazanda bəziləri, hətta dostlardan da deyənlər var idi ki, bu qədər detallı yazmağa gərək yoxdur, vaxtını başqa mövzulara həsr elə. İndi baxıram ki, çox işə yarayır.
Müharibə bitəndən sonra əsirlərin dəyişdirilməsi prosesi gedir. Üstəgəl bəzi qəbirlərin yeri də müəyyən edilir. Bu o deməkdir ki, itkin hesab edilənlərin çoxunun taleyi məlum olur. Artıq neçə itkin düşən şəxsin əslində vəfat etdiyi və qəbri müəyyən edilib. Hətta bir neçəsinin ailəsi ilə də əlaqə saxlamışam. Zəng edib, ağlayaraq təşəkkür edənlər oldu.
Demək ki, o yazılar boşa getməyib, istər dövlət qurumları, istər beynəlxalq təşkilatlar maraqlanıb, dəqiqləşdirmə aparıb. Bir neçə qəbrin yeri dəqiqləşib, orda yatanların kimlikləri müəyyən olunub.
Təsəvvür edin girovların və əsirlərin yaşadıqları indi qızıldan qiymətli informasiyaya çevrilib. Təəssüf ki, bəziləri dünyasını dəyişib, indi onların xatirələri ilə nələrisə tapmağa, bərpa etməyə çalışırıq.
Bu yöndə informasiyası olanlar bölüşməkdən çəkinməsinlər, hər şey bir yana, ən azı bir ailənin gözünün yollardan yığışmasına səbəbkar olarsınız.