adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İNTİHAR-a daha bir baxış bucağı - İlqar Rəsul yazır

İLQAR RƏSUL
73416 | 2021-02-23 14:59

(ÇOX VACİBDİ OXUMANIZ)

Dinlərin intiharı ən böyük günahlardan elan etməsinin bir səbəbi də, yəqin ki, insanların diqqətsizliyini nəzərə almalarıdır...

Dostlar, bilirəm mənimlə razılaşmayanlarınız da olacaq. Amma mən bunu kiminsə razılaşıb-razılaşmaması üçün yox, hamımızın daha diqqətli və əsas hədəfdən yayınmamamız üçün yazıram.

Adətən başımız qarışır yaşadığımız mühitin özbaşınalıqlarına, hüquqsuzluğuna, eybəcərliklərinə və bəzən problemin gerçək mahiyyətinin ipini əldən buraxırıq.

Müşahidələr onu göstərir ki, intihar edənlərin mütləq əksəriyyəti daxili problemi olan insanlardı. "Daxili problem"i mən yalnız pis anlamda nəzərdə tutmuram. Məsələn, çox həssaslıq, aşırı bağlılıq, əndazədən artıq üsyankarlıq, sevgini və kor-təbii azadlıq eşqini də daxili problem saymaq olar.

Məsələn:

-Kiminsə sevgilisi və ya əri ölür, o da gedib intihar edir.

-Kimsə evində şiddət görür(ya da özünə qarşı rəftarı şiddət sayır), intihar edir.

-Kiminsə işləri düz gətirmir, intihar edir.

Əlbəttə intihara səbəb tək bunlar deyil. Amma bunlar da, deyək ki, zorla ərə verilən qızın, yaxud sevdiyinə evlənmək yasaq edilən oğlanın intiharı qədər üzücüdür və hamımız belələrinin halına acıyırıq.

Amma gəlin düşünək, görün ətrafda əri və ya sevgilisi ölən, evində şiddət görən, işləri düz getməyən nə qədər insan var. Milyonlarla deyilsə də, yüz minlərlədi hər halda. Amma axı hamı intihar etmir.

Sual olunur:

Doğrudanmı intihar etməyən yüz minlərin hamısı-yəni yüz faizi də intihar edənlərdən daha səbirli və ya dözümlüdür?

Yox əlbəttə. Bu inandırıcı deyil. Heç şübhəsiz ki, onların arasında daha səbirsizləri və dözümsüzləri, daxili problemləri olanlar da az deyil. Bəs niyə intihar etmirlər?

Bəlkə onların ətrafındakılar vaxtında hiss edirlər adamın problemlərini, daxili yaşantılarını? Bəlkə sonradan kiminsə ailəsini səviyyəsizlikdə ittiham etməkdən, lənətləməkdən, cəmiyyəti qınamaqdansa, vaxtında həmin adamın özünə təsir etməyi, haqlı, ya haqsız getdiyi uçurumun yolunu kəsməyi üstün tutan şəxslər mane olurlar buna?

Haşiyə:

İllər əvvəl çoxdan görmədiyim və yaxşı tanıdığım bir adamın intihar etdiyini eşitmişdim (yazığım gəldi, amma təəccüblənmədim). Soruşdum, necə olub, elə edib? Bir nəfər dedi ki, "problemi var idi, ailəsində də filan -filan sözləri deyib lap bezdirirmişər, o da intihar etdi".

Halbuki ilk andaca anlaşılır ki, o "filan-filan"ın hamısı həmin adamın xeyrinə, ondan nigaran qalındığı üçün deyilən ifadələr idi. Yəni adama qayğıdan. Amma alınmadı. Demək ki, evdə onun uçurumunun qarşısını kəsməyin gerçək yolunu tapan olmadı. Bəs çöldə? Axı həyatımız tək evdən ibarət deyil. Evdən kənar mühit də az önəm daşımır yaşamağımız üçün. Demək çöldə də o yolu tapan və ya tapmaq istəyən olmamışdı.

Hətta qayğı ilə deyilmiş sözlər görürsüz, neylədi? İntihar yaşatdı birinə.

Qaranlıq qalmamaq üçün onu da deyim ki, həqiqətən də həmin adamin ciddi daxili problemləri var idi və o problemlər mən yuxarıda sadaladığım kimi yaxşı mənada anlaşıla bilən priblemlər deyildi.

Nəhayət:

Dediyim odur ki, məncə biz ətrafımızdakı insanlara qarşı yanaşmamızı, davranışımızı bir də gözdən keçirməli, saf-çürük etməli, ehtiyac olarsa, korrektələməliyik.

Bəlkə bəzi intiharların gerçək səbəbi kiminsə əzizi öləndə bunu adlada bilməməsi, kiməsə evində şiddət göstərilməsi(və ya adi davranışı şiddət sayması) yox, bizlərin ətrafa qarşı diqqətsiz, laqeyid və ya nadan münasibətimizdi.

Bəlkə biz özümüz kimlərisə öldürüb sonra onların ailəsini və ya cəmiyyətimizi lənətləyirik, xəbərimiz yoxdu?

İnsanı təkcə niyyəti, nəfsi, xisləti yox, kiçicik diqqətsizliyi də qatil edə bilir...

 

TƏQVİM / ARXİV