adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2021 14:30
16953
MƏMLƏKƏT
A- A+

Neqativin xronikiləşməsi - Aqşin Yenisey yazır

Mopassanın hekayələri Napoleon Fransasının sosial həyatını danışır. Bu o dövrdür ki, Napoleon həm Avropada, həm də bütün məlum dünyada İngiltərə ilə kəllə-kəlləyə gələrək Fransanı dünyanın güc mərkəzlərindən birinə çevirib. Amma Mopassanın hekayələri fahişəliklə uşaq saxlayan fransız qadınları, yetim-yesir fransız uşaqları ilə doludur. Yəni Fransa çiçəkləndikcə, fransızlar solur.

Mopassan on beş il qoltuğunda dəftər Napoleon ordusunun arxasınca gəzərək ordunun dəftərxana işlərini görən şizofren bir zabit idi. Güc mərkəzinə çevrilməyin Fransaya döyüşlərdə itirilən kişilərin, onların evdə ərsiz qalan arvadlarının, atasız qalan uşaqlarının bahasına başa gəldiyini bilirdi. Mopassan bədəni ilə dövlətin qulluğunda olsa da, ruhu ilə xalqın yanında idi. Sözüm onda yox.

Mopassanın hekayələrini usta gözüylə oxuyanlar çox güman fərqinə varıblar ki, onun hekayələrindəki fahişələrin hərəsinin özünəməxsus kədərli bir əhvalatı olur. Hekayələr də, adətən, bu əhvalatın üzərində qurulur. Bu kədərli, neqativ əhvalatlar necə yaranır və nəyə xidmət edir?

Mopassanın hekayələri göstərir ki, hər kəsin eyni işlə məşğul olduğu yerdə peşəkarlıq öz cazibəsini itirir, seçilmək üçün peşəkarın fərqli bir özəlliyi olmaldır. Fransanın güc mərkəzinə çevrildiyi bu dövrdə fahişəliklə uşaq böyüdən qadınların sayı o qədər artıb ki, artıq qadın gözəlliyi bu işdə ümumi olanı, fonu ifadə edir, onun heç bir özəlliyi qalmayıb. Seçilmək, müştəriləri cəlb etmək üçün fərqli, hətta gözəlliyin, pozitiv olanın ziddi olan bir şey tapmaq lazımdır. Kədərli, neqativ hekayə artıq pula getməyən, cazibəsini itirmiş, maraq oyatmayan gözəlliyin, pozitivin yerini bu zaman tutur.

Neqativ hekayələri ilə müştəriləri özünə bağlayan qadınlar bazarda yeni trend yaradırlar. Neqativ hekayəsi olanların daimi müştəriləri çoxalır. Beləliklə, neqativin, eybəcərin özəlliyi gözəlliyin kütləviliyini bazardan çıxarır. Maraqlısı budur ki, hər dəfə müştəriyə uydurduqları eyni neqativ hekayəni danışanlar bir müddətdən sonra özləri də öz hekayələrinə inanmağa başlayırlar, uydurduqları kədərli əhvalatı talelərinin ən əziz ağrılı-acılı mirası kimi qoruyurlar. Artıq onlar Mopassanın hekayələrinə gəlib çıxanda kişilərlə, sanki, başlarına gələn bu kədərli əhvalatı danışmaq üçün görüşürlər. Onlar artıq yatmağa deyil, bu kədərli əhvalatlarını danışmağa adam axtarırlar.

Neqativ xronikiləşir.

Və bütün Fransaya yoluxur. Əhvalatın gücü onu kütləviləşdirir. Hər kəs belə bir əhvalatının olmasını istəyir və s.

Mopassanın bununla demək istədiyi: Neqativ o yerdə xronikiləşir ki, orada hər kəs eyni işi görür, üstəgəl, heç kim də sevdiyi işlə məşğul deyil.

(Vaxt tapan kimi geniş yazaram)